Məhkəmə qərarları › İş №2-1(3-6)-192/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-192/2026

05.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(3-6)-192/2026 05.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlundan (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçının İddiaçı nümayəndəsi X2, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitsiya Agentliyinə qarşı “Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixdən əlilliyin təyin olunması barədə qərarının ləğv edilməsi, iddiaçı barəsində 2-ci dərəcəli əlilliyin ləğv edilən tarixdən bərpa edilməsi və 2-ci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13630/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixdən əlilliyin təyin olunması barədə qərarının ləğv edilməsi, iddiaçı barəsində 2-ci dərəcəli əlilliyin ləğv edilən tarixdən bərpa edilməsi və 2-ci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı bildirir ki, 2008-ci ilin fevral ayından ümumi xəstəlik nəticəsində iddiaçıya 2-ci dərəcəli əlillik təyin edilmiş və əlilliyin müddəti hər il olmaqla 8 (səkkiz) dəfə ardıcıl olaraq təsdiqlənərək 2016-cı ilə kimi uzadılmışdır. 2016-cı ildə əlillik dərəcəsi daha 5 (beş) il müddətinə uzadılmışdır. Beləliklə əlilliyi fasiləsiz olaraq 13 (on üç) il davam etmişdir. 2016cı ildə əlilliyi 5 (beş) il müddətinə uzadılarkən o vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin tələbləri kobud şəkildə pozularaq müddətli təyin edilmişdir. Belə ki, Əsasnamənin həmin qeyd olunan maddəsinə əsasən əlilliyi 13 (on üç) il fasiləsiz təyin edildiyindən müddətsiz təyin edilməli idi. Əlilliyinin 13 (on üç) il fasiləsiz olaraq davam etməsinə və saysız-hesabsız (24 ədəd dizaqnoz) xəstəliklərinin olmasına baxmayaraq sonradan qanuna zidd olaraq əlilliyi ləğv edilmişdir. Ləğv edilməsinin qanuna zidd olmasını nəzərə alaraq əlillik dərəcəsinin bərpa edilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra ƏƏSMN) poçt vasitəsilə kağız daşıyıcısında rəsmi müraciət etdi. e-Sosial tətbiqindən Şəxsi Kabinet vasitəsilə yükləyərək cavabı əldə etmişdir. Məktubla tanış olduqda aydın oldu ki, 30 sentyabr 2015-ci il tarixli 1308-1VQ nömrəli “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.13-cü maddəsinin (7.13. Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır) və 21 oktyabr 2005-ci il tarixli 1036-İİQ nömrəli “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 79.5,-ci maddəsinin (79.5. Şikayət instansiyası şikayətə baxılmasını heç bir halda şikayət olunan inzibati aktı qəbul etmiş inzibati orqana və ya onun vəzifəli şəxslərinə həvalə edə bilməz) tələbləri kobud şəkildə pozularaq araşdırılması məqsədilə ƏƏSMN nəzdində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. Hadisənin belə cərəyan etdiyini görərək xx.xx.2025-ci il tarixində ƏƏSMN-nə bir daha müraciət (əlavə) etmək məcburiyyətində qaldı. xx.xx.2025- ci il tarixli rəsmi müraciətinə də rəsmi cavab verilməmişdir. Dəfələrlə 142 qısa nömrə vasitəsilə rəsmi cavabı tələb etsə də yenə də müraciətlərinə kağız daşıyıcısında rəsmi cavablar göndərilməmişdir. Cavbadeh orqan iddiaya etiraz edir və bildirir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 26 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: 12 barmaq bağırsağın xora xəstəliyi. Laparatomiya.Subtotal kolektomiyadan sonrakı vəziyyət.Bitişmə xəstəliyi.Hissəvi bağırsaq keçməməzliyi. Meqakolon. Transverzptoz.Yoğun bağırsağın hipomotor diskineziyası.Xoradan qanaxma ilə..Mədə bağırsaq qanaxması.12 barmaq bağırsağın soğanağının deformasiyası. Postbulbar hissənin darlıqlı deformasiyası.Tənəffüs çatmamazlığı İİ dərəcə..Ağciyərlərin emfizeması.Presbiopiya, .Hipertoniya xəstəliyi İİ dərəcə..Asteno-nevrotik sindrom.NSD-kardial tipli..Xroniki pankreatit.Eroziv qastrit. Qastroduodenal reflüks.QBDDY..Bronxial astma,infeksion allergik forma,tez-tez boğulma tutmaları ilə. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Köməkçi diaqnostik laborator və obyektiv müayinələrin nəticələri əlillik təyininə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxıldıqdan sonra verilən əlillik təyinatından imtina qərardan iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o iddia müddətini ötürməklə məhkəməyə şikayət etmişdir. Məhkəmə tərəfindən iddiaçıya 20 avqust 2025-ci il tarixli hüquqi yardım barədə məktub ünvanlanaraq, xx.xx.2021-ci il tarixli qərarın mübahisələndirilməsi üçün iddia müddətininin buraxıldığı bildirilmişdir. İddiaçı tərəfindən məhkəməyə müddətin bərpası barədə ərizə təqdim edilərək bildirilmişdir ki, iddiaçıya 2008-ci ilin fevral ayından ümumi xəstəlik nəticəsində 2-ci qrup əlillik təyin olunmuşdur. 2021-ci ilin iyun ayında qanunsuz olaraq əlilliyin təyinatı dayandırılmışdır. Halbu ki, iddia ərizəsində qeyd etdiyi əsaslara uyqun olaraq əllik müddəti 10(on) il fasiləsiz olaraq davam edərsə müddətsiz olaraq əlilliyin təyin olunması barədə qəbul edilməli idi. Bu cür tam qanunsuz olaraq qərarın qəbul edilməsi və belə qərarın müddətin keçməsi ilə qanuni qüvvəyə minməsi birbaşa olaraq ədalət sisteminin pozulması deməkdir. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddiaçı xəstəlikdən uzun müddətdir ki, əziyyət çəkir. İddiaçının belə bir qərarın mahiyyətindən və müddətindən xəbəri olmayıb . Qanunda da qeyd olunub ki, savadsızlıq üzündən iddia müddəti bərpa oluna bilər. İddiaçı indiyə qədər xəstəlikdən əziyyət çəkir və heç bir qanunlardan və həmin qanunların necə tətbiq olunmasından xəbəri yoxdur. İddiaçıya dövlət orqanları tərəfindən belə bir hüququ izah edilməmişdir. İndi bir sual yaranır ki, iddiaçı bu xəstəlik və savadsızlıq ilə hardan bilə bilərdi ki, 2 (iki) ay müddətində rəsmi olaraq tanış olmadığı qərardan şikayət etməlidir. Bundan əlavə iddiaçının üzərində olan digər öhdəliklər vardır. O bu xəstə halı ilə ahıl xəstə 80 yaşlı anasına, xəstə yoldaşına və İ qrup əlil övladına baxır. Bu qədər çətin həyat şəraiti altında bir qadın kimi öz üzərinə düşən valideynlərə baxmaq vəzifəsini, xəstə həyat yoldaşına və əlil uşaqlarına qulluq etmək öhdəliklərini çətinlik olsa da yerinə yetirməyə çalışır. İndiyə qədər ona rəsmi olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdaiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertizası və Reabilitasiya Agentliyi tərəfindən qəbul olunmuş Qərar ilə bağlı ünvanına heç bir rəsmi məktub və ya telefona heç bir bildiriş gəlməmişdir. Bu hal bir mənalı olaraq müddətin bərpası üçün əsasdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13630/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilərərək işə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza Reabilitasiya və Agentliyi iddiaçının əlilliyini müddətsiz təyin etməli idi. Ancaq artıq 4 ildir ki, həmin inzibati akt hələ də qüvvədədir. Məhkəmənin cavabdeh üçün müvfiq tədbirlər görməməsi onların daha da öz üzərilərinə düşən öhdəliklərdən boyun qaçırmaqlarına gətirib çıxaracaqdır. Cavabdeh orqan bu Əsasnaməyə əsasən müvafiq qərar qəbul etmişdir. Lakin bu maddədə qeyd olunanlar hal-hazırki münasibətlərə tətbiq olunur. Keçmişə şamil oluna bilməz. Qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməsinin mətninə əsasən yenidən qiymətləndirmə nəzərdə tutulmurdu. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göründüyü kimi 2022-ci il tarixli Əsasnamənin müddəalarının tətbiqi iddiaçının vəziyyətimi ağırlaşdırır. Ona görə də bu Əsasnamənin tətbiq edilməsi konstitusion normanın pozulması faktına gətirib çıxarır. Nəticə olaraq iddia müddəti qərarın qəbul edildiyi vaxtdan deyil, iddia müddəti inzibati aktın mənə təqdim ediliyi vaxtdan başlamalı idi. Lakin nə rəsmi qərar var, nə də bununla bağlı sms və ya bildiriş var. Ona görə də məhkəmə cavabdeh orqanının bu məsuliyyətsizliyinə və vətəndaşa hüquqlarının müdafiə edilməsi üçün qərarını təqdim etmədiyinə görə iddia müddəti bərpa edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən qüvvədə saxlanmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddia mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən inzibati məhkəmə icraatına aid iddia növündə və iddia müddətləri çərçivəsində, qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Konkret halda isə iddianın mümkünlük şərti yerinə yetirilmir. Belə ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixdən əlilliyin təyin olunması barədə qərarının ləğv edilməsi, iddiaçı barəsində 2-ci dərəcəli əlilliyin ləğv edilən tarixdən bərpa edilməsi və 2-ci dərəcəli əlilliyin müddətsiz təyin edilməsindən ibarətdir. İşin apellyasiya baxışı zamanı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş 29 yanvar 2026-cı il tarixli sorğuya cavab məktubuna əsasən şəxsin ümumi xəstəlik səbəbilə ikinci dərəcə əlillik təyinatı xx.xx.2016-cı il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1-ci bəndinə uyğun olaraq dövlət tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmədən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra vətəndaşa dair Bakı 26 nömrəli Şəhər Poliniklinikası tərəfindən 2786003AAED9 nömrəli və 2786003AAENU nömrəli göndərişlər rəsmiləşdirilmişdir. Həmin göndərişlər əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. İddiaçı əlillik vəziyyəti sonuncu dəfə dövlət tibb müəssisəsinin 2786003AAEV1 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, xx.xx.2021-ci il tarixdən əlilliyin təyin olunmaması barədə qərar qəbul edilmişdir. İş materiallarından göründüyü kimi iddiaçı cavabdehin xx.xx.2021-ci il tarixli qərarını mübahisələndirir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli xxxxxxx0006 nömrəli Qərarı ilə İddiaçı əlilliyinin müəyyən edilməsindən imtina edilmiş, iddiaçının nümayəndəsi məhkəmədə bildirmişdir ki, həmin qərar barədə 2021-ci il tarixdən məlumatlı olmasına baxmayaraq qərar olan yazılı formada verilməmişdir və buna görə də çoxsaylı yazışmalardan sonra məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi X5 Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta .. məhkəmə onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd olunan mövqeyi məhkəmə qərarından verilən şikayətə aid olsada ərizəçinin inzibati orqanların narazı qaldığı qərarlarından və hərəkətlərdən vaxtında şikayət verməsini özündə ehtiva edir. Göründüyü kimi iddiaçı tərəfindən 2021-ci ildən hüququnun pozulmasından xəbərdar olmasına baxmayaraq cavabdehin qəbul etdiyi inzibati aktın mübahisələndirilməsi üçün 4 ildən sonra məhkəməyə müraciət etmiş və bunulada qanunvericilikdə müəyyən edilmiş prosessual müddəti buraxılmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində müddətində qaldırıla bilər. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının qanunla nəzərdə tutulmuş müddəti ötürməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə də, İPM-in 32.1-ci maddəsinin tələbi qaydasında, iddiaçının cavabdehə qarşı qaldırdığı hazırkı mübahisələndirmə haqqında iddiasının həmin Məcəllənin 35.1-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış iddia kimi qiymətləndirilməsi və məhkəmə icraatının mümkün sayıla bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsi isə nəzərədə tutur ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası yekunda belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13630/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13630/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar