Məhkəmə qərarları › İş №2-1(3-6)-1768/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1768/2026

13.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1768/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə (üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “pensiya təyin edilməsi üçün məlumat vərəqəsinin tərtib edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X9 və X7 oğlundan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı İddiaçı, 3-cü şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.1994-##.##.1995-ci və ##.##.1995- ##.##.1997-ci illərdə “xxxx” Dövlət Şirkətinin Tranzit Vergi İnspeksiyasında işlədiyi dövrün dövlət gömrük xidməti stajı kimi nəzərə alınmaqla ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilməsi üçün məlumat vərəqəsinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi vəzifəsinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi ##.##.2025-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə təqdim edərək iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kimi qəbul edilməsini xahiş etmiş, məhkəmənin ##.##.2025ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, əsl cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə əvəz edilmişdir.

3. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı zəruri cəlbetmə qaydasında hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1985-1991-ci illədə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda ali təhsil almış və 1985-1987-ci illər ərzində isə 2 il iki ay yeddi gün həqiqi hərbi xidmətdə olmuşdur. Daha sonra iddiaçı ##.##.1991-ci ildən ##.##.1993-cü ilə qədər Azərbaycan Respublikası Gömrük Komitəsində Xudat Gömrük postunun inspektoru, ##.##.1993-cü ildən ##.##.1994-cü ilə qədər “Aqroinkom” Xarici İqtisadi Birliyində aparıcı mütəxəssis, ##.##.1994-cü ildən ##.##.1995-ci ilə qədər “xxxx” Dövlət Şirkətinin Tranzit vergi inspeksiyasının Samur- Dəvəçi Məntəqəsində aparıcı müfəttiş, ##.##.1995-ci ildən ##.##.1997-ci ilə qədər “xxxx” Dövlət Şirkətinin Tranzit vergi inspeksiyasının * №-li X3 Məntəqəsində aparrıcı müfəttiş, ##.##.1999-cu ildən ##.##.2022-ci ilə qədər “Azəravtonəqliyyat” Dövlət Konsernində baş mütəxəssis, rəis, vəzifələrində, ##.##.2022-ci ildən ##.##.2015-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Tranzit malların və avtonqəliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi şöbəsinin rəisi vəzifəsində işləmişdir. Hazırda iddiaçı heç bir yerdə işləmir və “Əmək pensiyaları haqqında” AR Qanununa əsasən gömrük orqanının əməkdaşı kimi ona pensiya təyin olunması ilə bağlı cavabdehə müxtəlif vaxtlarda müraciətlər etmişdir. Həmin müraciətlərə cavab olaraq Dövlət Gömrük Komitəsi bildirmişdir ki, iddiaçının təhsil və həqiqi hərbi xidmətdəki dövrləri nəzərə alınmaqla onun gömrük orqanlarında ümumi xidməti stajı 18 il 11 ay 04 gün təşkil edir. Cavabdeh orqan iddiaçının ##.##.1994-##.##.1995-ci il və ##.##.1995-##.##.1997-ci illərdə “xxxx” Dövlət Şirkətinin Tranzit vergi inspeksiyasında işlədiyi dövrü gömrük orqanlarındakı xidmət illərinə daxil etməkdən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, həmin vəzifələr Azərbaycan Respublikası Prezidentinin *** №-li, ##.##.2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmadığından dövlət quluğu stajına daxil edilə bilməz. Cavabdehin bu mövqeyi əsaslı deyil. Hazırkı mübahisə baxılarkən “xxxx” Dövlət Şirkətinin nəzdində fəaliyyət göstərən Tranzit vergi inspeksiyasının fəaliyyət istiqaməti təhlil olunmalıdır. Belə ki, “X1” haqqında AR Qanunu ##.##.1994-cü ildən etibarən qüvvədədir. Həmin Qanunun preambulasına əsasən Bu Qanun Azərbaycan Respublikasında ümumi istifadədə olan avtomobil yolları şəbəkəsinin saxlanması və inkişafı üçün X1 yaradılmasının ümumi hüquqi əsaslarını, bu fondun təyinatını, ondan istifadə edilməsini və fonda daxil olan vəsaitin mənbələrini müəyyənləşdirir. X1 ilə əlaqədar məsələlər Azərbaycan Respublikasının Konstitusiya qanunvericilik aktları ilə tənzimlənir. Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində ümumi istifadədə olan avtomobil yollarının və yol qurğularının (bundan sonra—avtomobil yolları) saxlanması, təmiri, yenidən qurulması və tikintisi ilə əlaqədar xərclər X1nda (bundan sonra—yol fondu) toplanan məqsədli büdcədənkənar vəsait və büdcədən ayrılan vəsait hesabına maliyyələşdirilir. Yol fondundan istifadənin istiqamətləri və məbləği barədə təklifi Azərbaycan Respublikasının Nazirlər Kabineti “xxxx” Dövlət Şirkətinin vəsaiti əsasında hazırlayır və təsdiq edilmək üçün Azərbaycan Respublikasının Ali Sovetinə təqdim edir. Həmin Qanuna uyğun olaraq AR Nazirlər Kabinetinin “Azərbaycan Respublikası X1nun yaradılması və İstifadə edilməsi” Qaydaları haqqında 183№-li, ##.##.1994-cü il tarixli qərar qəbul edilmişdir. Həmin Qərara əsasən “xxxx” Dövlət Şirkətinin nəzdində Yol Fondu İdarəsi və Tranzit Vergi İnspeksiyası adlı təşkilatlar yaradılmışdır. Daha sonra AR Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli, *** №-li “Azərbaycan Respublikasının X1 vergilərin daxil olmasının tənzimlənməsi barədə” Qərar qəbul edilmişdir. Həmin Qərarın preambula hissəsində qeyd olunmuşdur ki, bu Qərarın qəbul edilməsində məqsəd X1 vəsait toplanmasının səmərələliyinin artırılmasına, yol vergilərindən yayınma hallarının aradan qaldırılması, bu vergilərin vaxtında və tam həcmdə yığılması, uçot hesabat işlərinin yaxşılaşdırılmasını təmin etmək məqsədi güdür. Adıçəkilən qərarın 1-ci bəndinə əsasən “X1” haqqında Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş xarici dövlətlərin avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikası ərazisinə daxil olmasına və bu ərazidən keçməsinə görə verginin (tranzit vergisinin) yığılması Dövlət Gömrük Komitəsinə, bu Fonda digər vergilərin yığılmasına nəzarət isə Baş Dövlət Vergi Müfəttişliyinə həvalə edilmişdir. Bununla əlaqədar olaraq Dövlət Gömrük Komitəsinə və Baş Dövlət Vergi Müfəttişliyinə əlavə ştat vahidlərinin ayrılması barədə bu təşkilatlarla razılaşdırılmış təkliflərini 10 gün müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilməsi Maliyyə Nazirliyinə tapşırılmışdır. Qeyd edilən Qərarın 2-ci bəndinə əsasən “xxxx” Dövlət Şirkətinin nəzdində fəaliyyət göstərən Yol Fondu İdarəsi və Tranzit Vergi İdarəsi ləğv edilmişdir. Qərearın 3-c3 bəndində isə 1 gün müddətində “xxxx” Dövlət Şirkətinin nəzdində fəaliyyət göstərən Tranzit Vergi İnspeksiyası İdarəsinin maşınlarının, avadanlıqlarının və inventarlarının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə verilməsini təmin etmək “xxxx” Dövlət Şirkətinə tapşırılmışdır. Həmçinin adıçəkilən Qərarın 4-cü bəndində hazırkı məsələ ilə bağlı bundan öncə qəbul edilmiş ##.##.1994-cü il tarixli, *** №-li Qərar üzrə vəzifə bölgüləri yenidən müəyyənləşdirilmişdir. Adıçəkilən Qərarın özü isə ##.##.1997-ci ildə qüvvəyə minmişdir. Qeyd edilən Fərmana diqqət yetirdikdə açıq-aydın görünür ki, iddiaçının ##.##.1994-##.##.1995-ci il və ##.##.1995-##.##.1997-ci illərdə “xxxx” Dövlət Şirkətinin Tranzit Vergi İnspeksiyasında işlədiyi vəzifələr və onun gördüyü işlər faktiki olaraq Azərbaycan Respublikasına daxil olan xarici avtonəqliyyat vasitələrindən tranzit vergilərin yığılması işlərindən ibarət olmuşdur. Həmin İdarənin ləğv edilməklə onun səlahiyyətlərinin Dövlət Gömrük Komitəsinə verilməsi bunu deməyə əsas verir ki, iddiaçı mübahisə predmeti olan dövrlərdə faktiki olaraq Dövlət Gömrük Komitəsinə həvalə edilmiş işləri yerinə yetirmiş və Tranzit Vergi İnspeksiyası Təşkilatı isə hərfi mənada ləğv edilsə də faktiki olaraq qoşulma yolu ilə Dövlət Gömrük Komitəsinə birləşdirilərək Komitə yenidən təşkil edilmişdir. Həmçinin həmin Fərmanda o da qeyd edilmişdir ki, yenidən təşkil olunma zamanı Dövlət Gömrük Komitəsində və Baş Dövlət Vergi Müfəttişliyində ləğv edilmiş təşkilatların işçiləri üçün əlavə vakansiya yaradılmışdır. Bütün bunlar onu deməyə əsasə verir ki, iddiaçının işlədiyi müəssisə və onun yerinə yetirdiyi funksiyalar Dövlət Gömrük Komitəsinin fınksiyaları ilə eynilik təşkil edir.

5. Cavabdeh iddiaya dair hər hansı bir münasibətini məhkəməyə təqdim etməmişdir.

6. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

7. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmışdır və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli dövrləri yalnız “xxxx” Dövlət Şirkətinin formal hüquqi statusu baxımından qiymətləndirmiş, lakin Tranzit Vergi İnspeksiyasının faktiki funksiyasını, həmin funksiyanın ##.##.1997-ci ildən Dövlət Gömrük Komitəsinə verilməsini, Tranzit Vergi İnspeksiyasının maddi-təşkilati resurslarının Dövlət Gömrük Komitəsinə keçirilməsini, iddiaçının xidmət yolunun gömrük-tranzit sahəsi ilə davamlı bağlılığını və mübahisəli dövrdə icra edilmiş tranzit-fiskal funksiyanın pensiya təminatına təsirini tam və hərtərəfli araşdırmamışdır. Birinci instansiya məhkəməsi qərarında iddiaçının ##.##.1994–##.##.1995-ci il və ##.##.1995–##.##.1997-ci il tarixlərində “xxxx” Dövlət Şirkətinin Tranzit Vergi İnspeksiyasında aparıcı müfəttiş vəzifəsində işlədiyini qəbul etmişdir. Eyni zamanda, iş materiallarında Nazirlər Kabinetinin *** nömrəli qərarı ilə tranzit vergisinin yığılması funksiyasının Dövlət Gömrük Komitəsinə verilməsi, Tranzit Vergi İnspeksiyasının ləğv edilməsi və onun əmlakının Dövlət Gömrük Komitəsinə verilməsi halları mövcuddur. Buna baxmayaraq, məhkəmə bu hallardan hüquqi nəticə çıxarmamışdır. Məhkəmənin “dövlət şirkətində fəaliyyət dövlət qulluğu stajına daxil edilmir” qənaəti işin faktiki hallarını tam əhatə etmir. Çünki hazırkı işdə mübahisə ümumi əmək fəaliyyəti və ya adi dövlət qulluğu stajı barədə deyil, məhz dövlət gömrük xidməti stajına aid xüsusi hüquqi rejim barədədir. Məhkəmə *** nömrəli qərarın mahiyyətini formal şəkildə qiymətləndirmişdir. Halbuki həmin qərarın məzmunundan görünür ki, dövlət tranzit vergisinin yığılması sahəsində funksional səlahiyyətləri yenidən bölüşdürmüş, bu funksiyanı Dövlət Gömrük Komitəsinə vermiş və həmin funksiyanı yerinə yetirən əvvəlki strukturun ləğvini təmin etmişdir. Bu şəraitdə iddiaçının həmin strukturda işlədiyi dövrün hüquqi mahiyyəti yalnız “dövlət şirkətində əmək fəaliyyəti” kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı nəticə etibarilə iddiaçının uzun illər eyni sahədə tranzit, avtonəqliyyat vasitələri və gömrük rəsmiləşdirilməsi istiqamətində həyata keçirdiyi xidməti fəaliyyətin davamlılığını nəzərə almamışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının xidmət keçdiyi X6 “xxxx” Dövlət Şirkətinin tərkibində olmuş, yerinə yetirdiyi funksiyadan asılı olmayaraq, dövlət şirkətində xidmətin dövlət qulluğunun ümumi və ya xüsusi növünə daxil edilməsi qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin qeyd edirik ki, hətta mübahisələndirilən dövrlər dövlət qulluğu stajı kimi nəzərə alınsa belə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7- 1-ci maddəsinin hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin və dövlət qulluqçularının pensiyası ilə əlaqədar xidmət müddətinin (qulluq illərinin) hesablanması qaydasına münasibətdə şərh edilməsi ilə bağlı” ##.##.2026-cı il tarixli qərardadında ifadə edilmiş hüquqi mövqeyə əsasən hərbi xidmət müddətinə aid edilə bilməz. Belə ki, sözügedən qərardadda qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, hərbi qulluqçu kimi pensiya təyinatı zamanı dövlət qulluğu stajı birə-bir hərbi xidmət müddətinə daxil edildikdə dövlət qulluqunun xüsusi növündə xidmətin ağır şərtlərinə görə “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilmiş həmin fərq aradan qalxmış olur.

c) Proses iştirakçılarının izahatları

10. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin təmin edilərək, iddianın təmin edilməsini, 3-cü şəxsin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: maddə 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir; maddə 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; maddə 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. maddə 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. maddə 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; maddə 9.6. Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. maddə 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”: Bu Qaydalar "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra - Fond) təqdim olunması qaydalarını müəyyən edir.

2. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır.

3. Bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir.

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

15. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

16. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən) 18.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 11-14-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. 19.Belə ki, iddiaçı ##.##.1994-##.##.1995-ci və ##.##.1995-##.##.1997-ci illərdə “xxxx” Dövlət Şirkətinin Tranzit Vergi İnspeksiyasında işlədiyi dövrün dövlət gömrük xidməti stajı kimi nəzərə alınmaqla ona “Əmək pensiyaları haqqında” AR Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilməsi üçün məlumat vərəqəsinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fonduna göndərilməsini tələb edir.

20. Belə ki, ##.##.2015-ci ildə qüvvədə olan Azərbaycan Respublikası Nazilər Kabinetinin 2007-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na əsasən Bu Qaydalar «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, ... Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, ...Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir.

21. Qanunvericiliyin normalarından göründüyü kimi xüsusi rütbəli şəxslər, o cümlədən Dövlət Gömrük komitəsinin xüsusi rütbəsi olan əməkdaşları hərbi qulluqçular kimi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmişlərsə, onların güzəşli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

22. İş materiallarından göründüyü kimi iddiaçının 1985- 1991-cı illər ərzində Azərbaycan Memarlıq və İnşaat Universitetində aldığı təhsil müddəti 2 il 6 ay sayılmaqla, 1985-1987-ci illər ərzində 2 il 2 ay 7 gün həqiqi hərbi xidmətdə olduğu dövr və ##.##.1991-##.##.1993cü il və ##.##.2002-##.##.2015-ci il tarixlərində gömrük orqanlarında işlədiyi dövr — 14 il 2 ay 27 gün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1 ci maddəsinə uyğun olaraq) pensiya təminatına əsas olan xidmət stajına aid edilir. İddiaçının xidmət illərinə görə pensiya hüququnun əldə edilməsi üçün pensiya təminatına əsas olan xidmət stajı ümumilikdə 18 il 11 ay 4 gün təşkil edir. İddiaçı da bu halı qəbul edərək, onun ##.##.1994- ##.##.1995-ci və ##.##.1995-##.##.1997-ci illərdə “xxxx” Dövlət Şirkətinin Tranzit Vergi İnspeksiyasında işlədiyi dövrlərin də dövlət gömrük xidməti stajı kimi nəzərə alınmaqla xidmət müddətinin 20 ildən artıq olduğunu iddia edir.

23. İşin apellyasiya baxışı zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” İnstitutu MMC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, ləğv edilmiş “xxxx” Dövlət Şirkətinin tərkibində fəaliyyət göstərmiş Yol Fondu İdarəsi və Tranzit Vergi İnspeksiyası üzrə tələb olunan məlumat vərəqələri, habelə həmin idarənin müvafiq qaydada təsdiq edilmiş Əsasnaməsi İstitutun arxivində mövcud deyil.

24. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o ##.##.1994-##.##.1995-ci illərdə və ##.##.1995-##.##.1997-ci illərdə xxxx” Dövlət Şirkətinin Tranzit Vergi İnspeksiyasının Samur-Dəvəçi məntəqəsində aparıcı müfəttiş vəzifəsində işləmişdir. Lakin, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (##.##.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin # ######## 2005-ci il tarixli *** saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il #######ın ##-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. Odur ki, yuxarıda adıçəkilən Siyahıda dövlət şirkətləri və həmin şirkətlərdə mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır.

25. Eyni zamanda Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azəravtonəqliyyat” X11 7-ci hissəsinə və ##.##.1993-cü il *** nömrəli qərarı ilə təsdiq edilmiş “xxxx” Dövlət Şirkətinin Əsasnaməsinin 4.1-ci bəndinə əsasən “xxxx” Dövlət Şirkəti və “Azəravtonəqiiyyat” Dövlət Konserni hüquqi şəxslər kimi təsis edilmişdir. Hüquqi şəxslərdə əmək fəaliyyəti dövlət qulluğu stajına hesablanmır. 26.Odur ki, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 27.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 28.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 29.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar