Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-2173/2026 25.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X1 və Fərid Sabir oğlu İsmayılzadədən ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı “intizam tənbehi barədə əmrin qanunsuzluğunun tanınması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)- *****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək intizam tənbehi barədə əmrin ləğv edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi əsasında məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2024-cü il tarixli, **************** nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrinin qanunsuzluğunun tanınması barədə qərar çıxarılması” kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə bağlanmış ## #### 2024-cü il tarixli əmək müqaviləsi əsasında iddiaçı həmin orqanda çalışmışdır. Dövlət vergi orqanında ## #### 1997-ci il tarixdən işləmiş, hazırda 65 yaşı tamam olduğuna görə ##.##.2025-ci il tarixdən öz ərizəsi ilə işdən azad olunmuşdur. İddiaçı hazırda pensiya alan şəxsdir. Cavabdeh tərəfindən ##.##.2024-cü il tarixdə imzalanmış **************** nömrəli "İntizam tənbehi tədbirinin görülməsi barədə" əmrə əsasən ona töhmət verilmişdir. Töhmət əmrinin verilməsinə əsas kimi qeyd edilmişdir ki, iddiaçıya "xxxx" MMC adlı hüquqi şəxsin səyyar vergi yoxlamasının keçirilməsi tapşırılmışdır, keçirdiyi səyyar vergi yoxlamasının nəticələrinə görə onun tərəfindən səyyar vergi yoxlaması düzgün aparılmamışdır. Töhmət əmrinin mətnindən görünür ki, cavabdeh "Məlumat və Nöqsan Cədvəli" adlı sənədi səyyar vergi yoxlamasının nəticələri barədə yekun sənəd kimi qəbul etmişdir və həmin sənəddə göstərilmiş məlumatları səyyar vergi yoxlamasının nəticəsi kimi hesab edərək, iddiaçıya töhmət verilmişdir. Qeyd olunmalıdır ki, cavabdeh "Məlumat və Nöqsan Cədvəli" adlı sənədi səyyar vergi yoxlamasının nəticələri barədə yekun sənəd kimi qəbul etməsi və həmin sənəddə göstərilmiş məlumatları səyyar vergi yoxlamasının nəticəsi kimi hesab etməsi və həmin məlumatlara əsasən iddiaçıya töhmət verməsi - "Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları"nın 48.1-ci maddəsinə zidd olmuşdur. Bu sənəd yoxlama dövründə tərtib edilən ilkin hesablamaları özündə əks etdirən qaralama sənədi olmuşdur. Cavabdehdə mövcud olan praktikaya əsasən yoxlamanın gedişi müddətində tərtib edilən, o cümlədən ilkin xarakterli qaralama sənədləri ümumi şəbəkə sistemində yaradılmış "LGBİ Paylaşım qovluğu"nda yerləşdirilir. Həmin qovluqda yerləşdirilmiş sənədlərə yoxlamanın gedişi dövründə yoxlayıcı tərəfindən düzəliş və əlavələr edilir. Lakin, bu qovluqda 11 okyabr 2024-cü il tarixinə olan yerləşdirdiyi və özündə ilkin hesablamaları əks etdirən qaralama sənədi olan "Məlumat və Nöqsan Cədvəlinin" heç bir yerində qeyd etməmişdir ki, bu yoxlamanın nəticələri üzrə yekun sənəddir və həmin sənəd yoxlamanın nəticələri üzrə yekun sənəd kimi rəhbərliyə baxılması üçün təqdim edilir. Cavabdeh səyyar vergi yoxlamasının hələ davam etdiyi dövrdə həmin qovluqda olan və normativ hüquqi aktla tərtib edilməsi tələb edilməyən Məlumat və Nöqsan Cədvəlini heç bir hüquqi əsas olmadan səyyar vergi yoxlamasının nəticələri barədə yekun sənəd kimi qəbul etmiş və həmin sənəddə olan məlumatları yoxlamanın nəticələri barədə yekun məlumat kimi qəbul etmişdir. Cavabdeh tərəfindən "Məlumat və Nöqsan Cədvəli" adlı sənədin səyyar vergi yoxlamasının nəticələrinə dair sənəd kimi qəbul edilməsi birbaşa olaraq yuxarıda adıçəkilən Qaydaların 48.1-ci maddəsinə zidd olmuşdur. Çünki səyyar vergi yoxlamasının nəticələrinə dair sənəd "Məlumat və Nöqsan Cədvəli" adlı sənədi deyil, səyyar vergi yoxlaması aktıdır. Beləliklə, cavabdeh tərəfindən töhmət əmrinin verilməsi üçün heç bir qanuni əsas olmamışdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin ##.##.2024-cü il tarixli, **************** nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarı ilə “xxxx” MMC-də növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın keçirilməsi Baş idarəinin Vergi Auditi İdarəsinin Regionlar üzrə 2-ci audit şöbəsinin dövlət vergi müfəttişi, R İddiaçı tapşırılmışdır. Eləcə də, səyyar vergi yoxlaması "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" ##.##.2022-ci il tarixli, ***-VIQ nömrəli Azərbaycan Respublikasının Qanununa əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə açılmışdır. Yoxlama müəssisənin ##.##.2021-ci il tarixdən ##.##.2024-cü il tarixədək olan dövrünü əhatə etmişdir. Yoxlama ##.##.2024-cü il tarixdə başlanmış, ##.##.2024-cü il tarixdə başa çatdırılmışdır. SVY üzrə 265.399,99 manat vergi məbləği, 135.050,18 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 404.725,5 manat hesablama aparılmış və ##.##.2024-cü il tarixli, **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Yoxlayıcı İddiaçı rəhbərliyə təqdim etdiyi ilkin hesablama zamanı 98.620,0 manat məbləğində hesablamalar aparılmışdır (19.730,0 manat vergi məbləği, 78.890,0 manat maliyyə sanksiyası). Yoxlayıcı İddiaçı Cəmaləddin oğlunun səyyar vergi yoxlaması ilə bağlı rəhbərliyə təqdim etdiyi ilkin hesablamaların müzakirəsi zamanı bir sıra nöqsanların olduğu aşkar edilmişdir. Məlum olmuşdur ki, cəmiyyətin bank əməliyyatları barədə əldə olunmuş məlumatlara yoxlayıcı tərəfindən düzgün baxılmamışdır. Xüsusilə, “xxxx” MMC-nin bank əməliyyatları çeşidlənərkən, məxaric hissəsində təyinatı “əmək haqqı” kimi göstərilən 2.182.268,94 manat və təyinatı “qeyri-büdcə” kimi qeyd olunan 336.649,3 manat məbləğindəki ödəniş əməliyyatları düzgün və dolğun araşdırılmamışdır. İddiaçı “xxxx” MMCdə apardığı səyyar vergi yoxlamasına laqeyd yanaşmış, eləcə də həmin səyyar vergi yoxlamasının bilavasitə yuxarıda qeyd edildiyi kimi, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" ##.##.2022-ci il tarixli, ***-VIQ nömrəli Azərbaycan Respublikasının Qanununa əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə aparıldığını dərk etməmiş, Cəmiyyətin bank əməliyyatları çeşidlənən zaman məxaric hissəsində xərclənən vəsaitlərə diqqət yetirməmişdir. Bu səbəbdən də, Əmək Məcəlləsinin 10-cu maddəsinin «a» bəndinin tələbləri pozulmasına və "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən iddiaçıya töhmət verilmişdir. Hazırkı mübahisədə nəzərə alınmalıdır ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı ilə (hakim T.Məlikov) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılmasına dair qərardad çıxarılmasını xahiş etmiş və apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə iclasında iştirakını təmin etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İPM-in; -2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. -36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Məhkəmə kollegiyası “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Sözügedən qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Hazırda iddiaçının hüquqi marağı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2024-cü il tarixli, **************** nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrinin qanunsuzluğunun tanınması ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılması ilə bağlı məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2024-cü il tarixli **************** nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmri hazırda öz hüquqi qüvvəsini itirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Əmək Məcəlləsinin 190-cı maddəsinin 1-ci bəndinə əsasən intizam tənbehi (bu Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən verilən intizam tənbehi istisna olmaqla) verilən gündən altı ay müddətində qüvvədə olur. 2-ci bəndinə əsasən işçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, daxili əmək və intizam qaydalarını pozmazsa işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər. Qanunvericiliyin tələbindən göründüyü kimi, mübahisəli inzibati akt qüvvədə olma müddəti başa çatdığı üçün hüquqi əhəmiyyətini itirmişdir. Bu səbəbdən mübahisəli inzibati aktın müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə mübahisəndirilməsi mümkün olan artıq icra olunmuş inzibati akt kimi (hüquqi qüvvəsi olan inzibati akt kimi) qiymətləndirilməsi mümkün deyildir. Bu səbəbdən mübahisəli inzibati aktın qanunsuzluğunun tanınması ilə bağlı iddia tələbinə məhkəmə mühakimə icraatı qaydasında baxılması mümkün deyildir. Bu səbəbdən hazırkı iddia tələbinə mübahisələndirmə iddiası kimi qiymət verilməlidir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər Qeyd edilməlidir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən onun barəsində verilmiş ##.##.2024-cü il tarixdə imzalanmış **************** nömrəli "İntizam tənbehi tədbirinin görülməsi barədə" əmr iddiaçı İddiaçı özü barəsindədir. Belə olan halda güman etmək olar ki, iddiaçı əmr qəbul edildiyi vaxtdan bu əmr barədə məlumatlı olmuş, lakin inzibati aktın mübahisələndirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddəti ötürərək ## ###### 2025-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəbdən ötürülməsi ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İnzibati Prosessual Məcəllənin: 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. 23.2-ci maddəsinə əsasən hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Həmin müddətdə şikayətin verilməməsinin təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olduğunu sübut edən inzibati məhkəmə icraatının iştirakçısı, hüquqi müdafiə vasitələrindən istifadə etməyə mane olmuş hallar aradan qalxdığı gündən 15 gün ərzində şikayət verə bilər. 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Nigar Nəbizadə Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(3-6)-2173/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-2173/2026
25.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver