Məhkəmə qərarları › İş №2-1(3-6)-189/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-189/2026

01.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-189/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı mərhum Böyükxanım Hacıbala qızının hüquqi varisi Hüquqi varis cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “torpaq sahəsinə dair cizginin (yerləşmə sxeminin) tərtib edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və X6 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçının hüquqi varisi Hüquqi varis iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin ## ###### 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi Sabunçu rayonu, Maştağa qəsəbəsinin inzibati ərazisinə aid olsa da, 1992-ci illərdə Abşeron rayonunun istifadəsinə verilmiş torpaq sahələrinə aid olmuşdur. Bu səbəbdən ərizənin təmin edilməsi imkan xaricindədir.

2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı ərazi idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, sözügedən ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, faktiki torpaq sahəsi ümumi hasar daxilində olmaqla 2 tərəfi daş hasar, 2 tərəfi isə şərtidir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Maştağa Tərəvəzçilk- Südçülük Sovxozunun Azərbaycan Respublkası Prezidentinin ## #### 2008-ci il tarixli, **** nömrəli müvafiq Sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsindədir. Faktiki göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Sahənin dövlət qeydiyyatı barədə elektron bazada məlumat aşkar edilməmişdir.

3. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmə sorğusuna cavab olaraq göndərilmiş ##.##.2025-ci il tarixli, *-**-*F/*-***/**** nömrəli məktubu ilə Lenin rayon İK-nin ##.##.1992-ci il tarixli, */** saylı Qərarının təsdiq edilmiş surəti göndərilmişdir: Keçmiş Lenin rayon İK-nin ##.##.1992-cİ il tarixli, */** saylı Qərarına əsasən XXX Böyükxanım Hacıbala qızına fərdi yaşayış evinin tikintisi üçün, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, keçid 2, sahə 11-də, 1200 kv.m torpaq sahəsi ayrılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Keçmiş Lenin rayon İK-nin ##.##.1992-ci il tarixl, */** saylı Qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün Böyükxanım Hacıbala qızına ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, keçid 2, sahə 11-də yerləşən 1200 kv.m torpaq sahəsinə dair cizginin (yerləşmə sxeminin) tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddianın əsaslarına görə, keçmiş Lenin rayon İK-nin ##.##.1992-cİ İl tarixli, */** saylı qərarına əsasən XXX Böyükxanım Hacıbala qızına fərdi yaşayış evinin tikintisi üçün, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, keçid 2, sahə 11-də, 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Sözügedən əmlakı sənədləşdirmək üçün ondan həmin əmlakın yerləşmə sxemi tələb olunur. Tələb olunan sənədi almaq üçün iddiaçı Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin ##.##.2024-cü il tarixli imtina məktubunda bildirilir ki, yerləşmə sxeminin verilməsi ilə bağlı torpaq sahəsinə baxış keçirilərkən məlum olmuşdur ki, sözügedən torpaq sahəsi Sabunçu rayonu, Maştağa qəsəbəsinin inzibati ərazisinə aid olsa da, 1992-ci illərdə Abşeron rayonunun istifadəsinə verilmiş torpaq sahələrinə aid olmuşdur. Bu səbəbdən də müraciətinin təmin edilməsi imkan xaricindədir. Abşeron Rayon İcra Hakimiyyətinin ##.##.2024-cü il tarixli cavab məktubunda isə bildirilir ki, qeyd edilən torpaq sahəsi “Bakı şəhərinin İnzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 yun 2008-ci il tarixli, **** nömrəli Sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonunun idarəçiliyinə qaytarılmışdır. Belə olan halda hesab edilir ki, Sabunçu Rayon İcra Hakimiyyətinin yerləşmə sxeminin verilməsindən imtinası əsassızdır.

6. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə təqdim edilmiş ##.##.2025-ci il tarixli yazılı etirazda qeyd edilmişdir ki, Tərəvəzçilik-Südçülük Sovxozu ərazisində həyətyanı torpaq sahələri kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrıla bilərdi. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evinin tikintisi ilə bağlı torpaq sahəsinin ayrılması qanunsuzdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmçinin bildirilir ki, torpaq sahəsi ayrılarkən torpaq sahəsinə dair yerləşmə sxemi verilməli idi. Ayrılmış torpaq sahəsinə dair torpaq sahəsinin baş planı, ayrıc aktı və kordinatlar barədə məlumat Sabunçu Rayon İcra Hakimiyyətində yoxdur. Həmçinin bildirilir ki, iddia edilən torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşməklə dövlət mülkiyyətində olan torpaqlardır. Belə olan halda yalnız iddiaçının ifadəsinə əsasən iddia tələbinin təmin edilməsi yolverilməzdir.

7. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından müəyyən edilir ki, keçmiş Lenin rayon İK-nin ##.##.1992-ci il tarixl, */** saylı Qərarı əsasında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, keçid 2, sahə 11-də yerləşən 1200 kv.m torpaq sahəsi iddiaçıya ayrılmış, naturada ona təhvil verilmiş olsa da, həm qərar tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi verilməmiş, ayrılmış torpaq sahəsinə dair ayrıc aktı həmin dövrdə vətəndaşa təqdim edilməmişdir.

10. Nəzərə alınmalıdır ki, iddiaçının tələb etdiyi sənədin tərtib edilməsi torpaqayırma prosedurunun ayrılmaz tərkib hissəsidir. Torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə torpaqayırma sənədlərinin tamlığının, eyni zamanda dəqiqliyinin təmin olunması torpaq ayıran inzibati orqanın öhdəliyinə aid edilmişdir. Odur ki, hazırda qüvvədə olan qanunvericiliyin tələbi baxımından, cavabdehin həmin səlahiyyətə malik olub-olmaması da onu mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş öhdəliyin icrasından azad etmir.

11. Bundan başqa Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin ayrılması barədə qərar ləğv edilmədiyindən, geri çağrılmadığından, dəyişdirilmədiyindən və hal-hazırda öz hüquqi qüvvəsini saxladığından, faktiki olaraq həmin Qərar əsasında ayrılan torpaq sahəsinə dair cizgi aktının verilməsi təmin olunmalıdır.

12. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılması barədə keçmiş Lenin rayon İK-nin ##.##.1992-ci il tarixli, */** saylı Qərarı qüvvədədir və arxiv nüsxəsi mövcuddur. Torpaq sahəsi iddiaçının istifadəsində olmaqla faktiki ölçüsü 1200 kv.m-dir. Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsi dövlət mülkiyyətindədir. Üstüstə düşmə halı müəyyən edilməmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

13. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin *- *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, iddiaçıya torpaq sahəsi 34 il bundan öncə yəni 1992- ci ildə ayrılmışdır. Həmin zaman torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiyində olmuşdur. Torpaq sahəsi ayrılan zaman plan ölçülər həmin torpağı ayıran qurum tərəfindən təqdim edilməli idi. Artıq həmin vaxtdan uzun müddət ötdüyündən və hazırda iddiaçının iddia etdiyi 1200 kv.m torpaq sahəsinin harada yerləşməsi barədə Sabunçu Rayon İcra Hakimiyyətində məlumat olmadığından həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi mümkün deyil. Eyni zamanda mübahisəli torpaq sahəsi faktiki olaraq dövlət Dövlət mülkiyyəti torpağıdır.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

16. Apellyasiya baxışı zamanı elekton informasiya sistemindəki məlumatlardan müəyyən olunmuşdur ki, iddiaçı Böyükxanım Hacıbala qızı ##.##.2025-ci il tarixdə vəfat etmişdir.

17. Odur ki, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinə ## ##### 2026-cı il tarixli sorğu göndərərək ##.##.2025-ci il tarixdə vəfat etmiş Böyükxanım Hacıbala qızının (FİN: ******* , doğum tarixi ##.##.1948-ci il ) yaxın qohumları, həmçinin vərəsəlik işi açılması ilə bağlı məlumatların və sənədlərin məhkəməyə təqdim olunması xahiş olunmuşdur.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsi ## ### 2026-cı il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən anası X1 olan ##.##.1948-ci il təvəllüdlü Böyükxanımın (##.##.2025-ci ildə vəfat etmişdir) doğumunun nikahı olamayan anadan olmuş uşağın doğumu kimi Sabunçu rayonunun Maştağa icra nümayəndəliyində qeydə alındığı müəyyən edilmişdir. Həmçinin qeyd edirik ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən Böyükxanım Hacıbala qızının adına Azərbaycan Respublikasının notariat ofislərində vərəsəlik işinin açılması aşkar edilməmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, ##.##.2025-ci il tarixdə Bakı şəhəri ** saylı notariat ofisində həmin şəxsin adından vəsiyyətnamə rəsmiləşdirilmişdir.

19. Həmçinin, Bakı şəhəri ** saylı notariat ofisinin ## ### 2026-cı il tarixli *** saylı Arayışına görə ##.##.2025-ci il tarixli 2V-*** reyestr nömrəli vəsiyyətnaməyə əsasən Hüquqi varis miras qoyanın vərəsəsi olması barədə məlumat verilmişdir.

20. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası Hüquqi varis mərhum iddiaçının hüquqi varisi olaraq məhkəmə icraatına cəlb etmişdir.

d) Prosses iştirakçılarının izahatlar

21. Məhkəmə kollegiyasının iclasında iddiaçının hüquqi varisi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

22. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh tərəf (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının ## ###### 2001-ci il tarixli, **-IIQD nömrəli Qanununa əsasən qüvvədən düşmüş Torpaq Məcəlləsinə əsasən: Maddə 14. Torpaq sahələrindən daimi istifadə. Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; ... 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; ... 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi. Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir.

24. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnaməyə görə (## #### 1999-cu il tarixli, *** nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür): Bənd 13. İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri q) torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. ... Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin: 1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir; 3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur; 4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Həmin Məcəllənin 56-cı maddəsinin 6-cı hissəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur.

25. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # #### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin” 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir.

26. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6- cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

31. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, keçmiş Lenin rayon İK-nin ##.##.1992-ci il tarixl, */** saylı Qərarı əsasında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, keçid 2, sahə 11-də yerləşən 1200 kv.m torpaq sahəsi iddiaçıya ayrılmış, naturada ona təhvil verilmiş olsa da, həm qərar tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi verilməmiş, ayrılmış torpaq sahəsinə dair ayrıc aktı həmin dövrdə vətəndaşa təqdim edilməmişdir.

32. Nəzərə alınmalıdır ki, iddiaçının (hüquqi varisin) tələb etdiyi sənədin tərtib edilməsi torpaqayırma prosedurunun ayrılmaz tərkib hissəsidir. Torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə torpaqayırma sənədlərinin tamlığının, eyni zamanda dəqiqliyinin təmin olunması torpaq ayıran inzibati orqanın öhdəliyinə aid edilmişdir. Odur ki, hazırda qüvvədə olan qanunvericiliyin tələbi baxımından, cavabdehin həmin səlahiyyətə malik olub-

33. olmaması da onu mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş öhdəliyin icrasından azad etmir.

34. Bundan başqa məhkəmə Kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, torpaq sahəsinin ayrılması barədə qərar ləğv edilmədiyindən, geri çağrılmadığından, dəyişdirilmədiyindən və halhazırda öz hüquqi qüvvəsini saxladığından, faktiki olaraq həmin Qərar əsasında ayrılan torpaq sahəsinə dair cizgi aktının verilməsi təmin olunmalıdır.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.

36. Cavabdeh isə heç bir obyektiv araşdıma aparmadan torpaq sahəsinə dair cizgi aktının verilməsindən imtina etmişdir ki, bununla da iddiaçının etimad göstərdiyi və halhazırda qüvvədə olan inibati akta münasibətdə etimad hüququnun pozulmasına səbəb olmuşdur.

37. Oxşar mövqeyi olaraq məhkəmə kassasiya instansiya məhkəməsinin aşağıdakı qərarlarına istinad edir.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- ****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, “İş materiallarından müəyyən edilir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, Sərəncam tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Cavabdeh qurum fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m. torpaq sahəsinə dair ayrıc aktını həmin dövrdə sərəncam ilə birlikdə vətəndaşa təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçıya Zirə qəsəbəsinin şimal-qərb hissəsində *** nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının ##.##.1993-cü il tarixli, 629/611 həmin sərəncamı hazırda qüvvədədir.”

39. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- *(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “İş üzrə müəyyən olunur ki, iddiaçı məhz Bakı şəhər İcra Hakimiyyətinin *** saylı ## ### 1994-cü il tarixli Sərəncamı və Binəqədi rayon İcra Hakimiyyəti Başçısının ## ###### 1998-ci il tarixli ** nömrəli Sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi (Sulutəpə) ərazisində X2 (iddiaçının mərhum əri) ayrılmış 600 kv.m torpaq sahəsinin cizgisinin təsdiq edilməsini xahiş etmişdir. İddiaçı öz tələbində hər hansı digər (o cümlədən zəbt olunmuş) sahəyə deyil, məhz Sərəncama əsasən ona verilmiş torpaq sahəsinə dair cizginin təsdiq edilməsini tələb etdiyindən məhkəmələr iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişlər.”

40. Yuxarıda göstərilən məhkəmə qərarlarından aydın olur ki, kassasiya instansiyası məhkəməsinin hazırkı işlər üzrə formalaşmış mövqeyi, torpaq sahəsinin ayrılması ilə bağlı aktın qəbul edilməsi zamanı yerli icra hakimiyyətinin həyata keçirməli olduğu vəzifələri və bu prosesin vətəndaşın xeyrinə tənzimlənməsi prinsiplərinə əsaslanır. Həmin qərarlara əsasən, yerli icra hakimiyyəti tərəfindən veriləcək yerləşmə cizgisinin təmin edilməsi, məhz həmin qurumun özünün məsuliyyətində və müvafiq səlahiyyətlər çərçivəsində olmalıdır. Bu zaman, yerli icra hakimiyyətinin bu vəzifəni yerinə yetirərkən qanunvericiliyə və müvafiq hüquqi normativ aktlara uyğun olaraq hərəkət etməsi vacibdir.

41. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılması barədə keçmiş Lenin rayon İK-nin ##.##.1992-ci il tarixli, */** saylı Qərarı qüvvədədir və arxiv nüsxəsi mövcuddur. Torpaq sahəsi iddiaçının istifadəsində olmuşdur və faktiki ölçüsü 1200 kv.m-dir. Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsi dövlət mülkiyyətindədir. Üstüstə düşmə halı müəyyən edilməmişdir.

42. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı olaraq isə qeyd edir ki, apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya torpaq sahəsi 34 il bundan öncə yəni 1992-ci ildə ayrılmışdır. Həmin zaman torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiyində olmuşdur. Torpaq sahəsi ayrılan zaman plan ölçülər həmin torpağı ayıran qurum tərəfindən təqdim edilməli idi. Artıq həmin vaxtdan uzun müddət ötdüyündən və hazırda iddiaçının iddia etdiyi 1200 kv.m torpaq sahəsinin harada yerləşməsi barədə Sabunçu Rayon İcra Hakimiyyətində məlumat olmadığından həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi mümkün deyil. Eyni zamanda mübahisəli torpaq sahəsi faktiki olaraq dövlət Dövlət mülkiyyəti torpağıdır.

43. Bununla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçıya torpaq sahəsi 34 il bundan öncə ayrılması hazırkı iddianın rəddinə əsas deyildir, belə ki, nəzərə alınmalıdır ki, iddiaçının həmin daşınmaz əmlaka gözlənti hüququ olmuşdur.

44. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, Oxşar mübahisə ilə bağlı Azərbaycan Respublikasının İnzibati Kollegiyasının 2-1(102)- ****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarında cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.

45. Həmin qərardadda göstərilmişdir ki, “15. ...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (V.S.Quliyevin Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə ## ###### 2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli; R.N.Nəcəfovun Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə ## ####### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli; R.N.İsmayılovun Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinə qarşı iş üzrə ## ######## 2023- cü il tarixli, 2-1(102)- ****/**** nömrəli; S.H.Abdulovanın Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə ## #### 2023-cü il tarixli, *-*(***)- ****/**** nömrəli; S.T.Rəhimovanın Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə ## #### 2023- cü il tarixli, *-*(***)-****/**** nömrəli; N.R.Əliyevin Xəzər rayon İcra Hakimiyyətinə qarşı iş üzrə ## #### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli; N.M.Eyvazovun Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə ## ####### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarlar) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının tələb etdiyi sənədin tərtib edilməsi torpaq ayırma prosedurunun ayrılmaz tərkib hissəsidir və torpaq ayırma prosedurunun sonunda həmin sənədin sərəncamla birlikdə iddiaçıya, eləcə də arxivə təqdim olunması cavabdehin məsuliyyət sferasına aid olmuşdur. Bu qayda cizginin tərtib və təsdiq olunmasına da şamil edilir. Bu zaman həm də nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə, torpaq ayırma sənədlərinin tamlığının təmin olunması da cavabdehin öhdəliyinə aid edilmişdir. Odur ki, hazırda qüvvədə olan qanunvericiliyin tələbi baxımından onun həmin səlahiyyətə malik olubolmaması cavabdehi mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş öhdəliyin icrasından azad etmir..”.

46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

47. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar