Məhkəmə qərarları › İş №2-1(3-6)-2109/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-2109/2026

26.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-2109/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Nümayəndə iştirakı ilə Iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı təbiətə dəymiş ziyanla bağlı 108500 manat məbləğin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-****/**** saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, təbiətə dəymiş ziyanla bağlı 108500 manat məbləğin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı Laçın rayonu ərazisində yerləşən "Həkəri" çayının məcrasından "xxxx" MMC tərəfindən 31000 m³ həcmində çınqıl-qum qarışığının qanunsuz götürülməsi faktı aşkar edilmişdir. Faktla bağlı cavabdeh "xxxx" MMC barəsində inzibati araşdırma başlanmışdır. 31000 m³ həcmində çınqıl-qum qarışığının qanunsuz götürülməsi nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli, *** saylı qərarına əsasən təbiətə 108500 manat məbləğində ziyan dəymişdir. Cinayət işinin materialları ilə birlikdə geri qaytarılması barədə qərarda dəymiş ziyan məbləği üzrə mülki qaydada müraciət etmək hüququ saxlanıldığından hazırki iddia ərizəsi ilə müraciət olunması zərurəti yaranmışdır. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-****/**** saylı qərardadı ilə (hakim F.A.Əlizadə) iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı təbiətə dəymiş ziyanla bağlı 108500 manat məbləğin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin hesabına ödənilməsi tələbinə dair işin baxılması üçün aidiyyəti üzrə Şirvan Inzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərardadı cavabdeh tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin ərazi aidiyyətini müəyyən edərkən Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə istinad etmiş və belə nəticəyə gəlmişdir ki, mübahisənin predmetini Laçın rayonu ərazisində yerləşən Həkəri çayının məcrasından çınqıl-qum qarışığının götürülməsi təşkil etdiyindən mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibətlərindən irəli gəlir. Lakin, məhkəmənin gəldiyi nəticə işin faktiki halları və tətbiq edilməli olan hüquq normaları ilə uzlaşmır. Belə ki, hazırkı iş üzrə iddiaçı tərəfindən cavabdehə qarşı hər hansı torpaq sahəsinə, daşınmaz əmlaka və ya müəyyən ərazi üzərində hüququn tanınması, dəyişdirilməsi, məhdudlaşdırılması və ya xitam verilməsi barədə tələb irəli sürülməmişdir. Iddia tələbi yalnız iddiaçının hesabladığı 108.500 manat məbləğində ziyanın cavabdehdən tutulmasına yönəlmişdir. Hazırkı mübahisədə: torpaq sahəsinin hüquqi statusu mübahisələndirilmir; torpaq sahəsinə mülkiyyət, istifadə və ya icarə hüququ ilə bağlı mübahisə mövcud deyil; hər hansı daşınmaz əmlak üzərində hüququn müəyyən edilməsi məsələsi həll edilmir; tərəflər arasında müəyyən əraziyə dair hüquq münasibətinin mövcudluğu və ya olmaması barədə mübahisə yoxdur. Mübahisənin əsasında cavabdehin yerin təkindən istifadə fəaliyyəti nəticəsində ətraf mühitə ziyan vurub-vurmaması və vurulduğu iddia edilən ziyanın ödənilməsi məsələsi dayanır. Bu səbəbdən hazırkı mübahisə Inzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsində nəzərdə tutulmuş "daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisə" kimi qiymətləndirilə bilməz. Məhkəmə qərardadında qeyd etmişdir ki, mübahisənin kökündə duran əsas xüsusat konkret ərazi üzrə daşınmaz əmlakla bağlı hüquq münasibətidir. Lakin, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı tərəfindən cavabdehin torpaq sahəsi üzərində hər hansı hüququ mübahisələndirilmir. Iddiaçı yalnız yerin təkindən istifadə qaydalarının pozulduğunu iddia edərək bunun nəticəsində hesablanmış ziyanın ödənilməsini tələb edir. Belə olan halda mübahisə torpaq hüquq münasibətlərindən deyil, yerin təkindən istifadə, ekoloji qanunvericilik və ziyanın əvəzinin ödənilməsi ilə bağlı hüquq münasibətlərindən irəli gəlir. Cavabdeh Cavabdeh MMC Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 15 ünvanında yerləşir və hüquqi ünvanı Bakı şəhərindədir. Buna görə də, hazırkı işə ərazi aidiyyəti üzrə Bakı Inzibati Məhkəməsində baxılmalıdır. Məhkəmənin qərardadında istinad etdiyi, gələcəkdə torpaq sahəsinə baxış keçirilməsi ehtimalı da ərazi aidiyyətinin müəyyən edilməsi üçün hüquqi meyar hesab edilə bilməz. Çünki, sübutların toplanması, baxış keçirilməsi və ya ekspertiza təyin olunması prosessual hərəkətlər olub, məhkəmə aidiyyətini müəyyən edən hallar sırasına daxil deyil. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası tərəfi dinləyib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, şikayət əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Inzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə görə, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Birinci instansiya məhkəməsi qərarında haqlı olaraq belə qənaətə gəlmişdir ki, Inzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinin tələbləri əsas götürülməklə hazırkı iddia tələbinin predmetini bilavasitə Laçın rayonu ərazisində yerləşən "Həkəri" çayının məcrasından cavabdeh "xxxx" MMC tərəfindən 31000 m³ həcmində çınqıl-qum qarışığının qanunsuz götürülməsi xüsusatı ilə bağlı olduğundan mübahisə daşınmaz əmlakın yerləşdiyi yerin yurisdiksiyası üzrə müvafiq məhkəmə tərəfindən baxılmalıdır. Yəni, tələbin kökündə duran məsələ məhz həmin torpaq sahəsi ilə (torpağa zərər vurma) bağlıdır ki, məhkəmə icraatı çərçivəsində həmin sahəyə məhkəmə tərəfindən baxış keçirilməsi zərurəti yarana bilər, ki bunun üçün optimal ərazi aidiyyat qaydası torpaq sahəsinin yerləşdiyi yerin məhkəməsi olmalıdır. Nəticə etibarilə, mübahisənin kökündə duran əsas xüsusat konkret ərazi üzrə daşınmaz əmlakla (torpaq sahəsi) bağlı hüquq münasibətidir. Belə olan halda, Inzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinin tələbini hazırkı işə tətbiq etdikdə aydın olur ki, hazırkı işə baxmağa Şirvan Inzibati Məhkəməsi səlahiyyətlidir. Belə ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. Inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə MəhkəməHüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının ## ###### 2019-cu il tarixli, * nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərarın 18.12-ci bəndinə əsasən Laçın rayonu Şirvan Inzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Inzibati Prosessual Məcəllənin 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin ərazi aidiyyəti üzrə bu qaydanı müəyyən edərkən əsas məqsədi: şəxslərin məhkəməyə əlçatanlığının; işlərə ağlabatan müddətdə baxılmasının; prosessual qənaət prinsipinin; ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsindən ibarət olmuşdur. Məhz qeyd olunanları, həmçinin yuxarıda istinad olunan normaların tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Şirvan Inzibati Məhkəməsinə göndərilməlidir. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar