Məhkəmə qərarları › İş №2-1(3-6)-2265/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-2265/2026

08.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-2265/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Məmmədli İlqar Elbrus oğlunun iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyanın yenidən hesablanması barədə ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** saylı qərarın ləğv edilməsi və müdaxilədən əvvəlki məbləğin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən pensiyanın azaldılması aparılıb. ##.##.2016-cı ildə ilkin təyin edilmiş pensiya məbləği azaldılıb. Bununla bağlı hər hansı inzibati akt tərtib edilməyib. ##.##.2016-cı ildə “Əmək pensiyaları haqqında” Qanunun 9.3cü maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edildikdən sonra fasiləsiz olaraq işləməyə davam edir və hazırda da işləyir. 2021-ci ildə 6 illik sığorta kapitalının əsasında pensiyanın yenidən hesablanması aparılıb. 2025-ci ildə cavabdeh pensiyanın azaldılmasını da pensiyanın təyin olunması tarixindən etibarən həyata keçirib. Həm pensiyanın yenidən hesablanması aparılıb, həm də təyin tarixindən etibarən azaldılması aparılıb. Lakin azaldılma ilə bağlı hesablamada olan səhv nə vaxt və hansı səbəbdən olub, nə vaxt aşkar edilib, niyə bu günə qədər illər ərzində hər hansı xəta olması aşkar edilməyib, xətanın səbəbi nədir, xətanı daha əvvəl görə bilmədiklərini açıqlamadan pensiyanın məbləğinin azaldılması barədə hərəkətlər həyata keçirilib və bununla bağlı hər hansı qərar qəbul edilməyib. Cаvаbdеh tərəfindən təqdim edilmiş etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ##.##.2016-cı il tarixindən Fondun keçmiş Xətai rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin # #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, # ###### 2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə # ###### 2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Araşdırma zamanı, İddiaçı vaxtilə əmək pensiyası təyin edilərkən pensiya məbləğinin düzgün hesablanmadığı müəyyən edilib. Belə ki, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, # ###### 2006-cı il tarixinədək İddiaçı ümumi iş stajı 21 il 3 ay 8 gün (təhsil müddəti də nəzərə alınmaqla) təşkil edir. Bununla əlaqədar, # ###### 2006-cı il tarixinədək iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən, həmin tarixə pensiyasının sığorta hissəsi indeksləşdirilib 48.46 manat müəyyən edilərək, üzərinə ##.##.2006- ##.##.2005-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 29371,68 manat pensiya kapitalına uyğun 203,97 (29371,68:144) manat və 100,00 manat baza hissəsi əlavə edilərək # ###### 2016-cı il tarixinə 352,43 (48,46+203,97+100,00) manat (indeksləşdirilərək # ###### 2022-ci il tarixinə 575,72 manat) məbləğində əmək pensiyası təyin edilməli olduğu halda, 395,89 manat (indeksləşdirilərək # ###### 2022-ci il tarixinə 645,94 manat) məbləğində əmək pensiyası təyin edilərək İddiaçı ödənilib. Eyni zamanda, aparılmış araşdırılma zamanı iddiaçıya pensiya təyin olunduqdan sonra 6 il və daha çox işlədiyinə görə, işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 53130,97 manat pensiya kapitalına əsasən əmək pensiyasının # ###### 2022-ci il tarixindən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, 53130,97 manat pensiya kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 193 aya (65 il- 54 il 11 ay)=121 ay+(144 ay-72 ay)) bölünərək 275,29 (53130,97:193) manat qanuni əmək pensiyasının (575,72 manat) üzərinə əlavə edilərək iddiaçının pensiya məbləği 851,01 (575,72+275,29) manata (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınaq və indeksləşdirilərək # ###### 2025-ci il tarixinə 1196,32 manat) artırılmalı olduğu halda, düzgün olmayan əmək pensiyası (645,94 manat) 915,47 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınaraq və indeksləşdirilərək # ###### 2025-ci il tarixinə 1285,19 manat) artırılmaqla ona ödənilib. Qanunun 39.1-ci maddəsinin # ###### 2023cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, İddiaçı son üç il üzrə 2141,43 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin vəsaitin 119,63 manatı cari ilin iyul ayında iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilib. Qalıq 2021,80 manat artıq ödənilmiş vəsaitin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığının mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi iddiaçıdan xahiş olunmuşdur. Bununla əlaqədar Mərkəzi Filial tərəfindən ##.##.2025-ci il tarixli, 3-17-1/3-3- *****/**** nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərar qəbul edilmiş, iddiaçının əmək pensiyası yenidən hesablanaraq 1196,32 manat məbləğində müəyyən olunmuşdur. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı ilə (hakim N.İsmayılov) iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının pensiyanın yenidən hesablanması barədə ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** saylı qərarının ləğv edilməsi, İddiaçı müdaxilədən əvvəlki pensiya məbləğinin bərpa olunması öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda iddiaya etirazın dəlilləri ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Məmmədli İlqar Elbrus oğlu apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki; - İddiaçı İddiaçı ##.##.1967-ci il təvəllüdlüdür və ona ##.##.2016-cı il tarixindən Fondun keçmiş Xətai rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının (bundan sonra cavabdeh) ##.##.2021-ci il tarixli və ##.##.2025-ci il tarixli qərarları ilə iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. - Cavabdehin ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanmış, əmək pensiyasının məbləği 1196,32 manat (yenidən hesablamanın səbəbi “37.3.1 (diplom) 39.1 maddəsinə əsasən məhdudlaşdırma)” qeyd edilmişdir. - Cavabdehin artıq ödənilmiş pul vəsaiti haqqında məktubunda bildirilmişdir ki, “...# ###### 2016-cı il tarixindən Fondun keçmiş Xətai rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Araşdırma zamanı, vaxtilə əmək pensiyası təyin edilərkən pensiya məbləğinin düzgün hesablanmadığı müəyyən edilib. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin # #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, # ###### 2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170,00 manat götürülməklə # ###### 2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, # ###### 2006-cı il tarixinədək ümumi iş stajı 21 il 3 ay 8 gün (təhsil müddətin də nəzərə alınmaqla) təşkil edir. Bununla əlaqədar, # ###### 2006-cı il tarixinədək iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 25,11 manat (21,27 il x 170 manat: 144 ay) hesablanaraq indeksləşdirilməklə # ###### 2016-cı il tarixinə 48,46 manat müəyyən edilərək, üzərinə ##.##.2006-##.##.2016-cı il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 29371,68 manat pensiya sığorta kapitalına uyğun 203,97 (29371,68:144) manat və 100,00 manat baza hissəsi əlavə edilərək # ###### 2016-cı il tarixinə 352,43 (48,46+203,97+100,00) manat (indeksləşdirilərək ##.##.2022-ci il tarixinə 575,72 manat) məbləğində əmək pensiyası təyin edilməli olduğu halda. 395,89 manat (indeksləşdirilərək ##.##.2022-cı il tarixinə 645,94 manat) məbləğində artıq əmək pensiyası təyin edilərək ödənilib. Həmçinin, araşdırma zamanı vaxtilə əmək pensiyanın yenidən hesablanmasının da düzgün olmadığı müəyyən edilib. Belə ki, əmək pensiyaçısı kimi 6 il işləməyi ilə əlaqədar əmək pensiyası yenidən hesablanarkən qanuni pensiya məbləği (575,72 manat) # ###### 2022-ci il tarixindən 851,01 manata (indeksləşdirilərək ##.##.2025-ci il tarixinə 1196,32 manat) artırılmalı olduğu halda, düzgün olmayan pensiya məbləği (645,94 manat) # ###### 2022-ci il tarixindən 915,47 manata (indeksləşdirilərək ##.##.2025-ci il tarixinə 1285,19 manat) artırılaraq ödənilib. Qeyd olunanlara əsasən, son üç il üzrə artıq ödənilmiş 2141,43 manat pul vəsaiti müəyyən edilib.” Hazırda iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı mübahisələndirilir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə bağlı inzibati orqanın praktikasına etimadı mövcuddur və onun bu etimadı qanunla qorunur. Cavabdehin ##.##.2025-ci il tarixli qərarı qəbul edərkən istinad etdiyi normalar istər iddiaçı barəsində ##.##.2016-cı ildən güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə qərar qəbul edilən zaman, istərsə də iddiaçının pensiyasının yenidən hesablanması barədə qərarlar qəbul edilən zaman da mövcud olmuş, lakin cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67.12ci maddəsinin tələbini pozmaqla həmin əsaslara 10 il sonra istinad etmiş və iddiaçıya pensiya məbləğinin yanlış müəyyən edildiyi qənaətinə gəlmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçının əmək pensiyası daha əvvəl yenidən hesablandığından, lakin aşkarlanmamış yaxud aşkarlansa da lazımi münasibət bildirilməmiş hallarla bağlı müddətin axımı sonrakı yoxlama və ya yenidən hesablama ilə əlaqələndirilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, işin istinad olunan hallarından görünür ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 25,11 manat (21,27 il x 170 manat: 144 ay) hesablanaraq indeksləşdirilməklə # ###### 2016-cı il tarixinə 48,46 manat müəyyən edilərək, üzərinə ##.##.2006-##.##.2016-cı il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 29371,68 manat pensiya sığorta kapitalına uyğun 203,97 (29371,68:144) manat və 100,00 manat baza hissəsi əlavə edilərək # ###### 2016-cı il tarixinə 352,43 (48,46+203,97+100,00) manat (indeksləşdirilərək ##.##.2022-ci il tarixinə 575,72 manat) məbləğində əmək pensiyası təyin edilməli olduğu halda, 395,89 manat (indeksləşdirilərək ##.##.2022-cı il tarixinə 645,94 manat) məbləğində artıq əmək pensiyası təyin edilərək ödənilməsi ilə bağlıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b) bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. ## #### 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin ######un #-dən başlayaraq 2000-ci ilin ######un #-dək hər il 6 ay artırılmışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa ##.##.1997-ci il tarixdə dəyişiklik edildikdən sonra 2000-ci ilin ######un #-dək yaş hədləri hər il 6 ay artırılmış, ##.##.2000-ci ildən etibarən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahı üzrə kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını zərərli işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik olmuşlar. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən ##.##.2006-cı ildən sonra, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş * nömrəli siyahı üzrə kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən Qanunun 9.8-ci maddəsində göstərilən yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblər aşağıdakı formada tətbiq edilmişdir.

1. əgər şəxsin ##.##.1997-ci il tarixədək 25 il ümumi, 12 il 6 ay xüsusi stajı tamam olmuşsa, ona 55 yaşdan;

2. əgər şəxsin ##.##.1997-ci il tarixədən sonra ##.##.2006-cı ildədək 25 il ümumi, 12 il 6 ay xüsusi stajı tamam olmuşsa, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “İnzibati icraat haqqında” Qanunun: - maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. - maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. -maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. İnzibati icraat haqqında qanunvericiliyin müəyyən etdiyi əsas prinsiplərdən biri şəxsin inzibati orqanların inzibati praktikasına olan etimadının qanunla qorunması prinsipidir. Bu prinsip onu ehtiva edir ki, inzibati orqanın praktikası davamlı və ümumi xarakter daşımalı, maraqlı şəxs inzibati orqanın hərəkətlərini əvvəlcədən müəyyən etmək imkanına malik olmalıdır. Yəni inzibati orqan heç bir əsas olmadan öz praktikasını dəyişməməli, maraqlı şəxs inzibati orqanın məsələni inzibati praktikaya uyğun qaydada, oxşar işlərlə analoji qaydada həll ediləcəyini bilməlidir. Lakin qeyd edilməlidir ki, bu hal mütləq xarakter daşımır, yəni inzibati orqan mövcud inzibati praktikanı yeni praktika ilə dəyişdirə bilər. Lakin bu yalnız o zaman baş verə bilər ki, ictimai maraqlar bunu tələb edir. Yəni cəmiyyətdə ümumi vəziyyətin dəyişməsi, yeni dəyərlərin meydana gəlməsi, nəticədə ictimai maraqların tələb etməsi halında inzibati orqanın praktikasını dəyişdirməsi mümkündür. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsindən görünür ki, qanunverici aşağıdakı qanunsuz əlverişli inzibati aktın ləğv edilməsinə yol vermir: 1. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu; 2. başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı; 3. cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın. İşin yuxarıda göstərilən hallarına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə bağlı qəbul edilmiş inzibati akt: 1. İddiaçının məzmununa etimad göstərdiyi və bu etimadın qanunla qorunduğu inzibati aktdır; 2. Onun qəbul edilməsi başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmamışdır; 3. İddiaçı üçün cari pul öhdəliklərini nəzərdə tutmaqla onun üçün əlverişli inzibati aktdır. Belə olan halda aydındır ki, həmin inzbati aktın qanunsuz olduğu barədə cavabdehin dedikləri həqiqət olsa belə, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən cavabdehin onu ləğv etmək hüququ olmamışdır. Bundan başqa, o da qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun 67.12ci maddəsinə görə qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. İşin hallarından görünür ki, iddiaçıya əmək pensiyası ##.##.2016-cı il tarixdə təyin edilmiş, lakin həmin pensiya yalnız ##.##.2021-ci il tarixli və ##.##.2025-ci il tarixli qərarları ilə yenidən hesablanmışdır. Bu isə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində nəzərdə tutulmuş qanunsuz inzibati aktın ləğvi üçün müəyyən edilmiş bir illik müddət keçdikdən sonra həyata keçirilmişdir. Belə ki, cavabdeh bu yanlış hesablamanı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, məlum olduğu kimi, inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Hazırkı iş üzrə cavabdeh 1 (bir) illik müddət daxilində hərəkət etdiyinə dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)- ****/**** nömrəli iş üzrə ##.##.2024-cü il tarixli qərarında “İnzibati icraat haqqında” Qanunun 67.12ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminata dair aşağıdakı hüquqi mövqe ifadə olunmuşdur: “Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir.” Xüsusilə qeyd edilməlidir ki, cavabdeh iddiaçının əmək pensiyasını yenidən hesablayarkən istinad etdiyi hallar sonradan yaranmış yeni faktlar deyil, pensiya təyin edilən zaman onun öz sərəncamında olan və bilməli olduğu məlumatlardır. Başqa sözlə, cavabdeh yeni aşkar edilmiş hallara deyil, özünün 2016-cı ildə mövcud olan məlumatları qiymətləndirməsi və tətbiqində yol verdiyini iddia etdiyi səhvə istinad edir. Beləliklə, cavabdehin istinad etdiyi hal yeni hüquqi və ya faktiki vəziyyət yaratmadığından, həmin əsas etimad hüququnu istisna etmir və “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində nəzərdə tutulan bir illik müddətin tətbiqini aradan qaldıra bilməz. Nəticə etibarilə, 2016-cı ildə qəbul edilmiş əlverişli inzibati aktın 2025-ci ildə həmin vaxt cavabdehə məlum olan faktlara əsasən dəyişdirilməsi qanunun tələblərinə, hüquqi müəyyənlik prinsipinə və formalaşmış məhkəmə təcrübəsinə uyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddia ərizəsinə etirazda və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşıb, onların təkrar qeyd edilməsinə zərurət görmür. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xumar Mərdanova Vidadi Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar