Məhkəmə qərarları › İş №2-1(3-6)-1740/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1740/2026

06.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1740/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Xəzər Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin yerləşmə sxeminin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin faktiki halları

1. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialının ##.##.2025- ci il tarixli məktubu ilə, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin başçısının ##.##.1993-cü il tarixli, ***/*** nömrəli sərəncamın surəti məhkəməyə təqdim edilmişdir: Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin başçısının ##.##.1993-cü il tarixli, ***/*** nömrəli sərəncamına əsasən, Bakı şəhəri, Zirə qəsəbəsində ** №-li sahədə yerləşən 1200 kv.m torpaq sahəsi fərdi ev tikmək üçün İddiaçı ayrılmışdır.

2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli məktunda göstərilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 0,118 ha təşkil edir. Sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməyib. Torpaq sahəsinin 6.0 m-18.0 m məsafəsindən yüksək gərginlikli (35 kVt-lıq) elektirik hava xətti keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahə keçmiş Zirə Tərəvəzçilik- Südçülük sovxozunun hüdudları daxilində yerləşir. O cümlədən torpaq sahəsinin yerləşməsini göstərən sxem və ya cizgi təqdim edilməmişdir. Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı cavabdeh Xəzər Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər RİH başçısının ##.##.1993-cü il tarixli ***/*** saylı sərəncamına əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin 0,118 ha hissəsinə dair yerləşmə sxeminin tərtib edilərək ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər Rayon İcra Hakimiyyəti başçısının ## ######## 1993-cü il tarixli ***/*** saylı sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün iddiaçıya Zirə qəsəbəsi, ** nömrəli sahədə 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi iddiaçıya yerində təhvil verilmiş, o artıq 32 ildir ki, həmin torpaq sahəsini hasara aldıraraq həmin torpaq sahəsindən istifadə etsə də, həmin torpaq sahəsini hal-hazıra qədər özəlləşdirməmişdir. Hal-hazırda iddiaçı qeyd edilən torpaq sahəsini özəlləşdirmək istəyir və bunun üçün isə ona torpaq sahəsinin yerləşmə sxemi lazım olacağına görə iddiaçı Xəzər Rayon İcra Hakimiyyəti başçısının ## ######## 1993-cü il tarixli ***/*** saylı sərəncamı ilə ona ayrılmış və hal-hazırda onun istifadəsində olan Bakı şəhəri Zirə qəsəbəsində yerləşən 1200 kv.m torpaq sahəsinin yerləşmə sxeminin (cizgisinin) tərtib edilərək ona verilməsi barədə Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin Xəzər Rayon İcra Hakimiyyətindən iddiaçının bu müraciətinə şifahi qaydada imtina edildiyinə görə, o yazılı qaydada Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Xəzər Rayon İcra Hakimiyyəti hələ də iddiaçının yazılı qaydada etdiyi müraciətinə cavab verməmiş, bu üzdən iddiaçı bununla əlaqədar məhkəməyə müraciət etmətli omluşdur. Göründüyü kimi, Xəzər Rayon İcra Hakimiyyətinin başçısının ## ######## 1993-cü il tarixli ***/*** saylı sərəncamı ilə iddiaçıya 1200 kv.m torpaq sahəsinin ayrılmasına, həmin torpaq sahəsinin faktiki olaraq ona verilməsinə və 32 il ərzində torpaq sahəsinin onun tərəfindən istifadə edilməsinə baxmayaraq, həmin torpaq sahəsinin ona ayrılıb verilməsi barədə sxem tərtib edilməmişdir. Xəzər Rayon İcra Hakimiyyəti isə həmin torpaq sahəsinin yerləşmə sxemini tərtib etməkdən bilavasitə imtina etmişdir. Halbuki, iddiaçı sənəd üzrə ona verilən torpaq sahəsinin sxeminin çəkilməsini istəmişdir. Yəni torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilməsinin bilavasitə onun səlahiyyətinə aid olmasına baxmayaraq, Xəzər Rayon İcra Hakimiyyəti iddiaçının haqlı tələbindən imtina etmişdir.

5. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik xətləri keçdiyindən sözügedən torpaq sahəsinə yerləşmə sxeminin verilməsi məqsədəuyğun sayılmamışdır. Qanunvericiliyə əsasən kommunikasiya xətlərinin mühafizə zonalarında hər hansı işlərin aparılması qadağan olunur. Azərbaycan Respublikası Prezidentinin # #### 2012-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş ‘’Yerli icra hakimiyyətləri haqqında Əsasnamə’’də Xəzər Rayon İcra Hakimiyyətinin əvvəllər Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək öhdəliyi nəzərdə tutulmamışdır.

6. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Əzizbəyov Rayon (indiki Xəzər) İcra Hakimiyyətinin başçısının ##.##.1993-cü il tarixli, ***/*** nömrəli sərəncamına əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Zirə qəsəbəsində ** №-li sahədə yerləşən torpaq sahəsinin 0,118 ha hissəsinə dair yerləşmə sxeminin verilməsi öhdəliyi Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir.

7. Cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, hər hansı formada xəritəçəkmə, planalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti rayon icra Hakimiyyətlərinin səlahiyyətinə aid deyildir. Qanunvericiliklə müəyyən olunmuş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

10. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir.

11. Cavabdeh təşkilata məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edildi.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

13.Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: (Azərbaycan Respublikasının ## #### 1999-cu il tarixli, 695-IQ nörəli Qanunu ilə təsdiq edilmiş və hazırda qüvvədə olan) Maddə 65.5. torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 65.8. torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Maddə 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

14.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

15. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

16. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)

18. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 12-14-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

19. Belə ki, iddiaçı Xəzər RİH başçısının ##.##.1993-cü il tarixli ***/*** saylı sərəncamına əsasən ona ayrılmış torpaq sahəsinin 0,118 ha hissəsinə dair yerləşmə cizgisinin tərtib edilməsini tələb edir.

20. Cavabdeh orqan isə sözügedən torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik xətlərinin keçdiyini və Azərbaycan Respublikası Prezidentinin # #### 2012-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”də əsasən Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək və surətini təsdiqləmək səlahiyyətləri nəzərdə tutulmadığını bildirərək, imtina cavabı vermişdir.

21. İş materiallarında olan Xəzər RİH başçısının ##.##.1993-cü il tarixli ***/*** saylı sərəncamına əsasən iddiaçı İddiaçı Zirə qəsəbəsi, ** nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün 1200 kv. metr topraq sahəsi ayrılmış, həmin vaxtdan etibarən o, həmin torpaq sahəsini hasara aldırmış və istifadəsindədir.

22. Belə ki, qanunvericiliyin normalarından göründüyü kimi, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd edilən torpaqayrıma prosesi başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmaqla torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir.

23. Eyni zamanda cavabdeh orqan tərəfindən torpaq sahəsinin ayrılması barədə Xəzər RİH başçısının ##.##.1993-cü il tarixli ***/*** saylı sərəncamı (inzibati akt) ləğv edilməmiş, geri çağrılmamış, dəyişdirilməmiş və hal-hazırda öz hüquqi qüvvəsini saxlayır.

24. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının niyyəti məhz faktiki istifadəsində olan torpaq sahəsinə dair cizginin tərtib olunmasından ibarət olduğundan cavabdeh orqan tərəfindən iddia olunan torpaq sahəsinin iddiaçıya ayrılmasından cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır.

25. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

26. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

27. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Bakı şəhəri xəzər Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar