Məhkəmə qərarları › İş №2-1(3-6)-1797/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1797/2026

23.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1797/2026 23.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı "şəhadətnamənin ləğv edilməsi və maddi zərərin ödənilməsi" tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı şəhadətnamənin ləğv edilməsi və maddi zərərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2004-cü il tarixdən ##.##.2020-ci il tarixədək Silahlı Qüvvələrin Hərbi Hava Qüvvələri N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətdə olmuşdur. ##.##.2020-ci il tarixdə iddiaçı şəhadətləndirilmiş və həm dinc, həm də müharibə dövründə yararsız hesab edilmişdir. Iddiaçı həmin şəhadətnamədən narazıdır və onun ləğvini tələb edir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Iddiaçı İddiaçı qanunla müəyyən edilmiş həmin müddəti 5 ilə yaxın ötürmüşdür. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işin iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı şəhadətnamənin ləğv edilməsi və maddi zərərin ödənilməsi tələbinə dair qərar qəbul edilməsi üçün Bakı Inzibati Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2020-ci il tarixli xəstəlik haqqında şəhadətnamə ##.##.2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirmə” altsisteminə salınmışdır. Daha sonra tərəfindən müxtəlif zamanlarda həm poliklinikaya, həm də MN Mərkəzi Hərbi Həkim Kommisiyasına müraciətlər edilmişdir. Lakin hər hansı nəticə əldə olunmamışdır. Müraciət edilmə müddəti isə tərəfindən hər hansı təqsir olmadan ötürülmüşdür. Belə ki, bütün ölkə ərazisi üzrə karantin rejiminin tətbiq olunması nəticəsində hər hansı hüquqi prosedur üçün müraciət etmək imkanım məhdudlaşmışdır. Tərəfindən hüquqi məsələlərlə bağlı vəkilə müraciət etmək imkanı yaranan zaman dərhal müraciət edilmiş və müqavilə bağlanmışdır (bununla bağlı müqavilə də mövcuddur). Lakin bir neçə il sonra məlum olmuşdur ki, sözügedən şəxs vəkillik fəaliyyəti ilə məşğul ola bilməzmiş və işlərini məhkəməyə təqdim etdiyini bildirsə belə, hər hansı iş görməmişdir. Nəticədə müddət ötmüşdür. Həmçinin sözügedən məsələ ilə bağlı polisə və prokurorluğa da müraciət edilmişdir və onlar tərəfindən də həmin məsələyə baxılmışdır. Göründüyü kimi, onun müddətin ötürülməsi ilə bağlı heç bir təqsiri olmamışdır. Qeyd edilməsi zəruridir ki, məhkəmə işi araşdırmayaraq iddia tələbinin mümkünsüz olmasına əsaslanmışdır. Beləliklə, onun hüququ məhkəmə tərəfindən kobud surətdə pozulmuşdur. Məhkəmə qeyd etmişdir ki, inzibati aktların mübahisələndirilməsi (ləğv edilməsi və ya dəyişdirilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. Lakin iddiaçı həmin müddətdən istifadə etməmiş, əksinə inzibati aktın mövcudluğundan xəbərdar olduğu vaxtdan 1 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir ki, bu hazırki mübahisə üzrə onun müddətin bərpası barədə ərizə ilə müraciət etmək hüququnun olmadığını göstərir. Məhkəmənin qeyd olunan mövqeyi ilə bağlı bildirilmişdir ki, müddətin ötürülməsi onun iradəsindən asılı olmayaraq baş vermişdir. Belə ki, əvvəlcə ölkə üzrə karantin rejiminin elan olunması, daha sonra Vətən müharibəsinin baş verməsi, ardınca tərəfindən cavabdehlərə ünvanlanan çoxsaylı müraciətlərə cavab ala bilməməsi, həmçinin hüquqi yardım üçün hüquqşünasla müqavilə bağlamağına baxmayaraq onun tərəfindən törədilən pozuntular (barəsində polis və prokurorluqda müraciəti üzrə iş davam edir) sözügedən müddətdə məhkəməyə müraciət etməyinə maneə törətmişdir. Bundan başqa, məhkəmə hesab etmişdir ki, müddətin ötürülməsi ilə bağlı hər hansı qarşısıalınmaz hal mövcud olmamışdır. Lakin qarşısıalınmaz qüvvə qeyri-adi hallarda, yəni subyektin konkret şəraitdə bütün təcrübə və biliklərini kifayət qədər diqqətlə tətbiq etməsinə baxmayaraq, hadisənin baş verə bilməsinin qarşısını ala bilmədiyi hallarda mövcud olur. Başqa sözlə desək, qarşısıalınmaz qüvvə subyektiv meyarların təsiri ilə dəyişdirilə bilməyən faktları ehtiva edir. Odur ki, sözü gedən iddia müddətinin məhz iradəsindən kənar şəkildə baş verməsini və qarşısı alınmaz faktorlardan da asılı olmasını nəzərə alaraq, iddianın mümkünsüzlüyü ilə bağlı qərardadın ləğv edilməsini zəruri hesab etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddia tələbinin mümkün sayılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. ƏSASLANDIRICI HISSƏ: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, hazırkı işin faktiki hallarından görünür ki, iddiaçının iddia tələbi iki hissədən ibarətdir: 1) onun barəsində qəbul edilmiş “həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilməsi” barədə şəhadətnamənin ləğv edilməsi, 2) həmin inzibati aktın qəbul edilməsi nəticəsində ona vurulduğunu iddia etdiyi maddi ziyanın cavabdeh tərəfindən ödənilməsi Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. IPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli ## ##### 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd). Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Məhkəmə kollegiyası əvvəla müraciətin hüquqi təbiətini, iddianın növünü qiymətləndirməyi zəruri hesab edir. Iddianın növünü dəqiq müəyyən etmək üçün kollegiya mübahisə predmeti olan Hərbi- Həkim Komissiyasının (HHK) qərarlarının hüquqi təbiətinə toxunmağı zəruri hesab edir. Inzibati hüquq nəzəriyyəsinə əsasən, inzibati aktın ən mühüm təsnifat elementi onun “tənzimləmə” (nizamasalma) xüsusiyyətinə malik olmasıdır. Belə aktlar idarəetmə orqanının sadəcə, daxili kargüzarlıq sənədi deyil, fərdin subyektiv hüquq sferasına yönəlmiş məqsədyönlü hakimiyyət iradəsidir. Həmin iradənin hüquqi təzahüründən asılı olaraq inzibati aktlar üç əsas qrupa bölünür: Yaradıcı aktlar: Şəxs üçün tamamilə yeni hüquq və vəzifələr formalaşdıran və ya mövcud hüquqi münasibətlərə xitam verən aktlar (məsələn, tikinti icazəsi və ya lisenziyanın verilməsi). Dəyişdirici aktlar: Mövcud hüquqi statusun məzmununu, yaxud həcmini transformasiya edən aktlar (məsələn, vergi öhdəliyinin yenidən hesablanması, dövlət qulluqçusunun başqa vəzifəyə keçirilməsi). Müəyyənedici aktlar: Yeni hüquq yaratmayan, lakin mövcud olan qeyri-müəyyən və ya mübahisəli faktiki/hüquqi vəziyyəti dövlət hakimiyyəti gücü ilə rəsmən təsdiqləyən aktlar (məsələn, diplomun nostrifikasiyası, müharibə veteranı statusunun təsdiqi). Müəyyənedici aktların hüquqi çəkisini tam dərk etmək üçün onları adi informativ arayışlardan fərqləndirən üç mühüm meyara diqqət yetirilməlidir: Konkret iradə bəyanı: Inzibati orqanın hər yazılı mətni akt sayılmır. Arxiv arayışları və ya tibbi epikrizlər məlumat xarakterli faktiki fəaliyyətdir. Müəyyənedici akt isə hüquqi baxımdan faktın mövcudluğunu rəsmən təsdiqləyən, konkret iradə bəyanıdır. Tənzimləmə obyekti kimi mübahisənin həlli: Yaradıcı aktlardan fərqli olaraq, burada məqsəd yeni hüquq yaratmaq deyil, status və ya fakt ətrafında yaranmış şübhəni (mübahisəni) ortadan qaldırmaqdır. Burada, tənzimlənən məsələ hüququn təməlində dayanan faktın “rəsmi tanınmasıdır”. Maddi-hüquqi bağlayıcılıq (Preyudisiya): Bu aktları əsl hakimiyyət tədbirinə çevirən onların yaratdığı mütləq hüquqi təsir gücüdür. Səlahiyyətli orqan tərəfindən xəsarətin müharibə ilə səbəbli əlaqəsinin təsdiqlənməsi digər dövlət qurumları üçün məcburi xarakter daşıyır. Heç bir digər orqan bu preyudisial faktı yenidən təftiş edə və ya şübhə altına ala bilməz. Müəyyənedici akt sonrakı idarəetmə prosesləri üçün dəyişməz təməl formalaşdırır. Qeyd olunan nəzəri təməllər milli qanunvericiliyimizdə də öz dəqiq ifadəsini tapmışdır. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (IIHQ) 2.0.2 ci maddəsinə əsasən, inzibati akt– inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Qanunverici bu normada “nizama salmaq” və “həll etmək” terminlərini təsadüfən eyni konstruksiyada işlətməmişdir. Bu anlayışlar fərqli hüquqi iradələri ehtiva edir: “Nizama salmaq” inzibati orqanın aktiv şəkildə yeni bir hüquqi vəziyyət yaratmaq və ya dəyişdirmək iradəsini ifadə edir. “Həll etmək” isə konkret hüquq/vəzifə yaratmasa da, idarəetmə orqanının qeyri müəyyənliyi qiymətləndirərək mübahisəyə yekun vurmasını ehtiva edir. Məhz bu element müəyyənedici aktların konseptual əsasını təşkil edir. Maddənin yekun elementi olan “hüquqi nəticələr yaradan” meyarı isə sənədin inzibati akt kimi tövsifi üçün yeganə kafi şərtdir. Aktın xarakterindən asılı olmayaraq, əgər o, ünvanlandığı şəxsin subyektiv hüquq sferasına kənardan birbaşa təsir göstərirsə, bu, birmənalı olaraq inzibati aktdır. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin: 1.3. Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra — şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır. 1.7. Hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) qərarları «Xəstəliklər cədvəli»nə və vətəndaşların sağlamlıq vəziyyətinə əlavə tələblər cədvəlinə (bundan sonra — ƏTC) uyğun olaraq, hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) iclasda iştirak edən üzvlərinin səs çoxluğu ilə qəbul olunur. 1.9. Vətəndaş hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbihəkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər. Yuxarı hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) və ya məhkəmənin qərarı ilə vətəndaş nəzarət qaydasında müayinəyə və təkrar şəhadətləndirilməyə göndərilə bilər. 5.1. Hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. Hərbi qulluqçunun hərbi xidmətə yararlılıq kateqoriyası haqqında qərar bu Əsasnamənin 2.6-cı bəndinə uyğun olaraq çıxarılır. 8.3. “Xəstəliklər cədvəli”ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur: “A” — hərbi xidmətə yararlıdır; “B” — sıradankənar hərbi xidmətə yararlıdır; “C” — dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; “Ç” — hərbi xidmətə müvəqqəti yararsızdır; “D” — həm dinc dövrdə, həm də müharibə dövründə, hərbi xidmətə yararsızdır; IIHQ-nun 2.0.2-ci maddəsinin, həmçinin qanunvericilik normalarının və yuxarıda göstərilən nəzəri tələblərin prizmasından yanaşdıqda, HHK tərəfindən şəhadətləşdirilmə birbaşa olaraq mübahisəli hüquqi faktı “həll edən” və fərd üçün hüquqi nəticə doğuran hakimiyyət qərarıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının şəhadətləndirilməsi ilə bağlı **** nömrəli ##.##.2020-ci il tarixli qərar qanunvericiliyin tələblərinə əsasən inzibati orqan tərəfindən qəbul edilən inzibati akt hesab edildiyindən, hazırkı iddia mahiyyət etibarı ilə mübahisələndirmə haqqında iddia növünə aiddir. Iddiaçının hüquqi marağı və istəyi də məhz sözügedən inzibati aktın, yəni şəhadətnamənin ləğvinə yönəlmişdir. Inzibati Prosessual Məcəllənin 32-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin normaya görə, barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt və ya barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. Belə olan halda kollegiya diqqətə çatdırır ki, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü komponentlərindən biri kimi nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ##.##.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. Iddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Bununla bağlı məhkəmə kollegiyası həmçinin Ali Məhkəmənin Inzibati Kollegiyasının oxşar kateqoriya işlər üzrə icmal məktubuna istinadən qeyd edir ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yol veriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericilikdə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, eləcə də müddətlə bağlı məhdudiyyətlərə tabedir. Belə olan halda mübahisələndirmə növündə iddia ilə bağlı xüsusi mümkünlük şərtinin, yəni iddia müddətinin ötürülüb-ötürülməməsinin məhkəmələr tərəfindən yoxlanılması zəruridir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hər bir halda qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçı “həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilməsinə” dair şəhadətnamənin ləğv edilməsini xahiş edir. Iş materiallarından da müəyyən olunur ki, iddiaçı barəsində “həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilməsinə” dair şəhadətnamə, yəni inzibati akt ##.##.2020-ci il tarixdə qəbul edilmişdir.. Göründüyü kimi, inzibati aktın iddiaçıya rəsmi çatdırılmasını təsdiq edən sənədli sübutlar olmasa da, mübahisəli aktın xarakteri və yaratdığı hüquqi nəticələr şəxsin onun məzmunundan xəbərdar olduğunu deməyə əsas verir. Belə ki, şəhadətnamənin mahiyyəti iddiaçının həm sülh, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab olunmasını nəzərdə tutur. Aktın qəbulundan sonra iddiaçının xidməti dayandırması və hərbi xidmət münasibətlərindən faktiki olaraq kənarda qalması, onun ən geci həmin tarixdən etibarən aktın məzmunu və nəticələri barədə məlumatlı olmasını dolayı şəkildə təsdiqləyir. Həmçinin, apellyasiya şikayətinin məzmunundan və məhkəmə araşdırması zamanı verdiyi izahatlardan aydın bəlli olur ki, iddiaçı sözügedən aktın məzmunundan ən geci 2022-ci ildən məlumatlı olmuş, müxtəlif orqanlara müraciətlər ünvanlamışdır. Beləliklə, iş materiallarından da aydın olduğu kimi iddiaçı ən geci mübahisələndirilən şəhadətnamənin qəbul edilməsindən sonra hərbi xidmətini davam etdirməməsi vasitəsilə özünün hərbi xidmətə yararsız hesab olunması barədə məlumatlı olmuşdur. Lakin o, 2025ci ilə qədər bu halı nə “Inzibati icraat haqqında” Qanunda müəyyən edilmiş müddətdə şikayət instansiyasında, nə də IPM-in 38.1-ci maddəsində göstərilmiş müddətdə məhkəmədə mübahisələndirməmiş, qanunvericilikdə təsbit edilmiş müddəti ötürmüşdür. Iddiaçı sözügedən inzibati aktın qəbul edilməsindən və onun hüquqi nəticələrinin ona məlum olmasından təxminən beş ilə yaxın müddət keçdikdən sonra, yəni yalnız ##.##.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi mübahisələndirmə haqqında iddia qaydasında iddiaçı hazırkı halda IPM-lə müəyyən edilmiş müddəti ötürmüşdür. Işdən görünür ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü düzgün araşdırmış, iddiaya mahiyyəti üzrə baxmayaraq, iddianı mümkünsüz hesab etmişdir. O da diqqətə çatdırılır ki, AR IPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini haqlı, apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq bir daha qeyd edir ki, inzibati aktların mübahisələndirilməsi (ləğv edilməsi və ya dəyişdirilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. Lakin iddiaçı həmin müddətdən istifadə etməmiş, əksinə inzibati aktın mövcudluğundan xəbərdar olduğu vaxtdan 1 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir ki, bu hazırkı mübahisə üzrə onun müddətin bərpası barədə ərizə ilə müraciət etmək hüququnun olmadığını göstərir. Məhkəmə kollegiyası iddiaçının sözügedən inzibati aktın qəbul edilməsi nəticəsində ona vurulduğunu iddia etdiyi maddi ziyanın cavabdeh tərəfindən ödənilməsi dəlilinə münasibətdə diqqətə çatdırır ki, iddiaçının tələbi qeyri-dəqiq ifadə olunaraq, 2020-ci ildən etibarən dəymiş ziyana görə əmək haqqının ödənilməsinə yönəlmişdir. Qeyd edilməlidir ki, şəxsin sözügedən şəhadətnamənin hüquqi nəticəsi olaraq işləmədiyi dövrlər üzrə əmək haqqı tələb etdiyi hallarda belə, iddia mümkünlük şərtini ödəmir. Belə ki, maddi zərər tələbi mübahisələndirilən inzibati aktın qanunsuz hesab edilməsinə və onun ləğvinə bağlı olan törəmə (asılı) xarakterli tələbdir. Məhkəmə kollegiyası bir daha diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edildiyi kimi, həmin inzibati aktın ləğvinə dair qanunvericiliklə nəzərdə tutulmuş prosessual müraciət müddəti ötürüldüyündən, zərərin ödənilməsindən də söhbət gedə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar