Məhkəmə qərarları › İş №2-1(3-6)-219/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-219/2026

25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(3-6)-219/2026 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X2 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı “məlumatın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-18179/2025 nömrəli, 17 dekabr 2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsus Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası illə dövlət sərhədi avtomobil yolunun 244-cü km-də yerləşən elektron tərəzidən Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə ötürülən məlumatların etibarsız hesab edilməsi və ona EQ30240095 nömrəli protokolla tətbiq olunmuş xx.xx.2025-ci il tarixli 1200 manat məbləğdə cərimənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) 2-1(112)-18179/2025 nömrəli, 17 dekabr 2025-ci il tarixli qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə baxılmasının mümkünsüz hesab edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsinə əsasən o, guya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsus Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 244-cü kilometrində yerləşən elektron tərəzidən Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə ötürülən məlumatların etibarsız hesab edilməsi və onun özünə EQ 30240095 nömrəli protokolla tətbiq olunmuş xx.xx.2025-ci il tarixli 1200 manat məbləğdə cərimənin ləğv edilməsi barədə qərar çıxarmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermək hüququnu müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 129.1.3-1-ci maddəsinə əsasən Məcəllənin 122.1-ci və 127- 3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət rayon (şəhər) məhkəməsində baxılır, sözügedən məsələ inzibati məhkəmələrin aidiyyətində deyil. Bu səbəbdən İddiaçı iddiası Bakı İnzibati Məhkəməsində mümkün sayılmamalıdır. Həmçinin sözügedən iş üzrə cavabdeh AYNA deyil. Belə ki, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarının 4.2-ci bəndinə əsasən hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini ölçən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin elektron tərəziləri və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələri ilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birgə xüsusi ölçü alətləri, cihazları və tərəzilər vasitəsilə yoxlanılır. Həmin qaydaların 4.2-1-ci bəndinə əsasən iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. Göründüyü kimi, qeyd olunan məsələ ilə bağlı AYNA-nın heç bir aidiyyəti yoxdur. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi yalnız iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsində iştirak edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı yaşayış yeri olan ünvan 1i ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Qeyd olunan normanın tələblərindən göründüyü kimi, mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddialara inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Lakin inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olduğu hallarda, belə iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi, iddiaçının yaşayış yeri Salyan rayonu, Arbatan kəndidır, iddia tələbi üzrə cavabdeh Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqandır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Salyan rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir (bənd 18.19). Məhkəmə hesab edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan, cavabdeh orqan səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olduğundan, iddiaçının yaşayış yeri isə Salyan rayonu olduğundan və Salyan rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi olduğundan hazırki inzibati mübahisəyə ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi inzibati işin ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi ilə əlaqədar düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq qeyd edir ki, iddia ərizəsi üzrə formal xətaların aradan qaldırılması, iddianın mümkünlük şərtlərinə cavab verib-verməməsinin yoxlanılması kimi məsələlər işin aidiyyəti üzrə göndərildiyi səlahiyyətli məhkəmə tərəfindən həyata keçirilməlidir. Qeyd olunanlara əsasən apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.6-cı maddəsinə əsasən inzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-18179/2025 nömrəli, 17 dekabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar