Məhkəmə qərarları › İş №2-1(3-6)-2003/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-2003/2026

01.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-2003/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı İddiaçı cavabdeh cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı II qrup əlildir, sosial müavinət alır. Anası İ qrup əlil olmuş, ##.##.2022-ci il tarixdə isə vəfat etmişdir. İddiaçı ailə başçısının itirilməsinə görə pensiyanın təyin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilkin əlilliyi ##.##.2019-cu il tarixində (18 yaşından sonra) müəyyən edildiyi üçün ona ailə başçısının itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Yuxarıda istinad olunan Qanunun müvafiq maddəsindən də müəyyən olunduğu kimi iddiaçıya Qanunun tələblərinə uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilə bilməsi üçün iddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması ən vacib şərtdir. Lakin hazırki iş materiallarına əsasən iddiaçı bununla bağlı heç bir sənəd təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı həmin qərardan iddia ərizəsinin məzmunu ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, qanunvericilik normalarının qarşılıqlı təhlilindən də məlum olur ki, 18 yaşınadək uşaqların sağlamlıq imkanları məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaçı Qanunun 14.1.1.2-ci maddəsində nəzərdə tutulmuş 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş və 18 yaşından yuxarı əlilliyi olan şəxslər kateqoriyasına da daxil deyildir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçıya ilkin əlillik ##.##.2019-cu il tarixində təyin edilmişdir. Həmin tarixdə iddiaçının 47 yaşı olmuşdur. Deməli, iddiaçının əlilliyi onun yetkinlik yaşına çatmasından xeyli sonra müəyyən edilmişdir və bu hal Qanunun 14.1.1.2-ci maddəsində nəzərdə tutulmuş şərtin mövcudluğunu təsdiq etmir. Eyni zamanda, iş materiallarında iddiaçının əlilliyinə səbəb olmuş xəstəliyin onun 18 yaşına çatanadək mövcud olduğunu və ya həmin dövrdə əlillik vəziyyəti yaratdığını təsdiq edən hər hansı tibbi sənəd, epikriz, qeyd və ya digər mötəbər sübut mövcud deyildir. Bu baxımdan, iddiaçının əlilliyinə səbəb olmuş xəstəliyin anadangəlmə xarakter daşıması və ya onun 18 yaşına çatmamış yaranması barədə dəlillər müəyyən edilməmişdir. Qanunun müvafiq maddəsindən də müəyyən olunduğu kimi iddiaçıya Qanunun tələblərinə uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilə bilməsi üçün iddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması ən vacib şərtdir. Lakin hazırki iş materiallarına əsasən iddiaçı bununla bağlı heç bir sənəd təqdim edə bilməmişdir. İddiaçı İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı ##.##.1971-ci il təvəllüdlüdür. Ölüm haqqında şəhadətnamədən görünür ki, X3 (iddiaçının anası) ##.##.2022-ci il tarixdə vəfat etmişdir. Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı ##.##.2019-cu il tarixindən ümumi xəstəlik səbəbindən (Diaqnoz: IIV-infeksiyası 3 klinik mərhələ) ikinci dərəcə 5 il müddətinə (##.##.2024-cü il tarixinədək) ilkin əlillik statusuna malik olmuşdur. Əlillik müddətinin bitdiyi ##.##.2024-cü il tarixindən sonra vətəndaşın əlillik vəziyyəti Bakı Respublika QİÇSlə Mübarizə Mərkəzinin göndərişi əsasında qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun olaraq, ##.##.2024-cü il tarixindən ümumi xəstəlik səbəbindən (Diaqnoz: IIV-infeksiyası 3 klinik mərhələ) orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. İddiaçının hazırkı tələbi ona ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası iddia tələbinin rədd edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. 34.1-ci maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. 34.1-1-ci maddəsinə əsasən əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi əmək pensiyaçısının daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ yarandıqda həyata keçirilir. 34.2-ci maddəsinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu Qanunun 34.1-1-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada yeni təyinatın aparıldığı tarixdən və ya bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir; 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbindən görünür ki, vəfat etmiş şəxsin aşağı kateqoriyadan olan övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vardır: 18 yaşına çatmamış; 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; İşin hallarından görünür ki, iddiaçı ##.##.1971-ci il təvəllüdlüdür və mərhum anası ##.##.2022-ci il tarixdə vəfat etmişdir. Deməli, iddiaçı həmin vaxt 51 yaşında olmuşdur. Bu səbəbdən iddiaçı ailə başçısı vəfat etdiyi zaman 18 yaşına çatmamış, təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək şəxslər kateqoriyasına aid edilmir. İşin hallarından o da müəyyən edilir ki, iddiaçıya ilkin əlillik ##.##.2019-cu il tarixdə təyin edilmişdir. Həmin tarixdə iddiaçının 47 yaşı olmuşdur. Deməli, iddiaçı 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxslərin kateqoriyasına da daxil deyildir. Həmçinin qeyd edilməlidir ki, iddiaçının əlilliyinə səbəb olmuş xəstəliyin onun 18 yaşına çatanadək mövcud olduğunu və ya həmin dövrdə əlillik vəziyyəti yaratdığını təsdiq edən hər hansı tibbi sənəd, epikriz, qeyd və ya digər mötəbər sübut iş materiallarına əlavə edilməmişdir. Bu baxımdan, iddiaçının əlilliyinə səbəb olmuş xəstəliyin anadangəlmə xarakter daşıması və ya onun 18 yaşına çatmamış dövrdə yaranması barədə dəlillər müəyyən edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığı mötəbər sübutlarla təsdiq olunduqda, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Bu halda da şəxs qanunun məqsədləri baxımından 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş şəxs kimi qəbul edilməlidir. Lakin hazırkı işin hallarından əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yaranmasını müəyyən etmək mümkün deyildir. Hazırkı mübahisənin həlli üçün iddiaçının əlilliyinə səbəb olmuş xəstəliyin anadangəlmə və ya sonradan qazanılmış xəstəlik olmasının müəyyən edilməsi məqsədilə əlavə ekspertiza tədqiqatının aparılmasına da zərurət olmamışdır. İddiaçıya ilkin əlilliyin təyin edilməsinə əsas olmuş xəstəlik İİV infeksiyasının III klinik mərhələsi olmuşdur. Əgər həmin xəstəlik iddiaçıda anadangəlmə mövcud olsaydı və ya onun 18 yaşına çatanadək mövcudluğu iddia edilsəydi, bu halın tibbi sənədlərlə, epikrizlər və digər tibbi qeydlərlə təsdiq olunması gözlənilən olardı. Lakin iş materiallarında iddiaçının 18 yaşına çatanadək həmin xəstəlikdən əziyyət çəkməsini təsdiq edən hər hansı sübut müəyyən edilməmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Vidadi Qasımov Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar