Məhkəmə qərarları › İş №2-1(3-6)-1962/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1962/2026

21.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1962/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X8 və X5 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçının qanuni nümayəndəsi (atası) X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:

1. İddiaçı İddiaçı atası X1 1993-cü ildə erməni təcavüzü nəticəsində Qubadlı rayonundan məcburi köçkün düşmüş, Bakı şəhərində ailəsi ilə birlikdə müvəqqəti məskunlaşmışdır. X1 məcburi köçkün statusu vardır və bu barədə ona Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən ##.##.2001-ci il tarixdə Seriya AA № ****** saylı məcburi köçkün vəsiqəsi verilmişdir.

2. AZ-İ ****** nömrəli Nikah haqqında şəhadətnaməyə əsasən X1 ilə X2 ## #### 2009cu ildə rəsmi nikaha daxil olmuşlar.

3. X1 ilə X2 birgə nikahından ##.##.2009- cu il tarixdə iddiaçı İddiaçı doğulmuşdur.

4. İddiaçıya məcburi köçkün statusu və vəsiqəsi verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edilmişdir. Lakin cavabdeh tərəfindən verilmiş ##.##.2026-cı il tarixli məktubu ilə iddiaçıların anası X2 qeydiyyatı ünvan 1 olması əsası ilə müraciətin təmin olunmasından “Azərbaycan Respublikasında məcburi köçkünlərə (məcburi köçkün) statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair“ Qaydaların 4.1.6-cı bəndinin tələbinə əsasən imtina etmişdir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, məcburi köçkün vəsiqəsinin əldə edilməsi üçün cavabdeh orqana müraciət etdikdə imtina cavabı verilərək anası X2 qeydiyyatı ünvan 1 ünvanı olduğundan məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır.

7. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir.

8. Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı ilə idda tələbi rədd olunmuşdur.

9. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

Apellyasiya şikayətinin dəlilləri:

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2009-cu il təvəllüdlü övladım İddiaçı məcburi köçkün statusunun verilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Etdiyi müraciətə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən formal bəhanələrlə imtina cavabı verilmişdir. Bundan sonra məsələni məhkəmə müstəvisinə daşısa da, Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli Qərarı ilə iddia tələbi təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli Qərarı tamamilə qanunsuz və əsassızdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Tərəflərin izahatları

12. ##.##.2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.

13. İddiaçının qanuni nümayəndəsi (atası) X1 iddia tələbinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu:

1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: ... məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.

9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər..

15. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2013-cü il ## ### tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1. İşğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə. 4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına. 4.2.3. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə. 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə. 4.2.5. Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə. 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

18. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

19. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, imtina məktubunun tarixi ##.##.2026cı il tarixdir. İddiaçı isə ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür.

20. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı tələbi “ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi” barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırılmışdır ki, “iddiaçının anasının qeydiyyat ünvanı işğal olunmuş rayon (şəhər) deyil. Belə ki, iddiaçının anasının qeydiyat ünvanı ünvan 1 ünvanıdır. Odur ki, iddiaçıya məcburi köçkün statusu verilməsi üçün Qaydaların yuxarıda göstərilən ikinci şərti yerinə yetirilmir.”

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

22. İş materiallarından görünür ki, iddiaçının atası X1 məcburi köçkün statusu vardır və bu barədə ona Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən ##.##.2001-ci il tarixdə Seriya AA № ****** saylı məcburi köçkün vəsiqəsi verilmişdir.

23. İddiaçının anası isə ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

24. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan qanunvericilk normalarının mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydaların müəyyən edilməsi üçün digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir.

25. Məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun II fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir.

26. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ##.##.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ının 4.1.6-cı yarımbəndinə əsasən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara) verilir.

27. Hazırki işdə də iddiaçının anası ünvan 1 ünvanında qeydiyyatdadır.

28. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçıya “məcburi köçkün” statusunun verilməsi mümkün olmadığından iddia birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilməmişdir.

29. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

30. Hazırki işdə iddiaçı onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyi üçün bu hal onun iddiasının təmin olunmasını qeyri-mümkün edir.

31. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Həmid Ağalarov Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar