Məhkəmə qərarları › İş №2-1(3-6)-2147/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-2147/2026

22.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-2147/2026 22.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: X1 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ## ######## 2025-ci il tarixli qərarı ilə İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə (bundan sonra - cavabdeh) qarşı “xüsusi təyinatlı mənzil fondundan sosial təyinatlı mənzil fonduna keçirilməsi və mənzilə dair sosial kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi” barədə iddiası təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, ev 44, mənzil 19-un Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırmaqla xüsusi təyinatlı mənzil fondundan sosial təyinatlı mənzil fonduna keçirilməsi və həmin mənzilə dair tələbkar ilə sosial kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsi borclunun üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ## ######## 2025-ci il tarixli qərarından cavabdehin verdiyi apellyasiya şikayəti üzrə icraata xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli qərarı qanuni qüvvəsini almış və icra edilməsi üçün cavabdehə göndərilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək sözügedən qərarın icra mərhələsində borclu qeyd olunan mənzilin gələcəkdə özəlləşdirilməməsi şərtini qeyd etdiyindən Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ## ######## 2025-ci il tarixli qərara izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ## ######## 2025-ci il tarixli qərarına izah verilməsi barədə tələbkar İddiaçı ərizəsi təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ## ######## 2025-ci il tarixli qərarına izah verilməsi barədə ərizə ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır. Tərəflərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili ərizənin və şikayətin məzmununa uyğun olaraq izahat verdi və həmçinin bildirdi ki, cavabdeh iddiaçı ilə sosial kirayə müqaviləsini bağlamamağa o şərtlə razı olur ki, iddiaçıya gələcəkdə mənzili özəlləşdirmək hüququ verilməsin. Lakin, iddiaçı bu şərtlə razı deyil. Bu səbəbdən qərara izah verilməsi zərurəti yaranıb. Qeyd edilənlərə əsasən iddiaçının vəkili şikayətin və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında digər tərəf iştirak etməmişdir.Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə baxlmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, habelə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230-cu maddəsinə (Qətnamənin və ya qərardadın izah edilməsi) əsasən: 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir.

230. 4. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi bu barədə ərizə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 230.5. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tətbiq edilən normaların məzmunundan göründüyü kimi məhkəmə qərarının izah edilməsi yalnız onun məzmununda olan anlaşılmazlıqların və qeyri-müəyyənliklərin aradan qaldırılmasına yönəlməlidir. Qərarın izah edilməsi həmin qərarla həll edilməyən, həmin qərarın qəbuluna əsas olmuş məhkəmə araşdırmasının predmeti olmayan yeni bir məsələnin həll edilməsinə səbəb ola bilməz. İşdən görünür ki, sözügedən məhkəmə qərarında borclunun üzərinə qoyulan vəzifə kokret və aydın şəkildə göstərilmişdir. Qərarın icrası üçün əlavə izaha ehtiyac yaradan hər hansı qeyri-müəyyənlik və ya anlaşılmazlıq mövcud deyildir. Tələbkarın hazırkı ərizəsi isə həmin qərarın mətnindəki qeyri-müəyyənliyin aradan qaldırılması ilə bağlı deyil, borclu tərəfindən qəbul edilmiş sərəncamda “mənzilin özəlləşdirilməsi hüququnun olmaması” barədə şərtin əlavə edilməsinin qərarın icrasına zidd olması ilə bağlıdır. Halbuki, qeyd olunan məsələ məhkəmənin ## ######## 2025-ci il tarixli qərarının predmetini təşkil etməmiş, həmin qərarla həll olunmamış və qərarın məzmunundan irəli gələn hər hansı qeyri-müəyyənliklə bağlı olmamışdır. Məhkəmə hesab edir ki, mənzilin gələcəkdə özəlləşdirilməsi imkanının olubolmaması, yaxud sosial kirayə müqaviləsinə belə bir şərtin daxil edilməsinin qanuniliyi məsələləri qərarın izahı qaydasında araşdırıla və həll edilə bilməz. Məhkəmə Kollegiyası xüsusilə qeyd edir ki, mənzilin gələcəkdə özəlləşdirilməsi imkanının olub-olmaması qərarın icrası zamanı yaranmış ayrıca hüquqi münasibətlərlə bağlıdır. Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ## ######## 2025-ci il tarixli qərarına izah verilməsi barədə ərizə təmin edilməməlidir. Apellyasiya şikayəti Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ## ######## 2025-ci il tarixli qərarına izah verilməsi barədə ərizə ilə oxşar məzmunda olmaqla əsaslandırıldığını və həmin dəlillərə yuxarıda hüquqi qiymət verildiyini nəzərə alan məhkəmə Kollegiyası prosessual qənaət prinsipindən çıxış edərək şikayətin dəlilləri üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa lüzum görmür. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar