Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(3-6)-188/2026 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi ilə, Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi ilə, İddiaçı Təbriz oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Təbriz oğlunun cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı əlilliyi olan şəxs statusunun verilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli, e-2-1(112)- 2686/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Təbriz oğlu cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının əlilliyinini qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş M00203227SSD №-li göndəriş əsasında ona orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq (61-80 faiz arası) əlilliyi olan şəxs statusunun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Təbriz oğlu 2019-cu ilin yanvar ayından etibarən “F20,0” paranoid şizofreniya xəstəliyindən əziyyət çəkir. Həmin dovrdən sonra müxtəlif tibb müəssisələrində müalicə almışdır. 2023-2024-cü illərdə Bakı şəhəri 2 nömrəli X1 həm ambulator, həm də stasionar qaydada müalicə almış və hazırda da müalicə prosesi davam edir. İddiaçının qeydiyyatda olduğu 26 saylı şəhər poliklinikasında ona “F20.0” Şizofreniya, Paranoid formada xəstəliyi diaqnozu qoyulmuşdur. Bakı şəhəri 2 nömrəli X2 Əlillik Alt sisteminə daxil etdiyi M00203227SSD saylı göndərişində də iddiaçıya “Paranoid şizofreniya, X8” (ümumi xəstəlikdir) diaqnozı qoymuşdur. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan 12787706 saylı çıxarışında belə şəxsin uzun müddətli xəstə olması öz əksini tapmış və həmin diaqnoz bir daha təsdiq edilmişdir. Cavabdeh tərəfindən iddiaçının əlilliyi xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərində qiymətləndirilmiş və hər dəfə əlilliyin verilməsindən “diaqnoz əlillik əlaməti təyin etmir” əsas ilə imtina edilmiş, ona əlillik statusu verilməmişdir Faktiki olaraq heç bir dəqiq müayinə və ya yoxlama həyata keçirilmədən TSEK-in qərarına əsasən “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçıya yuxarıda göstərilən müayinələr nəticəsində qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.3.1-ci bəndinə uyğun gəlir. Belə ki, həmin bənd “Şizofreniya – Paranoid şizofreniya (F20.0)” diaqnozu ilə səhhətin pozulması hallarına görə əlilliyin təyin edilməsini mümkün hesab edir. Eləcə də təqdim edilmiş digər tibbi müayinə sənədləri, epikrizlər, xəstəlik kitabçasından çıxarışlar, tibb müəssisələrinin arayışları və s. sübut edir ki, iddiaçının xəstəliyi sağalmamışdır və hələ də davam etdiyindən ona əlillik təyin edilməsi üçün kifayət qədər əsaslar var. Cavabdeh iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli Psixiatriya xəstəxanasının xx.xx.2023- cü il və xx.xx.2024-cü il tarixli göndərişləri əsasında baxılmış və diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçı əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirilmişdir. İddiaçının obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri baş ağrılarından, baş gicəllənmələrindən, yuxusuzluqdan, əsəbilikdən, yaddaş zəifliyindən, hallüsinasiyalardan (səslər eşitdiyini bildirir), ümumi halsızlıq və zəiflikdən olmuş, anamnestik olaraq uzun müddətdir xəstə olduğunu, mütəmadi olaraq stasionar müalicələr aldığını bildirmişdir. Təqdim edilmiş sənədlər arasında, 2 saylı Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2019-xx.xx.2019cu il tarixli 1166 nömrəli çıxarışında diaqnoz “Sayıqlama pozuntusu” kimi qeyd edilmiş, 2021-ci ildən sonra isə təqdim edilmiş sənədlərdə əsas diaqnoz “Şizofreniya, paranoid forma” olmuşdur. Vətəndaş məhkəmə qərardadı əsasında əyani müayinəyə cəlb edilən zaman heç bir psixopatoloji vəziyyət aşkar edilmədiyindən və təqdim edilmiş sənədlərdə, diaqnozlar arasında uyğunsuzluq olduğundan diaqnozun dəqiqləşdirilməsi məqsədi ilə Respublika Psixiatriya Xəstəxanasına göndəriş təqdim edilmiş, xx.xx.2024-cü il tarixində digər xəstəxanada (2 saylı Respublika Psixiatriya Xəstəxanasında) qoyulmuş diaqnozun hazırda remissiya fazasında olduğu qeyd edilmiş xx.xx.2024-xx.xx.2024-cü il tarixli 1627/24 nömrəli çıxarış təqdim edilmişdir. Araşdırma zamanı vətəndaşın dəfələrlə DTSERA-da əyani müayinədə olduğu, müxtəlif mütəxəsislər tərəfindən müayinə edildiyi məlum olmuş, təqdim edilmiş sənədlər araşdırılarkən ilkin olaraq vətəndaşın xx.xx.2019cu il tarixində “dissosiativ hərəkət pozuntuları və sayıqlama fikirləri ilə” 2 saylı X3 daxil olduğu, xx.xx.2019-cu ildən Professor Z.Əliyevin konsultasiyası ilə diaqnozun “F22- Sayıqlama pozuntusu” kimi qeyd edildiyi, daha sonra təkrar eyni müəssisəyə daxil olarkən heç bir həkim Psixiatr Komissiyası (bundan sonra HPK) və ya professor rəyi olmadan diaqnozun “F20-Şizofreniya. Paranoid forma”ya dəyişdirildiyi məlum olmuşdur. “Azərbaycan Respublikası Psixiatriya yardımı” haqqında qanuna əsasən yekun psixiatrik diaqnozların yalnız səlahiyyətli HPK-ları tərəfindən verilə biləcəyi əsas götürülərək 2 saylı X3 sorğu ünvanlanmış və aşkarlanmış hal təsdiqini tapmışdır. Sonrakı stasionarlara daxil olmalar zamanı dəyişdirilmiş diaqnoz (F20- Şizofreniya. Paranoid forma.) xroniki proses olduğundan HPK rəyi olmadan avtomatik təkrarlanmışdır. Bu səbəbdən göndəriş təqdim edilərək təkrar HPK təşkil edilməsi üçün 2 saylı X3 göndərilmiş və xx.xx.2024-cü il tarixində təqdim edilmiş 2 nömrəli X2 eyni tarixli 1/5048 arayışında xx.xx.2024-cü il tarixli 3429 nömrəli X11 diaqnoz “X9 pozuntusu. X7 dekompensasiyalarla, psixiatrik daxilolmalarla. Özünükəsmələrlə, dissosiativ hərkət pozuntusu (Pseudoparalic) “ olmuşdur ki, bu da hal hazırkı xəstənin klinik vəziyyəti və mütəxəsislərimizin müayinə nəticələri ilə uyğun olmuşdur (3 müxtəlif zamanda aparılmış videogörüntülər dəyərləndirilərkən). Müayinələr nəticəsində xəstənin psixi vəziyyəti “Bələdliyi bütün istiqamətlərdə qorunmuş, sualları tam qavramış, ətraflı cavablar vermiş, müfəssəlliyə meyilli, danşdıqca təşvişliyi artmış, emosiyalalarında dalğalılıq qeyd olunmuş, əhval ruhiyyə fonu normal diapazonda, təfəkkürü ardıcıl, məntiqli izlənmiş, psixoproduktiv simptomatika (sayıqlama, halyusinasiyalar) müşahidə olunmamış. Müayinə gedişatında tez-tez aqressivliyə meyilli, dissosiativ hərəkət pozuntuları ara bir kəskinləşmiş, mühakiməsi formal, təfəkkürü çərçivəsində, tənqidi hissəvi olmuşdur”. Anamnestik məlumatlar, əyani müayinə nəticələri (daha əvvəlki müayinə nəticələri də nəzərə alınmaqla) və təqdim edilmiş sənədlərə əsasən rəsmiləşdirilmiş göndərişdə qeyd edilmiş diaqnozla (“F20- Paranoid Şizofreniya”) vətəndaşın yekun təsdiqlənmiş diaqnozu arasında uyğunsuzluq olduğundan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, “Diaqnozun öz təsdiqini tapmaması” qərarı qüvvədə saxlanılsın. İddiaçıya aid yekun təsdiqlənmiş diaqnoza uyğun XBT kodu (F60 və ya F60.4) göstərilməklə yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə vətəndaşa Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq əlillik təyinatı aparıla bilər. Bakı İnzibati Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli, e-2-1(112)-2686/2025 saylı qərarı ilə (hakim B.M.Cəlalov) iddia tələbi təmin edilərək, İddiaçı Təbriz oğluna M00203227SSD nömrəli, xx.xx.2024-cü il tarixli göndəriş əsasında orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq (61-80 faiz arası) əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Bakı İnzibati Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli, e-2-1(112)- 2686/2025 saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, " ... birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlər və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X4 ekspertlərinin rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və ReablitasiyaAgentliyinin TibbiSosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyirik ki, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları intrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Buna baxmayaraq Psixiatriya Mərkəzi heç bir instrumental müayinə əsasında vermədiyi və tamamilə subyektiv yanaşmanı əks etdirən rəyi məhkəmə əsas götürmüşdür. Birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkimrəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “F60 Spesifik şəxsiyyət pozuntuları, X9 Pozuntusu, X7 Dekompensasiyalarla, Psixotik Daxilolmalarla, Özünükəsmələrlə, X6 (Psevdoparaliç).” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 7-ci bəndinə əsasən Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; - xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması. Şəxsiyyət pozuntuları zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi aşağıdakılara əsaslanır: şəxsiyyətin koqnitiv, emosional, davranış və şəxslər arası sahədə anomaliyalarının təzahür dərəcəsi; - uşaq, yeniyetmə və ya yetkin yaşlarda şəxsiyyətin anomaliyalarının başlanması; - dekompensasiya vəziyyətinin tezliyi və davametmə müddəti; kompensasiya dövründə adaptasiya imkanları; - sosial təhlükəli davranışların ağırlığı və tezliyi (ətrafdakılara qarşı qanunazidd və ya aqresiv davranışlar və intihar cəhdləri); intellektin inkişafı və öz davranışına tənqid dərəcəsi. - Müalicəvi və reabilitasiya müdaxilələrinin effektliliyi. Bu patalogiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə - 35 faiz OFP müəyyən edilməmişdir. Buna baxmayaraq eyni klinik instrumental müayinə nəticələri əsasında MPEM əlavə müəyinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEK-in) hüquqlarını pozmuşdur”. İddiaçı Təbriz oğlunun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, “ ... cavabdeh apellyasiya şikayətini əsasən aşağıdakı aspektlərdən əsaslandırmağa çalışmışdır: 1. Məhkəmə TSEKin diskresion səlahiyyətinə müdaxilə etmişdir. 2. Diaqnoz təsdiqlənməmişdir. 3. Spesifik şəxsiyyət pozuntuları (F60) diaqnozu HPK tərəfindən təsdiqlənməmişdir. 4. Məhkəmə ekspert rəyini əsas götürməklə səhv etmişdir. Diskresion səlahiyyət barədə cavabdehin iddiası hüquqi baxımdan əsassızdır. Belə ki, məhkəmə diskresiyanı əvəz etməmiş, onu hüquqi nəzarətə cəlb etmişdir. Cavabdeh apellyasiya şikayətində iddia edir ki, birinci instansiya məhkəməsi TSEK-in diskresion səlahiyyətinə müdaxilə etmişdir. Bakı İnzibati Məhkəməsi xx.xx.2025-ci il tarixli qərarında əlillik faizini özü müəyyən etməmiş, tibbi qiymətləndirmə aparmamış, TSEK-in yerinə keçərək inzibati akt qəbul etməmişdir. Məhkəmə yalnız bunu müəyyən etmişdir ki, cavabdehin imtinası əsaslandırılmamışdır və formal xarakter daşıyır. Bu isə diskresiyanın əvəz edilməsi deyil - diskresiyanın qanuni həyata keçirilib-keçirilmədiyinin yoxlanılmasıdır. Diskresion səlahiyyət hüquqi dövlət mexanizmində inzibati orqana verilmiş seçim azadlığıdır, lakin bu azadlıq qanundan kənar hərəkət etmək imkanı deyil. Diskresiya hüquqi çərçivə daxilində əsaslandırılmış seçim deməkdir, özbaşınalıq isə hüquqi çərçivənin pozulmasıdır. İnzibati orqan sübutları göstərmədən, tətbiq etdiyi normanı izah etmədən və faktiki halları qiymətləndirmədən qərar qəbul edirsə, bu artıq diskresiyanın həyata keçirilməsi deyil, diskresiya pərdəsi altında əsaslandırmasız imtinadır. Hüquqi dövlət prinsipi tələb edir ki, hər bir seçim hüquqla məhdudlaşsın, hər bir qərar sübutla əsaslandırılsın və hər bir diskresiya məhkəmə nəzarətinə açıq olsun. Əks yanaşma diskresiyanı hüquqi institutdan inzibati toxunulmazlıq alətinə çevirər ki, bu da Konstitusiyanın aliliyinə ziddir. Bu sahədə Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı cavabdeh tərəfindən düzgün təfsir edilməmişdir. Cavabdeh apellyasiya şikayətində Ali Məhkəmənin 2-1(102)- 1403/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına istinad etmişdir. Lakin həmin qərarda Ali Məhkəmə açıq şəkildə iki mühüm hüquqi tezisi ifadə etmişdir: 1. məhkəmə inzibati orqanın diskresion qərarını öz qərarı ilə əvəz edə bilməz. 2. lakin inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirməyə borcludur və maraqlı şəxs bu düzgün həyata keçirilməni tələb edə bilər. Cavabdeh qərarın yalnız birinci hissəsinə istinad edir, ikinci hissəsini isə özü üçün əlverişsiz hesab edərək nəzərə almır. Halbuki, Ali Məhkəmənin həmin qərarında vurğulanır ki, diskresion səlahiyyət inzibati orqana özbaşına qərar qəbul etmək hüququ vermir. Deməli, məhkəmənin yoxladığı məsələ diskresiyanın mövcudluğu deyil, onun qanuni tətbiq olunub-olunmamasıdır. ... İş üzrə təqdim edilmiş sənədlərdən açıq şəkildə görünür ki, iddiaçıda 2019-cu ilin yanvar ayından etibarən “F20” diaqnozu mövcuddur. 2021-ci ildən sonrakı stasionar müalicə sənədlərində əsas diaqnoz olaraq "Şizofreniya, paranoid forma” göstərilmişdir. Müxtəlif tarixlərdə çoxsaylı ambulator və stasionar müalicələr aparılmış, ümumi müalicə müddəti təxminən 230 günə yaxın olmuş, ambulator kitabçadan çıxarışda da diaqnoz təsdiq edilmişdir. Bu faktlar göstərir ki, söhbət epizodik və təsadüfi diaqnozdan deyil, uzunmüddətli müşahidə və müalicə ilə formalaşmış klinik vəziyyətdən gedir. Belə olan halda "diaqnoz təsdiqlənməmişdir” iddiası yalnız ümumi bəyanat xarakteri daşıyır və sübutlarla əsaslandırılmamışdır. Əgər cavabdeh həqiqətən də "F20” diaqnozunun düzgünlüyünə şübhə edirdisə, qanunvericiliyə uyğun olaraq aşağıdakı hərəkətləri etməli idi: diaqnozun dəqiqləşdirilməsi üçün ixtisaslaşdırılmış tibbi komissiya təşkil etməli; rəsmi tibbi rəy almalı; əsaslandırılmış tibbi arqumentlərlə mövcud sənədləri təkzib etməli; göndəriş mexanizmini işlək vəziyyətdə saxlayaraq əlavə tibbi araşdırma aparmalı idi. Lakin cavabdeh bu proseduru həyata keçirmədən birbaşa imtina qərarı vermişdir. Bu davranış isə inzibati icraatın ardıcıllıq prinsipinə və araşdırma borcuna ziddir. Beləliklə də göründüyü kimi: F20 diaqnozu uzunmüddət ərzində verilən tibbi sənədlərlə təsdiq edilmişdir; davamlı müalicə və müşahidə faktı mövcuddur; cavabdeh diaqnozu təkzib edən elmi əsaslı alternativ sübut təqdim etməmişdir; prosedur qaydada əlavə tibbi araşdırma aparılmadan imtina qərarı verilmişdir. Bu səbəbdən "diaqnoz təsdiqlənməmişdir” arqumenti hüquqi baxımdan sübutsuz və əsassızdır. İnzibati orqan şübhəni sübuta çevirməli olduğu halda, sübutu şübhə ilə əvəz etmişdir. Hüquqi dövlət prinsipi isə ehtimala deyil, sübuta əsaslanan qərar tələb edir. ... Apellyasiya şikayətində qeyd olunur ki, yekun diaqnoz "F60” olmuşdur. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1 -ci bəndinə əsasən spesifik şəxsiyyət pozuntuları (F60) hallarında da əlillik müəyyən edilə bilər. Yəni cavabdehin arqumenti hüquqi baxımdan əhəmiyyətsizdir. Əsas məsələ diaqnozun adı deyil, funksional məhdudiyyətin dərəcəsidir. Funksional məhdudiyyət sübuta yetirilmişdir. Məhkəmə qərarında göstərilmişdir ki, iddiaçıda: özünəqulluq - İ dərəcə; istiqamətseçmə - İ dərəcə; ünsiyyət - İİ dərəcə; davranışa nəzarət - İİİ dərəcə; əmək fəaliyyəti - İİİ dərəcə mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nın 3.1.2-ci bəndinə əsasən xəstəlik, zədə və ya çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında orqanizmin funksiyalarının pozulması 61-80 faiz aralığında müəyyən edilir. Bu norma açıq şəkildə göstərir ki, əlilliyin müəyyən olunması üçün bütün həyat fəaliyyəti sahələrinin ağır məhdudlaşması tələb edilmir, kateqoriyalardan hər hansı birində İİ dərəcə məhdudlaşmanın mövcudluğu belə 61-80 faiz aralığında qiymətləndirmə üçün hüquqi əsas yaradır. Hazırkı işdə isə iddiaçının ünsiyyət bacarığı üzrə İİ dərəcə, davranışa nəzarət və əmək fəaliyyəti üzrə isə İİİ dərəcə məhdudlaşma müəyyən edilmişdir. Bu halda 187 saylı Qərarın 3.1.2-ci bəndinin tətbiqi üçün hüquqi baza mövcuddur və cavabdehin "əlillik təyinatına əsas yoxdur” mövqeyi normativ məntiqə uyğun gəlmir ... xx.xx.2025-ci il tarixli ekspert rəyində iddiaçının psixi vəziyyəti "isterik tipli şəxsiyyət pozuntusu, X7 dekompensasiyalarla” kimi qiymətləndirilmişdir. Bu rəy məhkəmə tərəfindən təyin edilmiş müstəqil ekspertiza nəticəsində verilmişdir və tibbi biliklərə əsaslanan obyektiv qiymətləndirmədir. İnzibati Prosessual Məcəllənin 29-1 -ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında ekspertiza ilə bağlı məsələlər Mülki Prosessual Məcəllənin müvafiq müddəalarına uyğun tənzimlənir və ekspert rəyi sübut növü hesab olunur. Bu o deməkdir ki, ekspertiza nəticəsi məhkəmə üçün hüquqi baxımdan nəzərə alınmalı olan sübutdur və onun qiymətləndirilməsi digər sübutlarla birlikdə aparılır. Əhəmiyyətli məqam ondan ibarətdir ki, cavabdeh tərəf həmin ekspert rəyini təkzib edən hər hansı alternativ sübut təqdim etməmiş, həmçinin ekspert rəyinin elmi əsaslarını şübhə altına alan konkret tibbi arqument irəli sürməmiş, ziddiyyətli elmi rəy və ya müstəqil tibbi müayinə nəticəsi təqdim etməmiş və ekspertin səriştəsinə, ixtisasına və ya obyektivliyinə dair hər hansı əsaslı etiraz verməmişdir. Belə şəraitdə məhkəmənin rəsmi qaydada təyin etdiyi ekspertiza nəticəsinə istinad etməsi tam qanunidir və məhkəmə araşdırmasının məntiqinə uyğundur. Əgər cavabdeh ekspert rəyini əsassız hesab edirdisə, o, bunu sadəcə ümumi bəyanatla deyil, elmi əsaslandırılmış və sübutlarla təsdiqlənmiş alternativ tibbi mövqe ilə etməli idi. Bu baş vermədiyindən, ekspert rəyi iş üzrə yeganə müstəqil və obyektiv tibbi qiymətləndirmə olaraq qalır. Hüquqi baxımdan, müstəqil ekspertiza rəyinin mövcud olduğu və onun elmi əsaslarla təkzib edilmədiyi hallarda, məhkəmənin həmin rəyə üstünlük verməsi nə diskresiyanın əvəz edilməsi, nə də inzibati orqanın səlahiyyətinə müdaxilə sayıla bilər. Əksinə, bu, məhkəmənin sübutları qiymətləndirmək və işin obyektiv həllini təmin etmək vəzifəsinin həyata keçirilməsidir. Beləliklə, ekspert rəyinin mövcudluğu və onun təkzib olunmaması şəraitində cavabdehin "məhkəmə yanlış nəticəyə gəlmişdir” iddiası hüquqi baxımdan əsaslandırılmamış qalır. Məhkəmə tibbi mübahisəni subyektiv qənaət əsasında deyil, müstəqil ekspertiza nəticəsinə əsaslanaraq həll etmişdir ki, bu da həm prosessual, həm də maddi hüquq normalarına tam uyğundur”. Məhkəmə iclasında iştirak edən İddiaçı Təbriz oğlunun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verdi və birinci instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - İddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli X2 xx.xx.2023-cü il tarixli, İ00125076YBİ nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə baxılmış və Diaqnozun mətni: Paranoid şizofreniya. X8. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə imtina verilmişdir. - İddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli X2 xx.xx.2024-cü il tarixli, M00203227SSD nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə baxılmış və Diaqnozun mətni: Paranoid şizofreniya. X8. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnozun öz təsdiniq tapmaması Səbəb: Diaqnoz təsdiqlənmədi” səbəbi ilə imtina verilmişdir. - xx.xx.2025-ci il tarixli, 2655 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı Təbriz oğlunda isterik tipli şəxsiyyət pozuntusu, təkrarlanan dekompensasiyalarla müəyyən edilir. İddiaçı Təbriz oğlunda isterik tipli şəxsiyyət pozuntusu, təkrarlanan dekompensasiyalarla aşkar edilir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan 12787706 saylı çıxarışında belə şəxsin uzun müddətli xəstə olması öz əksini tapmış və həmin diaqnoz bir daha təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçıda mövcud olan xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarların”da göstərilən xəstəliklərin əhatə dairəsində olub-olmaması ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının əyani (instrumental) müayinəsinin aparılması üçün cavabdehə 30 gün müddət təyin edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Əlillik AS-də olan məlumatlara əsasən, müəyyən olundu ki, İddiaçı Təbriz oğluna dair Bakı 2 nömrəli X5 tərəfindən “Şizofreniya, paranoid forma.” Diaqnozu ilə rəsmiləşdirilmiş xx.xx.2024-cü il tarixli M00203227SSD nömrəli göndəriş əsasında xx.xx.2024-cü il tarixində vətəndaşın əlillik vəziyyəti komissiya şəraitində qiymətləndirilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən, 3-17-4/3-3-5551/2024 nömrəli qərara əsasən barəsində “Diaqnozun təsdiqini təsdiqini tapmaması”na dair qərar qəbul edilmişdir. Qərardan narazı qalan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında, DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmişdir. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri baş ağrılarından, baş gicəllənmələrindən, yuxusuzluqdan, əsəbilikdən, yaddaş zəifliyindən, hallüsinasiyalardan (səslər eşitdiyini bildirir), ümumi halsızlıq və zəiflikdən olmuş, anamnestic olaraq uzun müddətdir xəstə olduğunu, mütəmadi olaraq stasionar müalicələr aldığını bildirmişdir. Təqdim edilmiş sənədlər arasında, 2 saylı Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2019-xx.xx.2019-cu il tarixli 1166 nömrəli çıxarışında diaqnoz “Sayıqlama pozuntusu” kimi qeyd edilmiş, 2021-ci ildən sonra isə təqdim edilmiş sənədlərdə əsas diaqnoz, “Şizofreniya, paranoid forma” olmuşdur. ( 2 saylı X2 xx.xx.2021-xx.xx.2021 tarixli 5614/21 nömrəli çıxarış, xx.xx.2022-xx.xx.2023-cü il tarixli 9126/22 nömrəli çıxarış, xx.xx.2023-xx.xx.2023-cü il tarixli 3123/2023 nömrəli, xx.xx.2023xx.xx.2023-cü il tarixli 6387/2023 nömrəıi çıxarış, xx.xx.2024-xx.xx.2024 tarixli 2167/24 nömrəli çıxarış, xx.xx.2024-xx.xx.2024 tarixli 4244/24 nömrəli çıxarış, xx.xx.2024xx.xx.2024-cü il tarixli 9007/24 nömrəli çıxarış). Vətəndaş məhkəmə qərardadı əsasında əyani müayinəyə cəlb edilən zaman heç bir psixopatoloji vəziyyət aşkar edilmədiyindən və təqdim edilmiş sənədlərdə, diaqnozlar arasında uyğunsuzluq olduğundan diaqnozun dəqiqləşdirilməsi məqsədi ilə Respublika Psixiatriya Xəstəxanasına göndəriş təqdim edilmiş, xx.xx.2024-cü il tarixində digər xəstəxanada (2 saylı Respublika Psixiatriya Xəstəxanasında) qoyulmuş diaqnozun hazırda remissiya fazasında olduğu qeyd edilmiş xx.xx.2024-xx.xx.2024-cü il tarixli 1627/24 nömrəli çıxarış təqdim edilmişdir. Araşdırma zamanı vətəndaşın dəfələrlə DTSERA-da əyani müayinədə olduğu, müxtəlif mütəxəssislər tərəfindən müayinə edildiyi məlum olmuş, təqdim edilmiş sənədlər araşdırarkən ilkin olaraq vətəndaşın xx.xx.2019-ci il tarixində “dissosiativ hərəkəti pozuntuları və sayıqlama fikirləri ilə” 2 saylı X3 daxil olduğu, xx.xx.2019-cu ildən Professor Z.Əliyevin konsultasiya ilə diaqnozun “F22-Sayıqlama pozuntusu” kimi qeyd edildiyi, daha sonra təkrar eyni müəssisəyə daxil olarkən heç bir həkim Psixiatr Komissiyası (bundan sonra HPK) və ya professor rəyi olmadan diaqnozun “F20-Şizofreniya. Paranoid forma”ya dəyişdirildiyi məlum olmuşdur. Azərbaycan Respublikası Psixiatriya yardımın haqqında qanuna əsasən yekun psixiatrik diaqnozların yalnız səlahiyyətli HPK-ları tərəfindən verilə biləcəyi əsas götürülərək 2 saylı X3 sorğu ünvanlanmış və aşkarlanmış hal təsdiqini tapmışdır. Sonrakı stasionarlara daxil olmalar zamanı dəyişdirilmiş diaqnoz (F20-Şizofreniya.Paranoid forma.) xroniki proses olduğundan HPK rəyi olmadan avtomatik təkrarlanmışdır. Bu səbəbdən tərəfimizdən göndəriş təqdim edilərək təkrar HPK təşkil edilməsi üçün 2 saylı X3 göndərilmiş və xx.xx.2024-cü il tarixində təqdim edilmiş 2 nömrəli X2 eyni tarixli 1/5048 arayışında xx.xx.2024-cü il tarixli 3429 nömrəli X11 diaqnoz “X9 pozuntusu. X7 dekompensasiyalarla, psixiatrik daxilolmalarla. Özünükəsmələrə, X6 (Pseudoparalic)” olmuşdur ki, bu da hal-hazırkı xəstənin klinik vəziyyəti və mütəxəssislərimizin müayinə nəticələri ilə uyğun olmuşdur (3 müxtəlif zamanda aparılmış videogörüntülər dəyərləndirilərkən). Müayinələr nəticəsində xəstənin psixi vəziyyəti “Bələdliyi bütün istiqamətlərdə qorunmuş, sualları tam qavramış, ətraflı cavablar vermis, müfəssəlliyə meyilli, danışdıqca təşvişliyi artmış, emosiyalarında dalğalılıq qeyd olunmuş, əhval ruhiyyə fonu normal diapazonda, təfəkkürü ardıcıl, məntiqli izlənmiş, psixoproduktiv simptomatika (sayıqlama, halyusinasiyalar) müşahidə olunmamış. Müayinə gedişatında tez-tez aqressivliyə meyilli, dissosiativ hərəkət pozuntuları ara bir kəskinləşmiş, mühakiməsi formal, təfəkkürü çərçivəsində, tənqidi hissəvi olmuşdur” şəklində qeyd aparılmışdır. Anamnestik məlumatlar, əyani müayinə nəticələri (daha əvvəlki müayinə nəticələri (daha əvvəlki müayinə nəticələri də nəzərə alınmaqla) və təqdim edilmiş sənədlərə əsasən rəsmiləşdirilmiş göndərişdə qeyd edilmiş diaqnozla (“F20-Paranoid Şizofreniya”) vətəndaşın yekun təsdiqlənmiş diaqnozu arasında uyğunsuzluq olduğundan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, “Diaqnozun öz təsdiqini tapmaması” qərarı qüvvədə saxlanılsın. Vətəndaşa aid yekun təsdiqlənmiş diaqnoza uyğun XBT kodu (F60 və ya F60.4) göstərilməklə yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə vətəndaşa Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyinin müəyyən olunması meyarları”na uyğun olaraq əlillik təyinatı aparıla bilər. Halbuki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır:
7. Psixi və davranış pozuntuları … 7.3. Şizofreniya, şizotipik və sayıqlama pozuntuları. Qeyd. Şizofreniya zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: neqativ simptomların təzahür dərəcəsi, (nitq və özünüifadənin kasadlaşması, emosional solğunluq, sosial təcridolunma, motivasiyanın zəifləməsi, diqqətin tükənməsi, qərar planlaşdırılması və qəbul edilməsi qabiliyyətinin məhdudlaşması); xəstəliyin 1 ildən az olmayan müddətdə müşahidə nəticəsində müəyyən edilən gediş tipi; xəstəliyin davametmə müddəti və proqrediyentliyi (prosessual dəyişikliklərin artma sürəti); psixotik epizodların (kəskinləşmələrin) tezliyi; remissiyanın keyfiyyəti (tam, natamam, olmaması) və onun davametmə müddəti; produktiv simptomların təzahür dərəcəsi (sayıqlama, hallüsinasiyalar, aqressiv və suisidal da daxil olmaqla nizamsız davranış); müalicəvi və reabilitasiya müdaxilələrinin effektivliyi. Avtonom həyat, ailə və sosial əlaqələr qurmaq və özünəqulluq qabiliyyəti 7.3.1. Şizofreniya (formadan asılı olmadan)- F20. Bakı 2 nömrəli X2 M00203227SSD nömrəli, xx.xx.2024-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Paranoid şizofreniya. X8” diaqnozu göstərilmişdir. 7.3.1.1. şizofreniya, natamam remissiya, epizodik gediş sabit defisit (çatışmazlıq) ilə, psixotik epizodlar arasında artması müşahidə edilməyən davamlı neqativ simptomatikanın formalaşması, bütövlükdə sərbəst yaşamaq bacarığı fonunda bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması. 7.3.1.2. şizofreniya, epizodik gediş artan defisit (çatışmazlıq) ilə, ildə 2 dəfədən az olmayan psixotik epizodlar; neqativ simptomatikanın daimi artması və bununla əlaqədar əmək qabiliyyətinin itirilməsi, gündəlik vəzifələrin yerinə yetirilməsi, ətrafdakılarla əlaqələrin qurulması və özünəqulluğun əhəmiyyətli dərəcədə məhdudlaşması, rezidual hallüsinator və paranoid simptomatikanın natamam saxlanması ilə müşayiət olunan remissiyalar; reallığın çətin dərk edilməsi və doğru mühakimə yürüdülə bilinməməsi, bir çox tələbatlarını ödəmək üçün daimi yardıma ehtiyacın olması. 7.3.1.3. şizofreniya, fasiləsiz gediş Müşahidə dövründə remissiyanın qeydə alınmaması, davranışın sayıqlama və hallüsinasiyaların təsiri altında olması; xəstəliyin ilk 5 ili ərzində neqativ simptomların intensiv artması səbəbindən özünəqulluq, ev işləri, ailə və sosial əlaqələr, şəxsi gigiyena və s. sahələrdə fəaliyyət qabiliyyətinin itirilməsi, xəstəliyə və ətraf reallığa qarşı tənqidin tamam olmaması, kənar şəxslərin müşahidəsi və qulluğu olmadan yaşaya bilinməməsi. Göründüyü kimi, qeyd edilən diaqnoz üzrə 3 qiymətləndirmə meyarı müəyyən edilmişdir. İddiaçının sağlamlıq vəziyyəti yuxarıda göstərilən bənlərdən 7.3.1.2-ci bəndə uyğun gəlir və həmin bəndə görə orqanizmin funksiyaların 65-80% pozulmasına görə əlilliyin təyin edilməsi nəzərdə tutulmuşdur. Belə ki, iş materiallarında olan tibbi sənədlərə əsasən, iddiaçı 2019-cu ilin yanvar ayından etibarən “F20,0” paranoid şizofreniya xəstəliyindən əziyyət çəkir. Həmin dövrdən sonra müxtəlif tibb müəssisələrində müalicə almışdır. 2023- 2024-cü illərdə Bakı şəhəri 2 nömrəli X1 həm ambulator, həm də stasionar qaydada müalicə almışdır və hazırda da müalicə prosesi davam edir. Eləcə də iddiaçı 2019-cu ilin əvvəllərindən bu xəstəlikdən əziyyət çəkdiyindən müxtəlif tibb müəssisələrində ambulator və ya stasionar qaydada müalicələr almışdır. Müalicə müddətləri 088 nömrəli göndərişdə də öz əksini tapmış və ümumi müddəti 230 gün - 8 aya yaxın olmuşdur: xx.xx.2019 - xx.xx.2019 (49 gün); xx.xx.2021 - xx.xx.2021 (50 gün); xx.xx.2022 - xx.xx.2022 (35 gün); xx.xx.2023 - xx.xx.2023 (15 gün); xx.xx.2023 xx.xx.2023 (19 gün); xx.xx.2024 - xx.xx.2024 (16 gün); xx.xx.2024 - xx.xx.2024 (23 gün); xx.xx.2024 - xx.xx.2024 (2 gün); xx.xx.2024 - xx.xx.2024 (15 gün); xx.xx.2024 - xx.xx.2024 (5 gün); xx.xx.2024 - xx.xx.2024 (1 gün). Eləcə də məhkəmə baxışı dövründə iddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Respublika Psixiatriya Xəstəxanası X12 ambulator müalicə almış və ona eyni diaqnoz - F20 - X8 diaqnozu qoyulmuşdur. Qeyd edilənlərlə yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2-ci bəndində “insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri” müəyyən edilmişdir. Hazırda iddiaçının səhhətində olan əlillik və digər yanaşı xəstəliklər nəticəsində onun həyat fəaliyyətinin məhdudlaşma dərəcələri aşağıdakı kimidir: özünəqulluq bacarığı - İ dərəcə - tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı; istiqamətseçmə bacarığı - İ dərəcə - yalnız öyrəşdiyi vəziyyətlərdə, yaxud köməkçi texniki vasitələrin köməyi ilə sərbəst istiqamətseçmə bacarığı; ünsiyyət bacarığı - İİ dərəcə mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə ünsiyyət qurmaq bacarığı; davranışına nəzarətetmə bacarığı - İİİ dərəcə - davranışına nəzarətetmə və özünüidarəetmə bacarığının olmaması, daim kənar şəxslərin köməyinə ehtiyacın olması; əmək fəaliyyəti bacarığı - İİİ dərəcə - orqanizmin funksiyalarının ciddi pozuntularından irəli gələrək sadə əmək fəaliyyətinin qeyri-mümkünlüyü və yaxud kənar şəxslərin əhəmiyyətli köməyi ilə həyata keçirmək bacarığı. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” İcmal Məktubunun 30-31-ci bəndlərində göstərilmişdir ki, ... təcrübədə rast gəlinən əsas problemlərdən biri məhz həmin əyani müayinələrlə bağlıdır. İşlərdən görünən odur ki, bir sıra hallarda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əyani müayinələr şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirildiyi barədə nəticəyə gəlməyə imkan verməyən şəkildə aparılır. Nəticə etibarilə, bəzən məhkəmələr inzibati orqanın şəxsin hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnozlarına əsaslanmayan mövqeyinə uyğun qərar verməklə işi yekunlaşdırırlar. Bu nöqteyi- nəzərdən nəzərə alınmalıdır ki, məhkəmələr əyani müayinənin yalnız nəticə hissəsi ilə kifayətlənməyərək, prosedurun özünün müvafiq diaqnostik müayinə metodları əsasında aparılıbaparılmadığını aydınlaşdırmalı, həmin metodologiyanın şəxsin sağlamlığının real və obyektiv vəziyyətini qiymətləndirməyə uyğunluğunu müəyyənləşdirməlidirlər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” İcmal Məktubunun 8-ci bəndində göstərilmişdir ki, ... əlilliyin təyini ilə bağlı mübahisələrə baxarkən məhkəmələr, həkim komissiyası tərəfindən şəxsin (qanuni nümayəndəsinin) və ya müalicə həkiminin müraciəti əsasında şəxs barəsində müvafiq tibbi sənədlərin toplanması, həmin sənədlərin təhlil edilməsi, diaqnozun dəqiqləşdirilməsi məqsədilə onun ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərilib-göndərilməməsi, başqa sözlə, qanunvericiliyin tələbinə uyğun icraatın aparılıbaparılmaması, göndərişin verilməsi üçün əsasların olub-olmaması, nəticə etibarilə həkim komissiyasının “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının tələblərinə uyğun davranıb- davranmadığı araşdırılmalıdır. Hazırkı iş üzrə iddiaçının əlilliyinin müəyyən edilməsi zamanı göndəriş verilməzdən əvvəl və ya göndərişə baxılması müddətlərində o müxtəlif tibb müəssisələrində stasionar və ambulator müalicələr almış, tibbi müayinələrdən keçərək tibbi sənədlər təqdim etmiş, lakin həmin tibbi sənədlərdə olan diaqnozlar cavabdeh tərəfindən nəzərə alınmamışdır. Cavabdehin imtina qərarında yuxarıda qeyd edilən diaqnozların hansı səbəbdən əlillik təyinatına əsas verməməsi, bunun tibbi meyarlardan irəli gələrək əsaslandırılması ilə bağlı heç bir məlumat qeyd edilməmişdir. Sadəcə olaraq, xəstəliyin adı və “əlillik təyinatına əsas vermir” sözlərinin qeyd edilməsi bir daha etirazın və ümumilikdə cavabdehin mövqeyinin formal mülahizələrə əsaslandığını sübuta yetirir. Nəticə etibarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qayda”larına uyğun heç bir əsaslandırma öz əksini tapmır. “Əlilliyin qiymətləndirilməsi Qayda”larının 2.4-cü bəndinə əsasən, TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 2.5-ci bəndinə görə, bu Qaydanın 2.3cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Lakin, cavabdeh bu halları təsdiq edəcək heç bir tibbi müayinə nəticəsini və ya tibbitexniki vasitələrin köməyi ilə əldə edilmiş nəticələri qərarında göstərməmiş, həmçinin bu sənədləri qərara əlavə etməmiş, yalnız bir cümlə ilə - “əlillik təyinatına əsas vermir” kifayətlənilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli, e-2-1(112)-2686/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov