Məhkəmə qərarları › İş №2-1(3-6)-1985/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1985/2026

20.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1985/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Ceyhun Bəşir oğlundan (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, Tərəflərin işitrakı olmadan, İddiaçı İddiaçının cavabdeh Cavabdeh qarşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Nizami rayon icra şöbəsinin icra məmuru Cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli aktın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2019-cu il tarixli qətnaməsinə əsasən “xxxx” ASC-nin İddiaçı, Səmədov Sayibxan İltifat oğlu, Ağakişiyev İntizam Əjdər oğlu, X2, “xxxx” MMC və “xxxx” MMCyə qarşı iddiası qismən təmin edilmiş, ##.##.2014-cü il tarixli kredit müqaviləsi üzrə 195.170 ABŞ dolları əsas borc, 79.585 ABŞ dolları faiz borcu, 4.700 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 279.456 ABŞ dolları borcun, digər kredit müqaviləsi üzrə 9.999 ABŞ dolları əsas borc, 2.057 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 12.356 ABŞ dolları borcun, ümumilikdə cəmi 291.812 ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu günə manata məzənnəsi ilə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, tələbin mülkiyyət hüququ üzrə İddiaçı məxsus fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılaraq, əldə edilən vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 790.000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən iddiaçıya olan borc ödənildikdən sonra artıq pul vəsaiti qaldığı halda İddiaçı verilməsi, fərdi yaşayış evinin hərrac yolu ilə satıldıqdan bir ay sonra İddiaçı və X3 tərəfindən boşaldılaraq alıcıya təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən bank və o, apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, yalnız Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- **/**** saylı, ##.##.2019-cu il tarixli qətnaməsi cərimə borcunun tutulması hissəsində dəyişdirilmişdir, qətnamə ipoteka predmetinin satış qiyməti ilə bağlı hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən kassasiya şikayəti vermiş, Ali Məhkəməsinin ##.##.2020- ci il tarixli *(***)-***/**** saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş Bakı Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-****/**** saylı qətnaməsi qanuni qüvvəsini almış və icra sənədi verilmiş və sənəd icra olunması üçün Bakı şəhər Nizami rayon İcra Şöbəsinə göndərilmiş və icra vərəqəsi sabiq icra məmuru Elman İsrafilov tərəfindən icra edilmişdir. İcra tədbirləri nəticəsində girov predimeti olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ** saylı ev yekun hərrac protokoluna əasən tələbkar “xxxx” ASC 30.09. 2021-ci il tarixdə aktla icra sənədi əsasında fərdi yaşayış evi 503000 manat qiymətləndirilməklə boşaldıb banka təhvil verilmişdir. Bakı şəhər Nizami rayon İcra Şöbəsinin sabiq icra məmuru Elman İsrafilov tərəfindən 01 okyabr 2021-ci il tarixli Qərarla icra sənədinin icraatına xitam verilmişdir. İş üzrə tələbkar bankın nümayəndəsinin şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-****/**** saylı Qərardadı ilə Bakı şəhər Nizami rayon İcra Şöbəsinin sabiq icra məmuru Elman İsrafilov tərəfindən 01 okyabr 2021-ci il tarixli icra sənədinin icraatına xitam verilmiş qərarı ləğv edilmiş və icra hərəkətlərinin davam edirilməsi Qərar alınmaqla borcludan 40000 abş dollar faiz və 19000 ABŞ dollar dəbə pulunun tutulması hissəsi qət edilmişdir. ##.##.2022-ci il tarixli qərardadla verilmiş icra sənədi icra edilməsi üçün Bakı şəhər Nizami rayon İcra Şöbəsinə göndərilmiş və icra sənədinin icrası icra məmuru Cavabdeh havələ edilmişdir. Lakin icra məmuru Cavabdeh tərəfindən müvafiq icra hərəkətləri aparılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2021-cu il tarixli *(***)-****/**** saylı icra sənədinə əsasən sabiq icra məmuru Elman İsrafilov ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ** saylı fərdi yaşayış evi hərrac yolu ilə 503000 manat məbləğində (281000 abş dollar) qiymətləndirilib "xxxx" ASCyə təhvil vermiş və fərdi yaşayış ev onun tərəfimdən boşaldılmış və icra sənədinin icraatına ##.##.2021-ci tarixdə xitam verilmişdir. Sonradan xitam qərarı Bakı Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli 2( ***)-****/**** saylı Qərardadı ilə ləğv edilmiş və İcra məmuru Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-****/**** saylı icra sənədini icraatına qəbul edərkən icraata başlamaq haqqında Qərarla onu və “xxxx” MMC-nin tanış etməmişdir. İpetokanın predmeti olan banka təhvil verdiyi fərdi yaşayış evinə bitişik “xxxx” MMC-yə məxsus 0,09842 ha torpaq sahəsi və həmin torpaq sahəsində onun vəsaiti hesabına inşa edilən 1200 kv metr hotel və 30 mənzil və həmin əmlakların daxilində olan avadanlıqlar və əşyalar qiymətləndirmədən, onun və “xxxx” MMC-nın iştirakını təmin edilmədən icra məmuru Cavabdeh 0,09842 ha torpaq sahəsini, torpaq sahəsində onun vəsaiti hesabına inşa edilən “xxxx” MMC-nin mülkiyyətində olan 1200 kv metr hotel və 30 mənzil və həmin əmlakların daxilində olan avadanlıqlar və əşyaları ’’xxxx” ASC-yə ##.##.2025-ci il tarixli aktla təhvil vermişdir. Bununla da İcra Məmuru Cavabdeh qanunun tələblərini kobudcasına pozub ##.##.2025-ci il tarixli qanunsuz və əsassız akt qəbul etmişdir. ##.##.2025-ci il tarixdən ##.##.2026-ci il tarixə qədər Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə və Ədliyyə Nazirliyinə müraciət etmiş ki, icra məmuru Cavabdeh tərəfindən qəbul etmiş ##.##.2025-ci il tarixli aktının tərtib edilməsinə əsas icraata başlamaq haqqında Qərarın və mülkiyyətdə olan 0.09842 ha torpaq sahəsininin və torpaq sahəsində inşa edilən 1200 kv metr hotelin və 30 mənzilin, otel və mənzildəki əmlakların daxilində olan avadanlıqların əmlakların qiymətləndirilməsi dair rəylərinin ona təqdim edilməsi təmin edilsin. Lakin bu günə qədər sənədlər və Qərarları ona və “xxxx” MMC-yə təqdim etməmişdir. İcra məmuru Cavabdeh ##.##.2025-ci il tarixli aktından görünür ki, onun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ** saylı ev 503000 manata qiymətləndirilib “xxxx” ASC-yə təhvil verilmişdir. Belə olan halda icra məmuru Cavabdeh onun tələbkar banka 40000 ABŞ dollar faiz və 19000 ABŞ dollar dəbbə pulun borcunun müqabilində 0.09842 ha torpaq sahəsində inşa edilən 1200 kv metr hotelin və 30 mənzilin, həmin əmlakların daxilində olan avadanlıqların qiymətləndirmədən Banka təhvil verməsi tamami ilə əsasız və qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsi inzibati orqandır, icra məmurunun qəbul etdiyi aktda inzibati aktdır. Buna görə də sözügedən mübahisə aidiyyəti üzrə Bakı İnzibati Məhkəmədə baxılmalıdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. II. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddia mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən inzibati məhkəmə icraatına aid iddia növündə və iddia müddətləri çərçivəsində, qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Konkret halda isə iddianın mümkünlük şərti yerinə yetirilmir. İşin mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhər Nizami rayon icra şöbəsinin icra məmuru Cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli aktın etibarsız hesab edilməsindən ibarətdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” ## ######## 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2017ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Kollegiya qeyd edir ki, icra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da Azərbaycan Respublikası İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın II hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyəti inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Göründüyü kimi, icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilmədiyindən, eləcə də edilmiş hərəkətlər (hərəkətsizliklər) inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilmədiyindən hazırkı tələbə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası yekunda belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar