Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-2221/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi nümayəndə1, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “artıq ödənilmiş dövlət vəsaitinin qaytarılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- *****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında bаxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “artıq ödənilmiş 3550,14 manat dövlət vəsaitinin Filialın hesabına ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki ünvan 1 ünvanında yaşayan Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra-Mərkəzi Filial) ##.##.2025-ci il tarixində ərizə ilə müraciət edərək atası Zeynalov Fuad Əliağa oğlunun ##.##.2025-ci il tarixində vəfat etməsini bildirmiş və dəfn xərcinin özünə ödənilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Zeynalov Fuad Əliağa oğlu ##.##.2025-ci il tarixində vəfat etmiş, lakin bu barədə Mərkəzi Filiala məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına ##.##.2025-##.##.2025-ci il tarixləri ərzində əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Nəticədə mərhum Cavabdeh məxsus kart hesabına köçürülmüş artıq pul vəsaiti 4705,48 manat təşkil etmişdir. Bundan sonra, mərhum Cavabdeh vəfat etməsi ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh ölkə üzrə minimum əmək pensiyasının (280,00 manat) üç misli məbləğində 840,00 manat dəfn müavinəti hesablanmış və mərhum Fuad Zeynalovun müvafiq kart hesabına artıq ödənilən 4705,48 manat vəsaitdən 315,34 manat bank hesabından Mərkəzi Filialın hesabına bərpa olunmuş, 840,00 manat məbləğində dəfn müavinəti çıxılmış, qalan 3550,14 manat məbləğində pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarılması xahiş olunmuşdur. Cavabdeh yaranmış 3550,14 manat borcun Mərkəzi Filialın hesabına ödəməyi barədə ##.##.2025-ci il tarixində *-**-*/*-Z-******/**** nömrəli məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddiaçı İddiaçı iddia tələbinin təmin edilməsi, artıq ödənilmiş 3550,14 manat dövlət vəsaitinin İddiaçı hesabına qaytarılması üçün Cavabdeh tutulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı inzibati orqan məhkəməyə müraciət edərək artıq ödənilmiş pensiya məbləğinin tam ödənilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən onun rəsmi gəlirini nəzərə almamışdır. Ailədə tək işləyən odur. Bu səbəbdən o, həmin məbləği birdəfəlik olaraq tam yox hissəvi şəkildə, yəni hər ay maksimum 500 (beş yüz) manat məbləğində ödəməyə imkanı çatır. Həmçinin, qanunvericiliyə əsasən işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsqiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olması, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tədbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi səbəbindən ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, artıq ödəmənin həyata keçirildiyini qəbul edir. Sadəcə, artıq ödəmə məbləğini hissə-hissə ödəmək niyyətindədir, çünki birdəfəlik qaydada ödəniş üçün maddi imkanı yoxdur. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə1 bildirmişdir ki, inzibati orqan tərəfindən hər bir halda artıq ödəmə üzrə hissə-hissə ödənişlər qəbul olunur. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, AZ-II seriyalı ****** nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, Zeynalov Fuad Əliağa oğlu ##.##.2025-ci ildə ölmüşdür. Cavabdeh ##.##.2025-ci il tarixli ərizəsindən görünür ki, o, artıq alınmış pensiya məbləği olarsa, dəfn xərci üçün verilən müavinətdən çıxılmasına etiraz etmədiyini bildirmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh ünvanladığı ## #### 2025-ci il tarixli, *-**-*/-Z-******/**** nömrəli “Artıq ödənilmiş pul vəsaiti haqqında” məktubuna əsasən bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.8.1-ci maddəsinə əsasən əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçının vəfat etdiyi gündən sonrakı ayın 1-dən dayanır. X2 ## ###### 2025-ci il tarixində vəfat etmiş, lakin bu barədə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına vaxtında məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına # ###### 2025-ci il tarixindən ## ### 2025-ci il tarixinədək əmək pensiyası köçürülmüşdür. Bu səbəbdən də mərhum Fuad Zeynalova məxsus kart hesabına 4705,48 manat artıq pul vəsaiti köçürülmüşdür. Fuad Zeynalovun vəfat etməsi ilə əlaqədar "Əmək pensiyaları haqqında" Qanunun 42.2-ci maddəsinin tələblərinə uyğun olaraq Sizə ölkə üzrə minimum əmək pensiyasının (280.00 manat) üç misli məbləğində 840.00 manat dəfn müavinəti hesablanmışdır. Mərhum Fuad Zeynalovun müvafiq kart hesabına artıq ödənilən 4705,48 manat vəsaitdən 315,34 manat bank hesabından Mərkəzi Filialın hesabına bərpa olunmuş. 840.00 manat məbləğində dəfn müavinəti çıxılmış, qalan 3550,14 manat məbləğində pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılması xahiş edilmiş, əks halda qanunvericiliyə uyğun qaydada müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdar edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Pensiyaçının vəfatı ilə bağlı pensiya ödənişinin dayandırılması haqqıdna” ##.##.2025-ci il tarixli, *-**-*/-*-**-**/**** nömrəli Qərarı ilə Zeynalov Fuad Əliağa oğlunun əmək pensiyası dayandırılmışdır. İnzibati işin araşdırılmış hallarından görünür ki, cavabdehin atası Zeynalov Fuad Əliağa oğlunun ##.##.2025-ci ildə vəfat etməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna cavabdeh tərəfindən məlumat verilmədiyi üçün pensiya ödənilməsi davam etdirilmiş, nəticədə inzibati orqan tərəfindən 4705,48 manat artıq pul vəsaiti ödənilmişdir. İddiaçı inzibati orqan tərəfindən Cavabdeh yaranmış 3550,14 manat artıq ödənilmiş vəsaitin Mərkəzi Filialının hesabına ödəməyi barədə ##.##.2025-ci il tarixində, *-**-*/*-Z- ******/**** nömrəli məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İnzibati orqanın tələbi cavabdeh tərəfindən yerinə yetirilmədiyi üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmiş və ona istinad edilmişdir ki, qanunvericilik müəyyən edir ki, pensiyaçı vəfat etdikdə, təyin edilmiş əmək pensiyası pensiyaçının vəfat etdiyi aydan sonrakı ayın 1-dən dayandırılır. Cavabdeh isə pensiyaçının vəfatı barədə məlumatı inzibati orqana çatdırmaq əvəzinə, pensiyanı almaqda davam etmiş, pensiyaçının vəfatı ilə bağlı dəfn müavinatının ödənilməsi üçün ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən məlumat vermək vəzifəsinin yerinə yetirilməməsi şəxsin qanunla müəyyən edilmiş öhdəliklərinə biganə yanaşması və məsuliyyətsiz davranışı kimi qiymətləndirilir. Şəxsin üzərinə düşən informasiya təminatı öhdəliyinin icra edilməməsi inzibati məsuliyyətin yaranmasına səbəb olan səhlənkarlıq halıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 37.1-ci maddəsinə əsasən əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 38.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. 38.2-ci maddəsinə əsasən işəgötürən əmək pensiyaçısını işə qəbul edərkən bu barədə 5 gün ərzində əmək pensiyasını təyin edən orqana məlumat verməlidir. 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *** saylı, ## ##### 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 8.1-ci bəndinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavələrin ödənilməsi Qanunun 37.8-ci maddəsi ilə müəyyən edilmiş hallar aşkar edildikdə dayandırılır. 8.2-ci bəndinə əsasən aşağıdakı elektron informasiya sistemlərində və ya ehtiyatlarında Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallara dair təsdiqedici sənədlər və ya məlumatlar mövcud olduqda, PAS tərəfindən əmək pensiyasının ödənilməsi avtomatik olaraq dayandırılır: 8.2.1. MEİS-də:
1. sosial müavinət alan şəxslər barədə məlumat;
2. əlilliyi olan şəxslər barədə məlumat;
3. əmək müqaviləsi bildirişi üzrə məlumat; 8.2.2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində:
1. əmək pensiyaçısının ölüm haqqında şəhadətnaməsi;
2. əmək pensiyaçısının dul arvadının (ərinin) yeni nikaha daxil olması haqqında şəhadətnamə; Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarının tələblərindən görünür ki, əmək pensiyaçısı vəfat etdikdə qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi şəxsin vəfat etdiyi aydan sonrakı ayın 1-dən dayandırılır. Hazırkı halda Zeynalov Fuad Əliağa oğlunun ölməsi barədə inzibati orqanda məlumat olmadığı üçün ödənişlər həyata keçirilmiş, bununla da inzibati orqanın maliyyə resursları əsassız istifadə edilmişdir. Vəfat etmiş şəxsin yaxınları bu barədə inzbati orqana məlumat verməli olduğu halda bu öhdəliklərini yerinə yetirməmiş, dövlət vəsaitinin əsassız istifadə edilməsinə yol açmışlar. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddiaçı inzibati orqanın artıq ödənilmiş pul vəsaitinin məhkəmə qaydasında tutulması barədə tələbi əsaslıdır və təmin edilməlidir. Cavabdehin apellyasiya şikayətinin dəlili odur ki, Cavabdeh ##.##.2025-ci il tarixli ərizəsindən görünür ki, o, artıq alınmış pensiya məbləği olarsa, dəfn xərci üçün verilən müavinətdən çıxılmasına etiraz etmədiyini bildirmişdir. Bu səbəbdən inzibati orqan tərəfindən məhkəməyə müraciət edilməsinə heç bir zərurət yoxdur. Həmçinin, onun ancaq ayda 500 manat ödəniş etməyə imkanı var, pul vəsaitini birdəfəlik ödəməyə maddi imkanı çatmır. Məhkəmə kollegiyası cavabdehin bu dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh ##.##.2025-ci il tarixli ərizəsində dəfn üçün müavinətin ödənilməsini xahiş etmiş, artıq ödənilmiş vəsait olduqda dəfn üçün müavinət məbləğindən çıxılmasına etiraz etmədiyini bildirmişdir. Yəni Zeynalov Fuad Əliağa oğlu ##.##.2025-ci ildə vəfat etməsinə baxmayaraq, cavabdeh tərəfindən bu barədə 2025-ci ilin may ayında inzibati orqana məlumat verilmişdir. İnzibati orqan yalnız bundan sonra artıq ödənişlərin həyata keçirilmiş olmasını aşkar etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh ünvanladığı ## #### 2025-ci il tarixli, *-**-*/-Z-******/**** nömrəli “Artıq ödənilmiş pul vəsaiti haqqında” məktubuna isə cavabdeh tərəfindən hər hansı münasibət bildirilməmişdir. Qanunvericiliyin tələbinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Digər tərəfdən qeyd edilməlidir ki, mərhum Fuad Zeynalova məxsus kart hesabına 4705,48 manat artıq pul vəsaiti köçürülməsi müəyyən edilmiş, 840.00 manat dəfn müavinəti hesablanmışdır. Göründüyü kimi, artıq ödənilmiş pul vəsaitinin dəfn müavinəti ilə tam əvəzləşdirilməsi mümkün deyildir. Bu hal cavabdehə ünvanlanmış məktubda da qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarı qanuni qüvvəsini alıb icraya yönəldikdən sonra icra icraatı çərçivəsində tərəflər arasında pul vəsaitinin ödənilmə qaydası ilə bağlı razılıq əldə edilməsi mümkündür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun: 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDI: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xumar Mərdanova Vidadi Qasımov