Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1832/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı qərarın ləğv edilməsi və dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsi tələbinə dair Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı qərarın ləğv edilməsi və dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir ki, hər iki ayağında ağrılar, əzələ yorğunluğu, uzun məsafə gəzməkdə çətinlik, daban və ayaq altı ağrıları kimi simptomlar yaşayır. Bununla bağlı uzun illərdir ki, müxtəlif tibb müəssisələrində müayinələrdən keçmişdir. Aparılmış rentgen müayinəsi və ayaq quruluşunun müayinələri zamanı ayaq skeletinin və bağlarının deformasiyası təsdiq edilərək hər iki ayağında III dərəcəli yastı pəncə pozuntusu müəyyən edilmişdir. Qeyd edilir ki, ##.##.2019-cu il tarixdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, həqiqi hərbi xidmətə çağırış zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən olunmuş qaydada aparılan tibbi müayinələr zamanı hər iki ayağında III dərəcəli yastıpəncə pozuntusu müəyyən olunduğundan hərbi xidmətə çağırış zamanı dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Daha sonra ##.##.2022-ci il tarixdə həqiqi hərbi xidmətə çağırış zamanı qanunvericiliyin tələblərinə əsasən yenidən aparılan tibbi müayinələr zamanı bir daha hər iki ayağında III dərəcəli yastıpəncə pozuntusu müəyyən olunmaqla hərbi xidmətə çağırış zamanı dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Lakin, növbəti dəfə həqiqi hərbi xidmətə çağırış zamanı qanunvericiliyin tələblərinə əsasən 2025-ci ilin oktyabr ayında yenidən aparılan tibbi müayinələr zamanı X4 müayinə olunarkən hər iki ayaq pəncəsi rentgenoqrafiiyası edilmiş və nəticə olaraq hər iki ayaq pəncəsinin yan pr-çəkilmiş rq-da sümüklərdə nəzərə çarpan destuktiv dəyişiklilər qeyd olunmamış, Sol ayaq pəncənin uzunlamasına qövsünün bucağı təqribən 172 dərəcə, qövsün hündürlüyü 13 mm, sağ ayaq pəncənin uzunlamasına qövsünün bucağı təqribən 172 dərəcə, qövsünün hündürlüyü 10 mm müəyyən olunmaqla III dərəcəli yastıpəncəlik təyin olunmuşdur. Daha sonra Agentlik tərəfindən yoxlamalar aparılmış, lakin düzgün olmayan inzibati akt qəbul edilmişdir. Daha sonra Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutu tərəfindən hər iki ayağın Təbii statik ağırlıq vəziyyəti yan proyeksiyası R/qrammalarında boylama yastı ayağın təyini, sağ ayaq tağının hündürlüyü 16 mm, ayaq tağının bucağı 154 dərəcə, sol ayaq tağının hündürlüyü 19 mm, ayaq tağının bucağı 154 dərəcə olmaqla sağ ayaq III dərəcə, sol ayaq isə II dərəcə boylama yastı ayaq müəyyən edilməklə sümüklərin rentgen müayinə daxilində kobud pataloji dəyişilik izlənilmədiyi qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh orqan tərəfindən aparılan tibbi müayinələrdə yanlışlığa yol verilməklə düzgün olmayan nəticə əldə edilmişdir. Halbuki, aparılmış tibbi müayinələrdə patoloji dəyişikliklərin izlənilmədiyi qeyd olunsa da, sol ayaq II dərəcə yastı ayaq kimi müəyyən eidlmişdir. Bundan əvvəlki illər üzrə aparılan tibbi müayinələr zamanı hər və X7 aparılan tibbi müayinələr zamanı hər iki ayaqda III dərəcəli yastıpəncəlik müəyyən olunmuşdur. Düzgün olmayan tibbi müayinənin rəyi əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ona çağırış vərəqəsi göndərilərək ##.##.2026-cı il tarixdə hərbi xidmətə yola düşmə əmri verilmişdir. Yuxarıda qeyd olunan tibbi müayinələrdən də əvvəl aparılan müalicələrlə əlaqədar “xxxx” digər tibb müəssisəsinə müraciət edərək tibbi müayinədən keçmişdir. Həmin tibb müəssisəsində aparılan tibbi müayinə zamanı hər iki ayaq pəncəsində III dərəcəli yastıpəncəlik müəyyən edilmişdir. Bu səbəbdən də, hesab edir ki, cavabdeh inzibati orqanın qərara aldığı inzibati akt tamamilə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** saylı qərardadı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon Idarəsi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh iddiaya qarşı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən C kateqoriyasına uyğun qiymətləndirilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsinin qərarı ilə SHXÇDX tərəfindən göndərilən XBT kodu üzrə diaqnoz A3-daha yüngül qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” ## ######## 2023-cü il tarixli, **** nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq ## #### 2024-cü il tarixindən etibarən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı 4 kateqoriya üzrə qərarlardan birinin qəbul edilməsi üçün onların yekun tibbi müayinəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. 1. Sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B” kateqoriyası). 2. Sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç” kateqoriyası). 3. Dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (“C” kateqoriyası).
4. Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında (“D” kateqoriyası). Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elektron qaydada formalaşdırılan və “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilən göndəriş (forma 44) əsasında Agentlik tərəfindən həyata keçirilir. Bu məqsədlə Agentliyin nəzdində ən son müasir tibbi avadanlıqlarla təchiz edilmiş Tibbi Qiymətləndirmə Mərkəzi yaradılmışdır. Mərkəzdə çağırışçıların yekun tibbi müayinəsi ixtisaslaşmış peşəkar həkim-mütəxəssislər tərəfindən aparılır. Yekun tibbi müayinəyə dair qərarlar isə Tibbi Qiymətləndirmə Komissiyaları tərəfindən qəbul edilir. Yekun tibbi müayinənin aparılması üçün SHXÇDX tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Vətəndaşların qəbulu” altsistemi üzərindən sıradankənar hərbi xidmətə yararlılıq və hərbi xidmətə yararsızlıq səbəbinə (çağırışçının xəstəliyinə) uyğun olaraq çağırışçıya Agentlikdə həkim qəbuluna elektron növbə təyin edilir, hansı vaxtda Mərkəzə yaxınlaşmalı olduğu və gəlməməsinin nəticələri barədə məlumat verilir. Çağırışçı təyin edilmiş müayinə günündə SHXÇDX-nin müvafiq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının nümayəndəsinin müşayiəti ilə Mərkəzə yaxınlaşır və avtomatlaşdırılmış qaydada aparılan növbə seçimi əsasında müvafiq (çağırışçının yararsızlığı barədə rəydə göstərilən xəstəlik üzrə) həkimə yönləndirilir. Həkim-mütəxəssis tərəfindən çağırışçının əyani və instrumental tibbi müayinəsi həyata keçirilir, laborator və əlavə diaqnostik müayinələrə zərurətin olubolmadığı aydınlaşdırılır. Çağırışçının laborator və əlavə diaqnostik müayinələrinin aparılmasına zərurət olduğu müəyyən edilərsə, müvafiq tibbi müayinələrin həyata keçirilməsi üçün daxili göndəriş verilir. Mərkəzdə mövcud olmayan digər tibbi müayinə tələbləri üzrə göndəriş elektron formada tibb müəssislərinə göndərilir. Tibb müəssisələri tərəfindən tibbi müayinələrin aparılmasına dair göndəriş əsasında çağırışçının mümkün qısa vaxt ərzində növbədənkənar müayinəsi aparılır. Tibbi müayinələrin nəticəsində çağırışçıda göndərişdə (forma 44) öz əksini tapmayan yanaşı xəstəlik aşkar edilərsə, bununla bağlı həmin göndərişdə müvafiq dəyişiklik edilməklə, çağırışçı aşkarlanan xəstəliyə uyğun olaraq digər qəbul həkiminə yönləndirilir. Çağırışçıya dair tələb olunan müayinələrin nəticələri əldə olunduqdan sonra qəbul həkimi çağırışçının sağlamlıq vəziyyətinə dair elektron sənəd formasında müvafiq rəy formalaşdırır və elektron imzası ilə təsdiq edərək “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edir. Qəbul həkiminin rəyi altsistemə daxil edildikdən sonra çağırışçı barəsində yekun tibbi müayinənin həyata keçirilməsi üçün Tibbi Qiymətləndirmə Komissiyalarından biri altsistem tərəfindən avtomatlaşdırılmış qaydada seçilir. Seçilmiş müvafiq komissiya çağırışçının yekun tibbi müayinəsini Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirir. Əsasnamənin 2.18-ci bəndinə uyğun olaraq, barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidmətə yararlılıq haqqında “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən həyata keçirilir və müayinə nəticələri əsasında Tibbi Qiymətləndirmə Komissiyası tərəfindən aşağıdakı qərarlardan biri qəbul edilir: yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir; yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. Qəbul edilən müvafiq qərar elektron sənəd formasında formalaşdırılır və Tibbi Qiymətləndirmə Komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla SHXÇDX-nin rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə yekun qərarın qəbul edilməsi üçün “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilir. Üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon Idarəsi iddiaya qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı ilə (hakim A.A.Abdullayeva) iddia təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və iddiaçı İddiaçı barəsində “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmə” barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayəti etirazın məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 izahatında bildirdi ki, komissiya tərəfindən şəxsdə yasdıpəcəliyinin daha yüngül forması müəyyən edilmiş, lakin birici instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə ekspertizasının rəyinə görə iddiaçıda aşıq-qayıqvarı birinci mərhələ osteoartrozu ilə fəsadlaşmış sağ ayağın üçüncü, sol ayağın ikinci dərəcəli boylama yastıayaqlılığı diaqnozlu xəstəliklər aşkar edilmişdir. Hazırda apellyasiya şikayəti inzibati orqan tərəfindən müdafiə edilir və komissiya tərəfindən verilmiş rəyin nəzərə alınması xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı İddiaçı dair Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elektron qaydada formalaşdırılmış göndərişdə - forma 44-də “Anadangəlmə yastıpəncə [pes planus]” diaqnozu, “Xəstəliklər cədvəli”nin 61-ci maddəsinin “b” bəndi və İ qrafası göstərilməklə “C” - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı kateqoriyası müəyyən edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X10 Qiymətləndirmə Komissiyası isə ## ###### 2025-ci il tarixli yekun tibbi müayinə qərarı ilə iddiaçıda “Funksiya pozulması olmayan hər iki ayağın osteoartrozla müşayiət olunmayan ikinci dərəcəli boylama yastıayaqlılığı” diaqnozunun olduğunu qeyd etmiş, yastıayaqlılığa görə maddə tətbiqinə əsas olmadığını bildirmiş və yanaşı xəstəlik kimi göstərilən “Zəif qidalanma” diaqnozu əsasında onun sağlamlıq vəziyyətini “A-3” kateqoriyası üzrə qiymətləndirmişdir. Bununla yanaşı, işdə olan digər tibbi sənədlər Agentliyin müəyyən etdiyi nəticə ilə üst-üstə düşməmişdir. X4 aparılmış rentgenoloji müayinə zamanı hər iki ayağın boylama tağının bucağının 172 dərəcə, sol ayağın tağ hündürlüyünün 13 mm, sağ ayağın tağ hündürlüyünün isə 10 mm olduğu müəyyən edilmiş və hər iki ayaqda III dərəcəli boylama yastıayaqlılıq aşkar edilmişdir. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutunun müayinəsində sağ ayağın tağ hündürlüyü 16 mm, sol ayağın tağ hündürlüyü 19 mm, hər iki ayağın tağ bucağı 154 dərəcə müəyyən edilmiş, nəticədə sağ ayaqda III, sol ayaqda isə II dərəcəli boylama yastıayaqlılıq qeyd olunmuşdur. Iş materiallarında iddiaçının 2019 və 2022-ci illərdə də III dərəcəli yastıayaqlılıqla əlaqədar “C” kateqoriyası üzrə qiymətləndirildiyinə dair tibbi məlumatlar mövcuddur. Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi tərəfindən keçirilmiş komission məhkəmə-tibbi ekspertizasının ## ##### 2026-cı il tarixli K/***-**** nömrəli rəyində iddiaçıda “Aşıq-qayıqvarı birinci mərhələ osteoartrozu ilə fəsadlaşmış sağ ayağın üçüncü, sol ayağın ikinci dərəcəli boylama yastıayaqlılığı” diaqnozu müəyyən edilmişdir. Ekspert komissiyası iddiaçının əyani müayinəsinin nəticələrini, işdə olan tibbi sənədləri və Azərbaycan Ordusunun Baş travmatoloqunun mütəxəssis rəyini birlikdə qiymətləndirərək onun sağlamlıq vəziyyətinin “Xəstəliklər cədvəli”nin 61-ci maddəsinin “c” bəndinin İ qrafasına uyğun gəldiyi və bu səbəbdən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Mülki Prosessual Məcəllənin müvafiq müddəaları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 206.1-ci maddəsinə görə, ekspert rəyi məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəyə malik olmasa da, məhkəmə iclasında tədqiq edilməli və digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi ekspert rəyini avtomatik qaydada qəbul etməmiş, onun komission qaydada aparılmasını, iddiaçının bilavasitə müayinəsinə, əvvəlki tibbi sənədlərə və müvafiq ixtisaslı mütəxəssisin rəyinə əsaslanmasını nəzərə alaraq həmin sübutu mötəbər hesab etməsinin səbəblərini qərarında göstərmişdir. Bu yanaşma ekspert rəyinin digər sübutlarla birlikdə qiymətləndirilməsi qaydasına uyğundur. Apellyasiya şikayətində məhkəmə-tibbi ekspertizasının aparılması qaydasının pozulduğu, ekspertlərin lazımi ixtisasa malik olmadığı, tədqiqatın natamam aparıldığı, tətbiq edilmiş metodun elmi cəhətdən əsaslı olmadığı, rəyin nəticə hissəsinin onun tədqiqi hissəsindən irəli gəlmədiyi və ya ekspertlərin istifadə etdikləri tibbi sənədlərin mötəbər olmadığı barədə hər hansı konkret dəlil irəli sürülməmişdir. Ekspert rəyinin nəticəsini təkzib edən yeni tibbi sübut da təqdim olunmamış, əlavə və ya təkrar ekspertizanın keçirilməsini zəruri edən konkret hal göstərilməmişdir. Şikayət verən yalnız Agentlikdə aparılmış müayinənin nəticəsini təkrarlamaqla və tibbi müayinələrin nəticələri arasında ziddiyyət olduğunu bildirməklə kifayətlənmişdir. Halbuki məhz həmin ziddiyyət birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilməsinin səbəbini təşkil etmiş və ziddiyyət xüsusi tibbi biliklərə malik ekspert komissiyasının rəyi vasitəsilə aradan qaldırılmışdır. Buna görə də instrumental müayinələr arasında fərqin mövcudluğu məhkəmə qərarının əsassızlığını deyil, əksinə, məhkəmə-tibbi ekspertizasının keçirilməsinin zəruriliyini təsdiq edir. Apellyasiya şikayətinin əsas dəlili kimi “Xəstəliklər cədvəli”nin 61-ci maddəsinin “b” bəndinin məzmununa istinad olunmuşdur. Həmin bənd funksiyaların mülayim dərəcədə pozulması hallarını nəzərdə tutur və ona, o cümlədən, mühüm dərəcədə ifadə olunmuş ağrı sindromu, ekzostozlar, barmaqların kontrakturası və ayağın orta hissəsi oynaqlarında artrozla müşayiət olunan III dərəcəli boylama və ya III-IV dərəcəli köndələn yastıayaqlılıq aiddir. Lakin birinci instansiya məhkəməsinin qərarının həlledici əsası 61-ci maddənin “b” bəndinin deyil, komission ekspert rəyində göstərilən 61-ci maddənin “c” bəndinin tətbiqi olmuşdur. Buna görə də “b” bəndi üzrə bütün əlamətlərin Agentlikdə aparılmış müayinə zamanı təsdiqini tapmamasına dair şikayətin dəlili mübahisənin həlli üçün müəyyənedici hüquqi əhəmiyyət daşımır. “Xəstəliklər cədvəli”nin 61-ci maddəsinin “c” bəndi funksiyaların cüzi dərəcədə pozulması hallarını əhatə edir və İ qrafa üzrə belə şəxslər üçün “C” kateqoriyasını müəyyənləşdirir. Həmin bəndə, bir-birindən müstəqil əsaslar kimi, daban sümüyünün valqus əyriliyi olmadan və ya ayağın orta hissəsi oynaqlarının deformasiyaedici osteoartrozu olmadan III dərəcəli boylama yastıayaqlılıq, eləcə də ayağın orta hissəsi oynaqlarının II mərhələ deformasiyaedici osteoartrozu ilə müşayiət olunan II dərəcəli köndələn və ya boylama yastıayaqlılıq aid edilmişdir. Normativ meyarlara görə, II dərəcəli boylama yastıayaqlılıqda tağın bucağı 141-155 dərəcə, hündürlüyü 24-17 mm, III dərəcəli yastıayaqlılıqda isə tağın bucağı 155 dərəcədən çox, hündürlüyü 17 mm-dən az olur. Göründüyü kimi, 61-ci maddənin “b” və “c” bəndləri eyni faktiki vəziyyəti deyil, funksional pozuntunun müxtəlif dərəcələrini və ayrı-ayrı tibbi meyarları tənzimləyir. “b” bəndinin əlamətlərinin tam məcmusunun mövcud olmaması “c” bəndinin tətbiqini istisna etmir. Sağ ayaqda III dərəcəli boylama yastıayaqlılığın mövcudluğunun komission ekspertiza ilə təsdiqlənməsi və ekspert komissiyasının həmin vəziyyəti 61-ci maddənin “c” bəndi üzrə qiymətləndirməsi qarşısında şikayət verən bu təsnifatın hansı tibbi və ya hüquqi səbəbə görə yanlış olduğunu əsaslandırmamışdır. Apellyasiya şikayətində faktiki tətbiq edilmiş “c” bəndinin məzmunu ümumiyyətlə təhlil edilməmiş, yalnız daha ağır funksional pozuntuları nəzərdə tutan “b” bəndinin əlamətlərinin olmadığı bildirilmişdir. Bu səbəbdən şikayətin həmin dəlili birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Ekspert rəyində aşıq-qayıqvarı oynaqda İ mərhələ osteoartrozun göstərilməsi də 61-ci maddənin “c” bəndinin tətbiqini özlüyündə istisna edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, həmin bənddə II dərəcəli yastıayaqlılığın “C” kateqoriyası yaratması üçün II mərhələ deformasiyaedici osteoartroz ayrıca əsas kimi nəzərdə tutulsa da, III dərəcəli boylama yastıayaqlılıq müstəqil normativ əsas kimi müəyyən edilmişdir. Komission ekspert rəyi iddiaçının yalnız sol ayağındakı II dərəcəli yastıayaqlılığa deyil, ilk növbədə sağ ayaqda müəyyən edilmiş III dərəcəli boylama yastıayaqlılığa əsaslanmışdır. Apellyasiya şikayətində isə sağ ayağın III dərəcəli yastıayaqlılığını müəyyən edən ekspert nəticəsi hər hansı tibbi ölçü, rentgenoloji göstərici və ya başqa mütəxəssis rəyi ilə təkzib edilməmişdir. Agentliyin yekun tibbi müayinənin aparılması sahəsində qanunla müəyyən edilmiş səlahiyyətə malik olması onun qəbul etdiyi qərarın məhkəmə nəzarətindən kənarda qalması anlamına gəlmir. “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 2-1.19-cu bəndi yekun tibbi müayinəyə dair qərardan məhkəmə qaydasında şikayət verilməsini birbaşa nəzərdə tutur. Məhkəmə nəzarətinin predmeti inzibati orqanın tibbi qiymətləndirmə səlahiyyətini öz üzərinə götürmək deyil, qiymətləndirmənin qanunla müəyyən edilmiş prosedura və maddi meyarlara uyğun aparılıb-aparılmadığını, qərarın mötəbər sübutlara əsaslanıb-əsaslanmadığını və müəyyən edilən diaqnoza uyğun hüquqi kateqoriyanın düzgün seçilib-seçilmədiyini yoxlamaqdır. Birinci instansiya məhkəməsi özü tibbi diaqnoz müəyyən etməmiş, bu məsələnin həlli üçün müvafiq ekspertiza təyin etmiş və hüquqi nəticəni ekspertiza ilə müəyyən edilmiş tibbi hallara tətbiq olunan normativ meyarlar əsasında çıxarmışdır. Əsasnamənin 2-1.16-cı bəndinə görə, Tibbi Qiymətləndirmə Komissiyası göndərişdə göstərilən yararsızlıq səbəbinin eyni kateqoriya üzrə təsdiqlənməsi, fərqli kateqoriya üzrə təsdiqlənməsi və ya heç bir kateqoriya üzrə təsdiqini tapmaması barədə qərarlardan yalnız birini qəbul etməlidir. Yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqləndikdə qərara müvafiq əsaslandırıcı tibbi izahın əlavə olunması məcburidir. Halbuki Agentliyin ## ###### 2025-ci il tarixli elektron sənədinin “XBT-yə rəyin verilməsi” hissəsində yararsızlıq səbəbinin heç bir kateqoriya üzrə təsdiqlənmədiyi, “Tibbi Qiymətləndirmə Komissiyasının yekun tibbi müayinə qərarı” hissəsində isə “Fərqli kateqoriya üzrə təsdiq” qərarının qəbul edildiyi göstərilmişdir. Eyni inzibati sənəddə birbirini istisna edən iki qərar növünün qeyd olunması həmin aktın faktiki və hüquqi əsaslarının aydınlığını şübhə altına alır. Bundan əlavə, Agentliyin ixtisas həkimi tərəfindən tərtib edilmiş sənəddə, bir tərəfdən, obyektiv müayinə zamanı yastıayaqlılığın qeyd edilmədiyi, digər tərəfdən isə hər iki ayağın II dərəcəli boylama yastıayaqlılığı diaqnozunun müəyyən edildiyi göstərilmişdir. Bu ziddiyyətlərin hansı tibbi məlumatlar əsasında aradan qaldırıldığı, ayaq tağının bucağı və hündürlüyünün konkret göstəriciləri, əvvəlki rentgenoloji müayinələrin nəticələrinin hansı səbəbdən qəbul edilmədiyi mübahisələndirilən qərarda açıqlanmamışdır. “Inzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələrinə əsasən, inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina etməməlidir. Həmin Qanunun 61.1-61.4-cü maddələrinə görə, yazılı inzibati akt əsaslandırılmalı, əsaslandırmada işin faktiki və hüquqi halları, bu halları təsdiq və ya rədd edən sübutlar, istinad edilən normativ hüquqi aktlar göstərilməli və inzibati akt yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırılmalıdır. Agentliyin qərarında isə iddiaçının sağlamlıq vəziyyətinin “C” deyil, “A-3” kateqoriyasına uyğun qiymətləndirilməsinin zəruriliyi konkret rentgenoloji göstəricilərlə və 61-ci maddənin müvafiq bəndinin elementləri ilə əlaqələndirilməmişdir. Inzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu həmin aktı qəbul etmiş inzibati orqan sübut etməlidir. Hazırkı iddia mübahisəli qərarın ləğvi ilə yanaşı, müəyyən məzmunda inzibati aktın qəbul edilməsi tələbini də əhatə etdiyindən Məcəllənin 14.3-cü maddəsi də tətbiq olunur. Həmin normaya görə, tələb edilən inzibati aktın qəbulunu zəruri edən faktiki şərtləri iddiaçı sübut etməli, inzibati orqan isə həmin aktın qəbulunu istisna edən faktiki şərtlərə istinad etdikdə onların mövcudluğunu özü sübut etməlidir. Iddiaçı tələb etdiyi “C” kateqoriyasının müəyyən edilməsini zəruri edən faktiki şərtləri tibbi sənədlər və komission məhkəmə-tibbi ekspertizasının rəyi ilə sübuta yetirmişdir. Cavabdeh isə ekspert rəyində müəyyən edilmiş sağ ayağın III dərəcəli boylama yastıayaqlılığını və həmin vəziyyətin 61-ci maddənin “c” bəndinə aid edilməsi barədə nəticəni təkzib edən mötəbər sübut təqdim etməmişdir. Agentliyin öz müayinəsinin nəticəsinə istinad etməsi, həmin nəticənin əsasını təşkil edən konkret ölçülər və tədqiqat məlumatları açıqlanmadığı, mövcud ziddiyyətlər aradan qaldırılmadığı və məhkəmə ekspertizasının nəticələri əsaslandırılmış qaydada təkzib edilmədiyi halda, cavabdehin üzərinə düşən sübutetmə vəzifəsinin yerinə yetirilməsi kimi qiymətləndirilə bilməz. Apellyasiya şikayətində Agentliyin yekun tibbi müayinə aparması proseduru geniş təsvir edilsə də, həmin prosedurun ümumi şəkildə qanunvericilikdə nəzərdə tutulması konkret iş üzrə qəbul edilmiş qərarın avtomatik olaraq qanuni və əsaslı sayılmasına səbəb olmur. Mübahisə Agentliyin belə müayinə aparmaq səlahiyyətinin mövcudluğu ilə deyil, bu səlahiyyətin iddiaçının konkret tibbi göstəricilərinə düzgün tətbiq olunubolunmaması ilə bağlıdır. Buna görə Agentliyin strukturu, texniki təminatı, həkimlərin seçilməsi və elektron sistemin iş prinsipi barədə şikayətdə verilmiş ümumi məlumatlar birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki halları və komission ekspertizanın nəticəsini təkzib edən dəlillər hesab oluna bilməz. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, “Xəstəliklər cədvəli”nin 61-ci maddəsinin “c” bəndinin İ qrafası üzrə hüquqi nəticə imperativ qaydada “C” kateqoriyası kimi müəyyən edilmişdir. Iddiaçının tibbi vəziyyətinin həmin bəndə uyğunluğu mötəbər ekspert rəyi ilə təsdiqləndikdən sonra inzibati orqanın fərqli qərar qəbul etməsi üçün diskresion seçim sahəsi qalmamışdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Inzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Inzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət daşıyan halları araşdırmış, tibbi sənədlər arasındakı ziddiyyətin aradan qaldırılması məqsədilə komission məhkəmə-tibbi ekspertizası təyin etmiş, həmin rəyi digər sübutlarla birlikdə qiymətləndirmiş və müəyyən olunmuş faktiki hallara tətbiq edilməli olan maddi hüquq normasını düzgün müəyyən etmişdir. Apellyasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticəni təkzib etmir, əsasən birinci instansiyada bildirilmiş ümumi etirazların və Agentliyin fəaliyyət prosedurunun təkrarından ibarətdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Rəşid Səmədov