Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(3-6)-208/2026 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13969/2025 nömrəli, 08 oktyabr 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Bəhlul Cəlalov) 2-1(112)-13969/2025 nömrəli, 08 oktyabr 2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qərardan apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin vaxtında təqdim edilməməsi onun iradəsindən asılı olmayan obyektiv və üzrlü səbəblərlə baş vermişdir. Bakı İnzibati Məhkəməsinin qərarı qəbul edildiyi gündən bu günə qədər yazılı formada ona təqdim edilməmişdir. O, həmin qərarı E-Məhkəmə Sistemindən 26 dekabr 2025-ci il tarixində yükləmişdir. Bu hallar prosessual hüquqlarını vaxtında həyata keçirməyinə faktiki olaraq mane olmuşdur. Beləliklə, buraxılmış prosessual müddətin bərpası üçün hüquqi əsaslar mövcuddur. Göstərilənlərə əsasən qərardan apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi, apellyasiya şikayətinin icraata qəbul edilməsi və işə qanunvericiliyə uyğun qaydada baxılması xahiş edilmişdir. Daha sonra iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə əlavə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, qərardan apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş müddət onun iradəsindən asılı olmayan obyektiv səbəblərdən dolayı qeyri ixtiyari buraxılmışdır. Belə ki, qeyd olunan məhkəmə qərarı ona əlbəəl təqdim edilməmiş, eyni zamanda “Elektron Məhkəmə” informasiya sistemindən istifadə imkanı və hüquqi bilikləri olmadığından qərarın qəbul edilməsindən vaxtında xəbərdar olmamışdır. Yalnız sonradan qonşusunun vəkil olması səbəbindən qərarın mövcudluğu barədə məlumat əldə etmişdir. Onun köməkliyi ilə qərar Elektron Məhkəmə portalından yüklənmiş, apellyasiya şikayəti hazırlanaraq təqdim edilmişdir. Beləliklə, prosessual müddətin buraxılması onun səhlənkarlığı nəticəsində deyil, məhkəmə qərarının ona vaxtında təqdim edilməməsi və elektron sistemdən istifadə imkanının olmaması ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin dinlənilmə hüququnu təmin etməklə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni və apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ərizə təmin edilməməli, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13969/2025 nömrəli, 08 oktyabr 2025-ci il tarixli qərarını İddiaçı elektron kabinet vasitəsi ilə xx.xx.2025ci il tarixdə rəsmi olaraq qəbul etmişdir, apellyasiya şikayətini isə xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, qanunla müəyyən edilmiş qərardan şikayət vermə müddəti (30 gün) iddiaçı tərəfindən buraxılmışdır (31 gün). Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının ərizədə qeyd etdiyi hallar prosessual müddətin buraxılmasının səbəblərinin üzrlü hesab edilməsi üçün əsas hesab edilmir. İddiaçının qərarı elektron kabinet vasitəsi ilə aldığı gündən şikayət hüququ yaranmışdır. Apellyasiya şikayəti məhkəməyə daxil olduqdan sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddiaçıya məktub göndərilərək qərardan apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə və sübutların məhkəməyə təqdim edilməsi bildirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı buraxılmış prosesual müddətin bərpa olunması barədə ərizəni məhkəməyə təqdim etsə də, həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Buna görə də buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət üzrsüz səbəbdən ötürülmüşdür və apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Buna görə də iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli, iddiaçının qərardan verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13969/2025 nömrəli, 08 oktyabr 2025-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-6)-208/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-208/2026
11.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver