Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-2159/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi ilə, Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı kompensasiya ödənilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərardadından iddiaçı iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, M.Arif 99/100, ** saylı evin “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən qanunsuz söküldüyünə görə 178 kv.m. ümumi sahənin hər kv.m-nə 2700 manat olmaqla, 480600 manat məbləğində kompensassiyanın, 23000 manat məbləğində maddi zərərin, 15000 manat ona mənəvi zərərin və hər əkiz uşaqlarına mənəvi zərərin 50000 manat məbləğin cavabdehdən alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı2 tək anadır. 2014-cu ilin dekabr ayının 3-də Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi ** saylı evi inşa etdirmiş, sonradan həmin evi təmir etdirmiş və 2015-ci ildə, yanvar ayında o, əkiz uşaqları - oğlu X1, qızı X2 və anası iddiaçı1 ilə həmin evə köçüb yaşamağa başlamışdır. Həmin ev 6 böyük otaqdan, dəhliz, böyük mətbəx, 2 hamamdan ibarət idi. Ev çöldən 178 kv.m. təşkil edirdi. 2014-cü ilin dekabrından indiyə kimi qeyd etdiyi ünvandakı evin bütün kommunal xidmət haqları tərəfindən dövlətə ödənilmişdir. ##.##.2025-ci ildə Nərimanov Rayon Icra Hakimiyyətinin nümayəndələri onun qeyd etdiyi ünvandakı evə gəlib, evinin kv.m-ni lazerlə ölçdülər, evin ümumi kv.m-i 158 kv.m. içəridən təşkil edir, çöldən 178 kv.m. təşkil edir və evinə 99/100 nömrə verilmişdir. ##.##.2025-ci ildə isə cavabdeh təşkilatın nümayəndələri evinə gəlib bildirdilər ki, bir gün ərzində evdən çıxmalıdır, çıxmadığı təqdirdə ev söküləcək, lakin həmin günü onlar vaxt vermədən evi ekskavatorla sökdülər. Həmin vaxtı onun və uşaqlarının pnevmoniya xəstəliyi var idi və hərarəti 39 dərəcədə idi. Qızının beynində açıq forma hidroencefaliyası xəstəliyi var. Qızı həmin gün qorxmuşdu və huşunu itirmişdi. Evi mühasirəyə alındı, Nərimanov, Xətai Rayon Icra Hakimiyyətinin və dəmir yol idarənin nümayəndələri evinin giriş qapısını sındırıblar. Evini söküblər və 23000 manat məbləğində bütün məişət əşyaları söküntü altında qalmışdır. Cavabdeh təşkilat evi sökəndən sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində ona və anasına qarşı qanunsuz tikilinin sökülüb kənarlaşdırma tələbinə dair iddia ərizəsi vermiş, lakin Bakı şəhəri Narimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı və ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnamələri ilə iddia təmin edilməmişdir. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərardadı ilə (hakim A.Ə.Əhədova) iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərardadı iddiaçı iddiaçı2 tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Eyni zamanda apellyasiya şikayətində qeyd olunmuşdur ki, ADY adi təsərrüfat subyekti kimi deyil, dövlət tərəfindən həvalə edilmiş funksiyaları yerinə yetirərək dövlət infrastruktur layihələrinin həyata keçirilməsini və dəmir yolu hərəkətinin təhlükəsizliyini təmin edən orqan kimi fəaliyyət göstərir. Birinci instansiya məhkəməsi qeyd olunan hallara lazımi qiymət verməmişdir. Bundan əlavə, təqdim edilmiş sənədlərdən görünür ki, dəmir yolu xətlərinə yaxın yerləşən digər rayonlarda yaşayan şəxslər üçün dövlət tərəfindən daşınmaz əmlakın qiymətləndirilməsi, onun satın alınması və dövlət layihələrinin həyata keçirilməsi ilə bağlı kompensasiya ödənişi mexanizmi hazırlanmışdır, lakin Nərimanov rayonunun sakinləri üçün belə bir mexanizm yoxdur, halbuki orada vəziyyət Hövsan, Yeni Suraxanı və s. ərazilərin sakinləri ilə eynidir. Lakin Hövsan, Yeni Suraxanı, Binə-Qala sakinlərinə kompensasiya verilir, iddiaçıya isə verilmir (iddiaçı Nərimanovda yaşamışdır). Bununla belə, dəmir yolu xətlərinin bilavasitə yaxınlığında yerləşən yaşayış evi kompensasiya ödənilmədən sökülmüş, baxmayaraq ki, ev kommunal şəbəkələrə qoşulmuş, ailəsinin daimi yaşayışı üçün istifadə olunurdu və iddiaçının, azyaşlı övladlarının və anasının yeganə yaşayış yeri idi. Beləliklə, oxşar hüquqi vəziyyətdə olan şəxslərə qarşı fərqli yanaşma mövcuddur. Həmçinin, məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, mübahisə məhz dəmir yolu infrastruktur sahəsində dövlət qərarlarının icrası zamanı həyata keçirilmiş faktiki hərəkətlər nəticəsində yaranmışdır. Buna görə də, hazırkı mübahisə publik-hüquqi münasibətlərdən irəli gəlir və inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Birinci instansiya məhkəməsi faktiki olaraq iddiaçının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırmış, işi mahiyyəti üzrə baxmaqdan imtina etmiş və evin sökülməsinin qanuniliyini və kompensasiya ödənilməsi üçün əsasların mövcudluğunu araşdırmamışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası qanunvericliyin tələblərini nəzərə alaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, şikayət əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, «Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, ** saylı Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1ci bənd). “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * saylı Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (Inzibati Prosessual Məcəllənin 1.1, 2, 3-cü maddələri, Inzibati Prosessual Məcəllənin XV-XIX fəsilləri). Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. Inzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. Inzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. Inzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı ona dəyən maddi və mənəvi zərərə görə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən kompensasiyanın ödənilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * saylı Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 13 və 14-cü bəndinə əsasən:
13. Qanunvericiliklə onlara inzibati akt qəbul etmək, eləcə də ümumi (publik) hüquq sahəsində hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı faktiki xarakterli hərəkətlər etmək səlahiyyətinin verildiyi konkret hallar istisna olmaqla, təbii inhisar subyektləri “Inzibati icraat haqqında” Qanun anlamında inzibati orqan sayılmırlar.
14. Təbii inhisar subyektləri dövlət və ictimai maraqları təmin etməyə yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi ilə əlaqədar həm onların fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirən orqanlarla (rəqabət orqanı, Tarif (qiymət) Şurası və digər tənzimləyici qurumlar), həm də təsərrüfat subyektləri və istehlakçılarla münasibətlərə daxil olurlar. Buna görə, məhkəmələr ilk növbədə, təbii inhisar subyektlərinin iştirakçısı olduğu mübahisələrin qeyd edilən iki kateqoriya münasibətlərdən məhz hansının çərçivəsində yarandığını aydınlaşdırmalıdırlar. Təbii inhisarları tənzimləyən orqanlarla təbii inhisar subyektlərinin daxil olduqları münasibətlər ümumi hüquq sahəsinə aid olduğundan belə münasibətlərdən yaranan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Çünki təbii inhisar fəaliyyətinin dövlət tənzimlənməsi ilə bağlı qərarların qəbul olunması, hərəkət və ya hərəkətsizliyin edilməsi publik maraqlar naminə hakimiyyət səlahiyyətlərinin icrası qaydasında həyata keçirilən, eləcə də ünvanlandığı təbii inhisar subyektləri barəsində hüquqi nəticələr yaradan fəaliyyətdir. Müvafiq olaraq belə fəaliyyətin həyata keçirilməsi nəticəsində hüquqlarının pozulduğunu iddia edən təbii inhisar subyektləri tərəfindən təbii inhisarları tənzimləyən orqanlara qarşı qaldırılmış iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) isə konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülki-hüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Təbii inhisar subyektlərinə qarşı və ya onlar tərəfindən qaldırılmış deliktdən əmələ gələn, yaxud əşya hüquqlarının müdafiəsinə yönəlmiş və digər iddiaların məhkəmə aidiyyəti müəyyən edilərkən isə həmin münasibətlərdə təbii inhisar subyektinin qanunvericiliyə müvafiq olaraq publik səlahiyyətin icrası qaydasında, yoxsa mülki dövriyyənin bərabər hüquqlu iştirakçısı kimi iştirak edib-etmədiyinə qiymət verilməlidir. Təbii inhisar subyektinin qanunvericiliklə verilmiş ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin (məsələn, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün torpaqların geri alınması ilə bağlı alan orqan kimi müəyyən olunduqda) icrasından doğan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş ümumi (publik) hüquq sahəsinə aid səlahiyyətlərin həyata keçirilməsi vəziyyəti mövcud olmadıqda, əksinə, mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisələrdən söz edildikdə (vurulmuş zərərin əvəzinin ödənilməsi, ərazinin boşaldılması və s.) isə işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi Plenum Qərarına əsasən, təbii inhisar subyektlərinə qarşı deliktdən əmələ gələn, yaxud əşya hüquqlarının müdafiəsinə yönəlmiş və digər iddialara inzibati mühakimə icraatı qaydasında baxılması üçün onun qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün torpaqların geri alınması ilə bağlı alan orqan kimi müəyyən olunması və ya bu fəaliyyətinin publik səlahiyyətin icrası qaydasında həyata keçirilməsi tələb olunur. Mübahisə mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisədirsə, həmin işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Işin hazırkı halında iddiaçı tərəfindən onun sahibliyində olan yaşayış sahəsinin "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sökülməsi iddia olunsa da, QSC-nin bu fəaliyyətini publik səlahiyyətin icrası qaydasında həyata keçirməsi müəyyən edilmir. Belə ki, işdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən görünür ki, iddiaçı “xxxx” QSC cavabdeh iddiaçı2 qarşı “qanunsuz tikilinin sökülüb kənarlaşdırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı yol sahəsinin xidməti ərazisində Nərimanov Böyükşor mənzili və Bakı sərnişin- Keşlə mənzili dəmir yolu xətlərinin kəsişmələri arasında yerləşən ərazidə cavabdeh iddiaçı2 tərəfindən dəmir yolunun təhkim zonasında ünvan 1 ünvanında inşa edilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılmаsı, 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq “xxxx” QSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin qərarı ilə iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2005-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın 2-ci hissəsinin 3-cü abzasına əsasən təhkim zolağı-dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yolu xətlərinin torpaq yatağına bitişən, dəmir yolu nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardır. Həmin Qaydaların 21-ci bəndinə əsasən, təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansı əsaslı tikinti işlərinin aparılmasına, həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmir yolu təyinatlı bina və digər tikililərə, həmçinin dəmir yolu obyektlərinin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan, hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmir yolu xətti boyu görünməni pisləşdirən obyektlərin yerləşdirilməsinə və tikilməsinə yol verilmir. Həmin Qaydanın 23-cü bəndinə görə, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti və Daxili Işlər Nazirliyi dəmir yolunun xüsusi mühafizə zonası, təhkim zolağı və sanitariya-mühafizə zonası hüdudlarında torpaq sahələrindən istifadə edən şəxslər tərəfindən torpaqdan istifadə qaydalarına riayət olunmasına nəzarət edir, bu zonalarda qanunsuz tikililərin yerləşdirilməsinin qarşısını alırlar. Adı çəkilən qətnamədən və maddi hüquq normalarından müəyyən olunur ki, QSC iddiaçının sahibliyində olan tikilinin dəmir yоlunun mühаfizə zоlаğındа inşa edilməsinə istinad edərək, onun sökülməsini xahiş etmiş, bu zaman torpaqların geri alınması ilə bağlı ona hər hansı bir səlahiyyət verilməmiş, mülki dövriyyənin iştirakıçısı kimi fəaliyyətini təmin etmək məqsədilə balansında olan dəmir yolunun mühafizə zolağına məxsus torpaqlardan qanunsuz tikililərin kənarlaşdırılması, ona məxsus torpaqların boşaldılması məqsədini güdmüşdür. Belə olan halda aydındır ki, onunla iddiaçı arasında yaranmış tikilinin sökülməsi ilə bağlı hazırkı mübahisə inzibati hüquq münasibətlərindən yaranmadığından inzibati mühakimə icraatı qaydasında baxıla bilməz. Inzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * saylı Qərarının 15.1-ci maddəsində göstərilmişdir ki, Inzibati Prosessual Məcəllənin 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, Inzibati Prosessual Məcəllənin 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə Inzibati Prosessual Məcəllənin müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmamışdır (Qərar 15.2-ci bənd). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (Qərar 15.3-cü bənd). Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq iddianın məhkəmə aidiyyəti üzrə göndərilməsinin inzibati məhkəmə icraatında mümkünsüzlüyünü bildirməklə yanaşı tərəflərə izah etmişdir ki, iddiaçı(lar)nın hazırkı tələblə mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ saxlanılır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Fərid Ismayılzadə