Məhkəmə qərarları › İş №2-1(3-6)-2018/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-2018/2026

25.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-2018/2026 25.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər: Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Fərid Sabir oğlu İsmayılzadə və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “sadələşdirilmiş vergi məbləğinin geri ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə: İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə, Dövlət Vergi Xidmətinə, * saylı Bakı ASAN Xidmət Mərkəzinin Notariat ofisinə qarşı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən Ümid Əkbərov 16A və Ümid Əkbərov 16 mənzil 1 eyni ünvan olmasının təsdiq edilməsi, * saylı Bakı ASAN Xidmət Mərkəzinin Notariat ofisinin daşınmaz əmlakın alqı-satqısı zamanı tutulmuş verginin geri qaytarılması üçün Dövlət Vergi Xidmətinə müvafiq sorğu göndərilməsi, Dövlət Vergi Xidməti tərəfindən İddiaçı ona məxsus daşınmaz əmlakın alqısatqısı zamanı tutulan 563 manat 40 qəpik sadələşdirilmiş vergi məbləğinin iddiaçıya geri ödənilməsini təmin etmək vəzifəsinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, “10 ildən artıq müddətdə yaşadığı və qeydiyyatda olduğu mənzilin satışı zamanı tutulmuş beş yüz altmış üç manat qırx qəpik (rəqəmlə 563 manat 40 qəpik) sadələşdirilmiş vergi məbləğinin Azərbaycan Respublikası Dövlət Vergi Xidməti tərəfindən iddiaçıya geri ödənilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci il noyabr ayından etibarən Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən və paylı mülkiyyətlə ona məxsus olan mənzildə yaşamağa başlamışdır. 2012-ci ilin iyul ayında paylı mülkiyyətlə ona məxsus mənzilə Bakı şəhər İcra Hakimiyyətinin sərəncamla verdiyi Ümid Əkbərov küçəsi 16 A ünvanına Yasamal Rayon Polis İdarəsində qeydiyyata düşmüşdür. Daha sonra, 2021ci ildə paylı mülkiyyət olan çıxarışı * saylı ASAN xidmət mərkəzində müstəqil çıxarışla dəyişdirmişdir. Əmlak Məsələləri Dövlət Xidməti (daha sonra Əmlak Xidməti) tərəfindən verilən yeni çıxarışda ünvan Bakı şəhəri, Ümid Əkbərov 16 olaraq saxlanılmışdır. 2022-ci ildə 10 ildən artıq yaşadığı mənzili satmaq qərarına gəlmiş, alqı-satqı prosesi zamanı tələb olunan forma-4 arayışını almaq üçün * saylı ASAN xidmət mərkəzinə yaxınlaşdıqda Ümid Əkbərov 16 ünvanında 50 nəfərə yaxın tanımadığı vətəndaşın qeydiyyata olduğunu öyrənmişdir. Bu şəxslərin alqı-satqı zamanı razılığının alınması tələb olunduğundan ona məxsus ünvanın Əmlak Xidməti tərəfindən digər mənzillərə səhvən verildiyini düşünərək ona məxsus mənzilin ünvanının dəyişdirilməsi tələbi ilə Əmlak Xidmətinə rəsmi müraciət etmişdir. Əmlak Xidmətinin ## ###### 2022-ci il tarixli rəsmi cavab məktubu ilə ünvanın Ümid Əkbərov 160 mənzil 1 olaraq dəyişdirildiyini ona bildirmiş və yeni çıxarışla təmin etmişdir. Bundan sonra mənzili satmaq mümkün olmuşdur. ## ###### 2022-ci ildə mənzilin alqı-satqı prosesi zamanı * saylı ASAN xidmət mərkəzində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8-ci maddəsinin tələbinə uyğun olaraq beş yüz altmış üç manat qırx qəpik (rəqəmlə 563 manat 40 qəpik) sadələşdirilmiş vergi iddiaçıdan tutulmuşdur. Eyni zamanda, Vergi Məcəlləsinin 218-ci maddəsinə istinadən fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələri vergiyə cəlb olunmur. Ümid Əkbərov 16A ünvanına qeydiyyata düşdüyü 2012-ci il iyul ayından alqı-satqı prosesi baş verən 2022-ci il noyabr ayına qədər fiziki olaraq həmin mənzildə yaşamış və kommunal xidmətləri ödəmişdir. Dövlət Əmlak Məsələləri Xidməti tərəfindən verilmiş qeyri-dəqiq ünvan səbəbindən ünvanın çıxarışda düzəlişinə ehtiyac yaranmış və Xidmətin rəsmi qərarı ilə ünvan korrektə edilmişdir. Alqı-satqı prosesi zamanı şəxsiyyət vəsiqəsində olan ünvanla Əmlak Xidməti tərəfindən verilmiş çıxarışdakı ünvan üst-üstə düşmədiyindən * saylı ASAN xidmət mərkəzində olan notariat kontoru tərəfindən yaşayış sahəsi vergiyə cəlb edilmiş və iddiaçı tərəfindən müvafiq məbləğ tutulmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə (hakim M.Hacıbəyova) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmlak Xidməti tərəfindən ona verilən rəsmi cavab məktubunda onun 10 ildən artıq qeydiyyatda olduğu "Ümid Əkbərov 16A" ünvanı barədə hər hansı bir hüquqi rəy və ya eynilik təsdiqi verilməmişdir. Azərbaycan Respublikası qanunvericiliyinə görə, xüsusi notariusun iki fərqli dövlət reyestrində (DİN-in qeydiyyat bazası və Əmlak Reyestri) mövcud olan ünvan fərqliliyini özbaşına araşdırmaq, bunları "eyni ünvan" elan etmək və Vergi Xidməti qarşısında müstəqil sorğu qaldırmaq səlahiyyəti yoxdur. Notariusa müraciət etmək faktiki olaraq nəticəsiz bir formal addımdır və ona effektiv hüquqi müdafiə bəxş etmir. Məhkəmə İPM-in 12-ci maddəsində təsbit olunmuş "araşdırma prinsipi"ni pozmuşdur. İnzibati məhkəmə icraatının mülki icraatdan fundamental fərqi ondan ibarətdir ki, inzibati məhkəmə işin hallarını öz xidməti vəzifəsinə görə tam və hərtərəfli araşdırmalıdır. Sənədlərdəki ünvan uyğunsuzluğu dövlət orqanının (Əmlak Xidmətinin) texniki səhvindən qaynaqlanmışdır. Subyektiv hüququn pozulması aşkar və birmənalıdır. Məhkəmə qərardadda qeyd edir ki, onun hansı subyektiv hüququnun pozulduğu birmənalı nəzərə çarpmır. Bu mövqe tamamilə qanunsuzdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218-1.1.5.1-ci maddəsinə əsasən, fiziki şəxslərin azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi vergidən azaddır. O həmin mənzildə qanunla tələb olunan müddətdən də artıq (10 il) faktiki yaşayıb və kommunal ödənişləri icra edib. Dövlət qurumunun daxili sənədləşmədə etdiyi səhv ucbatından ondan məcburi qaydada 563 manat 40 qəpik vergi tutulması onun Konstitusiya və Vergi Məcəlləsi ilə qorunan mülkiyyət və vergi güzəşti hüququna birbaşa və qanunsuz müdaxilədir. Ali Məhkəmənin Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarının 5.1-ci bəndinə uyğun olaraq burada hüquqa müdaxilə aşkar şəkildə baş vermişdir. Tərəflərin iştirakı: İş üzrə icraatın iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə iclasında iştiraklarının təmin etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, işin halları ilə müəyyən edilir ki, iddiaçının hüquqi marağı Bakı şəhəri, Ümid Əkbərov 16 ünvanında yaşadığı və qeydiyyatda olduğu mənzilin satışı zamanı tutulmuş 563 manat 40 qəpik (beş yüz altmış üç manat qırx qəpik) sadələşdirilmiş vergi məbləğinin Azərbaycan Respublikası Dövlət Vergi Xidməti tərəfindən iddiaçıya geri ödənilməsi ilə bağlıdır. Cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin ## ######## 2025-ci il tarixli , 3-21-2-3/2-S- ****-**/**** nömrəli məktubu ilə iddiaçıya bildirilmişdir ki, Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 2019-cu il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə müəyyən edilir. Qeyd edilənlərə əsasən bildirilir ki, iddiaçı tərəfindən artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması üçün aidiyyəti üzrə alqı-satqı apardığı xüsusi notariusa müraciət edilməli və xüsusi notarius tərəfindən müvafiq sənədlər əlavə edilməklə vergi orqanına ərizə forması ilə müraciət edilməlidir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin mümkün sayılmaması ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən qanunun tələblərinə riayət edilməməsi nəticəsində onun hüquqlarının pozulması halları əsaslandırılmamışdır. Belə olan halda cavabdeh tərəfindən iddiaçının hüquqları sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Məhkəmə qeyd etmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2-ci maddəsinə əsasən bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.1. Şəxs - istənilən fiziki və ya hüquqi şəxs, qeyri-rezidentin daimi nümayəndəliyi, filialı və digər bölməsi. 13.2.2. Hüquqi şəxs - Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar. 13.2.3. Fiziki şəxs - Azərbaycan Respublikasının vətəndaşı, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxs. ... 13.2.8. Mal - hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su. Əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır. 13.2.10. Malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir. 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 218.4-cü maddəsinə əsasən Bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir: 218.4.1. bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxslər; 218.4.2. idman mərc oyunlarının operatoru və idman mərc oyunlarının satıcıları, habelə lotereya təşkilatçısı və lotereya biletlərinin satıcıları olan şəxslər; 218.4.3. mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər; 218.4.4. fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər; 218.4.5. mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər. 218-1.1-ci maddəsinə əsasən vergidən azaddır: 218-1.1.1. kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi – 2014-cü il ######ın #-dən 13 il müddətinə; 218-1.1.2. qanunla müəyyən edilmiş hallarda dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir; 218-1.1.4. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan şəxslərə ödənilən dividendlər; 218-1.1.5. mülkiyyətdə olan yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin təqdim edilməsi üzrə aşağıdakı təqdim edilmə halları: 218-1.1.5.1. fiziki şəxslər tərəfindən azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi; Fiziki şəxs sökülmüş binada yerləşən yaşayış sahəsində azı 3 təqvim ili ərzində (sökülmüş və sökülmüş binanın yerində tikilən yeni binada yaşayış yeri üzrə qeydiyyatda olduğu müddətlər cəmlənməklə) yaşayış yeri üzrə qeydiyyatda olduğu halda, sökülmüş binanın yerində tikilən yeni binadan həmin fiziki şəxsə verilən yaşayış sahəsinin təqdim edilməsinə də bu maddənin müddəaları tətbiq edilir. Bu zaman sadələşdirilmiş vergidən azadolma yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş və özündə yaşayış sahələrinin sökülməsini və sökülmüş yaşayış sahəsinin müqabilində yeni yaşayış sahəsinin verilməsini təsdiq edən arayış əsasında fiziki şəxsin sökülmüş yaşayış sahəsinin sahəsi həddində (artıq sahə verildiyi halda isə sökülmüş yaşayış sahəsinin 20 faizi həddində artıq sahə üzrə) tətbiq edilir. 218-1.1.5.1-1. fiziki şəxsin mülkiyyətində (o cümlədən ər və arvadın ümumi birgə mülkiyyətində) yalnız bir yaşayış sahəsi olduğu halda şəxsin həmin yaşayış sahəsi üzrə qeydiyyatının olub-olmamasından asılı olmayaraq, azı 3 təqvim ili ərzində həmin yaşayış sahəsində yaşamasını təsdiq edən sənədlər (kommunal xidmətləri göstərən təşkilatlar tərəfindən şəxsin həmin ünvanda abonent kimi qeydiyyatda olmasını təsdiq edən arayışlar) olduğu halda həmin yaşayış sahələrinin təqdim edilməsi. 218-1.1.5.2. bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 144.1.1-ci, 144.1.2-ci və 144.1.4-cü maddələrində nəzərdə tutulmuş hallar; 218-1.1.5.3. fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin 30 kvadratmetrədək olan hissəsi. Qanunvericiliyin tələbindən göründüyü kimi, fiziki şəxslər tərəfindən azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi zamanı vergi tutulmasına yol verilmir. Hazırda iddiaçının mövqeyinə görə o alqı-satqısını həyata keçirdiyi mənzildə 10 ildən artıq müddət yaşamış və qeydiyyatda olmuşdur. Dövlət Əmlak Məsələləri Xidməti tərəfindən verilmiş qeyri-dəqiq ünvan səbəbindən onun uzun müddət mənzildə qeydiyyatda olmasını müəyyən etmək mümkün olmamış, bu səbəbdən o mənzilin alqı-satqısı zamanı vergiyə cəlb edilmişdir. İddiaçının iddia tələbi işin bu faktiki hallarının araşdırılması və ondan tutulmuş vergi məbləğinin geri qaytarılması ilə bağlıdır. Lakin birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmadan iddia tələbinin mümkün sayılmaması qənaətinə gəlmiş və qeyd etmişdir ki, “iddiaçıya məxsus 61,30 kv.mdən ibarət mənzilin alqı-satqı zamanı təqdim edilmiş şəxsiyyət vəsiqəsindəki ünvan ilə daşınmaz əmlakın dövlət reyestrdən çıxarışdakı mənzilin ünvanı fərqli olmuş, buna görə də əməliyyat ümumi qaydada vergiyə cəlb edilmişdir. Bu isə verginin qanunsuz tutulması deyil, mövcud sənədlər əsasında qanunvericiliyin tətbiq edilməsidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünün əsas şərtlərindən biri iddiaçının pozulmuş subyektiv hüququnun mövcud olmasıdır. Hazırkı halda isə iddiaçı qanunla müəyyən edilmiş vergi öhdəliyinin icrası nəticəsində ödədiyi məbləğin geri qaytarılmasını tələb edir, lakin onun hansı subyektiv hüququnun cavabdeh tərəfindən pozulduğunu əsaslandıra bilmir”. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin öz qərardadında qeyd etdiyi hallar hazırkı halda iddia tələbinə mahiyyəti üzrə baxılmadan iddiaçının subyektiv hüququnun olmaması əsası iddianın mümkün sayılmaması üçün əsas deyil. Hazırkı halda iddiaçının onun mülkiyyətində olan mənzilin alqı-satqısı zamanı vergiyə cəlb edilməsi işin mübahisəsiz halıdır. İddiaçının inzibati orqanın onun tərəfindən həyata keçirilmiş hərəkətlərin vergiyə cəlb edilib-edilməməsini mübahisələndirmək üçün subyektiv hüququ mövcuddur. İddiaçının tələbinin əsaslı olub-olmaması isə iddia tələbinə mahiyyəti üzrə baxıldıqdan sonra hüquqi qiymət verilməsi mümkün olan məsələdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” # #### 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, “mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün olmayan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ləğv edilsin. İş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Fərid İsmayılzadə Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar