Məhkəmə qərarları › İş №2-1(3-6)-222/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-222/2026

19.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-222/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Cavabdehin nümayəndəsi Əkbərov Murad Azad oğlunun iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, **************** saylı qərarın ləğv edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin qərarı ilə ümumilikdə 16881.73 manat vergi borcu hesablanmışdır. Iddiaçı qeyd olunan vergi borcu ilə qətiyyən razı deyildir, işlədiyi obyektdə işçi olmuş, sadəcə iddiaçının adına VÖEN açılmışdır. Iddiaçı Dövlət Vergi Xidmətinə müraciət etmiş, sistemdən iddiaçıya arayış verilmiş, həmin arayışda əsas borc 9714.38 manat qeyd olunmuşdur. Açıq-aydın görünür ki, məbləğ tam dəqiqləşməyib. Iddiaçı müəyyən səbəblərdən məhkumluq həyatı yaşamış, demək olar ki, iddiaçının Vergi Xidmətinə boş hesabat verməsi qeyri-mümkün idi və qeyd olunan borcun iddiaçıya heç bir aidiyyəti yoxdur. Qeyd olunan dövr üçün iddiaçıya heç bir mal gəlməyib və ümumiyyətlə iddiaçının heç bir dövriyyəsi olmamışdır. Bununla bağlı cavabdehə müraciətlə bağlı müvafiq araşdırma aparılmış və iddiaçı aparılan araşdırma ilə qətiyyə razı deyildir. Iddiaçı, “xxxx” MMC-yə, “xxxx” şirkətlər qrupuna və “xxxx” MMC-yə qeyd olunan dövr üçün göndərilmiş mallarla bağlı dəfələrlə müraciət edib, qaimə fakturaları və təhvil-təslim aktlarını tələb etsə də, ona heç bir rəsmi məlumat verilməmişdir. Çünki, qeyd olunan sənədlər yoxdur və onun da heç bir yerdə imzası mövcud deyil. Cavabdeh iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən iddiaçı İddiaçı ##.##.2006-cı il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, ərizəsinə əsasən əsas fəaliyyət növünün "taksi fəaliyyəti", digər fəaliyyətlərinin “yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi” və “ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı” olduğu, ünvan 3 Mərdanov Qardaşları 137 ünvanında yerləşən “X5” adlı təsərrüfat subyektinin (obyektinin) ##.##.2018-ci il tarixdən ##.##.2019-cu il tarixədək vergi orqanında qeydiyyatda olduğu müəyyən edilmişdir. Aparılan araşdırma zamanı iddiaçının əvvəlki ilin sonuna mal qalığının olmamasına, idxal əməliyyatları və elektron qaimə-faktura məlumatlarına əsasən 2019-cu il ərzində 194934,81 manat dəyərində malların əldə edilməsinə baxmayaraq 2019-cu il üzrə gəlir vergisi bəyannaməsinin təqdim etməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma barədə 2019-cu ilin gəlir vergisi bəyannaməsi üzrə hesablama aparılması üçün ##.##.2020-ci il tarixli **************** nömrəli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmişdir. Lakin iddiaçı məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin gəlir vergisi bəyannaməsi üzrə 9714,38 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə ##.##.2020-ci il tarixli, **************** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Iddiaçı ##.##.2023-cü il tarixli, **************** saylı məktubla müraciət edərək 2019-cu il Gəlir vergisi üzrə hesablanmış vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Təkrar araşdırma zamanı ##.##.2019-cu il tarixdən ##.##.2019-cu il tarixədək vergi ödəyicinin 194970,69 manat əldə etdiyi elektron qaimə-faktura olduğu, əlavə xərcinin olmadığı müəyyən olunmuşdur. Qeyd olunan xərc məbləği əsas götürülərək ödəyicinin 2019-cu il üzrə 194970,69 manat xərc məbləğinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı Qərarına əsasən 233964,83 manat gəlir hesablanması edilərək vergi ödəyicisinə hesablanmış kameral vergi məbləği 1918,55 manat məbləğ azaldılmış və 7798,83 manat vergi məbləği qüvvədə saxlanılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, **************** saylı qərar qəbul edilmişdir. Belə ki, uçot-baza və bəyannamə məlumatlarına əsasən iddiaçının 2019-cu ilin əvvəlinə mal qalığının olmadığı, elektron qaimə-faktura əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN **********) 192050,31 manat dəyərində, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN **********) 2851,91 manat dəyərində və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN **********) 68,30 manat olmaqla, ümumilikdə 194970,52 manat dəyərində malların (spirtli və spirtsiz içkilər) əldə edildiyi, elektron qaimə-faktura əsasında malların təqdim edilmədiyi, idxal-ixrac əməliyyatlarının aparılmadığı müəyyən edilmişdir. Vergi orqanı tərəfindən ##.##.2024-cü il tarixdə 2019-cu il üçün Gəlir vergisi üzrə kameral vergi yoxlaması ilə vergi məbləği hesablanarkən bəyannamədə 233 964,83 manat ümumi gəlirlər (2019-cu il ərzində cəmi 194970,52 manat xərcləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2001-ci il tarixli, ** saylı Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına uyğun olaraq müəyyən edilmiş gəlir məbləği), 194970,69 manat ümumi gəlirdən çıxılan xərc (o cümlədən, 194 970,69 manat malın dəyəri üzrə xərclər) qeyd edilərək 7798,83 manat ((233 964,83- 194970,69)*20%)) gəlir vergisi hesablanmışdır. Həmçinin, iddiaçının şikayətində qeyd edilən halların dəqiqləşdirilməsi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ##.##.2024-cü il tarixli və ##.##.2024-cü il tarixli sorğular göndərilmiş, 2019-cu ilin iyun-dekabr ayları ərzində İddiaçı elektron qaimə-faktura ilə təqdim edilmiş malların kim tərəfindən təhvil alınması barədə məlumatın, təqdim edilmiş mallar üzrə aparılmış ödəniş məbləğləri və formaları (nağd və ya nağdsız qaydada), müqavilələr və digər ilkin sənədlərin təsdiq olunmuş surətlərinin araşdırmaya təqdim edilməsi xahiş edilmişdir. Qeyd edilən sorğulara "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavab təqdim edilməmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən elektron qaydada təqdim edilən məktublarda isə 2019-cu il ərzində fərdi sahibkara malların təqdim edildiyini, malların dəyərinin nağd qaydada ödənildiyi təsdiqlənmişdir. Beləliklə, iddiaçı tərəfindən kameral vergi yoxlaması ilə bağlı hesablamaya əsas olan mal qalığı barədə məlumatlarının olmadığını, həmin malların onun tərəfindən alınmadığını, təsərrüfat subyektində (obyektində) ##.##.2018-ci il tarixdən ##.##.2018-ci il tarixədək fəaliyyət göstərdiyini, icarədarla təhvil-təslim etdikdən sonra obyektin təhvil verildiyini iddia edilməsinə baxmayaraq, inzibati araşdırma dövründə həmin elektron qaimə fakturaları təqdim edən "xxxx" MMC və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 MMC tərəfindən vergi orqanına müraciət olunaraq fərdi sahibkara malları təqdim etdiklərini təsdiqlədiklərini, fərdi sahibkar tərəfindən həmin malların alınmaması ilə bağlı faktiki hallar barədə təsdiqedici sənədlərin müəyyən olunmadığını, təqdim edilmədiyini, eyni zamanda fərdi sahibkar tərəfindən 2019-cu il ərzində 194970,52 manat (ƏDV daxil) dəyərində alınmış spirtli və spirtsiz içkilərin satışından əldə edilmiş gəlirləri, gəlirlərin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri, ticarət əlavəsi və vergiyə cəlb olunan gəliri müəyyən edilməsinin mümkün olmadığını nəzərə alaraq il ərzində cəmi 194970,52 manat xərcləri nəzərə alınmaqla vergi orqanı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2001-ci il tarixli, ** saylı Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına uyğun olaraq gəlir məbləğinin müəyyən edilməklə hesablanmış vergi məbləği əsaslı sayıldığı üçün vergi ödəyicisinin iddia tələbi təmin edilməməli, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin ##.##.2024-cü il tarixli, **************** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Bakı Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə (hakim A.A.Abdullayeva) iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı iddiaçı tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehin təqdim etdiyi məlumatları tənqidi qiymətləndirmədən qəbul etmiş, malların alınmadığını, ödənişin edilmədiyini və imzaların iddiaçıya məxsus olmadığını sübut etmək yükünü əsassız olaraq iddiaçının üzərinə qoymuşdur. Bu yanaşma inzibati ədalət mühakiməsinin mahiyyətinə və Ali Məhkəmənin presedentlərinə açıq şəkildə ziddir. Ali Məhkəmənin inzibati mübahisələr üzrə formalaşmış hüquqi mövqeyinə əsasən elektron qaimə-faktura malların faktiki təhvil verilməsini və qəbul edilməsini öz-özlüyündə sübut etmir. Hazırkı işdə iddiaçı qaimələrdəki imzaların ona məxsus olmadığını açıq şəkildə bildirmişdir. Lakin birinci instansiya məhkəməsi bu iddianı nə ekspertiza yolu ilə, nə də digər prosessual mexanizmlərlə araşdırmamışdır. Bu isə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 58, 68 və 73-cü maddələrinin tələblərinin pozulmasıdır. Ali Məhkəmənin mövqeyinə əsasən vergi münasibətlərində aradan qaldırılmayan şübhələr vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Cavabdeh tərəfindən nağd ödənişin edildiyi iddia olunsa da, iddiaçının imzası olan, mübahisəsiz ilkin maliyyə sənədləri təqdim edilməmişdir. Sənədlərin saxlanma müddətinin keçməsi iddiaçının əleyhinə hüquqi nəticə doğura bilməz. Birinci instansiya məhkəməsi bu hüquqi prinsipi nəzərə almamışdır. Ali Məhkəmənin dəfələrlə vurğuladığı kimi, Nazirlər Kabinetinin ** saylı Qərarı istisna xarakterlidir və yalnız gəlirin real müəyyən edilməsi tam mümkün olmadıqda tətbiq edilə bilər. Hazırkı işdə isə malların kim tərəfindən alındığı mübahisəlidir, faktiki satış və dövriyyə sübut olunmamışdır, real mənfəət müəyyən edilməmişdir. Bu halda ** saylı Qərarın tətbiqi inzibati orqanın xeyrinə süni hüquqi üstünlük yaratmışdır. Qeyd olunanlara əsasən, iddiaçı qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Əkbərov Murad Azad oğlu izahatında məhkəmə kollegiyasına bildirdi ki, elektron məhkəmə sisteminə apellyasiya şikayətinə etiraz və müvafiq sənədlər əlavə edilib. Həmin sənədlərdən biri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iddiaçı barəsində olan hökmüdür. Həmin hökmdə iki preyudisial fakt var. Belə ki, İddiaçı öz VÖEN-nin passiv olduğu dövrlərdə qəsdən vergidən yayınma sxemi quraraq gizli sahibkarlıq fəaliyyəti həyata keçirmişdir. Cinayət işinin materialları, o cümlədən məhkəmənin müəyyən etdiyi hallar və dindirilmiş şahidlərin ifadələri bu faktı tam təsdiqləmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı qeyri-rəsmi qaydada satıcıları olan X8 və X2 adına açılmış vergi ödəyicisinin eyniləşdirmə nömrələrindən (VÖEN) faktiki olaraq özü istifadə etmişdir. Həmin şəxslərin adından uçota alınmış kimi fəaliyyət göstərərək mülki müqavilələr bağlamış, öhdəliklər götürmüş və təsərrüfat subyektlərini (obyektləri) idarə etmişdir. ünvan 2 ünvanında yerləşən "Şərab evi" mağazası - satıcısı X8 adına olan VÖEN-lə fəaliyyət göstərmişdir. Ikincisi isə ünvan 1 "sağ tərəf" ünvanında yerləşən "Şərab evi" mağazası - digər satıcısı X2 adına olan VÖEN-lə fəaliyyət göstərmişdir. Bu hallar şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. X9 ifadəsində 2018-ci ilin noyabr ayından obyekti İddiaçı işlətdiyini, lakin VÖEN-in yenə də onun (Ağalarov Seyidbürhanın) adına olduğunu bildirmişdir. Digər obyektin mülkiyyətçisi olan şahid X6 isə obyekti ## ###### 2019-cu il tarixli müqavilə əsasında məhz İddiaçı icarəyə verdiyini, mağazanın satıcı Mehman Əsədovun adına fəaliyyət göstərməsinə baxmayaraq, faktiki rəhbərliyin İddiaçı tərəfindən həyata keçirildiyini vurğulamışdır. Iddiaçı həmçinin öz adına da VÖEN ilə iki obyekt işlətmişdir: ünvan 3 Mərdanov Qardaşları 137 ünvanında yerləşən “X5” adlı təsərrüfat subyektinin (obyektinin) ##.##.2018-ci il tarixdən ##.##.2019-cu il tarixədək vergi orqanında qeydiyyatda olmuşdur. Digəri isə ünvan 4 (X1) ünvanında yerləşən təsərrüfat subyektidir. Həmçinin 2017-2018-ci illərdə iddiaçıya məxsus təsərrüfat subyektlərində operativ vergi nəzarəti keçirilmişdir. Belə ki, 2017-ci ildə X1 adlı təsərrüfat subyektiində yoxlama zamanı dəyəri 1005 manat olan aksiz markası ilə markalanmalı olan lakin markalanmamış mallar aşkar edilmiş, qeyd olunan malları iddiaçının iştirakı ilə müsadirə olunaraq götürülmüşdür. 2018-ci ildə isə “X5” adlı təsərrüfat subyektində yoxlama zamanı aşkar edilmişdir ki, vergi ödəyicisində alış dəyəri təxminən 18000 manat məbləğdə olan sənədsiz (qaimə faktura, elektron-qaimə faktura və vergi hesab faktura əsasında alınmayan) mallar aşkar edilmiş, aşkar edilmiş nöqsanlar rəsmiləşdirilmiş və onun barəsində sanksiyalar tətbiq edilmişdir. Hazırda iş materiallarında olan və iddiaçı tərəfindən təkzib edilən qaimələrdə görünür ki, həmin qaimələr üzrə təhvil verilən mallar da iddiaçının fəaliyyət sferasına uyğundur və eyni zamanda qeyd edildiyi kimi, həmin qaimələrin tarixnə uyğun vaxtlarda isə iddiaçı goöründüyü kimi vergidən yayınmaq üçün başqa şəxslərin adlarına VÖEN-lər açdıraraq obyektlər işlətmişdir. Bütün bu hallar iddia tələbinin və apellyasiya şikayətinin əsassız olduğuna dəlalət edir. Iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası qanunvericliyin tələblərini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı ## ##### 2006-cı ildən vergi ödəyicisi kimi uçotdadır. Vergi orqanının uçot-baza məlumatlarında onun əsas fəaliyyət növü taksi fəaliyyəti, digər fəaliyyət növləri isə yeməkxana xidməti və ixtisaslaşdırılmış mağazada digər ərzaq məhsullarının pərakəndə satışı kimi göstərilmişdir. ünvan 3 Mərdanov Qardaşları küçəsi 137 ünvanında yerləşən “X5” adlı təsərrüfat subyekti ## ###### 2018-ci ildən ## #### 2019-cu ilədək iddiaçının VÖEN-i üzrə vergi uçotunda olmuşdur. Iddiaçının 2019-cu ilin əvvəlinə mal qalığı, idxal və ixrac əməliyyatları, habelə həmin ildə onun adından malların təqdim edilməsinə dair çıxış elektron qaimə-fakturaları müəyyən edilməmişdir. O, 2019-cu il üzrə gəlir vergisi bəyannaməsi təqdim etməmiş, gəlirlər, satış dövriyyəsi, mal qalığı, ticarət əlavəsi və digər xərcləri əks etdirən mühasibat və ilkin uçot sənədlərini də vergi orqanına təqdim etməmişdir. Beləliklə, vergi orqanının sərəncamında malların alış dəyəri barədə əlaqəli və rəsmi məlumat olsa da, faktiki satış gəlirini və vergiyə cəlb olunan gəliri birbaşa hesablamağa imkan verən tam uçot məlumatı olmamışdır. Vergi orqanı ## ####### 2020-ci il tarixli, **************** nömrəli məktubla 2019-cu il üzrə yaranmış kənarlaşmaya dair bəyannamə, izahat və təsdiqedici sənədlərin təqdim edilməsini tələb etmişdir. Tələb olunan məlumatlar müəyyən edilmiş müddətdə təqdim edilmədiyindən ## ###### 2020-ci il tarixli, **************** nömrəli qərarla 9 714,38 manat gəlir vergisi hesablanmışdır. Bu, mübahisəli vergi hesablamasının ilk yarandığı tarixdir. Iddiaçı ## ###### 2023-cü il tarixli müraciətlə hesablanmış məbləğin azaldılmasını xahiş etmişdir. Təkrar inzibati araşdırma zamanı vergi orqanı yalnız öz məlumat bazası ilə kifayətlənməmiş, malları təqdim edən üç müəssisəyə 23 və ## ###### 2024-cü il tarixli sorğular göndərərək malları faktiki qəbul edən şəxs, ödəniş forması, müqavilələr və ilkin sənədlər barədə məlumat istəmişdir. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 MMC ## ###### 2024-cü il tarixli cavabında 2019-cu ildə iddiaçının VÖEN-i üzrə ünvan 5 ünvanındakı şərab evinə 56 elektron qaimə ilə ümumi dəyəri ƏDV daxil 2 852,08 manat olan malların verildiyini, malların qəbul edildiyini, onların dəyərinin tam və nağd qaydada ödənildiyini bildirmişdir. Şirkət ## #### 2017-ci il tarixli satış müqaviləsinə və öz uçot məlumatlarına da istinad etmişdir. “xxxx ENR” MMC-nin ## #### 2024-cü il tarixli cavabında iddiaçı ilə 2019-cu ildə rəsmi ticarət münasibətlərinin olduğu, elektron qaimə-fakturalarla təqdim edilən malların dəyərinin ödənildiyi təsdiq edilmiş, ilkin sənədlərin arxivdə saxlanma müddəti və aparılmış yoxlama səbəbindən təqdim edilməsinin mümkün olmadığı göstərilmişdir. “xxxx” MMC sorğuya cavab verməmişdir. Sonuncu hal həmin müəssisə üzrə 68,30 manatlıq elektron qaimə məlumatını avtomatik etibarsız etmir; sadəcə həmin kiçik məbləğə dair əlavə təchizatçı təsdiqinin əldə olunmadığını göstərir. Iddiaçı ## ###### 2024-cü ildə inzibati şikayətə baxılmasında iştirak etmiş, mağazada ## ###### 2018-ci ilədək işlədiyini, obyektin vergi uçotundan ## #### 2019cu ildə çıxarıldığını, sonrakı qaimələrin onun xəbəri olmadan yazıldığını və 2020-2021-ci illərdə azadlıqdan məhrum etmə yerində saxlanıldığını bildirmişdir. Deməli, vergi hesablaması inzibati qaydada yenidən araşdırılarkən iddiaçıya mövqeyini bildirmək və etirazlarını irəli sürmək üçün real imkan verilmişdir. Təkrar araşdırmanın nəticəsində əvvəlki 9 714,38 manatlıq hesablamaya düzəliş edilmiş, məbləğ 1 915,55 manat azaldılaraq 7 798,83 manat müəyyən olunmuş və bu barədə ## ###### 2024-cü il tarixli, **************** nömrəli qərar qəbul edilmişdir. Qərarın birinci sətrində “bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi” kimi məhz 7 798,83 manat göstərilmişdir. Qərarın ikinci sətrindəki 16 881,73 manat isə qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə şəxsi hesabda olan ümumi öhdəlikdir. Buna görə mübahisəli aktla yeni hesablanmış vergi məbləği 16 881,73 manat deyil, 7 798,83 manatdır. Apellyasiya icraatında inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 MMC-nin ## ##### 2026-cı il tarixli cavabı da alınmışdır. Həmin cavabda Vergi Məcəlləsinin 71.4-cü maddəsindəki beşillik saxlanma müddəti başa çatdığı üçün 2019cu ilin iyun-dekabr aylarına aid ilkin kağız və elektron sənədlərin arxivdə qalmadığı, lakin daxili elektron sistemdə olan məlumatların və # #### 2017-ci il tarixli müqavilənin təqdim edildiyi bildirilmişdir. Əlavə siyahıda iddiaçının VÖEN-i üzrə 33 elektron qaimə və ümumilikdə 1 788,84 manatlıq əməliyyat göstərilmişdir. Bu siyahı əvvəlki 56 qaimə və 2 852,08 manat barədə 2024-cü il məlumatının ləğv edilməsi, düzəldilməsi və ya yanlış sayılması haqqında təchizatçı bəyanatı ilə müşayiət olunmamışdır. Əksinə, sonrakı cavab ən azı 33 əməliyyatın eyni VÖEN, eyni müqavilə münasibəti və eyni dövr üzrə təchizatçının daxili sistemində qaldığını ayrıca təsdiqləyir. Vergi orqanının apellyasiya məhkəməsinin sorğusuna ## #### 2026-cı il tarixli cavabında ünvan 6 ünvanında hazırda iddiaçının adına təsərrüfat subyektinin müəyyən edilmədiyi göstərilmişdir. Bu məlumat 2019-cu ildə Neapol küçəsi 19 ünvanına mal verilməsi barədə təchizatçı məlumatı ilə ziddiyyət təşkil etmir. Ünvanlar fərqlidir, yoxlama isə mübahisəli əməliyyatlardan təxminən yeddi il sonra aparılmışdır. 2026-cı ildə başqa ünvanda fəaliyyət obyektinin aşkar edilməməsi 2019-cu ildə ** nömrəli ünvana mal təqdim olunmadığını sübut edən fakt deyil. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı işdə vergi orqanı sübutetmə yükünü sadəcə “qaimələr sistemdə mövcuddur” arqumenti ilə yerinə yetirməyə çalışmamışdır. Aktın faktiki əsası bir-birini tamamlayan aşağıdakı məlumatlardan ibarətdir: iddiaçının vergi ödəyicisi və ticarət fəaliyyəti üzrə uçot statusu; onun VÖEN-i ilə konkret təchizatçılar tərəfindən verilmiş elektron qaiməfakturalar; 2019-cu ilin əvvəlinə mal qalığının və həmin il üzrə bəyannamənin olmaması; gəlir, satış, qalıq və xərclərin uçotunun təqdim edilməməsi; iki əsas təchizatçının mal verilməsi və ödəniş barədə yazılı təsdiqləri; inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 MMC ilə müqavilə; təchizatçının daxili sistemindən çıxarılmış qaimə siyahısı; elektron qaimələrin iddiaçı tərəfindən vaxtında rədd, ləğv və ya düzəliş proseduruna çıxarılmaması; habelə bütün bunları təkzib edən obyektiv əks-sübutun olmaması. Sadalanan sübutlar eyni faktı müxtəlif mənbələrdən təsdiq edir. Vergi orqanının informasiya sistemindəki əlaqəli məlumat üçüncü şəxslərin - təchizatçı müəssisələrin vergi hesabatlılığı və elektron sənədləri ilə formalaşmışdır. Təchizatçıların sonrakı məktubları həmin məlumat bazasından müstəqil olaraq öz uçotlarına, müqavilə münasibətinə və ödəniş məlumatlarına söykənir. Bu səbəbdən söhbət yalnız inzibati orqanın özünün yaratdığı birtərəfli məlumatdan deyil, müxtəlif mənbələrdən gələn və mahiyyətcə üst-üstə düşən sübutlar zəncirindən gedir. Iddiaçının “malları almamışam” və “imzalar mənə məxsus deyil” ifadələri onun müdafiə mövqeyidir və məhkəmə tərəfindən nəzərə alınmalıdır. Lakin izahat sübutetmə vasitələrindən biri olsa da, digər sübutlardan üstün, qabaqcadan müəyyən edilmiş qüvvəyə malik deyil. Iddiaçı obyektin ## ###### 2018-ci ildə təhvil verildiyini bildirirsə, icarə münasibətinin bitməsi, açarların və mal-material qalığının təhvil verilməsi, obyektin faktiki istifadəçisinin dəyişməsi, vergi uçotundan çıxma üçün vaxtında müraciət, təchizatçılara müqavilənin dayandırılması barədə bildiriş və ya qaimələrin başqa şəxs tərəfindən sifariş edildiyini göstərən məlumatlar kimi onun sərəncamında olması gözlənilən sübutları təqdim edə bilərdi. Belə sənədlərin olmaması inzibati orqanın ilkin sübutetmə yükünü iddiaçının üzərinə keçirmir, inzibati orqanın təqdim etdiyi uyğun sübutların qarşısında iddiaçının etirazının yalnız ümumi inkar səviyyəsində qalmasının qiymətləndirilməsinə səbəb olur. Vergi Məcəlləsinin 16.1.3, 16.1.3-1, 71.4, 130.1 və 130.2-ci maddələri vergi ödəyicisinin gəlir, xərc və vergitutma obyektlərinin uçotunu aparmaq, fəaliyyətlə bağlı əməliyyatların başlanğıcını, gedişini və nəticəsini müəyyən etməyə imkan verən sənədləri saxlamaq və tələb olunan məlumatları təqdim etmək vəzifəsini nəzərdə tutur. Uçot aparmayan və ya uçotunu təqdim etməyən vergi ödəyicisinin bu davranışı inzibati orqanın sübutetmə yükünü ləğv etmir, lakin vergi bazasının rəsmi əlaqəli məlumatlarla müəyyən edilməsinin hüquqi əsaslarından birini yaradır. Əks yanaşma uçot və bəyannamə öhdəliyini yerinə yetirməyən şəxsi həmin öhdəliyi yerinə yetirən şəxsdən daha əlverişli vəziyyətə gətirərdi. Inzibati Prosessual Məcəllənin 12.1 və 12.2-ci maddələrindəki xidməti araşdırma prinsipi məhkəmədən işin düzgün həlli üçün əhəmiyyətli halları öz təşəbbüsü ilə araşdırmağı tələb edir. Birinci instansiya məhkəməsi vergi orqanının qərarlarını, elektron qaimə məlumatlarını, təchizatçı cavablarını və tərəflərin izahatlarını tədqiq etmişdir. Apellyasiya instansiyası isə əlavə olaraq təchizatçıdan müqaviləni və mövcud elektron siyahını, vergi orqanından ünvan barədə məlumatı tələb etməklə araşdırmanı tamamlamışdır. Bu prosessual fəaliyyət işin yalnız cavabdehin təqdim etdiyi materiallara əsasən mexaniki həll edilmədiyini göstərir. Beləliklə, birinci instansiya məhkəməsinin iddiaçının əks-sübut təqdim etmədiyini qeyd etməsi sübutetmə yükünün hüquqa zidd şəkildə dəyişdirilməsi deyil. Məhkəmə əvvəlcə cavabdehin sübutlarını qiymətləndirərək onların aktın faktiki əsaslarını təsdiqləməsi nəticəsinə gəlmiş, bundan sonra həmin sübutları təkzib edən məlumatın olub-olmadığını yoxlamışdır. Inzibati Prosessual Məcəllənin 14.1-ci maddəsi də məhz bu ardıcıllıqla tətbiq edilməlidir. Cavabdehin sübutları yetərli olduqdan sonra iddiaçının ümumi inkarı onların sübut qüvvəsini öz-özünə aradan qaldırmır. Apellyasiya şikayətində elektron qaimə-fakturanın malların faktiki təhvil verilməsini öz-özlüyündə sübut etmədiyi bildirilir. Bu mülahizə abstrakt şəkildə doğru sayıla bilər: hər hansı bir sənədin mövcudluğu konkret işin digər hallarından ayrılıqda avtomatik və təkzibolunmaz nəticə yaratmır. Lakin birinci instansiya məhkəməsi də elektron qaimələri tək və qəti sübut kimi deyil, təchizatçı təsdiqləri və digər məlumatlarla birlikdə qiymətləndirmişdir. Buna görə apellyasiya şikayəti məhkəmənin faktiki tətbiq etdiyi sübut qiymətləndirməsini deyil, onun qərarında olmayan “qaimə həmişə faktiki təhvili sübut edir” tezisini mübahisələndirir. Elektron qaimə-faktura vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş, tərəflərin VÖENləri, əməliyyatın tarixi, predmeti və dəyəri barədə məlumatı vergi orqanının informasiya sistemində əks etdirən rəsmi elektron sənəddir. Bu sənədin hüquqi əhəmiyyəti onun təkzibedilməzliyində deyil, mənbəyinin müəyyən, məzmununun yoxlanıla bilən və qarşı tərəfin vergi uçotu ilə əlaqələndirilə bilən olmasındadır. Iddiaçının VÖEN-i üzrə qaimələrin çoxsaylı olması, müxtəlif tarixləri əhatə etməsi, üç təchizatçıdan gəlməsi və əsas iki təchizatçı tərəfindən sonradan təsdiqlənməsi təsadüfi və ya təkbaşına texniki qeydin mövcudluğu ehtimalını əhəmiyyətli dərəcədə sarsıdır. Iddiaçı qaimələrin onun xəbəri olmadan tərtib edildiyini bildirir, lakin qaimələrin qəbul edilmədiyi, etiraz edildiyi, düzəlişə və ya ləğvə çıxarıldığı barədə informasiya sistemi qeydi, təchizatçıya ünvanlanmış etiraz, hüquq-mühafizə orqanına müraciət və ya VÖENdən qanunsuz istifadəni təsdiqləyən başqa obyektiv sənəd təqdim etmir. Vergi ödəyicisinin öz VÖEN-i və elektron vergi kabineti ilə bağlı təşkilati təhlükəsizliyi təmin etməməsi mümkün olsa belə, yalnız bu ehtimal konkret qaimələri və təchizatçıların təsdiqini hüquqi qüvvədən salmır. Hər bir əməliyyatın saxta olması barədə nəticə ehtimala deyil, yoxlanıla bilən faktlara əsaslanmalıdır. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 MMC-nin 2026-cı ildə təqdim etdiyi 33 sətrlik siyahı apellyasiya dəlilini gücləndirmir. Siyahıdakı qaimələr 05 iyun- ## ###### 2019-cu il tarixlərini, iddiaçının VÖEN-i və adını ehtiva edir. Hətta ilkin sənədlərin saxlanma müddəti bitdikdən sonra da təchizatçının daxili sistemində bu sayda əməliyyatın qalması qaimələrin sırf vergi orqanının birtərəfli qeydi olmadığını göstərir. 2024-cü il cavabındakı 56 qaimə ilə 2026-cı il əlavəsindəki 33 sətir arasındakı say fərqi sənədlərin saxlanma müddəti, sonrakı sorğunun əhatəsi və daxili sistemdən əldə edilən mövcud məlumatın həcmi ilə izah edilə bilən məsələdir, təchizatçı əvvəlki məlumatını geri götürməmişdir. Bu fərq bütün əməliyyatların mövcudluğunu inkar edən sübut sayıla bilməz. “xxxx” MMC-nin sorğuya cavab verməməsi də ümumi sübutlar zəncirini pozmur. Həmin müəssisənin payına ümumi alış məbləğinin cəmi 68,30 manatı düşür. Bu əməliyyat üzrə elektron qaimə məlumatı mövcuddur, cavabın olmaması qaimənin ləğv edildiyini və ya başqa şəxsə aid olduğunu göstərmir. Əsas məbləğin 192 050,31 manatı “xxxx ENR” MMC-yə, 2 851,91 manatı isə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 MMC-yə aiddir və hər iki müəssisə ticarət münasibətini yazılı şəkildə təsdiqləmişdir. Apellyasiya şikayətinin əsas dəlillərindən biri təhvil-təslim və kassa-mədaxil sənədlərindəki imzaların iddiaçıya məxsus olmadığının bildirilməsinə baxmayaraq məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməməsidir. Məhkəmə kollegiyası qeyd olunan dəlili birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas olaraq qəbul etmir. Belə ki, hətta ayrı-ayrı sənədlərdəki imzanın iddiaçı tərəfindən icra edilmədiyi müəyyən olunsaydı belə, bu, həmin malların onun sahibkarlıq fəaliyyəti çərçivəsində işçisi, nümayəndəsi və ya faktiki obyekt istifadəçisi tərəfindən qəbul edilməsini avtomatik istisna etməzdi. Əksinə, belə nəticənin hüquqi əhəmiyyəti müqavilə, sifariş, obyekt və təchizatçı məlumatları ilə birlikdə qiymətləndirilməli olardı. Buna görə ekspertiza keçirilməməsi işin nəticəsini müəyyən edən sübutun araşdırılmaması kimi qiymətləndirilə bilməz və qərarın ləğvi üçün prosessual pozuntu təşkil etmir. Apellyasiya şikayətində malların dəyərinin nağd ödənilməsi barədə təchizatçı məlumatlarının ilkin kassa sənədləri olmadan qəbul edildiyi vurğulanır. Sübutların mümkünlüyü və mötəbərliyi konkret sübut növünün qanunla qadağan olunubolunmaması, məlumatın mənbəyi, yaranma şəraiti və digər sübutlarla uyğunluğu əsasında müəyyən edilir. Təchizatçı hüquqi şəxsin öz uçotuna əsaslanan rəsmi yazılı cavabı, onu tərtib edən şəxsin və müəssisənin müəyyən olduğu, cavab vergi və məhkəmə sorğusuna təqdim edildiyi üçün sübut kimi qiymətləndirilə bilər. Ilkin qəbzin sonradan arxivdə qalmaması həmin cavabı hüquqi baxımdan əhəmiyyətsiz etmir, sadəcə onun sübut qüvvəsi məhkəmə tərəfindən digər məlumatlarla birlikdə qiymətləndirilir. Vergi Məcəlləsinin 71.4-cü maddəsində sənədlərin saxlanması üçün müəyyən edilmiş müddətin başa çatması təchizatçının sənədi qanuni olaraq arxivdən çıxarmasını izah edir. Bu hal nə iddiaçının əleyhinə sanksiya kimi tətbiq edilir, nə də saxlanma müddəti ərzində vergi orqanına verilmiş 2024-cü il məlumatını və elektron sistemdə əvvəlcədən formalaşmış qaimələri geriyə qüvvə ilə yox edir. Məhkəmənin vəzifəsi mövcud olmayan sənədə görə tərəfi avtomatik məsul saymaq deyil, qalan sübutların vergi hesablamasını təsdiqləməyə kifayət edib-etmədiyini müəyyənləşdirməkdir. Hazırkı işdə elektron qaimələr, təchizatçı təsdiqləri, müqavilə və mövcud elektron siyahı birlikdə kifayət edir. Iddiaçı ödənişin edilmədiyini bildirirsə, onun şəxsi və sahibkarlıq uçotunda kreditor borcu, malın geri qaytarılması, sifarişin ləğvi, təchizatçı ilə hesablaşma mübahisəsi və ya borcun tutulmasına dair yazışma kimi izlərin olması gözlənilə bilərdi. Belə bir əks məlumat təqdim edilməmişdir. Vergi Məcəlləsinin mübahisəli vergi dövründə qüvvədə olan 37.1-ci maddəsi kameral vergi yoxlamasının vergi orqanında olan sənədlər və mənbəyi məlum məlumatlar əsasında aparılmasını nəzərdə tuturdu. Həmin Məcəllənin 67.1.2-ci maddəsinə görə bəyannamə və zəruri sənədlər təqdim edilmədikdə, mühasibat uçotu aparılmadıqda və ya vergitutma obyektini hər hansı başqa səbəbdən müəyyənləşdirmək mümkün olmadıqda vergi orqanı ödənilməli vergi məbləğini vergi ödəyicisinin gəlirləri barədə rəsmi məlumatlardan istifadə etməklə hesablamaq hüququna malik idi. Iddiaçının 2019-cu il üzrə bəyannamə və uçot təqdim etməməsi, eyni zamanda onun VÖEN-i üzrə əhəmiyyətli alış məlumatlarının mövcudluğu məhz bu hüquqi vəziyyəti yaratmışdır. Apellyasiya şikayətinin “real gəliri müəyyən etmək mümkün idi” tezisi işin faktları ilə ziddiyyət yaradır. Vergi orqanında alışların dəyəri barədə məlumat vardı, lakin faktiki satış qiymətləri, satılmış və qalıqda qalmış malların miqdarı, ticarət əlavəsi, satışdan daxilolmalar, digər xərclər və ilin sonunda mal qalığı barədə iddiaçının uçotu yox idi. Belə şəraitdə real gəliri birbaşa müəyyən etmək deyil, yalnız məlum alış xərci əsasında qanunda nəzərdə tutulmuş şərti üsulu tətbiq etmək mümkün olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2001-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarının istisna xarakter daşıması, Qaydaların tətbiqini qanunsuz etmir. Əksinə, tətbiqin qanuniliyi istisnanın faktiki şərtlərinin mövcud olub-olmamasından asılıdır. Burada həmin şərtlər bəyannamənin verilməməsi, gəlir və xərclər üzrə tam uçotun təqdim olunmaması, satış gəlirinin birbaşa müəyyən edilə bilməməsi və buna qarşılıq sənədləşmiş alış xərclərinin mövcudluğu - birlikdə təsdiqlənmişdir. Vergi orqanı şərti üsulu real uçot məlumatı olan hala tətbiq etməmiş, məhz iddiaçının təqdim etməli olduğu uçot olmadığı üçün istifadə etmişdir. Apellyasiya şikayətində ** nömrəli Qərarın tətbiqinin inzibati orqana “süni üstünlük” verdiyi də göstərilir. Lakin Qaydalar vergi orqanının sərbəst seçdiyi ehtimal deyil, birbaşa müəyyən edilə bilməyən mənfəətin vahid meyarla hesablanması üçün normativ üsul idi. Vergi orqanı alış xərclərini gəlir kimi qəbul edib həmin məbləğin 20 faizini birbaşa vergi hesablamamış, əvvəlcə 20 faiz şərti mənfəət müəyyən etmiş, sonra həmin mənfəətə qanuni 20 faiz vergi dərəcəsi tətbiq etmişdir. Nəticədə effektiv vergi məbləği sənədləşmiş alış xərclərinin təxminən 4 faizinə bərabər olmuşdur. Bu mexanizm iddiaçının uçot təqdim etməməsi şəraitində vergi bazasının obyektiv və əvvəlcədən məlum normativ düsturla müəyyən edilməsinə xidmət etmişdir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının 2020-2021-ci illərdə azadlıqdan məhrum etmə yerində saxlanılması 2019-cu ildə onun VÖEN-i üzrə rəsmiləşdirilmiş əməliyyatları və həmin hesabat dövrü üzrə yaranmış vergi öhdəliyini aradan qaldırmır. Iş materiallarından ## ###### 2020-ci ildən sonrakı dövrdə həbsdə olması görünür. Mübahisəli alışlar isə 2019-cu ilə aiddir. Buna görə həbsdə olma faktı əməliyyatların baş verdiyi vaxtla üst-üstə düşmür və malların 2019-cu ildə alınıbalınmamasına dair birbaşa əks-sübut deyil. Həbsdə olma 2020-ci ilin oktyabrında göndərilmiş sənəd tələbinə şəxsən cavab verilməməsinin səbəbini izah edə bilər. Lakin vergi orqanı 2023-cü ilin dekabrında iddiaçının müraciətini qəbul etmiş, 2024-cü ilin yanvar-mart aylarında təkrar araşdırma aparmış, təchizatçılara sorğular vermiş və iddiaçının ## ###### 2024-cü ildə inzibati şikayətə baxılmasında iştirakını təmin etmişdir. Beləliklə, 2020-ci ildə mövcud olmuş praktiki maneə sonrakı tam inzibati baxışda aradan qaldırılmış, iddiaçıya sənədlərini və etirazlarını təqdim etmək üçün real imkan yaradılmışdır. Iddiaçının həbsdə olduğu üçün “boş bəyannamə” təqdim edə bilmədiyi barədə arqumenti də mübahisənin mahiyyətini dəyişmir. Vergi orqanı ona sırf sıfır göstəricili bəyannamə təqdim etmədiyinə görə vergi hesablamamışdır; bəyannamənin olmaması ilə yanaşı, onun VÖEN-i üzrə böyük həcmli alış məlumatı aşkar etmiş və həmin məlumatı təchizatçılar vasitəsilə yoxlamışdır. Sıfır bəyannamənin sonradan verilməsi belə, ona zidd rəsmi əlaqəli məlumatlar mövcud olduqda, vergitutma obyektinin yoxluğu barədə təkzibolunmaz sübut sayıla bilməzdi. Iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü yoxlamış, mübahisənin predmetini dəqiqləşdirmiş, tərəflərin mövqelərini, vergi orqanının uçot məlumatlarını, 2020 və 2024-cü il qərarlarını, təchizatçı məktublarını və iddiaçının həbsdə olma barədə dəlilini qərarda əks etdirmişdir. Məhkəmə Vergi Məcəlləsinin 16, 23, 24, 37, 67 və 130-cu maddələrini, habelə Inzibati Prosessual Məcəllənin 52, 58 və 68-ci maddələrini tətbiq edərək cavabdehin faktiki əsasları kifayət qədər sübut etdiyi qənaətinə gəlmişdir. Apellyasiya şikayətində “iş materiallarında yalnız iddiaçının sübutlarının olduğu” bildirilsə də, bu iddia sənədlərin faktiki tərkibinə uyğun deyil. Işdə vergi orqanının məlumat bazası çıxarışları, sənəd tələbi, ilkin və düzəliş qərarları, təchizatçılara sorğular, iki təchizatçının cavabları və sonradan apellyasiya məhkəməsinin topladığı müqavilə və elektron siyahı vardır. Iddiaçı isə obyektin 2018-ci ildə təhvil verilməsini, VÖEN-dən başqa şəxsin istifadə etməsini, qaimələrin saxtalığını və malların qəbul edilməməsini təsdiqləyən obyektiv sənəd təqdim etməmişdir. Buna görə şikayətin birtərəfli araşdırma barədə ümumi ifadəsi konkret iş materialları ilə təkzib olunur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Inzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar