Məhkəmə qərarları › İş №2-1(3-6)-233/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-233/2026

05.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(3-6)-233/2026 05.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil uçotuna alınma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X7 ibarət tərkibdə, Şirazi Elxan oğlu Eldarzadənin katibliyi, Tərəflərin iştrakı olmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11719/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. 486933 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X5 arasında xx.xx.1991- ci ildə nikah bağlanmışdır. Nikahdan sonra arvada Əskərova soyadı verilmişdir.

2. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Binəqədi Rayon İdarəsinin xx.xx.2024-cü il tarixli, 40 nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək SSRİ SQ-da müddətli həqiqi hərbi xidmət keçmişdir. Ehtiyatda olmağın son yaş həddinə çatdığı üçün hərbi qeydiyyatdan çıxarılmışdır.

3. FHN X13 Xidmətinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, o, 5 mart 2014-cü il tarixdə xidməti mənzil (yaşayış sahəsi) ilə təmin olunmaq üçün növbəyə götürülmüşdür. Lakin, İddiaçı xidmət etdiyi dövrdə xidməti mənzillə təmin edilməmişdir.

4. Yaşayış yeri üzrə qeyydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı, X10, X15, X8, X11 ünvan 1 ünvanında qeydiyyatdadırlar.

5. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 18/2-17485 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 9/33, mənzil 19-da, xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 185 (Binəqədi RPİ-nin inzibati binası)- də, xx.xx.2021 -ci il tarixdən xx.xx.2021 -ci il tarixədək ünvan 1-də, xx.xx.2021 -ci il tarixdən xx.xx.2022-ci il tarixədək Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, ev 34/76-da, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi, ev 52 (Xətai RPİ-nin inzibati binası)-da, xx.xx.2022-ci il tarixdən hazıradək ünvan 1-də; xx.xx.1972-ci il təvəllüdlü X10 xx.xx.1992-ci il tarixdən xx.xx.2010- cu il tarixədək Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 9/33, mənzil 19-da, xx.xx.2010-cu il tarixdən xx.xx.2021 -ci il tarixədək Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 185 (Binəqədi RPİ-nin inzibati binası)-də, xx.xx.2021 -ci il tarixdən xx.xx.2022-ci il tarixədək Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, ev 34/76-da, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi, ev 52 (Xətai RPİ-nin inzibati binası)-da, xx.xx.2022-ci il tarixdən hazıradək ünvan 1-də; xx.xx.1994-cü il təvəllüdlü X11 xx.xx.2019-cu il tarixdən hazıradək ünvan 1-də; xx.xx.1994-cü il təvəllüdlü X9 xx.xx.2010-cu il tarixdən hazıradək Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, ev 55-də, xx.xx.2003-cü il təvəllüdlü X16 xx.xx.2024-cü il tarixdən hazıradək Ucar rayonunun Müsüslü kəndində yaşayış yeri üzrə qeydiyyatdadırlar.

6. Xətai rayon Xətai bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 03/Ə557 nömrəli arayışdan görünür ki, ona və həyat yoldaşı X6 Xətai rayon Xətai Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır.

7. Fövqəladə Hallar Nazirliyi X13 Xidmətinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı xx.xx.1997-ci ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Yanğından Mühafizə və X24 İdarəsinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 22 nömrəli Hərbiləşdirilmiş Yanğın Hissəsində yanğınsöndürən vəzifəsinə “daxili xidmət serjantı” rütbəsi verilməklə təyin edilmişdir (DİN Baş Yanğından Mühafizə və X24 İdarəsinin 13 ş/h nömrəli xx.xx.1997-ci il tarixli əmri). xx.xx.2000-ci ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 51 nömrəli Hərbiləşdirilmiş Yanğın Hissəsində yanğınsöndürən vəzifəsinə keçirilmişdir (DİN-nin 345 nömrəli xx.xx.2000-ci il tarixli əmri). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 1182 nömrəli sərəncamına müvafiq olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin sərəncamına qəbul edilmişdir (FHN-nin 049/ş nömrəli xx.xx.2006-cı il tarixli əmri). xx.xx.2009-cu ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X13 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 51 nömrəli Yanğından mühafizə hissəsində “daxili xidmət çavuşu” rütbəsi ilə yanğınsöndürən vəzifəsinə (FHN-nin 2340/ş nömrəli xx.xx.2009-cu il tarixli əmri), xx.xx.2013-cü ildə həmin hissənin komendantı vəzifəsinə (FHN DYMX-nin 834/ş nömrəli xx.xx.2013-cü il tarixli əmri ilə) keçirilmişdir. xx.xx.2017-ci ildə Azərbaycan Respublikası FHN DYMX-nin ADNŞ obyektləri üzrə YMİ-nin 51 nömrəli YMH-nin komendantı vəzifəsindən “daxili xidmət baş çavuşu” rütbəsi ilə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.11-ci maddəsinə (son yaş həddinə görə) uyğun olaraq xidmətkeçməsinə xitam verilmişdir (FHNnin 0606/ş nömrəli xx.xx.2017-ci il tarixli əmri).

8. Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X29 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, sorğuda qeyd olunan fiziki şəxslərin adlarına ölkə ərazisi üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və ailə tərkibi, həyat yoldaşı X10, qızları 21 iyul 1992-ci təvvəllüdlü X15, 04 mart 1994-cü il təvəllüdlü X11 və 06 oktyabr 1995-ci il təvvəllüdlü X8 və X2 5 nəfərdən ibarət olmaqla güzəştli şərtlərlə mənzil növbəsinə qəbul edilərək yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil ilə təmin olunmağı vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X18 xx xxx 1967-ci il tarixdə anadan olmuşdur. 14 iyun 1985-ci il tarixdə hərbi xidmətə çağırılaraq 20 iyun 1987-ci il tarixədək SSRİ SQ-da müddətli həqiq hərbi xidmət keçmiş, 17 sentyabr 1991-ci tarixdə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Bu nikahdan 21 iyul 1992-ci təvvəllüdlü X15, 04 mart 1994-cü il təvəllüdlü X12 və 06 oktyabr 1995-ci il təvvəllüdlü X8 anadan olmuşlar. X1 da, onun himayəsindədir. Özü isə 01 fevral 1997-ci il tarixdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X13 Xidmətində 09 iyun 2017-ci il tarixlərdə hərbiçi kimi xidmət etmişdir. Hal-hazırda təqaüddədir. Xidmət etdiyi dövrdə 05 mart 2014-cü il tarixdə xidməti mənzil ilə təmin olunmağı üçün növbəyə götürülmüşdür. Lakin bu vaxta kimi heç bir mənzillə təmin olunmamışdır. Bu barədə iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yaşayış yeri üzrə güzəştli mənzil uçotuna düşə bilməyi barədə müraciət etmişdir. Lakin Sosial Xidmətlər Agentliyi tərəfindən 07 fevral 2025-ci il tarixli, 3- 17-3/2-Ə-4641 saylı “Vətəndaşın müraciəti haqqında məktubunda“ vətəndaşların sosial məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota alınması Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxil olduğu üçün adiyyəti üzrə müraciət etməyini tövsiyə olunmuşdur. Bu səbəbdən ona düşəcək yaşayış yeri üzrə güzəştli mənzil uçotuna düşə bilməməyi barədə ərizə ilə Bakı şəhəri, Cavabdehnə müraciət etmişdir. Müraciətinə baxılaraq ona Bakı şəhəri, Cavabdeh Başçısının Aparatı tərəfindən 06 may 2025-ci il tarixli 5-11/2-Ə113-068/1025 saylı imtina məktubu verilmişdir. Həmin imtina məktubun da bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49.5-ci maddəsində nəzərdə tutulmuş Dövlət Mənzil Fondunun yaşayış sahələri ilə təmin edilməyi məqsədləri üçün uçot norması Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edildikdən sonra qaldırdığı məsələ mahiyyəti üzrə baxıla bilər olaraq qeyd edilmişdir. Tamamilə formal əsaslarla iddiaçının mənzil növbəsinə götürülməyindən imtina edilmişdir. Hazırda iddiaçı və 5 nəfər ailə üzvləri ilə birlikdə mənzildə kirayədə yaşayırlar. Yaşamaq üçün başqa fərdi mənzili və ya heç bir yerdə torpaq sahəsi yoxdur. Himayəsində az yaşlı olan nəvəsinin də tam şəraitli və geniş mənzildə yaşamağı üçün lazımi qurumlara güzəştli mənzili uçotuna alınaraq mənzillə təmin olunmağı üçün dəfələrlə müraciət etmişdir. Lakin bu günə kimi heç bir müsbət cavab almamışdır.

11. Cavabdeh orqan iddiaya dair hər hansı bir münasibət bildirməmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11719/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində ailə üzvü - xx.xx.1972-ci il təvəllüdlü X10 ilə birlikdə mənzil uçota götürülməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi barədə qərar qəbul edilmişdir.

13. Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonuna daimi qeydiyyata alındığındna Xətai rayonu, Qvardiya küçəsində yerləşən 51 nömrəli evə daimi qeydiyyata alınmışdır. Qeyd edilən mübahisəli fərdi yaşayış evində minlərlə imtiyazlı vətəndaşlar respublikanın digər rayonlarından qeydiyyatdan çıxaraq Bakı şəhərində mənzillə təmin olunmaları məqsədilə Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsində yerləşən ümumi sahəsi 39.50 kv.m olan vətəndaş X17 məxsus 51 nömrəli fərdi yaşayış evinə qeydiyyata alınaraq mənzil şəraitlərini süni şəkildə pisləşdirirlər. Bildiririk ki, imtiyazlı vətəndaşlar qeyd edilən ünvana formal olaraq qeydiyyata alınır, lakin ünvanda faktiki olaraq yaşamırlar və həmin fərdi yaşayış evinə dair hüquqları yaransada mövcüd qanunvericilikdə nəzərdə tutulmuş mənzil normasının pozulmasına səbəb olurlar. Bu da, həmin ünvanda hazırda minlərlə vətəndaşın daimi qeydiyyata alınmasına şərait yaradır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

16. Bakı şəhəri Xətai rayon İcra hakimiyyətindən daxil olmuş 10 fevral 2026-cı ildə 5-11/2- 277/2026 saylı məktubla cavabdeh təşkilat xx.xx.2025-ci ildə 458 saylı Sərəncam əsasında iddiaçının ehtiyatda olan hərbi qulluqşu kimi güzəştli mənzil növbəsinə daxil edilməsini əsas gətirərək hazırki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatları

17. Məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən tərəflərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun:

2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

19. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: maddə. 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. maddə 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. maddə 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir.) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. maddə 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. maddə 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. maddə 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. maddə 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. maddə 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. maddə 52. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə.

20. 25 dekabr 1991-ci il tarixdə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi barədə” 6 aprel 2004-cü il tarixli 620-İİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə edilmiş dəyişikliyə əsasən Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzası aşağıdakı redaksiyada verilmişdir: “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır”.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-ci maddələrinə əsasən)

25. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 18-21-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

26. Belə ki, iddiaçı hərbi qulluqçu kimi onun mənzil uçotuna alınması və mənzillə təmin edilməsini tələb edir.

27. İş materiallarından göründüyü kimi iddiaçı 01 fevral 1997-ci il tarixdən 09 iyun 2017ci il tarixə kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X13 Xidmətində hərbiçi kimi xidmət etmişdir. Hal-hazırda təqaüddədir. Xidmət etdiyi dövrdə 05 mart 2014-cü il tarixdə xidməti mənzil ilə təmin olunmağı üçün növbəyə götürülmüşdür.

28. İşin apellyasiya baxışı zamanı ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş 04 fevral 2026-cı il tarixli sorğuya cavab məktubuna əsasən bildirilmişdir ki, sorğuda qeyd edilən məsələnin həll edilməsi Agentliyin səlahiyyətləri xaricindədir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti orqanları) və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir.

29. Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 03 fevral 2026-cı il tarixli sorğuya cavab məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 458 saylı Sərəncamı ilə İddiaçı 5 nəfər ailə tərkibi ilə birlikdə yaşayış yeri üzrə mənzil növbəsinə alınmış və ehtiyyatda olan hərbi qulluqçu kimi güzəştli siyahıya daxil edilmişdir.

30. Qanunverisiliyin sadalanan normalarından göründüyü kimi vətəndaşın mənzilə ehtiyacı olanların siyahılarına daxil edilməsi üçün o, 15 təqvim ili və daha çox xidmət edən və xidmətini davam etdirən hərbi qulluqçu, 15 təqvim ili və daha çox xidmət etmiş ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu və ya Xidmət müddətindən asılı olmayaraq yaşa, xəstəliyə, ştatların ixtisarına (5 il xidmət etməsi şərtilə) və ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qullquçu olmalı, eyni zamanda həmin şəxslərin yaşayış sahəsi olmamalıdır.

31. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, iddiaçının xidmət müddəti 15 ildən artıq olmuş, həmçinin o, yaşa görə hərbi xidmətdən istefaya buraxılmışdır. Deməli, iddiaçı yuxarıda istinad olunan mənzillə təmin edilmək hüququna malik olan şəxslər dairəsinə daxildir. Eyni zamanda, iddiaçının mülkiyyətində yaşayış sahəsi, yaxud da fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin olması da iş materialları ilə sübut olunmur.

32. Eyni zamanda kollegiya iddia tələbinin iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil ilə təmin olunması hissəsində qeyd edir ki, iddiaçı ilk növbədə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmalı, daha sonra isə cavabdehin balansında olan boş mənzillərə uyğun olaraq növbəlik qaydasına əsasən uçota alınma tarixi nəzərə alınmaqla mənzillə təmin edilməlidir.

33. Belə ki, Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir (56.1)

34. Yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar onun qəbul edildiyi gündən üç iş günündən gec olmayaraq barələrində belə qərar qəbul edilmiş vətəndaşlara verilir və ya göndərilir (56.3).

35. Hazır ki, iş üzrə icraata xitam verilməsi ilə bağlı cavabdeh təşkilatın 10 fevral 2026-cı il tarixli məktubuna münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir.

36. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.2-1-ci maddəsinə əsasən yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər. Yəni həmin şəxslər artıq bir dəfə xüsusi statusdan irəli gələn əsasla qanunvericiliyə uyğun olaraq mənzillə təmin edilmişlərsə, yenidən eyni əsasla yaşayış sahəsinə ehtiyacı qismində uçota alına və mənzillə təmin edilə bilməz. Göründüyü kimi İddiaçı birinci dəfə hərbi qulluqçu kimi güzəştli mənzil növbəsinə uçota alınmış, hazırki, iddia tələbi üzrə isə yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaş kimi uçota alınmasını tələb edir. Belə olduğu tədqirdə hazırki, tələbin Mənzil Məcəlləsinin 51.2-1-ci maddəsində qeyd olunan məhdudiyyətin (“yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilər”) təsir dairəsinə daxil etmək qanuna ziddir.

37. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin mövcud məhkəmə təcrübəsi formalaşdırdığı xx.xx.2026-cı il tarixli 2-1(102)-2580/2025 saylı qərarında (47-ci bənd) Mənzil Məcəlləsində müəyyən edilmiş müvafiq əsasların yaranması halına istinadla, həmin Məcəllədə müəyyən edilmiş ümumi əsaslarla yenidən uçota alına və müəyyən edilmiş qaydada mənzillə təmin edilə bilməsi kimi izah verilmişdir.

38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

39. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

40. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11719/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11719/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar