Məhkəmə qərarları › İş №2-1(3-6)-1861/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1861/2026

31.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1861/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "ondan qanunsuz olaraq əvəzləşdirilmiş 312,61 manat pulun cavabdeh tərəfindən qaytarılması" tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *- *(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı ##.##.1968-ci ildə anadan olmuşdur. Iddiaçıya ##.##.2009-cu ildən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və ödənilməyə başlamışdır. Eyni zamanda, ona ##.##.2009-cu ildən ##.##.2012-ci ilədək müddətdə ümumilikdə 312,61 manat məbləğində kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət də ödənilmişdir. Iddiaçı cavabdehə ərizə ilə müraciət edərək, işləyən əmək pensiyaçısı kimi topladığı pensiya kapitalına əsasən pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdehin ##.##.2025-ci il tarixli qərarı ilə əmək pensiyası yenidən hesablanaraq ##.##.2025-ci ildən 1752,27 manat məbləğində müəyyən edilmiş, həmçinin keçmiş 3 il müddət üçün iddiaçıya ödənilməli olan 723,08 manat fərq məbləği hesablanmışdır. Bununla yanaşı, cavabdeh iddiaçıya əmək pensiyası ödənildiyi dövrdə həm də 312,61 manat məbləğində sosial müavinətin ödənilməsini qanunsuz hesab edərək, həmin məbləği iddiaçıya ödənilməli olan 723,08 manat vəsaitdən çıxıb büdcəyə bərpa etmiş və iddiaçıya yalnız qalan (723,08-312,61) 410,47 manat pensiyanı ödəmişdir. Beləliklə, 312,61 manat məbləğində sosial müavinət cavabdeh tərəfindən iddiaçıdan tutulmuşdur. Iddiaçı cavabdehə ərizə ilə müraciət edərək 312,61 manat məbləğində sosial müavinətin ona qaytarılmasını xahiş etmiş, lakin cavabdeh ##.##.2025-ci il tarixli cavab məktubu ilə bundan imtina etmişdir. Cavabdeh məktubda bildirmişdir ki, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.6-cı maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda ödənilir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 6.6-cı bəndinə görə, əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, ondan 312,61 manat pulun tutulması barədə qərarın ləğv edilməsi və ondan tutulmuş 312,61 manat pulun ona qaytarılması vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, ondan qanunsuz olaraq əvəzləşdirilmiş 312,61 manat pulun cavabdeh tərəfindən ona qaytarılması vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. Iddiaçı tələbini bununla əsaslandırmışdır ki, cavabdeh heç bir araşdırma aparmadan, onu inzibati araşdırmaya cəlb etmədən birtərəfli qaydada ondan 312,61 manat pul tutmuşdur. Cavabdeh iddianı qəbul etməmiş və etirazını belə əsaslandırmışdır ki, iddiaçıya Mərkəzi Filial tərəfindən ##.##.2009-cu ildən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Iddiaçının ##.##.2025-ci ildə daxil olmuş müraciəti ilə əlaqədar işləyən əmək pensiyaçısı kimi topladığı pensiya kapitalına əsasən pensiyası yenidən hesablanaraq 1752,27 manat məbləğində müəyyən edilmiş, həmçinin keçmiş üç il müddət üçün iddiaçıya ödənilməli olan 723,08 manat fərq məbləği hesablanmışdır. Araşdırma zamanı iddiaçıya Mərkəzi Filial tərəfindən əmək pensiyası ödənildiyi dövrdə, eyni zamanda ##.##.2009 -##.##.2012-ci il tarixləri arasındakı dövr üzrə kommunal, nəqliyyat və digər xidmətlərə görə ümumlikdə 312,61 manat məbləğində sosial müavinətin ödənildiyi müəyyən edilmişdir. Iddiaçıya ödənilməli olan 723,08 manat vəsaitdən artıq ödənilmiş 312,61 manat çıxılaraq büdcəyə bərpa edilmiş, qlan 410,47 (723,08-312,61) manat vəsait cari ilin sentyabr və oktyabr aylarında əmək pensiyasının üzərinə əlavə edilməklə iddiaçının müvafiq kart hesabına köçürülmüşdür. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçı İddiaçı qanunsuz olaraq əvəzləşdirilmiş 312,61 manat pulun ona qaytarılması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini iddiaya etirazının dəlilləri ilə əsaslandırmışdır. TƏRƏFLƏRIN IZAHATLARI: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi. Iddiaçı İddiaçı isə apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ: "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası": 6.6. Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanunu: 7.0. "Əmək pensiyaları haqqında" Azərbaycan Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: ... 7.0.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda; 12.2. Müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən əlilliyi olan uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. "Inzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda; 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, birinci instansiya məhkəməsi mübahisəni düzgün həll etmişdir. Işin mübahisəsiz halları bundan ibarətdir ki, iddiaçıya ##.##.2009-cu ildən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, eyni zamanda, ona ##.##.2009-cu ildən ##.##.2012-ci ilədək müddətdə ümumilikdə 312,61 manat məbləğində sosial müavinət də ödənilmişdir. 2025-ci ildə əmək pensiyası yenidən hesablanarkən cavabdeh həmin sosial müavinət ödənişini aşkar etmiş və göstərilən məbləği iddiaçıya ödənilməli olan pensiya məbləğindən çıxaraq tutmuşdur. Məhkəmə kollegiyası bildirir ki, inzibati orqanın hazırkı davranışı etimad hüququnun qorunması prinsipinə ziddir. Belə ki, "Inzibati icraat haqqında" Qanunun 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda, məhz iddiaçı etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş sosial müavinəti xərclədiyi və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı, qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı halda, cavabdeh tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin tutulması qanunsuzdur. Odur ki, iddiaçıdan asılı olmayan hallar nəticəsində cavabdehin səhv etməsi iddiaçıdan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Kollegiya xüsusilə qeyd edir ki, cavabdeh etimad hüququna istinadı istisna edən "Inzibati icraat haqqında" Qanunun 67.6-cı maddəsinə istinad etməmiş, eləcə də məhkəmə araşdırmasının gedişində də sözügedən maddədə təsbit olunmuş hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərar və qərardadlarda (*-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, *-*(***)-***/**** nömrəli, *-*(***)-***/**** nömrəli, *-*(***)-***/**** nömrəli, *-*(***)-***/**** nömrəli, *-*(***)-***/**** nömrəli, *-*(***)-***/**** nömrəli işlər üzrə qərarlar, *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli işlər üzrə qərardadlar) hüquqi mövqe məhz yuxarıda qeyd olunan məzmunda olmuşdur. Göründüyü kimi, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə tərəflər üçün əlçatan və bəlli olmuşdur. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, mövcud vahid məhkəmə təcrübəsinə görə, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçı hazırkı iddiasında sosial müavinətin ödənişinin dayandırılması barədə qərarı mübahisələndirməmişdir və bu məsələ məhkəmə araşdırmasının predmeti deyildir. Mübahisə artıq ödənilmiş pulun iddiaçıdan tutulmasının qanuniliyi ilə bağlıdır. Belə olan halda, apellyasiya şikayətinin qeyd olunan dəlili əsaslı sayıla bilməz. Apellyasiya şikayətinin digər dəlili Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 6.6-cı bəndinə uyğun olaraq, artıq ödəməni əvəzləşdirmək hüququnun olmasından ibarətdir. Kollegiya bununla da razılaşmır. Belə ki, istinad olunan bəndə əsasən, əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Normanın məzmunundan göründüyü kimi, belə əvəzləşdirmə zamanı inzibati orqan "Əmək pensiyaları haqqında" Qanunun 39.1-ci maddəsini nəzərə almalıdır. Qanunun həmin maddəsində isə artıq ödənilmiş əmək pensiyasının yalnız əmək pensiyaçısının razılığı ilə, yaxud belə razılıq olmadıqda məhkəmə qaydasında tutula bilməsi nəzərdə tutulmuşdur. Deməli, inzibati orqanın hətta əvəzləşdirməni də əmək pensiyaçısının razılığı, yaxud məhkəmə qərarı olmadan həyata keçirmək səlahiyyəti yoxdur. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar