Məhkəmə qərarları › İş №2-1(3-6)-2051/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-2051/2026

01.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-2051/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər: Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İddiaçı İddiaçı İsa oğlunun cavabdeh Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair cizginin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı İddiaçı İsa oğlu cavabdeh Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinə qarşı məhkəməyə müraciət edərək, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının ** №-li, ##.##.1997-ci il tarixli Sərəncamı ilə iddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsinə dair cizginin (yerləşmə sxeminin) verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının ** №-li, ##.##.1997-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, 1005-ci keçid, ev 5, * №-li mənzilində yaşayan İddiaçı İsa oğluna fərdi yaşayış evi tikməsi üçün Lökbatan qəsəbəsində 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Hazırda torpaq sahəsi istifadəsindədir və torpaq sahəsi ilə bağlı hər hansı bir mübahisə yoxdur. Torpaq sahəsinə dair cizginin (yerləşmə sxeminin) verilməsi ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin cavabdeh tərəfindən sözügedən müraciətinə ##.##.2026-cı il tarixli, *-**/*-M-***-***/**** saylı məktubla imtina verilmişdir. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı İsa oğlu cavabdeh Qaradağ Rayon İcra Hakimiyyətinə qarşı ″Qaradağ Rayon İcra Hakimiyyəti başçısının ##.##.1997-ci il tarixli, ** nömrəli sərəncamına əsasən İddiaçı İsa oğluna fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi″ tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia ərizəsi qanunsuz və əsassız olduğundan mümkün sayılmamalıdır. Sərəncam elektron sistemdə yoxlanıldıqda, İddiaçı İsa oğluna aid məlumatlar tapılmır. Hesab edilir ki, iddia ərizəsinə əlavə olunmuş sərəncam və məktubda müvafiq qeydlər silinmişdir. Həmçinin, Bakı İnzibati Məhkəməsində başqa bir iş üzrə iddia ərizəsində həmin sərəncamın başqa şəxsə aid olması müəyyən olur. Bundan əlavə olaraq, ayrılmış torpaq sahəsinin koordinatlarının (sahə sərhədlərinin), faktiki ölçüləri ilə naturada yerləşdiyi sahənin müəyyən edilməsi, həmin torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin istifadəsində olan sənaye təyinatlı torpaq sahəsi hüdudlarında yerləşib-yerləşməməsini, həmin torpaq sahəsinin başqa şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsini və yaxud başqa şəxslərin adına dövlət qeydiyyatına alınmasını, eləcə də, torpaq sahəsinin kateqoriyasını, həmçinin dövlət mülkiyyətində olub-olmamasını (torpaq sahəsinin digər şəxslərin istifadəsində olmasını, hansı inzibati orqanın inzibati ərazisində və idarəçiliyində olmasını) aydınlaşdırmaq məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə mütəxəssis rəyinin alınması üçün müraciət edilməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, torpaq sahələrinə plan (cizginin) və xəritədən çıxarışın verilməsi rayon icra hakimiyyətlərinin səlahiyyətləri xaricindədir. Hər hansı formatda xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti rayon icra hakimiyyətlərinin səlahiyyətində deyil. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cizgi plan, cizgi-sxem ve sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi "Torpaq sahəsinin yerquruluşu planı" adlanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı ilə (hakim L.Musayeva) iddianın təmin edilməsi, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının ##.##.1997-ci il tarixli, ** nömrəli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı İsa oğluna ayrılmış Lökbatan qəsəbəsində yerləşən 600 kv.metr torpaq sahəsinə dair cizginin (ayrıc aktının) hazırlanaraq iddiaçı İddiaçı İsa oğluna verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliklə müəyyən edilmiş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. İnzibati mühakimə icraatı qaydasında baxılan hər bir iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Bu baxımdan inzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1) mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2) əlverişsiz inzibati akt olmalı; 3) iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4) iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5) qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İşə birinci instansiya qaydasında baxan məhkəmə tərəfindən bu hallara qiymət verilməlidir. İddia ərizəsi qanunsuz və əsassız olduğundan mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin ## ### 2026-cı il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubuna əsasən iddiaçının ona məxsus olduğunu iddia etdiyi sahəyə X1 da müraciəti qəbul edilmişdir. Hesab edirlər ki, başqa şəxsin mülkiyyətində olan torpaq sahəsinə yerləşmə cizgisi verilməsi qanunsuzdur. Hazırki vəziyyətdə bu maraqların toqquşması gələcəkdə rayon icra hakimiyyəti tərəfindən verilən yerləşmə cizgisi əsasında vətəndaşın dövlət reyestrindən çıxarış almasını mümkünsüz edəcəkdir. "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü abzasının tələbinə uyğun olaraq dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul edilməsi üçün əsasdır. Həmin Qanunun 10-cu maddəsi torpaq kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Başqa sözlə, çöl planaalma işlərinin nəticələləri kadastr fondu məlumatları ilə müqayisəli ekspertiza edildikdən sonra müvafiq sənədlər hazırlanır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci abzasına uyğun olaraq Dövlət torpaq kadastr fondu müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamında olur. Azərbaycan Respublikası Prezidentinin # #### 2012-ci il tarixli, *** nömrəli Fərmanı Azərbaycan Respublikası Prezidentinin # #### 2012-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"də Qaradağ Rayon İcra Hakimiyyətinin əvvəllər ayırdığı torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək öhdəliyi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının ## #### 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ##.##.1999-cu il tarixli, *** nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.23-cü bəndində qeyd olunduğu kimi, daşınmaz əmlaka, o cümlədən torpaq sahələri ilə bağlı Xidmətinin Əsasnaməsinin 3.0.23-cü bəndi inventarlaşma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifələrinə aiddir. Tərəflərin iştirakı: İş üzrə icraatın iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə iclasında iştiraklarını təmin etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən müəyyən olunur ki, iddiaçının tələbi Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının ** №-li, ##.##.1997-ci il tarixli Sərəncamı ilə iddiaçıya ayrılmış Lökbatan qəsəbəsində yerləşən 600 kv.metr torpaq sahəsinə dair yerləşmə sxeminin ona verilməsi öhdəliyinin Qaradağ Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasından ibarətdir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, hazırki vəziyyətdə subyektiv hüququn kimə məxsus olması qeyri-müəyyəndir. Həmçinin, qanunvericiliyin tələblərindən göründüyü kimi, torpaq sahələrinə plan (cizginin) və xəritədən çıxarışın verilməsi rayon icra hakimiyyətlərinin səlahiyyətləri xaricindədir. Hər hansı formatda xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti rayon icra hakimiyyətlərinin səlahiyyətində deyil. İş materiallarından görünür ki; - İddiaçı ##.##.1960 tarixində Qubadlı rayonu, Çardaxlı kəndində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. - Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının ##.##.1997-ci il tarixli, ** nömrəli sərəncamına əsasən İddiaçı İsa oğluna fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində 600 kv.metr torpaq sahəsinin ayrılıb verilməsi qərara alınmışdır. - Dövlət Arxivinin Bakı Filialı tərəfindən ## ###### 2026-cı il tarixli *-**-*F/*-***/**** saylı məktubla bildirilmişdir ki, Qaradağ RİH-nin arxiv fondu üzrə ##.##.1997-ci il tarixli, ** saylı sərəncamından təsdiq edilmiş arxiv çıxarışı 1 (bir) vərəqdən ibarət məhkəməyə göndərilir. Sərəncama heç bir sənəd əlavə edilməmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri Publik Hüquqi şəxsi * saylı Bakı Ərazi idarəinin 3-21-3-30/2-24773/2026, ## ### 2026-cı il tarixli məktubunda qeyd edilir ki, həmin sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadədə olan “Kontrakt sahəsi”nin hüdudları daxilinə yerləşir. Torpaq sahəsi daxilində ləğv edilmiş quyu məlumatları mövcuddur. Sahə Dövlət mülkiyyəti torpağıdır. Bundan əlavə, torpaq sahəsinə dair X1 müraciəti olmuşdur. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının ##.##.1997-ci il tarixli, ** saylı Sərəncamına əsasən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində 600 kv.metr torpaq sahəsi ayrılmışdır. İddiaçı qeyd olunan torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu isə ## ###### 2026-cı il tarixli məktubla cavab verərək qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə baxış keçirilmiş və məlum olmuşdur ki, ərizəyə yerləşmə cizgisi almaq istədiyi torpaq sahəsinin koordinatları qeyd edilmiş cizgi (torpaq sahəsinin peyk görüntüsü) əlavə olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının ##.##.1997-ci il tarixli, ** saylı sərəncamı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi naturada təhvil verilmiş olsa da, cavabdeh həmin torpaq sahəsinin yerləşmə vəziyyətini (hüdudlarını) əks etdirən sənədi (yerləşmə cizgisini, planı, ayrıc aktını) sərəncama əlavə etməmişdir. Hazırda iddiaçı isə öz tələbinin - öhdəliyin cavabdeh tərəfindən icrasının əsası kimi cavabdehin sərəncamı ilə ona verilmiş hüquqdan və sərəncamın icrası qaydasında torpaq sahəsinin ona təhvil verilməsi faktından çıxış edir. Cavabdeh iddia tələbinə etirazında iddia tələbinin mümkünsüzlüyünü 3 halla əsaslandırır: 1) Sözügedən torpaq sahəsinin ayrılmasına dair sərəncam elektron sistemdə yoxlanıldıqa, İddiaçı İsa oğluna dair məlumatların tapılmaması; 2) Müvafiq mütəxəssis rəyinin alınması; 3) İddia edilən fəaliyyətin cavabdehin səlahiyyətlərinə aid olmaması; Qeyd edilməlidir ki, torpaq sahəsinin verilməsinə əsas olan sərəncam ləğv edilməmişdir və torpaq sahəsinin cizgisi sərəncam qəbul olunan zaman onun ayrılmaz hissəsi kimi təqdim olunmalı olduğundan, cavabdeh qurum torpaq sahəsinin cizgisinin verilməsindən imtina etməkdə haqlı olmamışdır. Eyni zamanda, cavabdeh iddiaçının dəlillərini təkzib edən və ya iddiaya etirazının əsasını təsdiq edən hər hansı rəsmi sənədi təqdim etmədiyindən torpaq sahəsinə cizginin verilməsindən imtina əsaslı sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Halbuki, torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 43-cü maddəsinin: -1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir; -3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur; -4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Həmin Məcəllənin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin ##.##.2008-ci il tarixədək qüvvədə olan 3-cü bəndinə görə torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin ## #### 1999-cu il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş (0# #### 2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə görə müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin 0# #### 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə görə torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılan vaxtda və ondan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxil olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının ##.##.1997-ci il tarixli, ** saylı Sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı İsa oğluna ayrılmış 600 kv.metr torpaq sahəsinə dair cizginin tərtib olunaraq, verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Vidadi Qasımov Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar