Məhkəmə qərarları › İş №2-1(3-6)-2080/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-2080/2026

26.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-2080/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndələri nümayəndə2 və X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması barədə inzibati iş üzrə qərarın icra olunmaması ilə cərimə edilmə barədə iddiaçının ərizəsinə dair Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)- ****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanaraq təyin edilməsi və yaranacaq fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ##.##.1991- ##.##.1992-ci il tarixədək əmək fəaliyyəti dövrü onun ümumi iş stajına daxil edilməklə pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ## #### 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2023-cü il tarixli, *-*(***)-***/**** saylı qərarının iddiaçıya pensiya təyin olunan zaman “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 72-ci maddəsinə əsasən, 2004-2005-ci illərin orta aylıq əmək haqqından deyil, pensiyaya çıxdığı vaxtda son 24 ayın yəni 2009-cu ilin 4 ay (yanvar, fevral, mart, aprel), 2008-ci ilin 12 ayı, 2007-ci ilin 8 ayının (may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları) orta əmək haqqı nəzərə alınmaqla hesablanması və 2006-cı ildən 2020-ci ilin oktyabr ayının 1-dək işlədiyi müəssisənin ödəmədiyi aylıq məcburi sosial sığortanın ödənişlərini nəzərə almaqla pensiyası yenidən hesablanması hissəsinin rədd edilməsi hissələrində ləğv edilmiş, iddia həmin hissələrdə təmin edilmiş, iddiaçıya pensiya təyin olunan zaman “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 72-ci maddəsinə əsasən, 2004-2005-ci illərin orta aylıq əmək haqqından deyil, pensiyaya çıxdığı vaxtda son 24 ayın yəni 2009-cu ilin 4 ay (yanvar, fevral, mart, aprel), 2008-ci ilin 12 ayı, 2007-ci ilin 8 ayının (may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları) orta əmək haqqı nəzərə alınmaqla hesablanması, iddiaçının 2006-cı ildən 2020-ci ilin oktyabr ayının 1-dək işlədiyi müəssisənin ödəmədiyi aylıq məcburi sosial sığortanın ödənişlərini nəzərə almaqla, pensiyasının yenidən hesablanması, iddiaçının kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərar alınmış, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2023-cü il tarixli, *-*(***)-***/**** saylı qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini almış və cavabdeh orqana ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** saylı icra haqqında xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh orqan ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** saylı qərarına izah verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Ali Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, 2-1(102)- ****/**** saylı qərarına izah verilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizə rədd edilmişdir. Cavabdeh orqan Bakı Inzibati Məhkəməsinə ##.##.2025-ci il tarixli, 3-17-1/2- ******/**** saylı məktub ünvanlayaraq məhkəmə qərarının ikinci hissədə icrasının təmin olunması məqsədilə hansı qaydada hesablanma aparılmalı oduğu barədə izah verilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərardadına əsasən, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qərarın icrasına dair izahın verilməsi barədə ərizəsi təmin edilməmişdir. Iddiaçı İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə qərarının uzun müddətdir ki, icra edilməməsi ilə bağlı tədbir görülməsi xahiş edilmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2023-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə cavabdehə, onun orta aylıq əmək haqqı pensiyaya çıxdığı vaxtdan, 2009-cu ilin son 24 ayının əmək haqlarının cəmi əsasında hesablanması və düzgün hesablamaya uyğun ödənişin həyata keçirilməsi öhdəliyi qoyulmuşdur. Bakı Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli "Icra haqqında xəbərdarlığına baxmayaraq, aradan uzun müddət - 2 ildən artıq vaxt keçmiş, lakin cavabdeh tərəfindən Ali Məhkəmənin qərarı hələ də icra edilməmişdir. Cavabdeh məhkəmə qərarlarını icra etmək əvəzinə onu müxtəlif bəhanələrlə uzadır, qərarı "mübahisəli" kimi təqdim edir və bununla da qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasından qəsdən yayınır. Bu davranış hüquqi dövlət prinsipinə, məhkəmə hakimiyyətinin nüfuzuna və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin tələblərinə açıq hörmətsizlikdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinə əsasən, məhkəmə qərarlarının icrası məcburidir və icra edilmədiyi halda məhkəmə tərəfindən məcburetmə tədbirləri, o cümlədən cərimə tətbiq olunmalıdır. Qərarın uzun müddət icra edilməməsi cavabdehin qəsdən hərəkətsizliyini və məhkəmə aktına məhəl qoymamasını göstərir. Belə şəraitdə yalnız formal xəbərdarlıqlarla kifayətlənmək məhkəmə qərarının icrasını təmin etmir və cavabdehin qanunsuz davranışını faktiki olaraq təşviq edir. Yuxarıda göstərdiklərini nəzərə alaraq, orta aylıq əmək haqqının pensiyaya çıxdığı vaxtdan 2009-cu ilin may ayının 27-dən, cavabdehin Ali Məhkəmənin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli qərarının dərhal və tam icra edilməsi barədə məcburi göstəriş verilməsi, məhkəmə qərarının uzun müddət və qəsdən icra edilməməsini nəzərə alaraq, cavabdeh barəsində Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş maksimum məbləğdə 50.000 manatadək cərimə tətbiq edilməsi xahiş edilmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə (hakim A.Ə.Əhədova) vəsatət təmin edilməmişdir. Iddiaçı tərəfindən Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)- ****/**** saylı qərardadı mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı, ##.##.2009-cu il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafi Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə müraciət etmişdir. Iddiaçıya ##.##.2009-cu il tarixindən əmək pensiyası təyin edilmişdir. Lakin, pensiyanın hesablanması zamanı faktiki əmək haqqı düzgün nəzərə alınmamış, orta aylıq əmək haqqı əsassız olaraq aşağı götürülmüş, pensiya kapitalının formalaşdırılmasında səhvlərə yol verilmiş, indeksləşdirmə tam və ardıcıl tətbiq edilməmiş, Ali Məhkəmənin hüquqi mövqeyi lazımi qaydada icra olunmamışdır. Iş materiallarında olan rəsmi sənədlər, o cümlədən "xxxx" ASC tərəfindən verilmiş arayışlar iddiaçının əmək haqqının cavabdehin hesablamalarında göstərilən məbləğdən xeyli yüksək olduğunu təsdiq edir. Buna baxmayaraq, cavabdeh tərəfindən orta aylıq əmək haqqı 259,43 manat götürülmüş və pensiya hesablamaları həmin göstərici əsasında aparılmışdır. Nəticədə iddiaçıya ödənilməli olan pensiya məbləği uzun illər ərzində az hesablanmış, bununla da sosial təminat hüququ pozulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iş üzrə hüquqi mövqe müəyyən edilmiş və iş yenidən baxılması üçün aşağı instansiya məhkəməsinə göndərilmişdir. Ali Məhkəmə iş üzrə mühüm hüquqi məsələlərin araşdırılmasının vacibliyini göstərmişdir. Lakin, Bakı Inzibati Məhkəməsi Ali Məhkəmənin hüquqi mövqeyinin mahiyyətini tam araşdırmamış, təqdim edilmiş sübutlara lazımi hüquqi qiymət verməmiş, cavabdehin hesablamalarını tənqidi qiymətləndirmədən qəbul etmişdir. Beləliklə, Ali Məhkəmənin hüquqi göstərişləri formal qaydada qeyd edilsə də, faktiki olaraq yerinə yetirilməmişdir. Bu hal qərarın qanuniliyinə və əsaslılığına ciddi təsir göstərmişdir. Bakı Inzibati Məhkəməsi işin faktiki hallarını tam və obyektiv araşdırmamış, iddiaçı tərəfindən təqdim olunmuş sübutlara lazımi hüquqi qiymət verməmiş, cavabdehin təqdim etdiyi hesablamaların düzgünlüyünü yoxlamamış; yalnız cavabdehin mövqeyinə üstünlük vermişdir. Məhkəmə xüsusilə aşağıdakı sübutları lazımi qaydada qiymətləndirməmişdir: əmək haqqı barədə arayışları; əmək fəaliyyətini təsdiq edən sənədləri; pensiya hesablamalarına dair təqdim olunmuş etiraz və izahatları; cavabdehin hesablamalarındakı ziddiyyətləri. Bu isə Inzibati Prosessual Məcəllənin sübutların qiymətləndirilməsi və işin hərtərəfli araşdırılması ilə bağlı müddəalarının pozulması deməkdir. Məhkəmə "xxxx" ASC-nin ##.##.2009-cu il tarixli, ** saylı arayışında göstərilən əmək haqqı məlumatlarının hansı səbəbdən qəbul edilmədiyini qərarda əsaslandırmamışdır. Halbuki, həmin sənəd əmək haqqının məbləğinin müəyyən edilməsi üçün birbaşa sübut hesab olunur. Məhkəmə bu sübutu rədd etmişdirsə, onun rədd edilməsinin hüquqi və faktiki əsasları qərarda göstərilməli idi. Iş materiallarında mövcud olan "xxxx” ASC-nin əmək haqqı arayışları; əmək stajını təsdiq edən sənədlər; pensiyanın hesablanması üzrə təqdim edilmiş yazılı etirazlar; indeksasiya hesablamaları məhkəmə tərəfindən lazımi qaydada qiymətləndirilməmişdir. Qərarda həmin sənədlərin niyə qəbul edilmədiyi və ya niyə inandırıcı hesab edilmədiyi göstərilməmişdir. Bu isə məhkəmə qərarının əsaslandırılması prinsipinin pozulmasıdır. Cavabdehin hesablamaları tənqidi qiymətləndirilməmişdir. Məhkəmə cavabdehin təqdim etdiyi hesablamaları avtomatik olaraq düzgün hesab etmişdir. Halbuki, cavabdeh 259,43 manat göstəricisinin hansı metodologiya ilə müəyyən edildiyini, hansı sənədlərə əsaslandığını, hansı dövr üzrə hesablandığını, niyə təqdim edilmiş əmək haqqı arayışlarının nəzərə alınmadığını sübut etməmişdir. Məhkəmə isə bu ziddiyyətləri araşdırmamışdır. Beləliklə, qərar sübut olunmamış fərziyyələr üzərində qurulmuşdur. Ali Məhkəmənin hüquqi mövqeyi faktiki olaraq yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** saylı qərarında iş üzrə hüquqi istiqamət müəyyən edilmişdir. Ali Məhkəmə işin yenidən araşdırılmasını zəruri hesab etmişdir. Əgər aşağı instansiya məhkəməsi əvvəlki qərardakı nöqsanları aradan qaldırmadan eyni nəticəyə gəlirsə, bu halda Ali Məhkəmənin qərarı formal xarakter alır. Hazırkı işdə əmək haqqı göstəricilərinin düzgünlüyü, pensiya kapitalının formalaşdırılması, indeksasiya mexanizmi, keçid müddəalarının tətbiqi yenidən tam araşdırılmamışdır. Bu səbəbdən Ali Məhkəmənin hüquqi mövqeyi mahiyyət etibarilə icra edilməmişdir. Konstitusiyanın 149-cu maddəsinə əsasən, normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Iş materiallarında olan ##.##.2026-cı il tarixli Dövlət Sosial Müdafiə Fondunun sənədindən görünür ki, sonradan qəbul edilmiş qanunvericilik müddəaları əvvəlki dövrə tətbiq edilmişdir. Halbuki, əmək stajının əsas hissəsi ##.##.2006-cı ilədək formalaşmışdır, həmin dövr üzrə hüquqlar artıq yaranmış və qazanılmış hüquq xarakteri almışdır. Bu səbəbdən, sonrakı qanun dəyişikliklərinin həmin dövrə tətbiqi hüquqi müəyyənlik prinsipinə ziddir. ... Ali Məhkəmənin ##.##.2023-cü il tarixli qərarının 27-ci bəndində göstərilmişdir ki, qanunda göstərilmiş müddətlərin seçilməsi hüququ məhz iddiaçıya məxsusdur və cavabdehin həmin müddətləri öz mülahizəsinə əsasən müəyyən etmək səlahiyyəti yoxdur. Ali Məhkəmə bu nəticəyə gələrək müəyyən etmişdir ki, pensiya hesablanarkən 2004-2005ci illərin əmək haqqının deyil, iddiaçının seçdiyi və qanunla nəzərdə tutulmuş son 24 ayın əmək haqqının nəzərə alınması tələb olunur. Hazırkı iş üzrə məhkəmə həmin hüquqi mövqenin tam icrasını təmin etməmiş, nəticədə pensiyanın hesablanması zamanı istifadə edilən göstəricilərin düzgünlüyü və Ali Məhkəmə qərarının icrası tam araşdırılmamışdır. Bu isə hüquqi müəyyənlik prinsipinin və Ali Məhkəmə qərarının məcburiliyinin pozulmasına səbəb olmuşdur. Müəssisənin ödəmədiyi sosial sığorta haqlarına görə məsuliyyətin iddiaçının üzərinə qoyulmasının yolverilməzliyi barədə Ali Məhkəmənin hüquqi mövqeyinin pozulması Ali Məhkəmənin qərarının 45-ci bəndində göstərilmişdir ki: "Müəssisənin aylıq məcburi dövlət sosial sığorta haqlarını ödəməməsi ilə bağlı nəzarətin həyata keçirilməsi cavabdehin bilavasitə vəzifəsidir". Ali Məhkəmə bununla təsdiq etmişdir ki, işəgötürənin və ya səlahiyyətli dövlət orqanlarının qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməməsinin mənfi nəticələri pensiyaçı vətəndaşın üzərinə qoyula bilməz. Buna baxmayaraq, hazırkı iş üzrə pensiya hüquqlarının müəyyən edilməsində və hesablamaların qiymətləndirilməsində həmin hüquqi mövqenin nəticələri tam tətbiq edilməmişdir. ... Bununla da Ali Məhkəmənin hüquqi mövqeyi faktiki olaraq icra edilməmişdir. Ali Məhkəmənin qərarının 48-ci bəndində açıq şəkildə qərara alınmışdır ki, pensiya təyin edilərkən son 24 ay üzrə əmək haqqı nəzərə alınmalıdır, 2006-2020-ci illər ərzində müəssisə tərəfindən ödənilməmiş məcburi dövlət sosial sığorta haqları nəzərə alınmaqla pensiya yenidən hesablanmalıdır. Bu göstərişlər iş üzrə məcburi xarakter daşıyır və aşağı instansiya məhkəmələri həmin göstərişlərin tam icrasını yoxlamağa borcludurlar. Lakin, Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarında: Ali Məhkəmənin müəyyən etdiyi hüquqi meyarların tam tətbiq olunub-olunmaması; pensiya kapitalının düzgün hesablanması; ödənilməmiş sosial sığorta haqlarının pensiyaya təsirinin tam aradan qaldırılması; yaranmış pensiya fərqinin düzgün müəyyən edilməsi lazımi səviyyədə araşdırılmamışdır. Nəticədə, məhkəmə işin faktiki hallarını tam və obyektiv araşdırmadan qərar qəbul etmiş, Ali Məhkəmənin məcburi hüquqi mövqelərinin faktiki icrasını təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı izahatında bildirdi ki, apellyasiya şikayətimi müdafiə edir. Birinci instansiya məhkəməsi işin hallarını tam və obyektiv araşdırmamışdır. Ali Məhkəmənin qərarında nəzərdə tutulan göstərişlər iş üzrə tam tətbiq edilməmişdir. Belə ki, pensiyanın hesablanması zamanı faktiki əmək haqqı düzgün nəzərə alınmamış, orta aylıq əmək haqqı əsassız olaraq aşağı götürülmüş, pensiya kapitalının formalaşdırılmasında səhvlərə yol verilmiş, indeksləşdirmə tam və ardıcıl tətbiq edilməmiş, Ali Məhkəmənin hüquqi mövqeyi lazımi qaydada icra olunmamışdır. Iş materiallarında olan rəsmi sənədlər, o cümlədən “xxxx” ASC tərəfindən verilmiş arayışlar onun əmək haqqının cavabdehin hesablamalarında göstərilən məbləğdən xeyli yüksək olduğunu təsdiq edir. Nəticədə ona ödənilməli olan pensiya məbləği uzun illər ərzində az hesablanmış, bununla da sosial təminat hüququ pozulmuşdur. Ona görə birinci instansiya məhkəməsi qərarının ləğv edilməsini və işin ədalətli araşdırılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə2 izahatında bildirdi ki, iddiaçı konkret şəkildə bildirmir ki, Ali Məhkəmənin qərarının hansı hissəsi cavabdeh qurum tərəfindən icra olunmamışdır. Hətta birinci instansiya məhkəməsində ididaçının təqdim etdiyi özünün hesablama qaydasına cavab olaraq cavabdeh qurumun hesablama üzrə mütəxəsisin rəyi də təqdim olunmuşdur. Həmin rəydə Ali Məhkəmənnin göstərişləri və inzibati orqanın hesablama qaydası izah olunmuşdur. Iddiaçı konkret narazı qaldığı arqumentləri qeyd etmir. Şəxs tərəfindən edilmiş hesablama qaydalarına birinci instansiya məhkəməsində etiraz, əks arqumentlər və mütəxəssis rəyi təqdim edilmişdir. Alı Məhkəmə qərarında qeyd edir ki, müəyyən illər üzrə müvafiq ayların əmək haqları əsas götürülməklə orta əmək haqqı hesablansın, cavabdeh qurum tərəfindən də hesablanılmışdır. 2020-ci ilədək müəssisə tərəfindən ödənilməmiş məcburi sosial sığortanın ödənişlərini nəzərə alınmaqla pensiya yenidən hesablansın - bu göstəriş də yerinə yetirilmişdir. Vətəndaşın keçmiş dövr üzrə müəyyənləşdirilmiş məbləği çıxarılıb və həmin məbləğ hər ay pensiyasına hesablanılır. 2026-cı ilin fevralında qərar qəbul edilməklə pensiyası artırılmışdır. Apellyasiya şikayətinin məzmunundan məlum olur ki, vətəndaş özünün təqdim etdiyi cədvəllərdəki məbləğlərin olmadığından narazıdır. Lakin cavabdeh inzibati qurum isə vətəndaşın təqdim etdiyi hesablama cədvəllərində asılı deyildir, müəssisənin verdiyi hesabat cədvəlindəki məbləğlər əsasında hesablanılır. Iddiaçı qeyd edir ki, nəyə görə 2006-ci ilədək olan kapitalı 306-ya vurulmaqla hesablanmışdır. 2006-cı ilədək, vətəndaşa 35 il iş stajına görə faiz çıxarılıb və Ali Məhkəmənin qərarına əsasən orta aylıq əmək haqqına da həmin faizi - 85% tətbiq edilib. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı olmaqla qüvvədə saxlanılmalı və apellyasiya şikayətinin təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 izahatında bildirdi ki, inzibati orqan tərəfindən iddiaçının stajı inkar edilmir, sadəcə faiz hesablanmasında hər il 2% götürülür, ona görə 36 il tam olmadığından 35 il tam götürülür. 25 ilə görə 65%, hər növbəti il üçün isə 2% olmaqla, lakin 90%-dən çox olmamaqla hesablanılır. Iddiaçının 35 ilinə görə əmək haqqının 85%-i müəyyən edilir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Ilk növbədə nəzərə alınmalıdır ki, hazırkı mübahisənin predmeti iddiaçının əmək pensiyasının məbləğinin ilk dəfə müəyyən edilməsi, yaxud pensiyanın hesablanmasının bütün elementlərinin yenidən mahiyyəti üzrə araşdırılması deyil. Baxılan məsələ qanuni qüvvəyə minmiş məhkəmə aktının cavabdeh inzibati orqan tərəfindən icra olunubolunmadığının və bundan asılı olaraq həmin orqana qarşı Inzibati Prosessual Məcəllənin 120-ci maddəsində nəzərdə tutulmuş cərimənin tətbiqinə əsasların mövcudluğunun müəyyən edilməsindən ibarətdir. Inzibati Prosessual Məcəllənin 120.1-ci maddəsinə görə, inzibati orqanın üzərinə məhkəmə aktı ilə qoyulmuş öhdəlik icra edilmədikdə ona icra üçün müddət müəyyən edilir və cərimə barədə xəbərdarlıq olunur; 120.2-ci maddə isə məhz həmin müddətdə öhdəliyin icra olunmadığı halda məhkəməyə cərimə tətbiq etmək imkanı verir. Bu baxımdan icra mərhələsində məhkəmənin vəzifəsi qanuni qüvvəyə minmiş qərarla müəyyən edilmiş hüquqi vəziyyətə yenidən baxmaq deyil, həmin qərarın tələb etdiyi nəticənin faktiki olaraq təmin edilib-edilmədiyini yoxlamaqdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası nə onun nəticəvi hissəsinin daraldılmasına, nə də həmin aktla müəyyən edilməmiş yeni öhdəliklərin icra icraatı vasitəsilə borclu inzibati orqanın üzərinə qoyulmasına gətirib çıxara bilər. Əks yanaşma hüquqi müəyyənlik və məhkəmə qərarının məcburiliyi prinsipləri ilə uzlaşmaz, icra icraatını artıq həll edilmiş mübahisənin təkrar mahiyyəti üzrə araşdırılması vasitəsinə çevirərdi. Hazırkı işdə bu fərqləndirmə xüsusi əhəmiyyət daşıyır. Apellyasiya şikayətinin əhəmiyyətli hissəsi pensiya kapitalının necə formalaşdırılmalı olduğu, hansı göstəricilərin tətbiq edilməli olduğu, ayrı-ayrı hesablamaların qanunauyğunluğu və pensiyanın hansı məbləğdə müəyyən edilməli olduğu barədə geniş mülahizələrdən ibarətdir. Iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2023-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, cavabdehin kassasiya şikayəti isə təmin edilməmişdir. Ali Məhkəmə əvvəlki apellyasiya qərarını iki konkret hissədə ləğv etmiş və həmin hissələr üzrə özü yekun hüquqi nəticə müəyyən etmişdir: birincisi, iddiaçının pensiyası 2004-2005-ci illərin orta aylıq əmək haqqından deyil, pensiyaya çıxdığı vaxtdan əvvəlki son 24 ayın - 2009-cu ilin yanvar-aprel aylarının, 2008-ci ilin 12 ayının və 2007-ci ilin may-dekabr aylarının - əmək haqqı nəzərə alınmaqla hesablanmalı; ikincisi, 2006-cı ildən 2020-ci il #######ın #-dək işlədiyi müəssisə tərəfindən hesablanmış, lakin ödənilməmiş məcburi dövlət sosial sığorta haqları nəzərə alınmaqla pensiyası yenidən hesablanmalı idi. Iddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı həmin hissələrdə qüvvədə saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Inzibati Prosessual Məcəllənin 120-ci maddəsində nəzərdə tutulmuş cərimə inzibati orqanın keçmiş davranışına görə tətbiq edilən cəza tədbiri deyil, məhkəmə aktının icrasını təmin etməyə yönəlmiş məcburi icra vasitəsidir. Bu xüsusiyyət Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** nömrəli qərarında xüsusilə vurğulanmışdır. Qərarda göstərilmişdir ki, məcburi icra tədbirləri qərar icra edilənədək təkrarlana, sərtləşdirilə və ya dəyişdirilə bilər, lakin borclu məhkəmə qərarını icra etdikdə belə tədbirlər dərhal dayandırılmalıdır. Eyni zamanda tətbiq edilən tədbir yararlılıq, zərurilik və mütənasiblik meyarlarına cavab verməlidir. Həmin Qərarın 25-27-ci bəndlərində də cərimənin tətbiqinin ilkin şərti kimi müəyyən edilmiş müddət başa çatdıqdan sonra öhdəliyin icra edilməmiş qalması göstərilmiş, cərimənin məbləğinin müəyyənləşdirilməsində isə icranın baş tutmamasının səbəbləri və mütənasiblik nəzərə alınmalı hallar sırasında sadalanmışdır. Başqa sözlə, cərimə uzun müddət əvvəl baş vermiş icra gecikməsinə görə retrospektiv sanksiya funksiyasını daşımır; onun hüquqi məqsədi davam edən icrasızlığı aradan qaldırmaqdır. Hazırkı iş üzrə isə iddiaçının məhkəməyə cərimə tətbiqi barədə müraciətindən əvvəl cavabdeh tərəfindən ## ###### 2026-cı il tarixli *-**-*/*-*-****/**** nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar qəbul edilmiş və pensiya yenidən hesablanmışdır. Birinci instansiya məhkəməsi yalnız həmin inzibati aktın mövcudluğu ilə kifayətlənməmiş, aparılmış hesablamanın Ali Məhkəmənin qərarının tələblərinə uyğunluğunu da ətraflı yoxlamışdır. Nəticədə cavabdehin məhkəmə qərarının icrasından yayınmasının hazırda davam etmədiyi qənaətinə gəlinmişdir. Icra prosesinin 2023-cü ildən etibarən uzun müddət davam etməsi, cavabdehin əvvəlcə Ali Məhkəmədən, daha sonra birinci instansiya məhkəməsindən qərarın icra qaydasının izahını istəməsi iş materialları ilə təsdiqlənir. Bu müddətin uzunluğu özlüyündə arzuolunan hal kimi qiymətləndirilə bilməz. Lakin hazırkı mübahisənin hüquqi həlli üçün həlledici olan cavabdehin əvvəlki dövrdə nə qədər gecikməsi deyil, cərimənin tətbiqi məsələsi həll edilən anda məhkəmə aktının icrasız qalıb-qalmamasıdır. Qərarın icrası artıq təmin edilmişdirsə, məcburetmə tədbirinin gələcəyə yönəlmiş funksiyası da aradan qalxır. Apellyasiya şikayətində əsas dəlillərdən biri kimi cavabdehin Ali Məhkəmənin müəyyən etdiyi 2007-2009-cu illərin 24 aylıq əmək haqqı göstəricilərini nəzərə almadığı, bunun əvəzinə 259,43 manat məbləğini orta aylıq əmək haqqı kimi götürdüyü bildirilir. Iş materialları isə bu arqumenti təsdiq etmir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71-ci maddəsinin mübahisəyə aid tarixi redaksiyasına görə, pensiya üçün müraciət edənin seçiminə əsasən orta aylıq əmək haqqı son 24 ay və ya hər hansı ardıcıl 60 ay üzrə faktiki əmək haqqından müəyyən edilirdi; 72-ci maddəyə görə isə 24 aylıq dövr seçildikdə həmin dövr üzrə gəlirin ümumi məbləği 24-ə bölünürdü. Birinci instansiya məhkəməsinin qərardadında Ali Məhkəmənin göstərdiyi konkret 24 ay - 2009-cu ilin dörd ayı, 2008-ci ilin on iki ayı və 2007-ci ilin səkkiz ayı - ayrıca sadalanmış və həmin aylar üzrə əmək haqqının ümumi məbləğinin 8030,88 manat olduğu, bu məbləğin 24-ə bölünməsi nəticəsində 334,62 manat orta aylıq əmək haqqı alındığı müəyyən edilmişdir. Bundan sonra 334,62 manata müvafiq faiz dərəcəsi tətbiq edilmiş və baza hissəsi çıxıldıqdan sonra 259,43 manat sığorta hissəsi müəyyən olunmuşdur. Deməli, şikayətdə 259,43 manatın “orta aylıq əmək haqqı” kimi təqdim edilməsi hesablamanın ayrı-ayrı mərhələlərinin bir-biri ilə qarışdırılmasının nəticəsidir. Orta aylıq əmək haqqı 259,43 manat deyil, 8030,88 manatın 24-ə bölünməsi nəticəsində alınan 334,62 manatdır. 259,43 manat isə həmin məbləğ əsasında sonrakı hüquqi-riyazi əməliyyatlardan sonra müəyyən edilən aralıq göstəricidir. Bu səbəbdən 259,43 manat rəqəminin mövcudluğu Ali Məhkəmənin müəyyən etdiyi 24 aylıq dövrün nəzərə alınmamasını deyil, əksinə, həmin 24 aylıq əmək haqqı əsasında aparılan hesablamanın sonrakı mərhələsini ifadə edir. Iddiaçının “xxxx” ASC tərəfindən verilmiş əmək haqqı arayışlarının nəzərə alınmadığı barədə dəlili də bu kontekstdə qiymətləndirilməlidir. Məhkəmə qarşısında həll olunan məsələ həmin arayışın ümumiyyətlə mövcud olub-olmaması deyil, Ali Məhkəmənin seçilmiş 24 aylıq dövr üzrə əmək haqqının nəzərə alınması göstərişinin icra edilib-edilməməsidir. Birinci instansiya məhkəməsinin qərardadında həmin dövrün ayları, gəlirlərin cəmi, bölən və alınmış nəticə konkret rəqəmlərlə göstərildiyindən, məhkəmənin cavabdehin mövqeyini heç bir yoxlama aparmadan qəbul etdiyi barədə arqument iş materialları ilə ziddiyyət yaradır. Apellyasiya baxışı zamanı iddiaçı xüsusi olaraq bildirmişdir ki, onun ## ###### 2006-cı ilədək ümumi iş stajı 35 il deyil, 35 il 1 ay 27 gündür və hesablamada həmin müddət tam şəkildə nəzərə alınmalıdır. Cavabdehin nümayəndələri stajın faktiki müddətini inkar etmədiklərini, lakin faiz artımının yalnız tam artıq illərə görə hesablandığını bildirmişlər. Bu məsələdə “iş stajının müəyyən edilməsi” ilə “həmin stajın pensiyanın faiz göstəricisinə təsiri” bir-birindən fərqləndirilməlidir. Iddiaçının 35 il 1 ay 27 gün ümumi iş stajına malik olması həmin müddətin hüquqi fakt kimi yox sayılması demək deyildir. Lakin tətbiq edilən hesablamada faiz artımının hansı vahidlə aparılması ayrıca məsələdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin mübahisəyə aid redaksiyasında 13-cü maddənin “b” bəndində nəzərdə tutulmuş işlərdə çalışanlara pensiyanın orta aylıq əmək haqqının 65 faizi həcmində müəyyən edilməsi, tələb olunan iş stajından artıq hər tam il üçün orta aylıq əmək haqqının daha 2 faizi qədər artırılması nəzərdə tutulmuşdu. Həmin kateqoriya üzrə yekun faiz 90 faizdən artıq ola bilməzdi. Beləliklə, 25 illik tələb olunan stajdan artıq 35 il 1 ay 27 günlük ümumi stajın tərkibində 10 tam il mövcuddur. Qanunda natamam ilin aylar və günlər üzrə proporsional şəkildə 2 faizə çevrilməsi nəzərdə tutulmadığından, əlavə 1 ay 27 gün ayrıca faiz artımı yaratmır. Buna görə 65 faiz baza göstəricisinə 10 tam il üçün 20 faiz əlavə edilməklə 85 faiz müəyyən edilməsi qanunun “hər tam il” meyarına uyğundur. Birinci instansiya məhkəməsinin hesablamada 85 faizdən çıxış etməsi iddiaçının 1 ay 27 günlük stajını inkar etməsi kimi deyil, faiz artımına dair normanın tətbiqi kimi qiymətləndirilməlidir. Ali Məhkəmənin ## #### 2023-cü il tarixli qərarının ikinci əsas göstərişi iddiaçının 2006-cı ildən sonrakı əmək fəaliyyəti dövründə işəgötürən tərəfindən hesablanmış, lakin ödənilməmiş məcburi dövlət sosial sığorta haqlarının pensiyanın yenidən hesablanmasında nəzərə alınmasından ibarət olmuşdur. Iş materiallarından görünür ki, ## ###### 2026-cı il tarixli yenidənhesablama məhz bu göstərişin icrası ilə əlaqədar aparılmışdır. Cavabdeh ##.##.2019-cu ilədək işəgötürən tərəfindən hesablanmış 14.117,41 manat məcburi dövlət sosial sığorta haqqını nəzərə alaraq 12.705,67 manat pensiya kapitalı müəyyən etmiş, həmin kapitalı qanunla nəzərdə tutulan 72 aya bölməklə 176,47 manat əlavə sığorta hissəsi hesablamış, nəticədə ##.##.2019-cu il tarixinə pensiya 926,84 manat müəyyən edilmiş və sonrakı indeksləşdirmələr nəticəsində ##.##.2026-cı il tarixinə 1901,06 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tətbiq edilmiş redaksiyası da pensiya təyin edildikdən sonra işləməkdə davam edən şəxsin sonrakı dövrdə formalaşan pensiya kapitalının, altı il və daha çox işlədikdə, gözlənilən pensiya ödənişi müddətinin işlənmiş ayların sayına uyğun, lakin 72 aydan çox olmayaraq azaldılması yolu ilə yenidən hesablanmasını nəzərdə tuturdu. Iddiaçının təqdim etdiyi əlavə izahatlarda müxtəlif fərdi uçot cədvəllərində 2007 və 2008-ci illər üzrə göstəricilərin bir-birindən fərqləndiyi, bəzi cədvəllərdə “0,00” qeyd edildiyi əsas gətirilərək cavabdehin hesablamasının ziddiyyətli olduğu bildirilmişdir. Lakin həmin sənədlərin məzmunundan görünür ki, müqayisə edilən göstəricilər eyni hüquqi kateqoriyanı əks etdirmir. Məhkəmə qərarının icrası baxımından həlledici məqam işəgötürənin faktiki ödədiyi məbləğin deyil, hesablanmış, lakin ödənilməmiş MDSS məbləğinin də nəzərə alınmasıdır. Birinci instansiya məhkəməsi bunu ayrıca araşdırmış və cavabdehin hesablamasının ödənilmiş haqlarla məhdudlaşmadığını müəyyən etmişdir. Eyni səbəbdən iddiaçının əl ilə tərtib edilmiş hesablamada 2007 və 2008-ci illərin görünməməsinə istinad etməsi də nəticəni dəyişmir. 2007-2009-cu illərin 24 aylıq əmək haqqı ilkin pensiya məbləğinin orta aylıq əmək haqqı əsasında müəyyənləşdirilməsi üçün istifadə olunur, pensiya təyin edildikdən sonrakı dövrdə toplanmış sosial sığorta kapitalının hesablanması isə başqa hüquqi mərhələ və başqa hesablama predmetidir. Müxtəlif məqsədlər üçün tərtib olunmuş iki hesablamada eyni illərin eyni formada əks olunmaması onların öz-özlüyündə ziddiyyətli olması nəticəsini doğurmur. Iş materiallarında olan sənədlərdən görünür ki, Ali Məhkəmənin qərarından sonra iddiaçının pensiyası ## ###### 2023-cü ildə ## ### 2009-cu il tarixindən yenidən hesablanmış, 724,07 manatdan 1278,10 manata artırılmış və əvvəlki dövr üzrə 32.962,63 manat fərq müəyyən edilmişdir. Daha sonra ## ###### 2026-cı ildə ödənilməmiş sosial sığorta haqlarının da nəzərə alınması ilə yeni hesablama aparılmışdır. Həmin hesablama nəticəsində 14.117,41 manat MDSS əsasında 12.705,67 manat pensiya kapitalı müəyyən olunmuş, 176,47 manat əlavə sığorta hissəsi hesablanmış, pensiyanın məbləği indeksləşdirilməklə 1901,06 manata çatdırılmış, keçmiş dövr üçün isə əlavə 34.666,87 manat fərq müəyyən edilmişdir. Bu halların məcmusu göstərir ki, cavabdehin fəaliyyəti yalnız “qərarın icra edildiyi” barədə formal məktub göndərilməsi ilə məhdudlaşmamış, pensiyanın məbləğində real dəyişiklik yaradılmış, keçmiş dövr üzrə fərq hesablanmış və yeni inzibati akt qəbul edilmişdir. Başqa sözlə, məhkəmə aktının tələb etdiyi nəticəyə yönəlmiş faktiki və hüquqi hərəkətlər həyata keçirilmişdir. Keçmiş dövr üçün müəyyən edilmiş fərq məbləğinin hissə-hissə ödənilməsi ilə bağlı məsələ isə yenidənhesablama öhdəliyinin icra olunub-olunmamasından fərqləndirilməlidir. Inzibati Prosessual Məcəllənin özü də inzibati orqanın üzərinə qoyulmuş hərəkət və ya inzibati akt qəbul etmək öhdəliklərinin icrasını 120-ci maddədə, dövlətə və ümumi hüququn digər subyektlərinə qarşı pul tələblərinin icrasını isə ayrıca 119-cu maddədə tənzimləyir. Buna görə də fərq məbləğinin faktiki ödənilmə tempi ilə bağlı ayrıca icra məsələsinin mövcudluğu, özlüyündə, artıq həyata keçirilmiş yenidənhesablama öhdəliyinin Inzibati Prosessual Məcəllənin 120-ci maddəsinin mənasında icra olunmaması nəticəsini doğurmur. Apellyasiya baxışı zamanı da iddiaçıdan Ali Məhkəmənin qərarının konkret olaraq hansı hissəsinin icra edilmədiyi soruşulmuş, iddiaçı əsas etibarilə hesablamanın ona yetərincə izah edilmədiyini və 2004-2005-ci illərə istinadların mövcudluğunu bildirmişdir. Cavabdehin nümayəndəsi isə hər iki göstərişin - son 24 aylıq əmək haqqının götürülməsi və hesablanmış, lakin ödənilməmiş MDSS-nin nəzərə alınmasının - icra edildiyini konkret şəkildə izah etmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, Inzibati Prosessual Məcəllənin 120-ci maddəsində nəzərdə tutulmuş cərimənin hüquqi təbiəti nəzərə alındıqda, onun tətbiqi üçün məhkəmə aktının icrasızlığının davam etməsi tələb olunur. Məhkəmə qərarı borclu tərəfindən icra edildikdə məcburi icra tədbirləri dərhal dayandırılmalıdır. Hazırkı halda isə cərimənin tətbiqi məsələsi həll edilənədək cavabdeh tərəfindən ## ###### 2026-cı il tarixli yenidənhesablama qərarı qəbul edilmiş, birinci instansiya məhkəməsi həmin qərarın yalnız mövcudluğunu deyil, onun arxasında duran hesablamaları da yoxlamış və qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasından yayınmanın davam etmədiyini müəyyən etmişdir. Buna görə əvvəlki dövrdə icranın uzun çəkməsi hazırkı mərhələdə artıq həyata keçirilmiş icranı təmin etmək məqsədilə cərimə tətbiq olunmasına müstəqil hüquqi əsas yaratmır. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticəni şübhə altına alan, işin nəticəsinə təsir edən faktiki və ya hüquqi səhvin mövcudluğunu təsdiq etmir. Əksinə, şikayətin mühüm hissəsi icra icraatının predmetindən kənara çıxaraq artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş hüquqi münasibətin yenidən mahiyyəti üzrə mübahisələndirilməsinə yönəlmişdir. Odur ki, Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərardadının ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən olunmur. Qərardad mahiyyəti etibarilə qanuni və əsaslı olduğundan apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan qərardadın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar