Məhkəmə qərarları › İş №2-1(3-6)-242/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-242/2026

05.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-242/2026 05.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi nümayəndə2 iştirakları ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "qərarın ləğv edilməsi" tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: "Bakı Baştikinti" Idarəsi "xxxx" trestinin *** №-li Ixtisaslaşdırılmış mexanikləşdirmə idarəsi üzrə "Idarənin işçisi İddiaçı xəsarət əvəzliyi ödənilməsi haqqında" ##.##.1992-ci il tarixli ** nömrəli əmrinə əsasən, iddiaçının ##.##.1992-ci ildə aldığı istehsalat xəsarəti ilə əlaqədar ona ##.##.1992-ci ildən 1765,89 rubl məbləğində xəsarət əvəzliyinin ödənilməsi əmr edilmişdir. Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin ##.##.2009-cu il tarixli ** nömrəli qərarına əsasən, iddiaçıya əmək qabiliyyətinin 80 % itirilmə faizi ilə ##.##.2009-cu ildən ##.##.2009-cu ilədək 420 manat birdəfəlik, ##.##.2009-cu ildən ömürlük 60 manat aylıq "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət"in ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xətai rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi ilə iddiaçı arasında bağlanmış "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə müavinətin ödənilməsi barədə" ##.##.2009-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və ya idarə etməyə verilmiş müəssisənin – "xxxx" ASC-nin istehsalat qəzası və ya peşə xəstəliyi ilə əlaqədar zərəçəkənə 2003-cü il #######ın #-dən özəlləşdirilməsi başa çatan tarixədək (və ya idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minənədək) dövr üçün yaranmış aylıq ödənclər üzrə borcların əvəzinə müavinət ödənilməsi barədə razılıq əldə edilmişdir. Mərkəzi Filial tərəfindən qəbul edilmiş "Sosial müavinətin təyinatı üzrə" ##.##.2022-ci il tarixli ***** nömrəli qərarın surətindən müəyyən olunur ki, iddiaçıya əmək qabiliyyətinin 80 % itirilməsi faizi ilə ##.##.2022-ci ildən müddətsiz olaraq aylıq 240 manat "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət"in və##.##.2022-##.##.2022-ci ilədək ödənilməmiş fərq məbləğinin ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış ##.##.2022-ci il tarixli ************ nömrəli cavab məktubunda göstərilmişdir ki, "xxxx" ASC ##.##.2014-cü ildən 100 % həcmində özəlləşdirilmişdir. Cavabdehin ##.##.2024-cü il tarixli qərarı ilə inzibati icraatın aparılmasına başlanılması qərara alınmışdır. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş ##.##.2024-cü il tarixli məktubda təyin edilmiş aylıq müavinətin qanunauyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yarandığı bildirilmiş və bu səbəbdən iddiaçı mülahizələrinin dinlənilməsi üçün ##.##.2024-cü il saat 10.30-a Dövlət Sosial Müdafiə Fondunun inzibati binasına dəvət edilmişdir. Cavabdehin "xxxx" ##.##.2024-cü il tarixli *-IMTK-****/****** nömrəli qərarına əsasən, iddiaçıya verilən "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət"in ##.##.2014-##.##.2016-il tarixlərini əhatə edən dövr üzrə aylıq 60 manat, ##.##.2016-##.##.2021-ci il tarixlərini əhatə edən dövr üzrə aylıq 66 manat, ##.##.2022- ##.##.2022-ci il tarixlərini əhatə edən dövr üzrə aylıq 240 manat və ##.##.2023- ##.##.2024cü il tarixlərini əhatə edən dövr üzrə aylıq 276 manat artıq ödənilmiş olması göstərilməklə, ümumilikdə 14420,71 manat məbləğin artıq ödənilmiş hesab edilməsi qərara alınmışdır. Iddiaçı cavabdehə yazdığı ##.##.2024-cü il tarixli mülahizədə bildirmişdir: "Müavinət işində olan məlumatlarla bağlı mənə ətraflı izahat veridi. Əmək pensiyamdan 10% tutulmasına etiraz etmirəm. Qeyd olunanları oxudum, etirazım yoxdur". Bundan sonra cavabdehin ##.##.2024-cü il tarixli qərarı ilə müavinət işinin dayandırılması, köhnə müavinət proqramında və 470126; ******* nömrəli ərizələrdə ##.##.2014 -##.##.2024-cü ilədək olan dövr üzrə artıq ödəmə müəyyən edilməsi və vətəndaşa rəsmi məlumat verilməsi qərara alınmışdır. Daha sonra ##.##.2024-cü ildən etibarən iddiaçının pensiya məbləğindən hər ay 10% (40,06 manat) məbləğində tutulma aparılmağa başlanmışdır. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ ICRAAT: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ##.##.2014-##.##.2024-cü il tarixləri üzrə ödənilmiş vəsaitin geri tələb edilməsi haqqında qərarının ləğv olunmasını xahiş etmişdir. Iddiaçı ##.##.2025-ci ildə məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək, cavabdehin ##.##.2024-cü il tarixli *-IMTK-****/****** nömrəli "Sosial ödənişlərin inventarlaşdırılması haqqında" qərarının qismən, yəni ##.##.2014-cü ildən ##.##.2024-cü ilədək olan dövr üzrə artıq ödənilmiş məbləğin geri tələb edilməsi ilə bağlı hissədə ləğv olunmasını xahiş etmişdir. Bundan sonra ##.##.2025-ci ildə iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək, cavabdeh tərəfindən onun pensiyasından hər ay 10 faiz pul tutulması barədə hərəkətlərin qanunsuz hesab edilməsi və yaranan fərqin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra ##.##.2025-ci ildə iddiaçı məhkəməyə yenə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin ##.##.2024-cü il tarixli *-IMTK-****/****** nömrəli "Sosial ödənişlərin inventarlaşdırılması haqqında" qərarının ləğv olunma öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. Iddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, uzun illər ərzində "xxxx" Açıq Səhmdar Cəmiyyətində çalışmışdır. Işlədiyi dövr ərzində sağlamlığına zərər dəymiş və ona həmin tarixdən etibarən aylıq ödənc, ##.##.2009-cu ildən etibarən isə "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi" Qaydalarının 5.1-ci bəndinə əsasən aylıq ödənc əvəzinə 276 manat məbləğində olmaqla aylıq müavinət təyin olunmuşdur. O, ##.##.2024-cü il tarixli *-**-*/*-İ-******/**** nömrəli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna dəvət olunmuş və cavabdeh tərəfindən ona bildirilmişdir ki, "xxxx" ASC-nin özəlləşdirilməsi ##.##.2014-cü ildən tam başa çatmışdır. Müəssisənin özəlləşdirilməsi 2014-cü ildə tam başa çatsa da, ##.##.2024-cü ilədək iddiaçıya aylıq müavinət verilməsi davam etdirilmişdir. Beləliklə, ona ##.##.2014-cü ildən ##.##.2024-cü ilədək verilən 13868,80 manat müavinətin artıq verilməsi əsas gətirilərək həmin dövrə aid ödənilmiş vəsaitin geri qaytarılması tələb edilir. Halbuki həmin ödənişlər inzibati orqan tərəfindən 10 il ərzində öz səlahiyyətlərinin düzgün icra olunmaması nəticəsində səhvən ödənilmişdir. Onun bundan xəbəri olmamış, heç bir halda qanunsuz hərəkət etməmiş və sözügedən vəsaiti almaq üçün yanlış məlumat təqdim etməmişdir. Həmin vəsaitlərə etibar edərək ailə büdcəsini planlaşdırmış və xərcləmişdir. Həmçinin, inzibati icraat aparılmasının nəticəsi barədə ona hər hansı bir qərar təqdim edilməmişdir. Cavabdeh iddianı qəbul etməmiş və yazılı etirazında bildirmişdir ki, daha əvvəl iddiaçı hesablanmamış pensiya kapitalının ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının üzərinə əlavə edilməsi ilə bağlı ##.##.2024-cü il tarixli ərizə ilə inzibati orqana müraciət etmiş, cavabdehin ##.##.2024-cü il tarixli *-**-*/*-İ-******/**** nömrəli məktubu ilə iddiaçıya ödənilən sosial ödəniş üzrə artıq vəsaitin ödənildiyi aşkar edilmişdir. Həmin məktuba əsasən "xxxx" ASCnin özəlləşdirilməsi ##.##.2014-cü ildən tam başa çatdığından sözügedən tarixdən ##.##.2024-cü ilədək iddiaçıya artıq müavinət ödənildiyi aşkar edilmişdir. Bununla da iddiaçı cavabdehin məktubu ilə razılaşmayaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Iddiaçının iddia tələbi tam əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, etirazın əsasları və tətbiq edilməli hüquq normaları: Azərbaycan Respublikası Prezidentinin ##.##.2008-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi" Qaydalarının 5.1-ci bəndinə əsasən, dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına verilən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003- cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Iddiaçıya ##.##.2009-cu ildən aylıq ödənc əvəzinə aylıq müaviət təyin olunmuş və 276 manat məbləğində olmaqla ödənişi davam etdirilmişdir. Xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2022-ci il tarixli *********** nömrəli məktubuna əsasən "xxxx" ASC-nin özəlləşdirilməsi ##.##.2014-cü ildən tam başa çatmışdır. Qeyd olunan səbəbdən müavinət ödənişi ##.##.2024-cü ildən dayandırılmışdır. Nəticədə sözügedən müavinət üzrə ##.##.2014-##.##.2024-cü ilədək olan dövr üzrə 14420,71 manat məbləğində artıq ödəmə müəyyən edilmişdir. Inzibati orqan tərəfindən "Inzibati icraatın başlanması barədə" ##.##.2024-cü il tarixli qərar qəbul edilərək inzibati icraat başlanılmış və iddiaçının mülahizəsi dinlənilərək akt tərtib edilmişdir. Nəticə olaraq vətəndaş inzibati icraatın gedişatından məlumatlı olmuş və həmin qərarla müavinət ödənişi dayandırılmışdır. Müavinət işinə daxil olan ##.##.2024-cü il tarixli mülahizənin məzmunundan görünür ki, iddiaçıya müavinət işində olan məlumatlarla bağlı ətraflı izahat verilmiş və iddiaçı əmək pensiyasından 10 % tutulmasına etiraz etmədiyini qeyd etmişdir. Cavabdeh hazırkı qərarı qəbul edərkən nəzərə almışdır ki, sosial müavinət ödənişi üzrə artıq ödənilmiş müavinət məbləğinin gen qaytarılması barədə inzibati akt qəbul etmək səlahiyyətinə malikdir. Iddiaçıya dair aşkar edilmiş artıq ödəmə ilə bağlı qərar qəbul etməkdə və həmin məbləğin geri tələb edilməsində inzibati orqan haqlı olmuşdur. Cavabdeh inzibati orqan yalnız müəssisənin özəlləşdirilməsi başa çatanadək olan dövr ərzində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə aylıq müavinətin ödənilməsi öhdəliyi daşıyır. Müəssisənin özəlləşdirilməsi başa çatdığı vaxtdan sonra ödənclərın verilməsi artıq müəssisə tərəfindən davam etdirilir. Bu cür öhdəlik təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisinə keçir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və "Inzibati icraat haqqında" Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Göründüyü kimi, maraqlı şəxs kimi iddiaçının etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir və bu hal iddiaçının səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. Inzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi, maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq geri qaytarılması barədə inzibati orqanın qərarını və hərəkətlərini qanunsuz hesab edir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, müavinət işinə daxil olan ##.##.2024-cü il tarixli mülahizənin məzmunundan göründüyü kimi, iddiaçıya müavinət işində olan məlumatlarla bağlı ətraflı izahat verilmiş və iddiaçı əmək pensiyasından 10 % tutulmasına etiraz etmədiyini qeyd etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının onun əmək pensiyasından tutmaların aparılması ilə bağlı razılıq ərizəsinə mövqe bildirilməmiş və araşdırılmamışdır. Oxşar işlə bağlı Ali Məhkəmənin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarında məhkəmə kollegiyası hesab etmişdir ki, "artıq ödənilmiş vəsaitin tutulmasına razılıq ərizəsi mövcud olduğu təqdirdə sonradan əmək pensiyasından tutulmaya razılıqdan imtina ərizəsinin verilməsi cavabdeh orqanın "Əmək pensiyasının yenidən hesablanması haqqında" ##.##.2023-cü il tarixli qərarının ləğv edilməsini tələb etmək, eləcə də tutulmuş vəsaitin geri qaytarılması üçün hüquqi əsas yaratmır. Belə ki, inzibati orqanın qərar çıxarılan zaman qanunazidd davranışı olmamışdır. Iddiaçının artıq ödənilmiş vəsaitin tutulmasına dair razılıq ərizəsi onun iradəsini əks etdirmiş, həmin ərizənin hədə, təsir və ya digər formada iradəyə təsir edəcək şəraitdə yazıldığı müəyyən olunmamış, iddiaçının özü tərəfindən də belə bir dəlil irəli sürülməmişdir". Cavabdeh iddiaçının ona artıq ödənilmiş müavinətdən əsassız olaraq faydalandığını hesab edir və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. TƏRƏFLƏRIN IZAHATLARI: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi. Iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək "cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçı İddiaçı pensiyasından ##.##.2014-##.##.2024-cu illər üzrə artıq ödənilmiş məbləğdən tutulmaların aparılması barədə hərəkətlərin qanunsuz hesab edilməsi və yaranan fərqin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi dəqiqləşdirilməsini xahiş etmişdir. Ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin olunmamasını və dəqiqləşdirilmiş iddianın təmin olunmasını xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikası Prezidentinin ##.##.2008-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi" Qaydaları: İ. Ümumi müddəalar. Bu Qaydalar "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"na və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na uyğun olaraq özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin (bundan sonra – dövlət müəssisələri) istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. V. Müavinətin verilməsi müddəti və qaydası. 5.1. Aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il #######ın #-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. 5.2. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. 5.3. Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya "DOST" mərkəzləri tərəfindən həyata keçirilir. 5.4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aylıq müavinətin ödənilməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə rüblük hesabat təqdim edir. 5.5. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə yazılı bildiriş göndərir. 5.6. Dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir. "Inzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur; 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır; 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir; 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur; 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 28.1. Inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət; 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır; 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır; 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır; 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır; 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur; 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır; 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər; 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir; 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda; 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Işdən göründüyü kimi, iddiaçı İddiaçı "Bakı Baştikinti" Idarəsi "xxxx" trestinin *** №-li Ixtisaslaşdırılmış mexanikləşdirmə idarəsində işlədiyi zaman ##.##.1992-ci ildə istehsalat xəsarəti almışdır. Iddiaçıya bununla bağlı aylıq ödənc ödənilməyə başlamış, bundan sonra həmin müəssisə özəlləşdirilməyə başladığına görə Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənc əvəzinə aylıq müavinət ödənilmişdir. Müəssisənin özəlləşdirilməsi ##.##.2014-cü ildə başa çatmış və həmin vaxt cavabdeh müavinət ödənişini dayandırmalı olsa da, dayandırmamış və bir müddət ödəməyə davam etmişdir. Cavabdeh ##.##.2024-cü ildə inzibati icraatın aparılmasına başlamış və iddiaçını dəvət edərək ##.##.2024-cü ildə onun yazılı mülahizəsini almışdır. Iddiaçı həmin mülahizədə əmək pensiyasından 10% tutulmasına etiraz etmədiyini bildirmişdir. Bundan sonra cavabdeh ##.##.2024-cü il tarixli qərarla müavinət işinin dayandırılmasını, ##.##.2014-##.##.2024-cü ilədək olan dövr üzrə artıq ödəmə müəyyən edilməsini, vətəndaşa rəsmi məlumat verilməsini qərara almış və ##.##.2024-cü ildən başlayaraq iddiaçının pensiya məbləğindən hər ay 10% (40,06 manat) məbləğində tutulma aparmağa başlamışdır. Iddiaçı birinci instansiya məhkəməsinə verdiyi iddianın dəyişdirilməsi barədə sonuncu ərizədə cavabdehin ##.##.2024-cü il tarixli *-IMTK-****/****** nömrəli "Sosial ödənişlərin inventarlaşdırılması haqqında" qərarının ləğv olunma öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmiş və birinci instansiya məhkəməsi tərəfindən bu tələb təmin edilərək cavabdehin həmin qərarı ləğv edilmişdir. Işə apellyasiya instansiyası məhkəməsində baxıldığı zaman iddiaçı yenə tələbini dəyişərək cavabdeh tərəfindən iddiaçının pensiyasından ##.##.2014-##.##.2024-cu illər üzrə artıq ödənilmiş məbləğdən tutulmaların aparılması barədə hərəkətlərin qanunsuz hesab edilməsini və yaranan fərqin hesablanaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin birinci instansiya məhkəməsində mübahisələndirilmiş ##.##.2024-cü il tarixli *-IMTK-****/****** nömrəli qərarında iddiaçıdan pul tutulması qərara alınmadığına görə həmin qərarın ləğv edilməsi barədə tələb iddiaçının hüquqi marağına uyğun deyil. Cavabdeh tərəfindən iddiaçıdan pul tutulması onun faktiki xarakterli hərəkətləri ilə baş vermişdir. Ona görə də iddiaçının hazırkı iddia tələbi onun hüquqi marağına uyğundur. Kollegiya hazırkı tələblə bağlı bildirir ki, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydası Azərbaycan Respublikası Prezidentinin ##.##.2008-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları" ilə tənzimlənir. Həmin Qaydalarda şəxsə artıq ödənilmiş müavinətin geri qaytarılmasının mümkünlüyü nəzərdə tutulmamışdır. Cavabdeh iddiaçının onun pensiyasından hər ay 10% (iddiaçının razılığı ilə) tutmaqla qaytarmasını "Əmək pensiyaları haqqında" Qanunun 39.2-ci maddəsi ilə əsaslandırır. Həmin maddədə deyilir ki, bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Lakin kollegiya qeyd edir ki, Qanunun 39-cu maddəsinin adından və 39.1-ci maddəsinin məzmunundan görünür ki, bu qayda yalnız artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin pensiyadan tutulması hallarına aiddir. Hazırkı işdə isə bu hal yoxdur. Iddiaçıdan tutulan məbləğ artıq ödənilmiş əmək pensiyası, yaxud əmək pensiyasına əlavə deyil, müavinətdir. Ona görə də cavabdeh həmin maddəyə əsaslanmaqda haqlı olmamışdır. Kollegiya hesab edir ki, belə olan halda, tətbiq edilməli hüquq norması "Inzibati icraat haqqında" Qanunun 67.5-ci maddəsidir. Həmin maddədə deyilir ki, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin normaya uyğun olaraq, iddiaçı ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, onun etimadın qanunla qorunması hüququ vardır. Hazırkı işdə sadalanan halların əksini təsdiq edən heç bir sübut yoxdur. Belə olan halda, iddiaçı etimadın qanunla qorunması hüququndan istifadə edə və artıq ödənilmiş pul vəsaitini cavabdehə qaytarmaya bilər ki, onun iddia tələbi məhz bundan ibarətdir. Kollegiya xüsusilə qeyd edir ki, cavabdeh etimad hüququna istinadı istisna edən "Inzibati icraat haqqında" Qanunun 67.6-cı maddəsinə istinad etməmiş, eləcə də məhkəmə araşdırmasının gedişində sözügedən maddədə təsbit olunmuş hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərar və qərardadlarda (*-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, *-*(***)-***/**** nömrəli, *-*(***)-***/**** nömrəli, *-*(***)-***/**** nömrəli, *-*(***)-***/**** nömrəli, *-*(***)-***/**** nömrəli, *-*(***)-***/**** nömrəli işlər üzrə qərarlar, *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli işlər üzrə qərardadlar) hüquqi mövqe məhz yuxarıda qeyd olunan məzmunda olmuşdur. Göründüyü kimi, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə tərəflər üçün əlçatan və bəlli olmuşdur. Cavabdeh apellyasiya şikayətində iddiaçının özünün pulun tutulmasına razılıq verməsinə və mövcud məhkəmə təcrübəsinə görə, bu razılığın geri götürülə bilməməsinə istinad etmişdir. Lakin kollegiya bununla bağlı təkrarən qeyd edir ki, şəxsin razılığı yalnız artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin pensiyadan tutulması hallarına aiddir, müavinətin tutulmasına isə aid deyil və apellyasiya şikayətində istinad olunan Ali Məhkəmənin qərarı da məhz artıq ödənilmiş pensiya məbləğinin qaytarılması məsələsini həll etmişdir. Belə olan halda, iddiaçının sözügedən ərizəsi də pulun tutulmasına əsas verə bilməzdi. Beləliklə, məhkəmə kollegiyası bu qərara gəldi ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və dəqiqləşdirilmiş iddia təmin edilməlidir. Apellyasiya şikayəti iddianın təmin olunmaması hissəsində təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul olunsun. Dəqiqləşdirilmiş iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçı İddiaçı pensiyasından ##.##.2014-##.##.2024-cu illər üzrə artıq ödənilmiş müavinət məbləğinin tutulmalarının aparılması barədə hərəkətləri qanunsuz hesab edilsin və yaranan fərqin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar