Məhkəmə qərarları › İş №2-1(3-6)-1888/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1888/2026

09.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1888/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdehn * saylı Bakı Ərazi Idarəsinə (hazırkı Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh) qarşı Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmaqla "torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi" tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Cavabdehn * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şüvəlan Bələdiyyəsinin ##.##.2024-cü il tarixli * saylı qərarı əsasında ayrılmış 0,25 ha torpaq sahəsinin iddiaçı İddiaçı Baloğlan qızının adına xüsusi mülkiyyət hüququ üzrə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Bakı şəhəri, Əzizbəyov rayonu Şüvəlan Bələdiyyəsinin ##.##.2024-cü il tarixli, * saylı qərarı əsasında 0,25 ha torpaq sahəsi əldə edilmişdir. Iddiaçının həmin torpaq sahəsi üzərində özəlləşdirilərək hüquqlarının dövlət qeydiyyatına alınması hüququ mövcuddur. Bu məqsədlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinə müraciət edilmiş, lakin müvafiq imtinalar alınmışdır. Imtinanın əsaslandırılması zamanı bildirilib ki, torpaq sahəsinin sərhədləri barədə məlumatın mövcud olmaması və torpaq sahəsinin yerləşməsini göstərən sənəddə bələdiyyə qərarına istinad edilməməsi səbəbi ilə qeydiyyat mümkün deyil. Qeyd olunan imtina əsasları anlaşılmaz və qeyri-müəyyəndir. Bələdiyyəyə məxsus torpaq sahəsinin sərhədləri barədə məlumatın olub-olmaması iddiaçıya aid deyil və torpaq sahəsi faktiki olaraq yerindədir. Cavabdeh orqan bugünə qədər bütün hüquqi sənədləri təqdim etsəm də tam araşdırma aparılmamış lazım olan araşdırma aparılması yerinə, ərizənin icrasından qanunsuz və əsassız imtina edilməsini daha rahat çıxış yolu hesab etmişdir. Bu səbəbdən də hazırkı tələblə məhkəməyə müraciət edir. Sonradan iddiaçı (nümayəndəsi və vəkili vasitəsi ilə) məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Şüvəlan Bələdiyyəsinin ##.##.2004-cü il tarixli, * saylı qərarı əsasında Əzizbəyov (indiki Xəzər rayonu) rayonu, Şüvəlan qəsəbəsində iddiaçı İddiaçı adına ayrılmış 0.25 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Cavabdeh tərəfindən verilmiş iddiaya etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə Idarəyə müraciət etmiş və 253020650695 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman iddia olunan sahənin şərti sərhədli olmaqla ümumi hasardaxili sahənin bir hissəsində yerləşdiyi məlum olmuşdur. Həmçinin elektron kadastr məlumatlarına əsasən göstərilən sahə dövlət mülkiyyəti torpaqlarına aiddir. O cümlədən təqdim olunan cizgidə dəqiq istinad, istinad məsafələri qeyd olunmadığından sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə cizgi ilə faktiki sahə arasında ciddi perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı ilə (hakim G.Tanrıverdiyeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya etiraza uyğun olaraq əsaslandırılmış və qeyd olunmuşdur ki, Idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman iddia olunan sahənin şərti sərhədli olmaqla ümumi hasardaxili sahənin bir hissəsində yerləşdiyi məlum olmuşdur. Həmçinin elektron kadastr məlumatlarına əsasən göstərilən sahə dövlət mülkiyyəti torpaqlarına aiddir. O cümlədən təqdim olunan cizgidə dəqiq istinad, istinad məsafələri qeyd olunmadığından sənədin göstərilən sahəyə aid olubolmadığını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə cizgi ilə faktiki sahə arasında ciddi perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Bakı Inzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin iddiaçının adına qanunamüvafiq qaydada ayrılıbayrılmaması, təqdim edilmiş cizgi ilə faktiki vəziyyət arasında uyğunsuzluğun olması və cizginin bu sahəyə aidliyinin müəyyənləşdirilməsinin mümkünsüz olması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Iddiaçı IPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Iddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Iddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. IPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk olaraq aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. - 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. - 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. - 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. - 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqısatqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən: - 4.0-cu maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: - 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; - 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək. - 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrı-ayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Həmin Əsasnamənin 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin ##.##.2002-ci il tarixli *** nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır - 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ........ - 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Işin faktiki hallarından görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu Şüvəlan Bələdiyyəsinin ##.##.2004-cü il tarixli, * saylı qərarına əsasən Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi hüdudları daxilində uzun müddət istifadəsində olan 0,25 ha torpaq sahəsi bağ evi tikintisi üçün alqı-satqı yolu ilə iddiaçı İddiaçı mülkiyyətinə ayrılmış, torpağın satın alınmasına dair müvafiq qaydada akt tərtib olunmuş, torpaq sahəsinin sxemi tərtib edilmiş, torpaq sahəsinin dəyəri bələdiyyə büdcəsinə köçürülmüşdür. Iddiaçı qeyd olunan hüquqmüəyyənedici sənədə istinad edərək, Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasında, iddia tələbinə etirazında və apellyasiya şikayətinin dəlillərində o hallara istinad etmişdir ki:

1. Idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman iddia olunan sahənin şərti sərhədli olmaqla ümumi hasardaxili sahənin bir hissəsində yerləşdiyi məlum olmuşdur.

2. Elektron kadastr məlumatlarına əsasən göstərilən sahə dövlət mülkiyyəti torpaqlarına aiddir.

3. Təqdim olunan cizgidə dəqiq istinad, istinad məsafələri qeyd olunmadığından sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır.

4. Cizgi ilə faktiki sahə arasında ciddi perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasını və apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Bununla bağlı kollegiya iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirir: Dövlət Arxivinin Bakı Filialı tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq ##.##.2025-ci il tarixli *-**-*F/*-M-*-****/**** nömrəli məktubla Şüvəlan Bələdiyyəsinin ##.##.2004-cü il tarixli ** saylı qərarı və qərara alavə olunmuş sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə göndərilmişdir: - Iddiaçı tərəfindən Bələdiyyəyə ünvanlanan ##.##.2004-cü il tarixli ərizədən görünür ki, istifadəsində olan 0,25 ha torpaq sahəsinin alqı-satqı yolu ilə ona verilməsi xahiş olunmuşdur. - Əzizbəyov rayonu Şüvəlan bələdiyyəsi tərəfindən Bakı Şəhər Icra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş Idarəsinə ünvanlanan *** nömrəli ##.##.2004-cü il tarixli məktubla sözügedən torpaq sahəsinin tikinti üçün alqı-satqı yolu ilə verilməsinə rəy verilməsi xahiş edilmişdir. - Bakı Şəhər Icra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş Idarəsi tərəfindən Bələdiyyəyə ünvanlanan ** nömrəli ##.##.2004-cü il tarixli məktubla İddiaçı Baloğlan qızına təklif olunan torpaq sahəsinin ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsi tərəfindən Şüvəlan Bələdiyyəsinə ünvanlanan ##.##.2004-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı Baloğlan qızına ayrılması təklif olunan torpaq sahəsinə Bakı şəhər şöbəsinin mütəxəssisləri tərəfindən baxış keçirilmiş, topoqrafik planlama yolu ilə ərazinin miqyasda cizgi planı hazırlanmışdır. Torpaq sahəsi 0,25 ha ölçüdə olmaqla səkkizinci qiymət zonasında yerləşir. Məktubla sözügedən torpaq sahəsinin tikintisi üçün alqı-satqı qaydasında vətəndaşın adına sənədləşdirilməsi üçün yerquruluşu layihəsi və torpaq sahəsinin qaiməsindən çıxarış Bələdiyyəyə göndərilmişdir. - Torpaq sahəsinin planı və mövqe cizgisi Memarlıq və Şəhərsalma Baş Idarəsi tərəfindən razılaşdırılmaqla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinin müdiri və baş mütəxəssisi tərəfindən imza və möhürlə təsdiq edilmişdir. - Torpaq sahəsinin qaiməsindən görünür ki, 2500m2 ümumi sahəsi olan torpaq sahəsinin 1m2-i 4600 man olmaqla torpaq sahəsinin ümumi dəyəri 11.500.000 man qiymətləndirilmişdir. - ##.##.2004-cü il tarixdə imza və möhürlə təsdiq edilmiş Torpaqların alqı-satqısına dair aktdan görünür ki, İddiaçı Baloğlan qızının ##.##.2004-cü il tarixli müraciəti nəzərə alınaraq Şüvəlan Bələdiyyəsi ərazisində 0,25 ha torpaq sahəsinin satılması barədə ##.##.2004-cü il tarixli * saylı qərar qəbul edilmiş, bunun müqabilində İddiaçı Baloğlan qızı tərəfindən Bələdiyyənin bank hesabına 11.500.000 manat haqq ödənilmişdir. - ****** nömrəli ##.##.2004-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Baloğlan qızı tərəfindən torpaq alqı-satqı üçün 11.500.000 manat 00 qəpik kassaya mədaxil edilmişdir. - Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin ##.##.2004-cü il tarixli ** saylı qərarından görünür ki, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi hüdudları daxilində uzun müddət istifadəsində olan 0,25 ha torpaq sahəsi iddiaçının adına sənədləşdirilmişdir. Apellyasiya şikayətinin dəlillərini əsassız sayan kollegiya qeyd edir ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi, sözügedən torpaq sahəsi iddiaçıya ayrılarkən Bələdiyyə tərəfindən qanunvericilik normalarına əməl edilməklə müvafiq razılıqlar alınmış, alqı-satqı həyata keçirilmiş, qanunvericiliklə müəyyən edilmiş qaydada Bələdiyyəyə ayrılmış torpaq sahələrinin hüdudları daxilində yerləşməklə iddiaçıya torpaq sahəsi ayrılmışdır. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi zamanı aparılan araşdırmalar və təqdim edilmiş sənədlər nəticəsində müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsi digər fiziki şəxsin adına Şüvəlan Bələdiyyəsinin qərarına əsasən ayrılmışdır və həmin torpaq sahəsi sözügedən şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə ki, apellyasiya icraatı zamanı məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Cavabdehn * saylı Bakı Ərazi Idarəsi tərəfindən məhkəməyə ünvanlanan *-**-*- **/*-*****/**** nömrəli ##.##.2026-cı il tarixli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki, Şüvəlan Bələdiyyəsinin qərarları əsasında X1 ayrılmış torpaq sahələrinə mülkiyyət hüquqlarının iddiaçının adına dövlət qeydiyyatına alınması və bu barədə çıxarışlar və plan və ölçülərin verilməsi məhkəmə qərarı ilə Cavabdehn * saylı Bakı Ərazi Idarəsinə həvalə olunmuşdur. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarının icrası nəticəsində X1 adına ünvan 1 ünvanında yerləşən 0,06 ha, ************ reyestr nömrəli torpaq sahəsi 1125173694 qeydiyyat nömrəsi ilə ##.##.2025-ci il tarixdə qeydiyyatdan keçmişdir. Beləliklə, eyni mühüm faktiki hallara, hüquqmüəyyənedici sənədlərə malik olmasına baxmayaraq, cavabdeh inzibati orqan əsassız olaraq İddiaçı Baloğlan qızının müraciətinin təmin edilməsindən imtina etmişdir. Bununla da inzibati orqan öz praktikasında vətəndaşlara münasibətdə bərabər davranmamışdır. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, müvafiq işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** saylı ##.##.2023ci il tarixli qərarında məhkəmə hüquqi mövqeyini bu cür əsaslandırılmışdır: Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Inzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. Inzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. Inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçının qanuni istifadəsindəki torpaq sahəsi ümumi hasar daxilində yerləşsə də, həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmış torpaq sahələri ilə üst-üstə düşmə halının olması nə birinci instansiya, nə də apellyasiya icraatı zamanı aparılan araşdırmalar nəticəsində öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın torpaq sahəsinin dövlət mülkiyyətində olması dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh göstərilən məsələlərlə əlaqədar, yəni göstərilən torpaq sahəsinin bələdiyyələrə ayrılan torpaq sahələrinin hüdudlarında deyil, dövlət mülkiyyətində saxlanılan torpaq sahələrində yerləşməsinə dair məhkəməyə heç bir dəlil təqdim etməmişdir. Həmçinin, hamıya bəlli olan haldır ki, elektron kadastr məlumatlarında Bakı şəhəri daxilində bələdiyyə mülkiyyəti ilə bağlı məlumatlar əksini tapmayıb. Apellyasiya şikayətinin cizgidə dəqiq istinad, istinad məsafələrinin qeyd olunmaması, həmçinin cizgi ilə faktiki sahə arasında ciddi perimetrik ölçü və konfiqurasiya fərqinin olması barədə dəlilinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə Bakı şəhəri, Əzizbəyov rayonu Şüvəlan Bələdiyyəsinin ##.##.2004-cü il tarixli, * saylı qərarı və ona əlavə edilmiş sənədlərin əsli iddiaçıda, həmçinin sənədlərin arxiv nüsxəsi Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Torpaq sahəsinin cizgisində istinad, istinad məsafələrinin qeyd olunmaması iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. Cavabdehin imtina əsası kimi qeyd etdiyi bu əsas iddiaçının ziyanına şərh edilməməlidir. Belə ki, işin hallarından göründüyü kimi, sözügedən torpaq sahəsi uzun illərdir iddiaçının faktiki istifadəsindədir və mübahisə predmetinə dair hüquqmüəyyənedici sənəd olan qərarın və həmin qərara əlavə edilmiş yerləşmə cizgisinin mötəbər qiymətləndirilməməsi üçün hər hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, araşdırmalar zamanı müəyyən olunmuşdur ki, iddiaçıya sözügedən qərarla ayrılan və bələdiyyə sədri tərəfindən imza və möhürlə təsdiq edilən torpaq sahəsinin planı və cizgisi Memarlıq və Şəhərsalma Baş Idarəsi tərəfindən razılaşdırılmaqla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinin müdiri və baş mütəxəssisi tərəfindən imza və möhürlə təsdiq edilmişdir. Bununla da məhkəmə kollegiyası diqqətə çatdırır ki, bu hallar iddiaçının torpaq üzərində mülkiyyət hüququnun tanınmaması üçün əsas ola bilməz. Qeyd edildiyi kimi Şüvəlan bələdiyyəsi tərəfindən sözügedən torpaq sahəsinin iddiaçıya ayrılmasına dair sənədlərin arxiv əsası mövcuddur. Beləliklə, iş materiallarından görünür ki, iddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması üçün ona torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri, Əzizbəyov rayonu Şüvəlan Bələdiyyəsinin ##.##.2004-cü il tarixli, * saylı qərarı və eləcə də həmin qərar əsasında tərtib edilmiş alqı-satqı aktını cavabdehə təqdim etmişdir, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri, Əzizbəyov rayonu Şüvəlan Bələdiyyəsinin ##.##.2004-cü il tarixli, * saylı qərarı və eləcə də həmin qərar əsasında tərtib edilmiş alqısatqı aktı qüvvədədir, torpaq sahəsinin ayrıldığı və iddiaçının istifadəsində olduğu müddətdə həmin qərar hər hansı subyekt tərəfindən mübahisələndirilməmiş, həmçinin cavabdeh tərəfindən bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2021-ci il tarixli qərarında göstərilmişdi ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “Inzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Məhkəmə kollegiyası nəzərə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar faktiki və hüquqi hallara əsaslanan mübahisə üzrə qəbul etdiyi *- *(***)-****/**** saylı, ##.##.2023 tarixli qərarında analoji hüquqi mövqe ifadə edilmişdir. Həmin qərarda işə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki: “42. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçının üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədədir. Iddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da, iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçı təxminən 30 ilə yaxındır ki, qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.” Məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, qeyd edilən torpaq sahəsi kateqoriyasına görə yaşayış məntəqələri torpaqlarında yerləşməklə dövlətin müstəsna mülkiyyətində saxlanılan torpaqlara aid edilməsi iş üzrə araşdırmalar zamanı müəyyən edilmədi. Odur ki, həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar