Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-24/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı İddiaçı vəkili vəkil2, Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi vəkil1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qərarından üçüncü şəxs üçüncü şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə qarşı (struktur dəyişikliyi ilə əlaqədar hal-hazırda “xxxx” publik hüquqi şəxsi) iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməklə, Bakı şəhəri Suraxanı Rayon Icra Hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli, **** saylı sərəncamı əsasında ona ayrılmış 600 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e-*-*(***)-*****/**** saylı qərardadı ilə üçüncü şəxs1, habelə “X2 Kompani S.A” Şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Icra Hakimiyyəti başçısının ## ###### 1999-cu il tarixli, **** saylı sərəncamına əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsinin axırında 600 kv.m. torpaq sahəsinin ayrılması, ayrılmış torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi və digər məsələlər barədə sərəncam verilmişdir. Torpaq sahəsi həmin vaxtdan iddiaçının istifadəsindədir. Torpaq sahəsi ilə bağlı hər hansı bir mübahisə olmamış, iddiaçıya qarşı hər hansı bir iddia qaldırılmamışdır. Müvafiq sənədləri toplayaraq torpaq sahəsinə çıxarış alınması üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən çıxarış verilməsindən imtina edilərək əsas gətirmişdir ki, təqdim olunmuş yerləşmə cizgisində dəqiq istinadlar, istinad məsafələri qeyd edilməmiş, cizgidəki sahə ilə faktiki göstərilən sahə arasında ciddi perimetrik ölçü və konfiqurasiya fərqləri olduğundan sənədin həmin sahəyə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Elektron Kadastr məlumatına əsasən faktiki göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Iddia olunan torpağın sahəsi elektron kadastr məlumat bazasına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidə yerləşir. Bakı şəhəri Suraxanı Rayon Icra Hakimiyyətinin başçısının ##.##.1999-cu il tarixli, **** saylı sərəncamı ilə iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə mövqeyini müəyyənləşdirməyə imkan verən dəqiq istinad və məsafələr qeyd olunan cizgidə əks olunmuş, bununla da torpaq sahəsinin hüquqi statusu (təyinatı), konfiqurasiyası, koordinatlarının sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyəti müəyyən edilmişdir. Iddia olunan torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən dövlət mülkiyyətinə aid ərazidə yerləşir. Göstərilən sənədlər cavabdeh inzibati orqana təqdim edilməsinə baxmayaraq, cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır. Aradan keçən 25 il ərzində Dövlət Neft Şirkəti bu ərazi ilə bağlı hər hansı bir tələb irəli sürməmiş, torpaq sahəsini mübahisələndirməmişdir. Torpaq sahəsi icra hakimiyyəti tərəfində dövlət torpaqlarının hüdudlarında qanununa uyğun ayrılmışdır Cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, təqdim olunmuş yerləşmə cizgisində dəqiq istinadlar, istinad məsafələri qeyd edilməmiş, cizgidəki sahə ilə faktiki göstərilən sahə arasında ciddi perimetrik ölçü və konfiqurasiya fərqləri olduğundan sənədin həmin sahəyə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Elektron kadastr məlumatına əsasən faktiki göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Əlavə olaraq, təqdim olunmuş sərəncam ##.##.1999-cu il tarixli olsa da, etibarnamədə ##.##.1999-cu il tarixli sərəncamla bağlı səlahiyyətlərin ötürülməsi nəzərdə tutulmuşdur. Idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən yerli baxış zamanı torpaq sahəsinin faktiki ölçüsünün 623 kv.m olduğu məlum olmuşdur. Bakı Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qərarı ilə (hakim S.İ.Qənbərova) iddia tələbi təmin edilərək, iddiaçı İddiaçı Bakı şəhəri Suraxanı Rayon Icra Hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli, **** saylı sərəncamı əsasında ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Üçüncü şəxs üçüncü şəxs1 Bakı Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayəti onunla əsasladırılmışdır ki, mübahisəli torpaq sahəsi Azərbaycan Respublikasının ## ######## 2005-ci il tarixli, ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X2 Kompani S.A.” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Bu hal iş materiallarına əlavə edilmiş mütəxəssis rəyi ilə də təsdiq edilmişdir. Həmçinin torpaq sahəsi **** nömrəli ləğv edilmiş quyunun 20 metrlik məsafəsində olmaqla mühafizə zonası daxilində yerləşir. Sözügedən Sazişin təsdiq olunduğu Azərbaycan Respublikasının ## ######## 2005-ci il tarixli Qanunun 4cü bəndində göstərilir ki, Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Həmçinin, Sazişin 25.1-ci bəndi ilə tövsif olunmuşdur ki, ... bu Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Qanunu qüvvəsinə minir və Azərbaycan Respublikasında müddəaları bu Sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı başqa mövcud və ya gələcək qanundan, fərmandan, yaxud inzibati sərəncamdan (və ya onun bir hissəsindən) üstün tutulur, (bu Sazişdə konkret olaraq başqa cür göstərilən hallar istisna olmaqla). SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. Qeyd olunanlara əsasən, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs üçüncü şəxs1 nümayəndəsi vəkil1 izahatında məhkəməyə bildirdi ki, torpaq sahəsinin 20 m məsafədə ləğv edilmiş neft quyuları yerləşir. Hazırda mübahisə torpaq sahəsi olsa da, həmin ərazilər yaşayış təyinatlı torpaqlar sayıldığından gələcəkdə fərdi yaşayış evinin tikilməsi ehtimalı mövcuddur. Bu səbəbdən şikayətimizin təmin edilməsini və birinci instansiya qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı vəkili vəkil2 izahatında məhkəməyə bildirdi ki, torpaq sahəsi vətəndaşa 1999-cu ildə ayrılmışdır. Daha sonra isə həmin ərazilər 2005-ci ildə Sazişlə Dövlət Neft Şirkətinin istifadəsinə verilmişdir. Qarşı tərəf qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi mühafizə zonasından 20 m məsafdə yerləşir, lakin iddiaçıdan həmin yerə daha yaxın olan qonşuların artıq çıxarışları mövcuddur. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya mıhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Bakı şəhəri Suraxanı Rayon Icra Hakimiyyəti Başçısının ##.##.1999-cu il tarixli, **** saylı sərəncamından görünür ki, İddiaçı fərdi yaşayış evi tikmək üçün Yeni Suraxanı qəsəbəsi, Çaparıdze küçəsinin axırında 600 kv.m. torpaq sahəsi ayrılmışdır. - ##.##.1999-cu il tarixli aktdan görünür ki, iddiaçıya ayrılmış 600 kv.m. torpaq sahəsinin ölçülərinin naturada ifadəsi ilə pay bölgüsü aparılmış və daimi nişanlar qoyulmuşdur. - Yeni Suraxanı qəsəbə üzrə nümayəndəliyinin ##.##.2002-ci il tarixli, *** saylı arayışdan görünür ki, Suraxanı rayon Icra Hakimiyyəti tərəfindən ##.##.1999-cu ildə **** nömrəli sərəncamına əsasən vətəndaş İddiaçı ayrılmış torpaq sahəsində tikilmiş tikintinin ünvana Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi, ev 3 olmuşdur. - Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2024-cü il tarixli müayinə aktından görünür ki, torpaq sahəsi mişar daşı ilə hasarlanmışdır. 1 tərəf yol və 1 hissə yol, 1 hissə və 4 tərəf qonşudur. Yaşayış evi, həyət tikilisi mövcuddur. Göstərilən torpaq sahəsi 23.0 kv.m artıqdır. Təqdim edilmiş yerləşmə sxemi ilə faktik göstərilən sahənin perimetrik və konfiqurasiya fərqləri mövcuddur. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Cavabdeh * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli, ************ saylı cavab məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi dörd tərəfdən mişar daşla hasarlanmışdır. Üzərində birmərtəbəli yaşayış evi mövcuddur. Faktiki sahəsi 620.0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq SOCAR-ın ##.##.2024cü il tarixli, **-*/*-****/**** saylı cavab məktubundan görünür ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsində olmuş və daha sonra Azərbaycan Respublikasının ## ######## 2005-ci il tarixli, ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş“ Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X2 Kompani S.A” Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları, eləcə **** nömrəli ləğv olunmuş quyunun 20 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. - Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, 3-16- **/*-**/****/**** saylı ekspert rəyindən görünür ki, vahid elektron kadastr baza məlumatına əsasən təqdim edilmiş cizgidə dəqiq istinad, istinad məsafələri qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” üçüncü şəxs1, Rafi Oyl EfZel və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə ## ######## 2005-ci il tarixli, ***-IIQ nömrəli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazisidir (Suraxanı Oil). Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə, 2001-ci il ######ın #-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il ######ın #-dən etibarən həyata keçirir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2004-cü il tarixli *** nömrəli Fərmanına əsasən Qanunun 8.0.1-ci maddəsində müəyyən edilmiş "icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir. Beləliklə, işin mübahisəsiz hallarından göründüyü kimi, iddiaçı İddiaçı Bakı şəhəri Suraxanı Rayon Icra Hakimiyyəti başçısının ## ###### 1999-cu il tarixli, **** saylı sərəncamı ilə Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsinin axırında fərdi yaşayış evi tikilməsi üçün 600 kv.m. torpaq sahəsi ayrılmış, həmin sərəncam əsasında torpaq sahəsi naturada göstərilmiş, onun ölçüləri müəyyən edilmiş, daimi nişanlar qoyulmuş, sonradan həmin sahədə tikili mövcud olmuş və sahə uzun müddət ərzində iddiaçının faktiki istifadəsində qalmışdır. Həmin sərəncamın mövcudluğu Azərbaycan Respublikası Milli Arxiv Idarəsinin təqdim etdiyi arxiv sənədləri ilə də təsdiq edilmişdir. Bu sənəd ləğv edilməmiş, etibarsız sayılmamış, onun qanuniliyini aradan qaldıran məhkəmə qərarı və ya səlahiyyətli inzibati orqanın aktı iş materiallarında mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı həmin hüququn dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qeydiyyat orqanının vəzifəsi təqdim edilmiş hüquqmüəyyənedici sənədlərin qanunvericilikdə nəzərdə tutulmuş əsaslara uyğunluğunu yoxlamaqdan ibarətdir; qeydiyyat orqanı qüvvədə olan, ləğv edilməmiş və aidiyyəti dövlət orqanı tərəfindən qəbul edilmiş inzibati aktı öz mülahizəsi əsasında hüquqi qüvvədən sala, həmin aktın qanuniliyini dolayı qaydada inkar edə və şəxsin həmin aktdan irəli gələn hüquqi gözləntisini aradan qaldıra bilməz. Birinci instansiya məhkəməsi haqlı olaraq qərarında belə nəticəyə gəlmişdir ki, iddiaçının istinad etdiyi ## ###### 1999-cu il tarixli sərəncam daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatı üçün müstəqil hüquqi əsas kimi çıxış edir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin məzmununa görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanları tərəfindən daşınmaz əmlakın özgəninkiləşdirilməsi, istifadəyə verilməsi və digər hüquqi rejimlə bağlı qəbul olunmuş aktlar dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunvericilik qeydiyyat üçün nəzərdə tutulmuş əsaslardan birinin mövcud olmasını kifayət sayır və belə əsas təqdim edildikdə qeydiyyat orqanı eyni hüququ təsdiq edən əlavə və alternativ sənədlərin təqdim olunmasını tələb etməklə şəxsin hüququnun reallaşdırılmasını əsassız şəkildə çətinləşdirə bilməz. Apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin ## ######## 2005-ci il tarixli, ***-IIQ nömrəli Qanunla təsdiq edilmiş Saziş üzrə “X2 Kompani S.A.” şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudlarında yerləşdiyini, habelə **** nömrəli ləğv edilmiş quyunun mühafizə zonasında olduğunu göstərmişdir. Lakin bu dəlil birinci instansiya məhkəməsinin nəticəsini təkzib etmir. Əvvəla, iddiaçının hüququnun yaranmasına əsas olan sərəncam ## ###### 1999-cu il tarixlidir. Üçüncü şəxsin istinad etdiyi Saziş isə 2005-ci ildə təsdiq edilmişdir. Sonradan qəbul edilmiş qanun və ya sonradan formalaşmış kadastr məlumatı əvvəllər fərdi yaşayış evi tikintisi üçün ayrılmış və uzun müddət faktiki istifadədə olmuş torpaq sahəsinə dair hüququ avtomatik olaraq aradan qaldırmır. Belə hüququn məhdudlaşdırılması, xitamı və ya dövlət ehtiyacları üçün alınması yalnız qanunla müəyyən edilmiş xüsusi prosedur, müvafiq inzibati akt və zəruri hallarda kompensasiya mexanizmi əsasında mümkündür. Ikincisi, apellyasiya şikayətində istinad olunan sübutlar iddiaçının hüququnun yarandığı anda, yəni ## ###### 1999-cu il tarixində həmin konkret 600 kv.m. torpaq sahəsinin neft-qaz yatağının işlənməsi üçün təsərrüfat subyektinin istifadəsində olan torpaq sahəsinə daxil olduğunu və ya müvafiq mühafizə zonası kimi rəsmiləşdirildiyini təsdiq etmir. Iş materiallarında olan ekspert rəyi də bu baxımdan üçüncü şəxsin dəlilini həlledici sübut kimi qəbul etməyə əsas vermir. Həmin rəydə təqdim edilmiş cizgidə dəqiq istinad və istinad məsafələrinin göstərilməməsi səbəbindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirməyin mümkün olmadığı qeyd edilmişdir. Ekspert rəyi eyni zamanda vahid elektron kadastr bazasına əsasən sahənin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olduğunu da göstərmişdir. Üçüncüsü, *** nömrəli Fərmana istinad edilərkən onun məzmunu işin faktiki vəziyyətinə uyğun tətbiq edilməlidir. Həmin Fərmanın istinad olunan qaydasının mənasına görə, əvvəl yaranmış hüquqları təsdiq edən sənədlərin qeydiyyat üçün əsas kimi qəbul olunmaması yalnız o halda mümkündür ki, müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak qanunda göstərilən mühafizə zonalarında və ya neft-qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahəsində yerləşmiş olsun. Bu halda həlledici zaman meyarı hüququn yarandığı andır. Hazırkı işdə həmin an ## ###### 1999-cu il tarixidir. Apellyator isə məhz həmin tarixə aid, konkret torpaq sahəsinin üçüncü şəxsin və ya digər təsərrüfat subyektinin istifadəsində olduğunu sübut edən hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. 2005-ci il tarixli Sazişin mövcudluğu və ya cari elektron kadastr göstəriciləri 1999-cu ildə yaranmış fərdi hüququn qeydiyyatına maneə kimi qəbul edilə bilməz. Dördüncüsü, mübahisəli sahənin ləğv edilmiş quyunun mühafizə zonasında yerləşməsi barədə dəlil də iddiaçının hüququnun qeydiyyatına imtina üçün müstəqil əsas yaratmır. Mühafizə zonası və texniki təhlükəsizlik rejimi ictimai təhlükəsizlik məqsədlərinə xidmət edən hüquqi rejimdir. Lakin bu rejim əvvəllər yaranmış və ləğv edilməmiş hüquqmüəyyənedici akt əsasında mövcud olan hüququ qeydiyyatdan kənarda saxlamaq vasitəsinə çevrilə bilməz. Əgər aidiyyəti dövlət orqanları belə sahədə təhlükəsizlik baxımından real riskin mövcud olduğunu hesab edirsə, həmin məsələ hüququn tanınmasından imtina yolu ilə deyil, qanunla nəzərdə tutulmuş xüsusi inzibati-hüquqi mexanizmlər, o cümlədən məhdudiyyətin rəsmiləşdirilməsi, servitut, istifadənin məhdudlaşdırılması, zərurət olduqda isə dövlət ehtiyacları üçün alınma və kompensasiya qaydasında həll edilməlidir. Qeydiyyatdan imtina şəxsi mövcud hüququnun dövlət tərəfindən tanınmasından məhrum edir və bu baxımdan proporsional hüquqi vasitə sayıla bilməz. Iş üzrə xüsusi əhəmiyyət kəsb edən digər hal ondan ibarətdir ki, iddiaçıya torpaq sahəsinin ayrılması yalnız sənəd üzərində olmamış, həmin sahə faktiki olaraq da uzun illər ərzində yaşayış məqsədilə istifadə edilmişdir. ## ###### 1999-cu il tarixli aktla sahənin naturada ifadə edilməsi, 2002-ci ildə həmin sahədə tikilmiş evə ünvan verilməsi, 2024-cü il müayinə aktında torpaq sahəsində yaşayış evi və həyət tikilisinin mövcudluğunun, hasarın və qonşuluq sərhədlərinin göstərilməsi həmin hüququn real və davamlı xarakter daşıdığını təsdiq edir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti isə uzun müddət ərzində həmin sahəyə dair müstəqil iddia qaldırmamış, 1999-cu il sərəncamının ləğvi və ya etibarsızlığı barədə məhkəməyə müraciət etməmiş, iddiaçının sahədən istifadəsini mübahisələndirməmişdir. Bu hallar da iddiaçının hüquqi vəziyyətinin sabitliyinin və qanuni gözləntisinin müdafiəsini zəruri edir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Inzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(3-6)-24/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-24/2026
03.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver