Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1976/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “sürücülük hüququnun məhdudlaşdırılmasının ləğv edilməsi və.s” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası Hakimlər Ağalarov Həmid Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “sürücülük hüququnun məhdudlaşdırılmasının ləğv edilməsi və.s” tələbinə dair Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixli sürücülük hüququnun məhdudlaşdırılması qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, sürücülük vəsiqəsinə tətbiq edilmiş məhdudiyyətin ləğv edilməsi və vəsiqənin ona qaytarılmasının təmin edilməsi, müraciətinə qanunda nəzərdə tutulmuş müddətdə yazılı cavabın verilməsi və qərarın icrasının məhkəmə baxışı müddətində dayandırılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçının sürücülük vəsiqəsinə ##.##.2024-cü il tarixdə yazılmış inzibati xətaya (İXP 6761322) aid bal qanunvericiliyə uyğun olaraq 1 il müddəti tamamlanmasına baxmayaraq silinməmişdir. ##.##.2025-ci il tarixində baş vermiş yeni inzibati xəta (EQ 32976038) zamanı əvvəlki balın sistemdə qalması nəticəsində sürücülük vəsiqəsinə məhdudiyyət tətbiq edilmişdir. Bununla bağlı ##.##.2025-ci il tarixdə “E-Polis” elektron xidmətlər portalı üzərindən elektron müraciət göndərsə də, cavab olaraq ##.##.2026-cı il tarixli, */*-A-**** nömrəli məktubda 1 ili tamam olmuş, ancaq silinməmiş cərimə balının mərkəzi informasiya sistemindən silinməsini bildirən məzmunlu cavab gəlmişdir. Qeyd olunan hal cavabdehin hərəkətsizliyi və ya texniki gecikməsi nəticəsində baş vermiş, bu isə hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olmuşdur. O da sürücülük vəsiqəsini ##.##.2026-cı il tarxdə cavabdehə təhvil vermişdir. Yuxarıda qeyd etdiyi cavab məktubu gəldikdən sonra vəsiqəsinin portal üzərində aktivləşmədiyini görüb İdarəyə yaxınlaşmış, ona nə etməli olduğu bildirilməmişdir. Eyni zamanda, Daxili İşlər Nazirliyinə və Baş Polis İdarəsinə ##.##.2026-ci il tarixdə şikayət ünvanlanmış, bundan sonra məhkəməyə müraciət etmişdir. Sürücülük vəsiqəsinin məhdudlaşdırılması ilə bağlı qərar, inzibati xəta haqqında qərar ona nə elektron, nə də poçt vasitəsi ilə təqdim edilməmişdir. Qərardan rəsmi şəkildə xəbərdar edilmədiyi üçün şikayət vermək hüququndan faktiki istifadə edə bilməmişdir. İnzibati Xətalar Məcəlləsinə əsasən, sürücülük vəsiqəsinə yazılmış bal pozuntu tarixindən etibarən qüvvədə olma müddəti 1 ildir və müddət tamamlandıqdan sonra avtomatik silinməlidir. Silinmənin hansısa texniki səbəbdən gecikməsi yalnız məlumat sistemlərinin texniki gecikməsidir. Bu isə şəxsin hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin həmin qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRMA HİSSƏSİ Apellyasiya şikayətinin mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. İş materiallarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərarı ##.##.2026-cı il tarixdə iddiaçıya məxsus olan elektron kabinetə yerləşdirilmişdir. Sonuncu şikayət vermə günü ##.##.2026-cı il olduğu halda apellyasiya şikayəti məhkəməyə ##.##.2026-cı il tarixdə, şikayət verilmə müddəti bitdikdən 1 gün sonra verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 75.3-cü maddəsinə əsasən, məhkəmə qərarı, bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati məhkəmə icraatının iştirakçılarına təqdim edilir; 20.1-ci maddəsinə əsasən, müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur; 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır; 23.1-ci maddəsinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır; 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Lakin hazırki işdə apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş və buna baxmayaraq apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən hallarla bağlı apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlük məsələsinə baxılması ##.##.2026-cı il tarixə təyin edilmiş və iddiaçıya ünvanlanmış ##.##.2026-cı il tarixli bildirişlə (elektron kabinetinə yerləşdirilmişdir) məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayətin verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsini təklif etmişdir. Lakin, iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizə təqdim edilməmişdir. Məhkəmə kollegiyası, inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından iddiaçıya hüquqi yardım göstərilsə də, iddiaçı həmin prosessual hüquqi müdafiə vasitələrindən istifadə imkanını dəyərləndirmədiyini nəzərə alaraq hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(3-6)-1976/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1976/2026
19.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver