Məhkəmə qərarları › İş №2-1(3-6)-179/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-179/2026

24.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-179/2026 24.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Qasımov Vidadi Kamal oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ceyhun Bəşir oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı ünvan 1 ünvanında mövcud olan "B" (118,4 kv.m) literli tikilinin ½ hissəsinin mülkiyyətçisi kimi tanınması, "A" literli tikilinin qeydiyyat yazısının onun ərizəsi əsasında ləğv olunması, "A" literli tikilinin qeydiyyat yazısının ləğvi üçün onun ərizə ilə müraciət etməsinin kifayət hesab edilməsi, "A" literli tikilinin qeydiyyat yazısının ləğvi üçün əvvəlki mülkiyyətçilərin ərizələrinin tələb edilməməsi, "B" literli tikili və hüquq sahibləri barəsində dövlət reyestrində məlumat qeydiyyatının mötəbərliyi, həqiqətə uyğunluğu, doğruluğu, həvalə edilən vəzifələrin cavabdeh tərəfindən icra edilməsi" barədə tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI: ünvan 2 ünvanında dövlət mülkiyyətində olan 0,029638 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 229,90 kv.m olan fərdi yaşayış evinə 7 nəfər mülkiyyətçinin ümumi paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, mülkiyyətçilər və onların payları aşağıdakı kimidir: 1) X9 - "A" tikilisindən 38/256 hissə; 2) X4 - "A" tikilisindən 16/32 hissə; 3) X3 - "A" tikilisindən 5/256 hissə açıq saxlanılır; 4) X1 - "A" tikilisindən 8/32 hissə; 5) X2 - "A" tikilisindən 1/32 hissə; 6) İddiaçı - "A" tikilisi 13/256 hissədən və "B" tikilisindən 1/2 hissə; 7) X7 - "A" tikilisi 13/256 hissədən və "B" tikilisindən 1/2 hissə. Göstərilən evin texniki pasportu da mövcuddur. Iddiaçı İddiaçı göstərilən ev üzərində qeydiyyata alınmış hüququn ləğv olunması barədə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Bakı Ərazi Idarəsinə müraciət etmiş, lakin Ərazi Idarəsi ##.##.2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki, göstərilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin hər hansı digər fiziki və ya hüquqi şəxsin istifadəsinə verilməsi ilə bağlı məlumat Idarədə aşkar edilməmişdir, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2022-ci il tarixli qərarı ilə * saylı Bakı Ərazi Idarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Bundan başqa, iddiaçı İddiaçı göstərilən fərdi yaşayış evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizələrlə cavabdehə müraciət etmiş, lakin cavabdehin ##.##.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işləri aparılan zaman "A" və "V" tikililərinin söküldüyü müəyyən edilmişdir. Bundan əlavə, fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət kimi qeydiyyata alınmışdır. Odur ki, sökülmüş tikililərin qeydiyyatının ləğvi və müraciətdə qeyd olunan məsələlərlə bağlı digər payçıların notariat qaydasında təsdiq edilmiş razılıq ərizələrinin təqdim edilməsi məqsədəuyğundur. Bundan başqa, iddiaçı İddiaçı göstərilən ünvanda yerləşən daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı yaranmış problemin həllinə köməklik göstərilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh müraciət etmiş, lakin sonuncu ##.##.2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 34 ünvanında yerləşən yaşayış evinə dair ##.##.1997-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən ##.##.2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilmişdir. Müxtəlif dövrlərdə notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqavilələri və vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında sözügedən yaşayış evinin hissələrinə münasibətdə müxtəlif hüquq əldə edənlərin adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatlar aparılmışdır. Hazırda həmin yaşayış evi X10, X4, X3, X5, X1 və X9 paylı mülkiyyətindədir. Sözügedən yaşayış evinə dair Bakı Şəhər Icraiyyə Komitəsinin Texniki Inventarlaşdırma Bürosu tərəfindən 1961-ci ilin iyun ayında texniki pasport tərtib edilmişdir. Müvafiq ünvanda yerləşən yaşayış evinin payları ilə bağlı tərəflər arasında məhkəmə mübahisəsi olduğundan və həmin mübahisənin başa çatmasını təsdiq edən yekun məhkəmə qərarı * saylı Bakı Ərazi Idarəsinə daxil olmadığından, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məsələsinə baxılması mümkün olmamışdır. Belə ki, "payların bölüşdürülməsi və s" tələblərə dair məhkəmə mübahisəsi barədə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2017-ci il tarixli *(***)-*****/**** nömrəli və Ali Məhkəmənin ##.##.2018-ci il tarixli *(***)-****/**** nömrəli bildirişləri * saylı Bakı Ərazi Idarəsinə daxil olsa da, iş üzrə mübahisənin yekunlaşmasını təsdiq edən məhkəmə aktı barədə hər hansı məlumat mövcud deyil. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı ünvan 1 ünvanında mövcud olan "B" (118,4 kv.m) literli tikilinin ½ hissəsinin mülkiyyətçisi kimi tanınması, "A" literli tikilinin qeydiyyat yazısının onun ərizəsi əsasında ləğv olunması, "A" literli tikilinin qeydiyyat yazısının ləğvi üçün onun ərizə ilə müraciət etməsinin kifayət hesab edilməsi, "A" literli tikilinin qeydiyyat yazısının ləğvi üçün əvvəlki mülkiyyətçilərin ərizələrinin tələb edilməməsi, "B" literli tikili və hüquq sahibləri barəsində dövlət reyestrində məlumat qeydiyyatının mötəbərliyi, həqiqətə uyğunluğu, doğruluğu, həvalə edilən vəzifələrin cavabdeh tərəfindən icra edilməsi" barədə iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. O, həmin tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 34 ünvanında yerləşən fərdi yaşayış evi vaxtilə "A" və "B" tikililərindən ibarət olmuşdur. "A" tikilisi 1900-cü ildə, "B" tikilisi isə 1972-1984-cü ilərdə tikilmişdir. "A" literli tikili 6 nəfərin, "B" literli tikili isə yalnız bir nəfərin (mərhum atası İddiaçı Murtiza oğlunun) mülkiyyətində olmuşdur. "A" literli tikili ##.##.2019-cu ildə "xxxx" MTK tərəfindən tamamilə məhv edilmişdir. Hazırda yalnız "B" literli tikili mövcuddur. "B" tikilisinin mülkiyyətçiləri o və bacısı X7r. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi həmin nəticəni belə əsaslandırmışdır ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olması istisna olunur. Iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 34 ünvanında mövcud olan daşınmaz əmlaka dair maraqlı şəxs olaraq ünvanda mövcud olan yeganə daşınmaz əmlakın "B" (118,4 kv.m) tikilisinin onun və bacısı İ.A.Qurbanovanın tanınmasını xahiş etmişdir. Müvafiq tələblə cavabdehə müraciət etsə də, 2019-cu ildən mövcud olmayan "A" tikilisinin (115 kv.m) 6 nəfərdən ibarət olan (olmuş) mülkiyyətçilərin razılıq ərizələri təqdim edildikdə müraciətin təmin olunacağı bildirilmişdir. Göstərilən ünvanda 1900-cü ildə inşa edilmiş "A" tikilisi (111,5 kv.m) və 1972-1984-cü illər ərzində tikilmiş "B" (118,4 kv.m) tikilisi olmaqla iki tikili mövcud olmuşdur. "A" tikilisi (111,5 kv.m) naturada ayrılmamaqla 6 nəfərdən ibarət ümumi birgə mülkiyyətdə olmuşdur. "B" (118,4 kv.m) tikilisi mərhum atası X10 həm faktiki istifadəsində, həm də mülkiyyətində olmuşdur. Mərhum atasının müvafiq tikilidə qeydiyyatı olmuşdur. "A" tikilisi (111,5 kv.m) 2019-cu ildə məhv edilmişdir. 0,032 hektarlıq torpaq sahəsi üzərində "B" (118,4 kv.m) tikilisi qalmışdır. "B" (118,4 kv.m) tikilisi iddiaçıdan başqa heç kəsin faktiki istifadəsində deyildir. "A" tikilisi (111,5 kv.m) literli tikili, ünvanda ##.##.2019-cu il tarixindən onların iradəsinin əleyhinə olmaqla tamamilə məhv edilərək mövcud deyildir. Mövcud olmayan tikilinin ("A") hüquqları itirilmiş mülkiyyətçilərinin adlarının ünvandakı daşınmaz əmlakın hüquq sahiblərinin siyahısında cavabdeh inzibati orqan tərəfindən hələ də mövcud tikili (əmlak) kimi saxlanılması, həm daşınmaz əmlakın dövlət reyestrində ünvandakı daşınmaz əmlaka dair qeydiyyatın məzmununun mötəbərliyinə xələl gətirməklə yanaşı, iddiaçının da ünvanda mövcud olan yeganə daşınmaz əmlakın ("B") mülkiyyətçisi olaraq konstitusion mülkiyyət hüququnu məhdudlaşdırır və pozur. Ünvanda real olaraq cəmi bir daşınmaz əmlak "B" (118,4 kv.m) literli tikili mövcuddur ki, həmin əmlakın faktiki istifadəçiləri, həm də mülkiyyətçiləri iddiaçı və bacısıdır. Mövcud olmayan daşınmaz əmlakın (və) hüquqi şəxslərə aid olan mövcud tikililərin mülkiyyətdə hüquqların həyata keçirilməsi ilə əlaqədar bəzi hallarda hüquqi münasibətlər yaranır. Belə ki, həmin daşınmaz əmlakın tikinti üçün ayrılmış torpaq sahəsi üzərində hüquqların müəyyən edilməsi zamanı bəzi problemlər ortaya çıxır. Mövcud olmayan tikilinin (yəni) layihə üzrə nəzərdə tutulan, lakin faktiki olaraq inşa edilməmiş obyektlərin hüquqi statusu məsələsi aktual olaraq qalır. Bu baxımdan, mövcud olmayan tikililərin hüquqi tənzimlənməsi ilə bağlı qanunvericilikdə müəyyən boşluqlar mövcuddur. Mülki hüququn həyata keçirilməsi üçün digər şəxslərlə birlikdə olması (razılaşma əsasında) şərtdir. Faktiki olaraq mövcud olmayan daşınmaz əmlakın tikilinin qeydiyyatı və faktiki istifadəsi zamanı bəzi çətinliklər yaranır. Bununla yanaşı, mövcud olmayan tikililər üzrə hüquqların müəyyən olunması və qeydiyyatı ilə bağlı məsələlər qanunvericilikdə tam şəkildə tənzimlənməmişdir. Inzibati orqanın (cavabdehin) 2018-ci ildən mövcud olmayan "A" (145,5 kv.m) tikilisinin qeydiyyata alınması, hələ də mövcud olan tikili kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, hüquqların itirilməsi ilə nəticələnən qanunsuz qərar hesab olunur. TƏRƏFLƏRIN IZAHATLARI: Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun hər hansı üzürlü səbəblə əlaqəli olub-olmadığı barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul olunmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ: "Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli * nömrəli Qərarı: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə "Elektron hökumət" portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 18.1. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. 18.2. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 213.1. Iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. "Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunu: 2.0.1. Inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2. Inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1. Bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 4.1. Inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası aşağıdakılara görə bu qənaətə gəldi ki, birinci instansiya məhkəməsi iddiaçı İddiaçı hazırkı iddiasını onun subyektiv hüquqa malik olmaması əsası ilə mümkün saymamaqda haqlı olmamışdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. "Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli * nömrəli Qərarında deyilir: "3.1. Inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. IPM-in 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. 3.5. Apellyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər. 4.1. IPM-in 35.1-ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq, məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. ... 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. Iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərti ilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər." Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə ##.##.2008-ci il tarixli Qərarında vurğulamışdır: "apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: - öz hərəkətlərinə hüquqi ixtiyar; - başqa (borclu) şəxslərdən tələb etmək hüququ; - müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz". Yuxarıda göstərilənlərdən görünür ki, iddiaçı iddia ərizəsində inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, öhdəliklərin icrası haqqında iddia mümkün sayılmalıdır. Iddiaçı belə bir əsaslandırmanı edə bilmədikdə, onun subyektiv hüququ mövcud olmur və bu hal iddianın mümkün sayılmasını istisna edən hallardan biridir. Bu baxımdan hüquqa müdaxilə aşkar şəkildə baş verdikdə və birmənalı nəzərə çarpdıqda, hüququn pozulması mövcud olur. Iddiaçının subyektiv hüququnun mövcudluğunun yoxlanılması zamanı iddiaçının hüquqi marağı, yəni konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da öyrənilməlidir. Həm də iddiaçının arzuladığı məqsədə çatmaq üçün seçdiyi hüquqi müdafiə vasitələrinin uyğun olubolmaması, o cümlədən istifadə etdiyi iddia növünün əlverişli olub-olmaması yoxlanılmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmazdan əvvəl inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri olan məhkəmənin yardım etmək vəzifəsinə riayət edilməlidir. Bu vəzifə işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini ehtiva edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etsin, zəruri olduğu halda müvafiq hüquqi təkliflər versin, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratsın və bunun üçün ağlabatan vaxt təyin etsin. Birinci instansiya məhkəməsinin yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymasına yol verilmir. Hər bir konkret işin hallarından asılı olaraq məhkəmə yardım etmək vəzifəsini həm məhkəmə iclasında, həm də buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərardadından verilən şikayətə apellyasiya instansiyası məhkəməsində baxılarkən həmin qərardadın qanuniliyi və əsaslılığı həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirilməlidirlər. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi öz qərardadında kifayət qədər hüquq normalarına istinad etsə də, iddiaçı İddiaçı subyektiv hüquqa malik olmaması barədə gəldiyi nəticəni qətiyyən əsaslandırmamışdır. Işin hallarından görünür ki, iddiaçı İddiaçı ümumi mülkiyyətdə olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 34 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçilərindən biridir. Onun tələbi həmin evin "B" literli tikilisinin ½ hissəsinin mülkiyyətçisi kimi tanınması, "A" literli tikilinin qeydiyyat yazısının onun ərizəsi əsasında ləğv olunması, "A" literli tikilinin qeydiyyat yazısının ləğvi üçün onun ərizə ilə müraciət etməsinin kifayət hesab edilməsi, "A" literli tikilinin qeydiyyat yazısının ləğvi üçün əvvəlki mülkiyyətçilərin ərizələrinin tələb edilməməsi, "B" literli tikili və hüquq sahibləri barəsində dövlət reyestrində məlumat qeydiyyatının mötəbərliyi, həqiqətə uyğunluğu, doğruluğu, həvalə edilən vəzifələrin cavabdeh tərəfindən icra edilməsindən ibarətdir. Yəni iddiaçı digər şəxslərlə bərabər məhz özünün də mülkiyyətində olan evə aid qeydiyyatın bir hissəsinin ləğvini istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150.1-ci maddəsinə əsasən, əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Belə olan halda, cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasının onun tərəfindən əsaslandırılmış olması açıqaşkardır. Ona görə də iddiaçının subyektiv hüquqa malik olmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı sayıla bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yardım etmək vəzifəsinə riayət etmədiyini xüsusi olaraq qeyd edir. Işin 114-cü vərəqində olan, birinci instansiya məhkəməsi tərəfindən həm iddiaçıya, həm də cavabdehə ünvanlanmış ##.##.2025-ci il tarixli "Məhkəmə bildirişi"ndən görünür ki, iş üzrə şifahi icraat qaydasında mümkünlük iclasının ##.##.2025-ci il saat 11.50-də Bakı Inzibati Məhkəməsinin inzibati binasında keçiriləcəyi barədə məlumat verilmiş və onlarda olan bütün sübutların məhkəməyə təqdim edilməsi onlara təklif olunmuşdur. Işin 131-ci vərəqində olan ##.##.2025-ci il tarixli "Məhkəmə iclasının protokolu"ndan görünür ki, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, bu səbəbdən məhkəmə iclası tərəflərin iştirakı olmadan keçirilmiş və həmin gün iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən mümkünlük iclasının təyin edilməsi ona dəlalət edir ki, məhkəmə iddianın mümkünlüyü ilə bağlı problemlərin olması qənaətinə əvvəlcədən gəlmişdir. Belə olan halda, məhkəmə mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməli, bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməli, iddianın mümkün sayılmamasına səbəb olan halları iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, tərəflər məhkəmə iclasına gəlmədikdə yardım etmək vəzifəsini tərəflərlə yazışmalar vasitəsilə yerinə yetirməli idi. Lakin kollegiya tərəfindən müəyyən olunur ki, bütün bunlar baş verməmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Məhkəmə kollegiyası bu qənaətə gəldi ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının subyektiv hüquqa malik olmamasına istinadən iddianın mümkün sayılmaması əsaslı olmadığına, eləcə də iş üzrə mahiyyəti üzrə qərar qəbul edilmədiyinə görə qərardad ləğv edilməli və məhkəmə icraatının davam etdirilməsi üçün iş Bakı Inzibati Məhkəməsinə göndərilməlidir. Apellyasiya şikayətində qərardadın ləğvi ilə yanaşı, həm də iddia tələbinin təmin olunması xahiş edildiyinə, lakin hazırkı mərhələdə bu mümkün olmadığına görə apellyasiya şikayəti qismən, yəni qərardadın ləğvi hissəsndə təmin edilməli, digər hissədə isə təmin edilməməlidir. Eyni zamanda, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadında iddianın mümkün sayılmaması yalnız iddiaçının subyektiv hüququnun olmaması ilə əsaslandırıldığına görə hazırkı qərardadda mümkünlüyün yalnız həmin şərtinə qiymət verildi. Birinci instansiya məhkəməsi tərəfindən iddianın digər mümkünlük şərtləri yoxlanılmalı, bu vaxt Inzibati Prosessual Məcəllənin 13-cü və 48-ci maddələrində nəzərdə tutulmuş qaydada davranılmalı, nəhayət, bütün mümkünlük şərtlərinin təmin olunduğu halda, iddianın əsaslılığı yoxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ləğv edilsin. Məhkəmə icraatının davam etdirilməsi üçün iş Bakı Inzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar