Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(3-6)-177/2026 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası X2 Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-18286/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə xx.xx.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.2017-ci il tarixdən 5 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı barəsində rəsmiləşdirilmiş 2022-ci il tarixli, F00007548DTC nömrəli tibbi göndəriş əsasında sağlamlıq vəziyyəti xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Diaqnozun əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-18286/2025 nörməli qərardadı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası müddətin ötürülməsi səbəbindən mümkün sayılmamışdır. Daha sonra İddiaçı xx.xx.2025-ci il tarixdən 1 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçı X1 cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlillik müddətinin davamı kimi xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixədək ödənilməmiş əmək pensiyasının ödənilməsi üçün xx.xx.2022-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1987-ci ildə Naxçıvan şəhərində doğulmuşdur. 2016-cı ildə Dövlət Sərhəd Xidməti Hospitalında yoxlama zamanı ona bildirdilər ki, boğazında düyünlər var, biopsiya etdilər və nəticədə qalxanabənzər vəzin bədxassəli şişi yeni törəməsi olduğu üçün DSX-nin hərbi hospitalında əməliyyat etdilər. “Total trieoidektomiya” və Milli Onkologiya Mərkəzində yod müalicəsi qəbul etmişdir. Sonra isə həm sülh, həm müharibə dövründə xidmətə yararsız hesab edilərək Dövlət Sərhəd Xidmətinin MHHK-nın 125 nömrəli şəhadətnaməsinə əsasən (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral 59 nömrəli qərarı ilə təsdiq edilmiş Xəstəliklər cədvəlinin İİİ qrafasına əsasən 13 “a”, 8“b”, 60 “b”, 46 “c” 10 “c”, 13 “d”) Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmətindən Silahlı Qüvvələrin ehtiyatına (istefaya) buraxılmışdır. Bundan sonra 2017-2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSERA tərəfindən sağlamlıq imkanları şəhadətləndirilib və 5 il müddətinə 2-ci qrup əlillik təyin olunub və əmək pensiya təminatı təmin olunub. xx.xx.2022-ci il tarixdən əlilliyin müddəti bitdiyi üçün əmək pensiya təminatı dayandırılıb və bu tarixdən etibarən 2022-ci, 2023-cü, 2024-cü və 2025-ci il tarixədək müxtəlif həkim komissiyalarında əyani müayinələrdə Tibbi Sosial Ekspert Yoxlama komissiyaları tərəfindən yoxlamalarda olmasına baxmayaraq əlilliyin təyinindən imtina edilmiş və nəhayət ki, xx.xx.2025-ci il tarixdə xəstə olması ƏƏSMN-nin TSERA tərəfindən 1 il müddətinə 3-cü dərəcə əlillik ilə təsdiq edilmişdir. DZ: Qalxanabənzər vəzin bədxassəli şişi yeni törəməsi, Qalxanabənzər vəzin papilyar karsioması PTNOMO mərhələ 1 Total tiroidektpmiyadan və radioaktiv yod müalicəsindən sonrakı vəziyyət. xx.xx.2022-ci il tarixdə ona imtina verilmiş: Səbəb: Diaqnoz əlillik əlamətini təyin etmir. Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir. Bu imtina qanuni hesab edilə bilməz. Cavabdehin dəlilləri əsaslı olmadığı üçün eyni diqnozla əlilliyin təyinindən imtina etməklə eyni xəstəlik və eyni dianozla onu xx.xx.2025-ci il tarixdə 1 il müddətə 3-cü dərəcə əlil hesab etmişdir. Əlilliyin təyin edilməsini xx.xx.2022ci il tarixdən xx.xx.2025-ci il tarixdək qeyd etmişdir. Buna görə əvvəlki əlillik müddətinin davamı kimi yenidən əlilliyin təyin olunmasını xx.xx.2022-xx.xx.2025-ci il dövrü üçün ödənilməmiş əmək pensiyasının hesablanıb ödənilməsini tələb edir. Demək ki həmin komissiya üzvlərinin səhvliyi ucbatından o, 37 ay əlilliyi təyin edilməmiş və aylıq əmək pensiya təminatı ödənilməmişdir. Qanunvericiliyə uyğun olaraq ona dəyən maddi və mənəvi zərərin aradan qaldırılması, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” AR Qanunun, “Əmək pensiyaları haqqında” AR Qanunun müvafiq maddələrinə əsasən qanunvericiliyin tələbləri təmin edilməlidir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-18286/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin həmin qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin növbəti prosessual hərəkətlərin aparılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə əsaslandırılmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Apellyasiya şikayətinin mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə kollegiyası “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(112)-18286/2025 nörməli qərardadı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası müddətin ötürülməsi səbəbindən mümkün sayılmamışdır. Hazırda iddiaçı yenidən eyni inzibati orqana qarşı, eyni predmet və eyni əsasla hazırkı iddianı qaldırmışdır. Odur ki, hazırkı iddianın predmetini təşkil edən məsələ barədə iddiaçının daha əvvəl iddiası olmuş və həmin tələbə baxılaraq hüquqi qiymət verilmişdir. İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 №-li Qərarının 15.6-cı bəndinə əsasən, qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadının ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-18286/2025 nömrəli nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-18286/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(3-6)-177/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-177/2026
11.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver