Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1951/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı Dağıstan Dövlət Texniki Universitetinin neft-qaz işi ixtisası üzrə ## #### 2024-cü il tarixdə ona verilmiş 100534 0329275 seriyalı *** nömrəli bakalavr ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X4 2019-cu il tarixdə Dağıstan Dövlət Texniki Universitetinin neft-qaz işi ixtisasına qəbul olunmuşdur. Təhsil aldığı müddət ərzində bütün semestrlərdə iştirak etmişdir. Bunu təsdiq edən ümumvətəndaş pasportundan çıxarışları ərizəyə əlavə edir. Iddiaçı 2024-cü ildə sözügedən Universiteti həmin ixtisas üzrə bitirmiş və bunu təsdiq edən 100534 0329275 seriyalı *** nömrəli ## #### 2024-cü il tarixli Diplom və eyni tarixli Diploma əlavə (Qiymət cədvəli) iddia ərizəsinə əlavə edilmişdir. Təqdim olunan sənədlərdən görünür ki, iddiaçı həqiqətən həmin Universiteti yaxşı qiymətlərlə bitirmiş və bütün təhsil müddətində həmin ölkənin ərazisində olmuşdur. Lakin daha sonra diplomumu təsdiq üçün Təhsildə Keyfiyyətin Təminatı Agentliyinə (TKTA) təqdim etdikdə TKTA tərəfindən mənə təqdim olunan NA******** №-li ## ####### 2024-cü il tarixli “şablon” qərardan görünür ki, tamamilə əsassız olaraq iddiaçının Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə Qərar qəbul edilmişdir. Bu qərarın qəbul olunmasına səbəb kimi isə iddiaçının təhsil aldığı ölkənin ərazisində normativlə müəyyən edilmiş vaxt həcmində olmamağı göstərilmişdir. Iddiaçı bir daha qeyd edir ki, təhsil aldığı bütün müddət ərzində - 2019-2020-ci il tarixlərində başlanğıc sessiyada 2 dəfə, 2020-2021-ci il tarixlərində 1 dəfə, 2022-ci il tarixdə qış sessiyasında 1 dəfə və son olaraq isə 2024-cü ildə 2 dəfə olmaqla bütün sessiyalarda iştirak etmişdir. Ilk təhsil aldığı dövrdə sessiyalar müxtəlif tarixlərdə olsa da, sonrakı sessiyalar müəyyənləşdirilmişdir. Eyni zamanda 2023-cü il tarixində bütün dünyanı bürümüş məlum pandemiya ilə əlaqədar olaraq iştirakı mümkün olmamışdır. Bundan əlavə məhkəmənin diqqətinə çatdırlır ki, iddiaçının əyani şəkildə iştirakı həmin tarixlərdə mümkün olmasa da, təhsil aldığı Universitetin ##.##.2022-ci il tarixli, *** №-li; ##.##.2022-ci il tarixli, *** nömrəli ##.##.2023-cü il tarixli, *** №-li əmrlərinə əsasən Universitetdə təhsil alan xarici tələbələrə 2022-2023-cü illər ərzində olan bütün sessiyalarında iştiraklarının məsafədən (distantonline) olması nəzərdə tutulduğundan, iddiaçının dərsləri Zoom tətbiqi vasitəsilə həyata keçirilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Rusiya Federasiyası Dağıstan Dövlət Texniki Universiteti tərəfindən ona verilmiş ##.##.2024-cü il tarixli, № ****** ******* nömrəli diplom üzrə eldə etdiyi “Neft-qaz işi” ixtisasının tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş, aparılan icraat zamanı ərizəçinin təhsil aldığı ölkədə ali təhsil müəssisəsində sessiyalarda iştirak müddəti Azərbaycan Respublikasında qiyabi təhsilalma forması üzrə müəyyən edilmiş tələblərlə uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və ##.##.2024-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia tələbi təmin edilmiş, Rusiya Federasiyası Dağıstan Dövlət Texniki Universiteti tərəfindən iddiaçı İddiaçı verilmiş 100534 ******* nömrəli (qeydiyyat nömrəsi: ***), ##.##.2024-cü il tarixli Bakalavr Diplomu üzrə aldığı ixtisasın (21.03.01. Neftqaz işi) Azərbaycan Respublikasının ərazisində tanınması və müvafiq şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh xxxxnə həvalə edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının sərhədkeçmə məlumatlarının yoxlanılması zamanı onun xarici ali təhsil aldığı ölkədə olma müddəti illər üzrə aşağıdaki kimi müəyyən edilmişdir: 19-20-24 gün, 20-21 - Getməyib (Pandemiya dövrü), 21-22-25 gün, 22-23 - Getməyib, 23-24 - 2 ay 9 gün. Iddiaçının cavabdehə icraat zamanı təqdim etdiyi diplom əlavəsinin 4-cü bəndindən açıq şəkildə görünür ki, iddiaçı qiyabi təhsilalma formasında təhsil almışdır. Məhkəmə qərarının 8-ci səhifəsinin 20-ci bəndində vurğulanmış "tanınma qərarı yalnız kəmiyyət meyarlarına əsaslana bilməz" ifadəsinə əsasən bildirilir ki, tanınma zamanı sərhədkeçmə məlumatları minimum tələb kimi yoxlanılır. Məhkəmə qərarının 9-ci səhifəsinin 21-ci abzasında sərhədkeçmə barədə tələbə münasibət bildirərkən hal-hazırda qüvvədə olan və ərizəçinin müraciət etdiyi tarixdə qüvvədə olduğu üçün inzibati icraat aparılan Qaydalara istinad etməyərək, ərizəçinin tanınma üçün müraciət etdiyi tarixdən (##.##.2024-cü il) öncə ləğv edilmiş (##.##.2023) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il ## ### tarixli, ** nömrəli qərarına istinad etmiş, həmin Qaydalardakı tələblər qiymətləndirilmişdir. Məhkəmə ərizəçinin müraciətindən əvvəl ləğv edilmiş normativ akta istinadını əsaslandırarkən, onun təhsil aldığı dövrdə Azərbaycan Respublikası NK-nın 2003-cü il ## ### tarixli, ** nömrəli Qərarının qüvvədə olmasını arqument kimi göstərmişdir, lakin Məhkəmə nəzərə almamışdır ki, Tanınma Qaydaları vətəndaşın təhsilalma prosesini deyil, həmin təhsil sənədlərinin Azərbaycan Respublikası ərazisində təsdiq olunmasını tənzimləyir. Cavabdeh qurum ərizəçinin könüllü olaraq etdiyi müraciəti üzrə inzibati icraatı düzgün və qanuni olaraq həmin dövrdə qüvvədə olan normativ hüquqi akt əsasında aparmışdır. Məhkəmə mövqeyinin əsaslandırmasında inzibati icraatın aparılmasından əvvəl ləğv olunmuş aktı təhlil edərək Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 69.4-cü bəndində əks olunmuş məhkəmə qərarının forması və məzmunu barədə tələblərə əməl etməyərək prosessual normanı pozmuşdur. Məhkəmə qərarın "Məhkəmənin mövqeyi" hissəsində ciddi normativ pozuntuya yol vermişdir, beləki qərarın 19-cu bəndində qeyd olunur ki, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ##.##.2009-cu il tarixli, *** nömrəli Fərmanının 2.2- ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir”. Lakin, məhkəmənin mövqeyi hissəsi formalaşdırılarkən istinad olunan normativ hüquqi aktlara edilmiş dəyişikliklər araşdırılmalı və nəzərə alınmalı idi, çünki, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin ##.##.2009-cu il tarixli, *** nömrəli Fərmanına dəyişikliklər edilməsini nəzərdə tutan ## #### 2023-cü il tarixli **** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Qanunun 29.0.21-ci maddəsində (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Prezidenti həyata keçirir, buna müvafiq olaraq da, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə bu sahədə müvafiq Qaydalar təsdiq edilmişdir. Cavabdeh də məhz bu Qaydalar əsasında inzibati icraat aparmışdır. Nəticə etibarilə bu hissədə, icraatın hansı normativ akta uyğun aparılması barədə birinci instansiya məhkəməsinin əsaslandırılması normativ cəhətdən uyğunsuz, cavabdehin hərəkəti isə qanunvericiliyə uyğun olmuşdur. Məhkəmə qərarının 12-ci səhifəsinin 32-ci bəndində Dağıstan Dövlət Texniki Universitetinin ##.##.2024-cü il tarixli **** nömrəli arayışına istinad edərək mübahisəyə səbəb olan 2022/2023-cü tədris ili üçün COVID-19 pandemiyası səbəbindən iddiaçının distant təhsil aldığını bildirmişdir. Lakin eyni universitet eyni tədris dövründə təhsil almış başqa ərizəçilərin həmin dövr üzrə tədrisə iştirak etdikləri müşahidə olunur. 2022-2023-cü il tədris dövründə dərslər ənənəvi qaydada keçirilmişdir. Lakin iddiaçı pandemiya dövrünü əsas gətirərək dərslərdə iştirak etməmişdir. Maraqlısı odur ki, iddiaçı pandemiya zamanı 25 gün xarici ölkə ərazisində olmuşdur. Lakin növbəti il pandemiya olmamasına baxmayaraq bu səbəbi rəhbər tutaraq dərslərdə iştirakdan yayınmışdır. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə (hakimlər Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), C.B.Məmmədov və P.A.Hüseynov) Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddiaçı tərəfindən mübahisələndirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** saylı qərarı ilə (hakimlər B.M.Məmmədli (sədrlik edən və məruzəçi), S.Ə.Kərimov və R.S.Nəbizadə) Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, 2- *(***)-****/**** saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... 39. Məhkəmə kollegiyası ilk öncə bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli “üç ulduz” qərarında COVID-19 pandemiyasının yaratdığı xüsusi şərait ilə bağlı müəyyən hallara qiymət verilmişdir.
40. Həmin qərarda formalaşmış hüquqi mövqeyə əsasən, “...COVID-19 pandemiyasının yayıldığı və bununla əlaqədar həyatın bütün sahələrində, o cümlədən təhsil hüququnun reallaşdırılmasında ənənəvi üsullara kütləvi məhdudiyyətlərin tətbiq edildiyi zamanlara təsadüf etmişdir. Hamıya bəlli haldır ki, pandemiya ilə əlaqədar mübarizə tədbirləri çərçivəsində dünyada əksər dövlətlərdə, o cümlədən həm iddiaçının təhsil aldığı Türkiyədə, həm də Azərbaycanda tədrisin ənənəvi üsullarla həyata keçirilməsinə məhdudiyyətlər tətbiq olunmuş, məsafədən tədris üsullarının tətbiqinə keçilmişdir. Yenə, əksər ölkələr, eləcə də Türkiyə və Azərbaycan sözügedən fövqəladə şərtlərin tələblərini nəzərə almaqla məsafədən tədrisin nəticələrini tanımış, hətta əyani təhsil forması üzrə təhsilin müəyyən dövrü ərzində məsafədən keçirilmiş tədris dövrü də nəzərə alınmaqla verilmiş diplomların hüquqi qüvvəsini qəbul etmişlər...”.
41. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən Dağıstan Dövlət Texniki Universitetinin pandemiya ilə bağlı distant təhsil formasının tətbiq edilməsinə dair “Xarici tələbələr üçün qarışıq formatda təlimin təşkili haqqında” ##.##.2022-ci il tarixli, *** nömrəli Əmri; ##.##.2022-ci il tarixli, *** nömrəli Əmri və ##.##.2024-cü il tarixli, **** nömrəli arayışlar təqdim edilmişdir.
42. Işə baxan apellyasiya məhkəməsi isə eyni tədris dövründə təhsil almış başqa ərizəçilərin mövcudluğunu vurğulayaraq iddiaçının da həmin dövrdə ənənəvi qaydada təhsil almalı olmasını bildirmiş, lakin universitet tərəfindən əvvəlki bənddə istinad edilən əmrlərə və arayışlara ümumiyyətlə qiymət verməmişdir.
43. Məhkəmə kollegiyası bildirir ki, istinad edilən həmin şəxslərin həmin dövrlərə aid sərhədkeçmə məlumatlarının olması hazırkı iş üzrə “iddiaçının da ənənəvi qaydada təhsil almalı idi” qənaətinə gəlmək üçün yetərli əsas deyildir. Məhz işə təkrar baxacaq məhkəmə kollegiyası bu hallara qiymət verməli və ziddiyyətli məqamlara aydınlıq gətirməklə sənədlərin mötəbərliyinə və ya əsaslılığı barədə nəticəyə gəlməlidir.
44. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” ## #### 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
45. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. Inzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir.
46. Məhz bu hallar aydınlaşdırıldıqdan sonra iddiaçının tələbinin əsaslı sayılıbsayılmaması məsələsinə düzgün qiymət verilə bilər”. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddiaçı 2019-2024-cü illərdə Rusiya Federasiyasında təhsil almışdır. Mübahisələndirilən illər 2022-2023-cü illərdir. Iddiaçı qeyd edir ki, həmin dövrdə pandemiya davam edirdi və dərslər onlayn keçirilirdi. Lakin iddiaçı ilə eyni illərdə eyni universitetdə və eyni ixtisas üzrə təhsil alan şəxslər var ki, tədris prosesində şəxsən iştirak edə bilmişlər. Ali Məhkəmənin göstərişlərindən biri də odur ki, distant təhsil ilə bağlı universitetin əmrləri araşdırılmalıdır. Yəni əgər universitet daxilində distant təhsil ilə bağlı əmrlər verilmişdirsə onlar digər şəxslərin dərslərdə iştirakı necə təmin edilmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi ona verilmiş suallara cavab olaraq aşağıdakıları bildirdi: ... Universitetin daxili əmri qanunvericiliyin tələblərindən üstün ola bilməz. Universitet daxili əmr ilə hətta iddiaçıya bütün tədris ili ərzində gəlməmək kimi bir imtiyaz tanıya bilər, lakin hımin diplomun ölkədə tanınması üçün qanunvericiliyin tələbləri var. Bu halda diplomun tanınması, həmçinin eyni ixtisasdan ölkə daxilində 4 il ərzində tədris prosesində mütəmadi iştirak etməklə diplom əldə etmiş şəxslərə qarşı ədalətsizlik olardı. Həmin şəxlər ancaq müvafiq ölkədə işləyə bilərlər. ... 2022-2023-cü illər dünya səviyyəsində pandemiya dövrü kimi nəzərə alınmır. 2021-2022-ci illər pandemiyanın son dövrüdür. Məsələn, o, özü 2022- 2023-cü illərdə xaricdə magistr təhsili almış, lakin tədris prosesində əyani iştirak etmişdir. Iddiaçı tərəf kassasiya şikayətində istinad etdiyi Rəşid Soltanov adlı şəxsə nəzərən də qeyd edilir ki, həmin şəxsin sənədləri üç dəfə yoxlanılmışdır. Daha sonra şəxsin xərçəng xəstəsi olması səbəbindən inzibati orqan tərəfindən diskression səlahiyyətindən istifadə edilərək qərar qəbul olunmuşdur. ... Əslində, daha sonradan yeni rəhbərlik həmin şəxsə də imtina verilməli olmasını bildirmişdir. Hazırda onun oxuduğu universitetə sorğu ünvanlanıb. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, qarşı tərəfin mübahisələndirdiyi 2022-2023-cü illər üzrə iddiaçının universitetindən işlədiyi müəssisəyə bildiriş də daxil olmuşdur. Həmin bildirişə və iddiaçının ərizəsinə əsasən ona təhsil məzuniyyəti verilmişdir. Bəli, həmin dövrdə pandemiya əvvəlki kimi geniş yayılmasa da, amma bir çox quru sərhədlər hələ də bağlı idi. Ölkədə distant təhsil mövcuddur, qanunvericilikdə də nəzərdə tutulub. Bununla bağlı Ali Məhkəmənin analoji qərarları da mövcuddur. 2023-cü ildə Təhsil Nazirliyinin COVID-19 pandemiyasının yaratdığı xüsusi şərait ilə 3 ulduzu qərarı mövcuddur. ... Ali Məhkəmənin də istinad etdiyi iddiaçının oxuduğu unversitetin əmrlərində qeyd olunub ki, xarici ölkələrdən gələn tələbələrin təhlükəsizliyini və sağlamlığını təmin etmək məqsədi ilə təlim-tədris prosesi onlayn formaya keçirilmişdir. Həmçinin elm və texnikanın inkişaf etdiyi bir dövrdə qarşı tərəfin distant təhsili qəbul etməməsi absurddur. Tədris yükünün tənzimlənməsi universitetin daxili məsələsidir. Iddaçı sonuncu tədris ilində hətta müddətdən artıq iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı izahatında bildirdi ki, o, təhsil aldığı sahə üzrə işləyirdi, lakin diplomu tanınmadığına görə tutduğu vəzifədən kənarlaşdırılıb. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi, iddiaçı İddiaçı 2019-2024-cü illərdə Rusiya Federasiyasının Dağıstan Dövlət Texniki Universitetində 21.03.01 “Neft-qaz işi” hazırlıq istiqaməti üzrə bakalavr proqramında təhsil almış, proqramı mənimsəmiş, dövlət yekun attestasiyasını müvəffəqiyyətlə keçmiş və Dövlət Imtahan Komissiyasının ## #### 2024-cü il tarixli, ** nömrəli protokoluna əsasən ona bakalavr dərəcəsi verilmişdir. Bu nəticə ## #### 2024-cü il tarixli, 100534 ******* nömrəli, *** qeydiyyat nömrəli diplomla rəsmiləşdirilmişdir. Hazırkı işin xüsusiyyəti ondan ibarətdir ki, mübahisə iddiaçının ümumiyyətlə təhsil almaması, təhsil proqramını başa vurmaması, diplomunun həqiqiliyi, təhsil müəssisəsinin statusu və ya əldə edilmiş kvalifikasiyanın mövcudluğu barədə deyil. Mübahisənin faktiki predmeti daha dardır və 2022-2023-cü tədris ilində iddiaçının Rusiya Federasiyasının ərazisində fiziki olaraq olmamasının hüquqi nəticəsi ilə bağlıdır. Bu xüsusat cavabdehin etiraz, şikayət və izahatlarında ifadə etdiyi mövqeyindən də aydın görünür. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi bildirmişdir ki, məhz IV kurs üzrə iddiaçının təhsil aldığı ölkədə olma müddəti tələblərə cavab vermir, digər tədris illəri üzrə isə onun həmin ölkədə olma müddəti yetərli hesab edilir. Təkrar apellyasiya baxışında da cavabdehin nümayəndəsi mübahisələndirilən dövrün konkret olaraq 2022- 2023-cü tədris ili olduğunu təsdiq etmişdir. Buna görə də iş üzrə hüquqi qiymətləndirmə iddiaçının beşillik təhsil müddətinin bütövlükdə formal sərhədkeçmə göstəricilərinin yenidən hesablanmasına deyil, məhz həmin bir tədris ilində fiziki iştirakın olmamasının səbəblərinə, həmin dövrdə tədrisin faktiki təşkilinə və bunun kvalifikasiyanın tanınmasına təsirinə yönəlməlidir. Iş materiallarında Dağıstan Dövlət Texniki Universitetinin ## #### 2022-ci il tarixli *** nömrəli və ## ###### 2022-ci il tarixli *** nömrəli əmrləri, eləcə də Universitetin ## ###### 2024-cü il tarixli **** nömrəli arayışı mövcuddur. Həmin arayışdan görünür ki, universitetdə 2020-ci ildən etibarən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sanitarepidemioloji təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar tədris prosesində vaxtaşırı distant texnologiyalardan istifadə edilmiş, obyektiv səbəblərdən Rusiya Federasiyasından kənarda olan əcnəbi tələbələrin distant rejimdə təhsil prosesində iştirakına və ya universitetə gəldikdə imtahan sessiyalarında iştirak etməsinə icazə verilmişdir. Istinad edilən əmrlərlə Rusiya Federasiyasının hüdudlarından kənarda olan əcnəbi tələbələr üçün elektron və distant təhsil texnologiyalarından istifadə etməklə qarışıq təlimin təşkil edilməsi, tədris olunan fənlərin keyfiyyətinin təmin olunması, “Moodle” və “Zoom” platformaları vasitəsilə aralıq attestasiyanın aparılması, tədris prosesinin uçotunun həyata keçirilməsi, kafedralar və fakültələr tərəfindən prosesə nəzarətin təmin edilməsi, tələbələr üçün distant konsultasiyaların təşkili kimi konkret mexanizmlər müəyyən edilmişdir. Bu sənədlər göstərir ki, məsələ tələbənin öz təşəbbüsü ilə auditoriya dərslərindən yayınmasında və ya faktiki təhsil almadan formal diplom əldə etməsində deyil, ali təhsil müəssisəsi tərəfindən rəsmən təşkil edilmiş və nəzarət olunan alternativ tədris mexanizminə bağlıdır. Bu baxımdan cavabdehin “qiyabi və distant təhsil fərqli təhsilalma formalarıdır” dəlili özü-özlüyündə mübahisənin həlli üçün yetərli deyildir. Iddiaçının diplomunda təhsilalma formasının qiyabi olması mübahisələndirilmir. Lakin qiyabi təhsil proqramı çərçivəsində müəyyən fövqəladə və obyektiv şəraitdə distant texnologiyalardan istifadə edilməsi həmin təhsil proqramının hüquqi formasını avtomatik olaraq “distant təhsil” formasına çevirmir. Burada təhsilalma formasının hüquqi statusu ilə tədrisin həyata keçirilməsi üsulu və texnologiyası fərqləndirilməlidir. Universitet də iddiaçını başqa təhsilalma formasına keçirməmiş, mövcud proqram çərçivəsində xarici tələbələr üçün qarışıq tədris mexanizmi müəyyən etmişdir. Cavabdehin universitetdaxili əmrlərin Azərbaycan Respublikasının qanunvericiliyindən üstün ola bilməyəcəyi barədə dəlili də mübahisənin mahiyyətinə cavab vermir. Həmin əmrlərə qanunvericiliyin qüvvəsini aradan qaldıran və ya Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaların 4.1.4-cü bəndini etibarsız edən normativ mənbə kimi istinad olunmur. Onların sübutetmə baxımından əhəmiyyəti iddiaçının 2022-2023-cü tədris ilində Rusiya Federasiyasının ərazisində olmamasının səbəbini, həmin dövrdə tədris prosesinin faktiki hansı qaydada təşkil edildiyini, fiziki iştirakın olmamasının təhsildən yayınma olub-olmadığını və tədris yükünün başqa qanuni üsullarla yerinə yetirilməsi imkanının mövcudluğunu müəyyənləşdirməkdən ibarətdir. Məhz bu səbəbdən həmin sənədlərə hüquqi qiymət verilməsi zərurəti Ali Məhkəmənin hazırkı iş üzrə qərarında xüsusi olaraq vurğulanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası əvvəlki apellyasiya qərarını ləğv edərkən müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, Inzibati Prosessual Məcəllənin 12 və 58-ci maddələrinin tələblərinə əməl etməmişdir. Kassasiya instansiyası əvvəlki apellyasiya məhkəməsinin eyni universitetdə təhsil alan digər şəxslərin 2022-2023-cü tədris ilində Rusiya Federasiyasına getmələrini əsas götürərək dərslərin ənənəvi qaydada keçirildiyi və iddiaçının da fiziki olaraq iştirak etməli olduğu nəticəsinə gəlməsini qəbul etməmişdir. Ali Məhkəmə ayrıca qeyd etmişdir ki, digər şəxslərin müvafiq dövrlər üzrə sərhədkeçmə məlumatlarının mövcudluğu hazırkı iddiaçının da həmin dövrdə mütləq ənənəvi qaydada təhsil almalı olduğu qənaətinə gəlmək üçün yetərli əsas deyildir. Əksinə, təkrar apellyasiya baxışı zamanı universitetin 269 və *** nömrəli əmrlərinə, **** nömrəli arayışına, həmin sənədlərlə digər sübutlar arasındakı münasibətə qiymət verilməli və ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Belə olan halda, təkrar apellyasiya baxışında cavabdehin yenidən əsas arqument kimi “başqa tələbələr gedə bilmişdilər, deməli iddiaçı da getməli idi” tezisini irəli sürməsi əvvəlki apellyasiya qərarının ləğvinə səbəb olmuş yanaşmanı mahiyyət etibarilə təkrarlayır. Digər tələbələrin fiziki iştirak etməsi yalnız onların fərdi imkanlarını və seçdikləri iştirak üsulunu göstərə bilər, bu fakt universitet tərəfindən əcnəbi tələbələr üçün rəsmən yaradılmış distant və qarışıq təhsil imkanının mövcudluğunu təkzib etmir. Üstəlik, cavabdeh universitetin əmrlərinin saxta, etibarsız, sonradan hazırlanmış və ya iddiaçıya şamil olunmayan sənədlər olduğunu təsdiqləyən hər hansı mötəbər sübut təqdim etməmişdir. Ali Məhkəmənin hazırkı iş üzrə istinad etdiyi ## ###### 2023-cü il tarixli “üç ulduz” qərarında da pandemiyanın yaratdığı fövqəladə şəraitin təhsil prosesində ənənəvi üsulların məhdudlaşdırılmasına və məsafədən tədris üsullarından geniş istifadə olunmasına səbəb olduğu, həmin xüsusi şəraitdə əldə edilmiş təhsil nəticələrinin sırf məsafədən tədrisdən istifadə olunmasına görə hüquqi əhəmiyyətdən məhrum edilə bilməyəcəyi hüquqi mövqeyi ifadə edilmişdir. Hazırkı işdə 2022-2023-cü illərin hansı tarixədək epidemioloji baxımdan “pandemiya dövrü” adlandırılması barədə terminoloji mübahisə həlledici sayıla bilməz. Həlledici olan odur ki, universitet məhz 2022-ci ilin iyun və dekabr aylarında qüvvəyə minmiş əmrlərlə xarici tələbələr üçün qarışıq və distant texnologiyalara əsaslanan tədris mexanizmini rəsmən qüvvədə saxlamışdır. Cavabdehin mövqeyi faktiki olaraq belə bir prezumpsiyaya əsaslanır ki, şəxs təhsil aldığı ölkədə Qaydaların 4.1.4-cü bəndində göstərilən müddətdə fiziki olaraq olmayıbsa, onun tədris yükünü yerinə yetirməsi də qeyri-mümkün sayılmalıdır. Lakin iş materialları bu prezumpsiyanı hazırkı fərdi hal üzrə təsdiqləmir. Iddiaçı təhsil proqramını başa vurmuş, akademik qiymətləndirmələrdən və dövlət yekun attestasiyasından keçmiş, bakalavr dərəcəsi almışdır. Işdə onun akademik borclarının qalması, diplomun və ya diploma əlavənin həqiqiliyinin şübhə doğurması, dövlət yekun attestasiyasının formal xarakter daşıması, yaxud 2022-2023-cü tədris ilində tədris prosesində ümumiyyətlə iştirak etməməsi barədə hər hansı sübut yoxdur. Əksinə, universitetin əmrləri həmin dövr üçün tədrisin “Moodle” və “Zoom” vasitəsilə təşkilini, aralıq attestasiyanın keçirilməsini və prosesin uçotunun aparılmasını nəzərdə tutur. Bundan başqa, iddiaçının işlədiyi müəssisədən məhz təhsil məqsədilə məzuniyyət almasını təsdiq edən sənədlərin iş materiallarında olduğu da müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi bu halları birlikdə qiymətləndirərək düzgün olaraq qeyd etmişdir ki, tədris yükünün mənimsənilib-mənimsənilməməsi yalnız şəxsin xarici ölkədə fiziki olduğu günlərin sayı ilə müəyyən edilə bilməz; onun tədris olunan fənlərə hazırlaşması, universitetdən kənar tədris fəaliyyəti və proqram üzrə əldə etdiyi akademik nəticələr də nəzərə alınmalıdır. Bu yanaşma Qaydaların 4.1.4-cü bəndinin əhəmiyyətinin inkarı kimi deyil, həmin meyarın konkret işin bütün faktiki halları ilə əlaqəli tətbiqi kimi başa düşülməlidir. Normanın məqsədi faktiki olaraq əldə edilməmiş və formal xarakter daşıyan kvalifikasiyaların tanınmasının qarşısını almaqdır. Lakin iş üzrə mövcud sübutlar təhsilin faktiki alınmadığını deyil, əksinə, müəyyən bir dövrdə tədrisin səlahiyyətli ali məktəbin qərarı ilə alternativ texnologiyalar vasitəsilə təşkil olunduğunu göstərirsə, sərhədkeçmə göstəricisinin digər sübutlardan təcrid edilərək mütləq və yeganə qiymətləndirmə meyarına çevrilməsi normanın məqsədi ilə vasitəsi arasında əlaqəni zəiflədir. Iş üzrə ayrıca qiymətləndirilməli məsələ cavabdehin analoji hallara münasibətdə formalaşdırdığı inzibati praktikadır. Iş materiallarında X6 Dövlət Texniki Universitetində aldığı bakalavr kvalifikasiyasının həm akademik, həm də peşə tanınmasını təsdiq edən TKTA şəhadətnaməsi mövcuddur. Iş materiallarında olan sənədlərdən həmçinin görünür ki, həmin şəxsə ilkin olaraq sərhədkeçmə məlumatlarına görə imtina edilmiş, sonradan sənədləri yenidən araşdırılmış və 2022-2023-cü tədris ilində təhsil aldığı ölkəyə getməməsi halına baxmayaraq müraciəti müsbət həll edilmişdir. Hazırkı təkrar apellyasiya baxışında cavabdehin nümayəndəsi Rəşad Soltanova münasibətdə fərqli yanaşmanı onun sağlamlıq vəziyyəti və diskresion səlahiyyətin tətbiqi ilə izah etməyə çalışmışdır. Lakin məhkəmə iclasında tibbi sənədlərə əsaslanaraq həmin sağlamlıq halının 2023-cü ilin sonunda aşkar edildiyi göstərildikdən sonra cavabdeh bu halın məhz 2022-2023-cü tədris ilində ölkədə olmamağa necə səbəb ola bildiyini izah edə bilməmiş, əvəzində yeni rəhbərliyin həmin şəxsə də tanınmanın verilməsini düzgün hesab etmədiyini və universitetə sorğu göndərildiyini bildirmişdir. Bu izahat cavabdehin mövqeyini gücləndirmək əvəzinə, onun tətbiq etdiyi meyarların ardıcıllığı barədə əsaslı sual yaradır. Əgər cavabdeh Qaydaların 4.1.4-cü bəndini heç bir fərdi istisnaya yol verməyən imperativ tələb kimi qəbul edirsə, eyni zamanda həmin tələbdən diskresion qaydada kənara çıxıldığını bildirməsi öz mövqeyi ilə ziddiyyət təşkil edir. Əgər fərdi halların nəzərə alınması mümkündürsə, belə qiymətləndirmənin iddiaçının da vəziyyətinə eyni hüquqi meyarlar əsasında tətbiq olunmasının səbəbi izah edilməlidir. Ali Məhkəmə hazırkı iş üzrə qərarında xüsusi olaraq vurğulamışdır ki, dövlət xidmətləri qarşısında bərabərlik eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanların əsassız olaraq fərqli qərarlar çıxarmasına yol vermir, inzibati orqanlar öz səlahiyyətlərini həyata keçirərkən bərabər yanaşma və etimadın qorunması prinsiplərinə riayət etməli, mövcud inzibati praktikaya uyğun davranmalıdırlar. Bu baxımdan cavabdehin sonradan, məhkəmə baxışı zamanı irəli sürdüyü “əvvəlki tanınma düzgün olmamışdır” izahatı mövcud fərqli inzibati praktikanın hüquqi nəticəsini özlüyündə aradan qaldırmır. Inzibati aktın qanuniliyi onun qəbul edildiyi vaxt inzibati icraatda müəyyən edilmiş faktlar və sübutlarla əsaslandırılmalıdır. “Inzibati icraat haqqında” Qanunun 24-cü maddəsi inzibati orqanın işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmasını, maraqlı şəxsin xeyrinə olan halları da nəzərə almasını və zərurət olduqda öz təşəbbüsü ilə əlavə sübutlar toplamasını tələb edir. Həmin Qanunun 61-ci maddəsinin məntiqinə görə isə yazılı inzibati aktın faktiki və hüquqi əsasları məhz icraat zamanı tədqiq olunmuş hallardan irəli gəlməlidir. Buna görə də məhkəmə prosesində sonradan irəli sürülmüş və mübahisəli inzibati aktın ilkin əsaslandırmasında əksini tapmamış dəyişkən izahlar imtina qərarının çatışmazlıqlarını aradan qaldıran əsas sayıla bilməz. Cavabdehin təqdim etdiyi digər tələbələrin sərhədkeçmə məlumatları məhkəmə tərəfindən tədqiq edilmişdir. Bununla belə, həmin sübutların iş üzrə hansı faktı təsdiq etdiyi ayrıca müəyyən edilməlidir. Onların 2022-2023-cü tədris ilində Rusiya Federasiyasına gedə bilmələri həmin şəxslərin fiziki iştirak etdiklərini göstərə bilər, lakin bu fakt universitetin əcnəbi tələbələr üçün distant iştirak imkanını ləğv etdiyini, həmin imkanın yalnız müəyyən şəxslərə şamil olunduğunu və ya iddiaçının ondan istifadə etməsinin qanunsuz olduğunu sübuta yetirmir. Ali Məhkəmə də məhz bu səbəbdən digər tələbələrin sərhədkeçmə məlumatlarını iddiaçıya münasibətdə həlledici sübut hesab etməmişdir. Təkrar apellyasiya baxışında cavabdehin nümayəndəsinin şəxsi təcrübəsinə istinad edərək özünün 2022-2023-cü illərdə xaricdə magistratura təhsili zamanı əyani iştirak etdiyini bildirməsi də hüquqi sübutetmə baxımından əhəmiyyət daşımır. Müxtəlif dövlətlərdə, müxtəlif ali məktəblərdə, müxtəlif təhsil proqramları və fərqli inzibati rejimlər çərçivəsində ayrı-ayrı şəxslərin şəxsi davranışı iddiaçının təhsil aldığı universitetin konkret əmrlərinin hüquqi və faktiki təsirini əvəz edə bilməz. Birinci instansiya məhkəməsi iddiaçının beşillik təhsil müddətinin yalnız bir tədris ilində ölkə ərazisində fiziki olmamasını bütün təhsil prosesinin və əldə edilmiş akademik nəticələrin etibarsız sayılması üçün kifayət hesab etməmişdir. Məhkəmə nəzərə almışdır ki, digər tədris illəri üzrə iştirak cavabdehin özü tərəfindən yetərli qəbul edilmiş, iddiaçı təhsil proqramını başa vurmuş, dövlət yekun attestasiyasından keçmiş və müvafiq bakalavr dərəcəsini əldə etmişdir. Bu yanaşma hazırkı işin fərdi xüsusiyyətləri baxımından əsaslıdır. Kvalifikasiyanın tanınması mexanizminin məqsədi xaricdə əldə edilmiş sənədin arxasında real təhsil nəticəsinin, bilik, bacarıq və səriştənin olub-olmadığını, habelə onun Azərbaycan Respublikasının təhsil sisteminin əsas tələbləri ilə uyğunluğunu müəyyən etməkdir. Bu məqsədlə fiziki iştirak müddətinin yoxlanılması mühüm vasitədir, lakin həmin vasitənin konkret iş üzrə bütün digər akademik nəticələri avtomatik olaraq üstələyən formal meyara çevrilməsi mütənasib hesab edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təhsil aldığı ixtisas üzrə uzun müddət əmək fəaliyyəti ilə məşğul olması özlüyündə diplomun tanınması üçün ayrıca hüquqi əsas yaratmasa da, işdəki digər akademik sübutlarla birlikdə onun təhsil proqramı üzrə bilik və bacarıqları faktiki mənimsəmədiyi barədə cavabdehin ehtimalını zəiflədən əlavə haldır. Beləliklə, iş üzrə müəyyən edilmiş halların məcmusu göstərir ki, iddiaçının diplomunun tanınmasından imtinaya əsas olmuş 2022-2023-cü tədris ilində Rusiya Federasiyasının ərazisində fiziki olmaması faktı inzibati orqan tərəfindən digər mühüm sübutlardan təcrid olunmuş şəkildə qiymətləndirilmişdir. Cavabdeh həmin dövrdə universitetin əcnəbi tələbələr üçün rəsmən təşkil etdiyi qarışıq və distant tədris mexanizminin iddiaçıya şamil olunmadığını, iddiaçının tədris prosesində faktiki iştirak etmədiyini, akademik yükünü mənimsəmədiyini və ya universitet tərəfindən verilmiş diplom və yekun attestasiya nəticələrinin həqiqətə uyğun olmadığını sübuta yetirməmişdir. Əksinə, iş materialları universitetin müvafiq əmrlərinin mövcudluğunu, həmin əmrlərlə elektron tədris və attestasiya mexanizmlərinin müəyyən edildiyini və iddiaçının təhsil proqramını müvəffəqiyyətlə başa vurduğunu təsdiq edir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Inzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Inzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Rəşid Səmədov