Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1801/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyətinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsinə qarşı tikinti işlərinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması və bu məhdudiyyətlərin qadağan edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyətinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsinə qarşı tikinti işlərinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması və bu məhdudiyyətlərin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Bakı Inzibati Məhkəməsinin ## #### 2023-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddia təmin edilmiş, cavabdehlər Bakı şəhəri Binəqədi RIH-nin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsinin iddiaçının ünvan 1 ünvanında tikinti işləri aparmasına müdaxiləsi qanunsuz sayılmış, cavabdehlərin iddiaçının ünvan 1 ünvanında tikinti işləri aparmasına məhdudiyyəti aradan qaldırılmış və bu hərəkətlər cavabdehlərə qadağan olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Inzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, 2- *(***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Iş Bakı Inzibati Məhkəməsinə qaytarıldıqdan sonra, məhkəmə qərarı 15 gün müddətində icra olunması üçün cavabdeh inzibati orqana göndərilmişdir. Qərar icra edilmədiyindən, iddiaçı ərizələrlə Bakı Inzibati Məhkəməsinə müraciət edərək qərarın icra edilmədiyi, bununla bağlı tədbirlərin görülməsi xahiş etmiş və sonradan tələbə dəqiqləşmə verilərək, hazırkı iş üzrə qəbul edilmiş məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar cavabdehlərin 50 min manat məbləğində cərimə edilməsi xahiş edilmiş, dəqiqləşmə protokol qaydasında qəbul edilmiş ## ##### 2026-cı il tarixli qərardadla icraata qəbul edilmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə (hakim O.X.Həsənov) məhkəmə qərarının icra edilməməsi ilə bağlı cərimənin tətbiq edilməsinə dair ərizə rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadı iddiaçı tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, ## #### 2025-ci il tarixli, ** saylı sərəncam qüvvədə olduğundan və ayrıca qaydada mübahisələndirilmədiyindən cavabdehlərin cərimələnməsi mümkün deyildir. Bu nəticə hüquqi baxımdan yanlışdır. Belə ki, ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** saylı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının tikinti aparmaq hüququnun mövcud olması, cavabdehlərin müdaxiləsinin qanunsuzluğu, onların qanunsuz hərəkətlərinin aradan qaldırılmalı olması müəyyən edilmişdir. Cavabdehin sonradan inzibati akt (## #### 2025-ci il tarixli sərəncam) qəbul etməsi onu məhkəmə qərarını icra etmək öhdəliyindən azad etmir. Əks yanaşma inzibati orqana istənilən qanuni qüvvəyə minmiş məhkəmə qərarını sonradan formal inzibati akt qəbul etməklə faktiki olaraq təsirsiz hala salmaq imkanı verərdi ki, bu da hüquqi dövlət prinsipinə tamamilə zidd olardı. Inzibati Prosessual Məcəllənin 120.1-ci maddəsinin məqsədi məhz inzibati orqanların məhkəmə qərarlarının icrasından yayınmasının qarşısını almaqdır. Məhkəmə isə həmin normanı tətbiq etmək əvəzinə, cavabdehin sonradan qəbul etdiyi inzibati aktı əsas götürərək məhkəmə qərarının icrasız qalmasını legitimləşdirmişdir. Məhkəmə qərarı ilə müəyyən edilmiş hüquqi vəziyyət yalnız yeni məhkəmə qərarı ilə dəyişdirilə bilər. Inzibati orqanın birtərəfli qaydada qəbul etdiyi sərəncam qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi nəticələrini aradan qaldıra bilməz. Sərəncamın məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra qəbul edilməsi, məhkəmələr tərəfindən tikintinin qanuniliyi və məlumatlandırma icraatının nəticələri artıq hüquqi qiymətləndirilməsi ## #### 2025-ci il tarixli, ** saylı sərəncam barədə əsaslı şübhələr yaradır. Ona görə ki, həmin sərəncam faktiki olaraq məhkəmə qərarının icrasından yayınmaq məqsədi daşıyır. Həmçinin inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilir və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradır. Həmin izahla Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinin iddiaçıya verdiyi ## ###### 2014-cü il tarixli, B-*** saylı müvafiq icazə məktubu da inzibati aktdır. Sonradan cavabdeh yerli icra hakimiyyəti orqanı tərəfindən ## ###### 2014-cü il tarixli, B-*** saylı məktubun ləğv edilməsi barədə ## #### 2025-ci il tarixdə ** nömrəli Sərəncam qəbul edilməsi “Inzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə ziddir. Belə ki, Qanunun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Hazırkı halda 11 il sonra qəbul edilmiş, ## #### 2025-ci il tarixli sərəncamın rəhbər tutulmasıın heç bir hüquqi əsası yoxdur. Cavabdeh orqan tərəfindən həmin müddətin ötürülməsinin səbəbi göstərilməmiş, qanunda nəzərdə tutulmuş istisna hallar da müəyyən edilməmişdir. Bununla yanaşı “Inzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit olunmuş şəxslərin inzibati praktikaya və inzibati orqanların vədlərinə etimadının qorunması prinsipi də birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Belə ki, həmin Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmçinin Qanunun 13.3-cü maddəsinə əsasən, müəyyən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə və bəyanatlarına fiziki və hüquqi şəxslərin etimadı qanunla qorunur. Iddiaçı tərəfindən tikinti işlərinə başlanılarkən həmin torpaq sahəsində artıq mövcud fərdi yaşayış evi olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyəti tərəfindən verilmiş razılıq əsasında iddiaçı köhnə yaşayış evini sökmüş və təqdim edilmiş layihəyə uyğun olaraq yeni fərdi yaşayış evinin tikintisinə başlamışdır. Məhz ## ###### 2014-cü il tarixli, B-*** saylı razılıq məktubu iddiaçıda tikintinin qanuni olması ilə bağlı legitim etimad formalaşdırmışdır. Lakin sonradan eyni orqan və aidiyyəti qurumlar tərəfindən yeni tikintinin aparılmasına müxtəlif maneələr yaradılmış, nəticədə iddiaçı faktiki olaraq həm əvvəlki yaşayış sahəsindən məhrum edilmiş, həm də yeni yaşayış evini tamamlaması məhdudlaşdırılmışdır. Bu hallar iddiaçıya ciddi maddi zərər vurmuşdur. Belə ki, iddiaçı məhz həmin inzibati aktın hüquqi qüvvəsinə etibar edərək tikinti fəaliyyətinə başlamışdır. Yeni təyin olunmuş icra hakimiyyəti rəhbərliyi tərəfindən əvvəlki razılıq məktubunun ləğv edilməsi barədə sərəncam isə vətəndaşın qanuni gözləntilərinin pozulmasına, inzibati orqanların subyektiv yanaşmalarından asılı vəziyyətin yaranmasına və şəxsin illərlə davam edən əsassız məhdudiyyətlərlə üzləşməsinə səbəb olmuşdur. Üstəlik həmin etimad sonradan qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə də təsdiq edilmişdir. Belə olan halda cavabdeh inzibati orqanın illər sonra həmin razılığı birtərəfli qaydada ləğv etməsi və birinci instansiya məhkəməsinin də bunu məhkəmə qərarının icra edilməməsinə əsas kimi qəbul etməsi hüquqi müəyyənlik, legitim etimad və məhkəmə qərarlarının məcburiliyi prinsiplərinə ziddir. Həmin Qanunun 13.5-ci maddəsinə əsasən, etimad yalnız qanunsuz hərəkətlərə əsaslana bilməz. Halbuki iş üzrə iddiaçının davranışının qanunsuz olması məhkəmələr tərəfindən müəyyən edilməmiş, əksinə iddiaçının tikintiyə başlamasının hüquqa uyğun olduğu Ali Məhkəmə də daxil olmaqla məhkəmə instansiyaları tərəfindən təsdiq edilmişdir. Bu isə məhkəmənin cərimənin tətbiq edilməməsi üzrə verdiyi arqumentin əsassızlığına səbəb olur. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsələr də, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər (*Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyəti məhkəmə iclasının təxirə salınması barədə ərizə ilə müraciət etsə də, ərizə əsaslandırılmamışdır). Məhkəmə kollegiyası qanunvericliyin tələblərini nəzərə alaraq, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinin dəlilləri iş materialları və tətbiq edilməli olan hüquq normaları ilə birlikdə qiymətləndirildikdə, birinci instansiya məhkəməsinin qərardadının qanuni və əsaslı olmadığı, qərardadın ləğv edilməli olduğu nəticəsinə gəlinir. Belə ki, ilk növbədə nəzərə alınmalıdır ki, hazırkı icraatın predmeti iddiaçının tikinti aparmaq hüququnun yenidən qiymətləndirilməsi, ## ###### 2014-cü il tarixli B-*** nömrəli razılıq məktubunun hüquqi taleyinin müstəqil qaydada müəyyən edilməsi və ya ## #### 2025-ci il tarixli ** nömrəli sərəncamın qanuniliyinin ayrıca mübahisə predmeti kimi həll edilməsi deyil. Hazırkı icraat qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının təmin olunması, həmin qərarla cavabdeh inzibati orqanın üzərinə qoyulmuş öhdəliklərin yerinə yetirilib-yetirilməməsinin yoxlanılması və zəruri olduqda Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 120-ci maddəsində nəzərdə tutulmuş məcburi prosessual təsir vasitəsinin tətbiqi ilə bağlıdır. Iş materiallarından görünür ki, Bakı Inzibati Məhkəməsinin ## #### 2023-cü il tarixli, 2- *(***)-****/**** saylı qərarı ilə iddia təmin edilmiş, cavabdehlərin iddiaçı İddiaçı ünvan 1 ünvanında tikinti işləri aparmasına müdaxiləsi qanunsuz sayılmış, həmin ünvanda tikinti işlərinin aparılmasına qoyulmuş məhdudiyyətin aradan qaldırılması və bu xarakterli hərəkətlərin cavabdehlərə qadağan olunması qərara alınmışdır. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və beləliklə məhkəmə aktı qəti xarakter almışdır. Qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarı cavabdeh inzibati orqan üçün sadəcə formal xarakterli hüquqi nəticə yaratmırdı. Qərarın məzmunundan aydın olur ki, cavabdeh Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyəti iddiaçının göstərilən ünvanda tikinti işləri aparmasına müdaxilə etməməli, əvvəllər yaratdığı məhdudiyyəti aradan qaldırmalı və gələcəkdə eyni xarakterli maneə yaradan hərəkətlərdən çəkinməli idi. Bu öhdəlik həm mənfi öhdəlik - müdaxilə etməmək, həm də müsbət öhdəlik - əvvəlki məhdudiyyətin nəticələrini aradan qaldırmaq xarakteri daşıyırdı. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir; məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Inzibati Prosessual Məcəllənin 98.1-ci maddəsinə görə, Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Inzibati Prosessual Məcəllənin 116.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir, 117.1.1-ci maddəyə əsasən isə qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında icra həyata keçirilir. Inzibati Prosessual Məcəllənin 120.1 və 120.2-ci maddələri inzibati orqan tərəfindən məhkəmə qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər icra edilmədikdə, məhkəməyə əvvəlcə icra üçün müddət müəyyən etmək və cərimə barədə xəbərdarlıq etmək, bundan sonra öhdəlik icra olunmadıqda isə inzibati orqana cərimə tətbiq etmək səlahiyyəti verir. Cərimənin məbləği 50.000 manatadək müəyyən edilə bilər və cərimə təkrar tətbiq oluna bilər. Bu baxımdan hazırkı iş üzrə Inzibati Prosessual Məcəllənin 120-ci maddəsinin tətbiqi üçün tələb olunan hüquqi şərtlər mövcud olmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı vardır, həmin qərarla cavabdeh inzibati orqanın üzərinə konkret icra öhdəliyi qoyulmuş, qərar icraya yönəldilmiş və cavabdeh orqana icra üçün müddət verilmişdir, ## ###### 2025-ci il tarixli xəbərdarlıqla cavabdeh inzibati orqana məhkəmə qərarının icrasından yayınma hallarına yol verilməməsi, qərarın dərhal icrasının təmin edilməsi bildirilmiş və icradan yayınma davam edəcəyi halda cərimə tətbiq ediləcəyi barədə rəsmi xəbərdarlıq olunmuşdur. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyəti həmin xəbərdarlığa cavab olaraq ## ###### 2025-ci il tarixli, *-**/*-****/**** nömrəli məktubla məhkəməyə bildirmişdir ki, iddiaçı İddiaçı məhkəmə qərarında göstərilən ünvanda razılaşdırılmış tikinti layihəsinə uyğun tikinti işləri aparmasına Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyəti tərəfindən heç bir məhdudiyyət yaradılmır. Bu məktub, bir tərəfdən, cavabdeh orqanın məhkəmə qərarının icrasına maneə yaratmamalı olduğunu qəbul etdiyini, digər tərəfdən isə həmin tarixə olan vəziyyət üzrə özünü məhkəmə qərarının icrasına maneə olmayan subyekt kimi təqdim etdiyini göstərir. Lakin iş materiallarında olan sonrakı sənədlər cavabdeh orqanın bu yazılı mövqeyinin faktiki davranışı ilə üst-üstə düşmədiyini təsdiq edir. Belə ki, ## ###### 2025-ci il tarixli məktubdan cəmi səkkiz gün sonra - ## ###### 2025-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyəti tərəfindən Binəqədi Rayon Polis Idarəsinə *-**/*- ****/**** nömrəli telefonoqram göndərilmiş, həmin telefonoqramda iddiaçı tərəfindən qeyriqanuni tikinti işlərinin aparıldığı göstərilmiş və qeyd olunan ünvanda aparılan tikinti işlərinin qarşısının alınması məqsədilə zəruri tədbirlərin görülməsi xahiş edilmişdir. Bu sənədin məzmunu cavabdeh inzibati orqanın məhkəmə qarşısında bildirdiyi “məhdudiyyət yaradılmır” mövqeyi ilə açıq ziddiyyət təşkil edir və onun məhkəmə qərarının real icrasına yönəlmiş davranış nümayiş etdirmədiyini göstərir. Xüsusilə nəzərə alınmalıdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının həmin ünvanda tikinti işlərinə başlamasının hüquqa uyğunluğu, cavabdeh inzibati orqanların bu tikintiyə müdaxiləsinin isə qanunsuzluğu artıq müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi də öz qərarında iddiaçının məlumatlandırma icraatı qaydasında müvafiq inzibati orqana müraciət etdiyini, həmin orqan tərəfindən layihə üzrə tikintiyə razılıq verildiyini, buna görə iddiaçının yeni fərdi yaşayış evinin tikintisinə başlamasının qanuni olduğunu göstərmişdir. Həmçinin tikintinin dayandırılması üzrə səlahiyyətin yerli icra hakimiyyəti orqanına və ya Şəhərsalma və Arxitektura Komitəsinə aid olmadığı, bu sahədə səlahiyyətli orqanın Fövqəladə Hallar Nazirliyi olduğu Ali Məhkəmə tərəfindən də təsdiqlənmişdir. Bu hüquqi mövqe hazırkı icra mərhələsində yenidən mübahisələndirilə və cavabdeh inzibati orqanın sonrakı birtərəfli inzibati aktı ilə aradan qaldırıla bilməz. Birinci instansiya məhkəməsi ərizəni rədd edərkən əsas kimi ## #### 2025-ci il tarixli, ** nömrəli sərəncamın qüvvədə olmasını göstərmişdir. Lakin bu yanaşma məhkəmə qərarlarının məcburiliyi, hüquqi müəyyənlik və res judicata prinsiplərinin mahiyyətinə uyğun deyildir. Inzibati orqanın qanuni qüvvəyə minmiş məhkəmə qərarından sonra həmin qərarın nəticələrini faktiki olaraq aradan qaldıran və ya onun icrasını mənasızlaşdıran akt qəbul etməsi həmin orqanı məhkəmə qərarını icra etmək öhdəliyindən azad edə bilməz. Əks halda, istənilən inzibati orqan qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından yayınmaq üçün sonradan yeni inzibati akt qəbul etməklə məhkəmə müdafiəsinin nəticəsini formal və təsirsiz hala sala bilərdi. Bu isə məhkəmə qərarının məcburiliyini yalnız deklarativ prinsipə çevirər, məhkəmə hakimiyyətinin nüfuzunu və hüquqi müdafiənin səmərəliliyini aradan qaldırardı. ## #### 2025-ci il tarixli sərəncamın ayrıca qaydada mübahisələndirilməməsi faktı da cavabdeh inzibati orqanın cərimədən azad olunması üçün yetərli əsas sayıla bilməz. Hazırkı icra icraatında məhkəmənin vəzifəsi həmin sərəncamın ləğvi barədə müstəqil qərar qəbul etmək deyil, cavabdeh orqanın qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra edib-etmədiyini müəyyən etməkdir. Əgər sonradan qəbul edilmiş sərəncam məhkəmə qərarı ilə müəyyən edilmiş hüquqi vəziyyətlə ziddiyyət təşkil edirsə və faktiki olaraq həmin qərarın icrasına maneə yaradırsa, bu hal inzibati orqanı məsuliyyətdən azad edən əsas kimi deyil, əksinə, icradan yayınma davranışını göstərən hal kimi qiymətləndirilməlidir. Bu nəticə həm də onunla təsdiq olunur ki, cavabdeh orqan ## ###### 2025-ci il tarixli məktubunda ## #### 2025-ci il tarixli sərəncamın mövcudluğunu göstərsə də, bununla yanaşı iddiaçının məhkəmə qərarında göstərilən ünvanda razılaşdırılmış tikinti layihəsinə uyğun tikinti işləri aparmasına heç bir məhdudiyyət yaradılmadığını bildirmişdir. Deməli, cavabdeh orqan özü də həmin sərəncamı məhkəmə qərarının icrasını istisna edən maneə kimi təqdim etməmişdir. Buna baxmayaraq, qısa müddət sonra polis orqanına tikinti işlərinin qarşısının alınması barədə müraciət etməsi cavabdehin davranışında ardıcıllığın olmadığını və məhkəmə qərarının icrasına real şərait yaratmadığını göstərir. Iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin ## #### 2025-ci il tarixli cavab məktubu da cavabdehin mövqeyini təsdiq etmir. Həmin məktubda iddiaçı tərəfindən aparılan tikinti işləri ilə bağlı araşdırma aparıldığı, məhkəmə iclaslarında qərarların iddiaçının xeyrinə qəbul olunduğu və aparılan tikinti işlərinin qanuna zidd olmamasının müəyyən edildiyi göstərilmişdir. Bu halda Binəqədi Rayon Icra Hakimiyyətinin sonradan eyni tikintini “qeyri-qanuni” kimi təqdim edərək polis orqanından tədbir görülməsini xahiş etməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının məzmununa zidd olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə həm də ona görə əsaslı sayıla bilməz ki, məhkəmə ## #### 2025-ci il tarixli sərəncamın mövcudluğunu həlledici hal kimi qəbul etsə də, həmin sərəncamın qanuni qüvvəyə minmiş məhkəmə qərarından sonra qəbul edildiyini, onun məzmununun məhkəmə qərarı ilə artıq müəyyən edilmiş hüquqi vəziyyətə təsirini, cavabdeh orqanın həmin sərəncama istinad etməklə icradan yayınma imkanı əldə edib-etmədiyini və ## ###### 2025-ci il tarixli telefonoqramın məhkəmə qərarının icrası baxımından doğurduğu hüquqi nəticəni lazımi qaydada qiymətləndirməmişdir. Halbuki məhz bu hallar Inzibati Prosessual Məcəllənin 120-ci maddəsinin tətbiqi üçün mühüm əhəmiyyət daşıyırdı. Inzibati Prosessual Məcəllənin 120-ci maddəsində nəzərdə tutulmuş cərimə mahiyyətcə cəza xarakterli inzibati tənbeh deyil, məhkəmə qərarının icrasını təmin etməyə yönəlmiş prosessual məcburiyyət vasitəsidir. Onun məqsədi inzibati orqanı məhkəmə qərarına faktiki və hüquqi cəhətdən uyğun davranmağa sövq etmək, qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasını real və səmərəli etməkdir. Bu səbəbdən həmin maddənin tətbiqi zamanı məhkəmə, ilk növbədə, inzibati orqanın formal izahlarını deyil, məhkəmə qərarının icrasına münasibətdə onun real davranışını qiymətləndirməlidir. Hazırkı işdə cavabdeh Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyəti əvvəlcə məhkəməyə tikinti işlərinə məhdudiyyət yaratmadığını bildirmiş, daha sonra isə polis orqanına tikinti işlərinin qarşısının alınması üçün tədbir görülməsi barədə telefonoqram göndərmişdir. Bu davranış məhkəmə qərarının icrasına yönəlmiş vicdanlı davranış kimi qəbul edilə bilməz. Əksinə, həmin davranış qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə qadağan edilmiş müdaxilə xarakterli hərəkətlərin davam etdiyini göstərir. Beləliklə, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Birinci instansiya məhkəməsi işin icra mərhələsinin hüquqi predmetini düzgün müəyyən etməmiş, qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburiliyini və Inzibati Prosessual Məcəllənin 120-ci maddəsinin məqsədini nəzərə almamış, cavabdeh inzibati orqanın sonrakı formal inzibati aktını məhkəmə qərarının icrasından yayınmanı istisna edən əsas kimi qəbul etməklə hüquqi müəyyənlik prinsipini pozmuşdur. Bu səbəbdən Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilməli, ərizə qismən təmin edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərardadı ləğv edilsin. Ərizə qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyəti 1000 (bir min) manat miqdarında cərimə edilsin və həmin qurumdan tutulan cərimə dövlət büdcəsinə ödənilsin. Apellyasiya şikayəti və ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(3-6)-1801/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1801/2026
24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver