Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-2484/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı mülkiyyəti təsdiq edən müvafiq sənədin verilməsi və s. tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə qarşı (struktur dəyişikliyi ilə əlaqədar hal-hazırda “xxxx” publik hüquqi şəxsi) iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, “yol” üçün olan ərazidən 0,2 sot çıxılaraq, həyat yoldaşı üçün ayrılan müvafiq torpaq sahəsinə daxil edilməsi öhdəliklərinin cavabdehə həvalə edilməsi və s. barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərardadı ilə (hakim B.M.Cəlalov) iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərardadından iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən imzalanmış apellyasiya şikayəti verilmişdir. Iş materiallarından görünür ki, Bakı Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadından verilmiş apellyasiya şikayəti ## #### 2026-cı il tarixli qərardadla ilkin olaraq mümkün hesab edilmiş və işə baxılması ## ###### 2026-cı il tarixə təyin olunmuşdur. Bununla belə, apellyasiya şikayətinin ilkin mərhələdə mümkün hesab edilməsi onun mümkünlüyünə dair qanunla müəyyən edilmiş şərtlərin sonrakı məhkəmə icraatı zamanı yoxlanılmasını istisna etmir. Inzibati Prosessual Məcəllənin 87.2-ci maddəsi apellyasiya instansiyası məhkəməsinin üzərinə apellyasiyanın mümkünlüyü əsaslarını yoxlamaq vəzifəsi qoyur, həmin Məcəllənin 87.3-cü maddəsi isə apellyasiya mümkün sayılmadıqda şikayətin qəbulundan imtina edilməsini nəzərdə tutur. Eyni zamanda, mümkün sayılmama barədə qərardad qəbul edilməzdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Apellyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən imzalanması onun mümkünlüyü üçün əhəmiyyət daşıyan formal tələblərdən biridir. Belə ki, Inzibati Prosessual Məcəllənin 86.1.1-ci maddəsində şikayətin məhz səlahiyyətli şəxs tərəfindən imzalanması ayrıca tələb kimi müəyyən edilmiş, həmin Məcəllənin 86.2-ci maddəsi isə bu qəbildən olan formal xətaların aradan qaldırılmasında məhkəmənin şikayət verən şəxsə yardım etmək vəzifəsini təsbit etmişdir. Bu tələb yalnız şikayətin üzərində hər hansı imzanın mövcudluğunu deyil, həmin imzanı edən şəxsin konkret prosessual hərəkəti - məhkəmə aktından şikayət verməyi - təmsil olunanın adından həyata keçirmək üçün qanunla tələb olunan həcmdə səlahiyyətə malik olmasını ehtiva edir. Inzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və inzibati məhkəmə icraatının prosessual prinsiplərinə zidd olmadığı hallarda Mülki Prosessual Məcəllənin müddəaları inzibati məhkəmə icraatında tətbiq oluna bilər. Bundan əlavə, Inzibati Prosessual Məcəllənin 81.3-cü maddəsi apellyasiya icraatında Mülki Prosessual Məcəllənin apellyasiya instansiyasında icraatla bağlı müvafiq müddəalarının tətbiqini birbaşa nəzərdə tutur. Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsinə görə isə, digər xüsusi səlahiyyətlərlə yanaşı, iddia ərizəsinin imzalanması və məhkəmə aktından şikayət verilməsi səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Mülki Prosessual Məcəllənin 361.2-ci maddəsi də nümayəndə tərəfindən imzalanmış apellyasiya şikayəti ilə bağlı nümayəndənin səlahiyyətini təsdiq edən sənədin mövcudluğunu tələb edir, 363.1.1-ci maddə isə şikayətin onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmasını ayrıca prosessual qüsur kimi müəyyən edir. Bu baxımdan Inzibati Prosessual Məcəllənin 31.2-ci maddəsində prosessual nümayəndənin təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilməsinin nəzərdə tutulması fərqli nəticəyə gəlməyə əsas vermir. Həmin norma nümayəndəliyin ümumi funksional çərçivəsini müəyyən edir və nümayəndənin səlahiyyətinin hüdudlarına dair xüsusi tələbləri aradan qaldırmır. Başqa sözlə, “bütün prosessual hərəkətlər” ifadəsi nümayəndənin qanunla müəyyən edilmiş qaydada ona verilmiş və lazımi şəkildə təsdiqlənmiş səlahiyyətləri daxilində həyata keçirə biləcəyi hərəkətlər kimi başa düşülməlidir. Əks yanaşma təmsil olunan şəxsin iradəsinə bilavasitə təsir edən iddiadan imtina, barışıq sazişinin bağlanması və ya məhkəmə aktından şikayət verilməsi kimi dispozitiv xarakterli prosessual hərəkətlərin onun xüsusi iradəsi olmadan nümayəndə tərəfindən həyata keçirilməsinə imkan verərdi ki, bu da Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsinin mahiyyətini və məqsədini aradan qaldırmış olardı. Hazırkı işdə apellyasiya şikayəti iddiaçının oğlu Nümayəndə tərəfindən onun nümayəndəsi qismində imzalanmışdır. Iş materiallarında olan etibarnamənin məzmunundan isə məhkəmə aktından şikayət verilməsi səlahiyyətinin ona xüsusi olaraq verildiyi müəyyən edilmir. Bu hal yalnız sənədlər əsasında deyil, şifahi məhkəmə baxışı zamanı da ayrıca yoxlanılmışdır. Belə ki, ## ###### 2026-cı il tarixli məhkəmə iclasında etibarnamə tədqiq edilərkən onun Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsinin tələblərinə cavab vermədiyi, buna baxmayaraq həm iddia ərizəsinin, həm də apellyasiya şikayətinin Nümayəndə tərəfindən imzalandığı müəyyən edilmişdir. Nümayəndə özü də etibarnamədə belə nöqsanın olmasından məlumatlı olmadığını bildirərək, lazımi formada etibarnamə təqdim etmək üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Kollegiya onun bu xahişini təmin etmiş, nöqsanın aradan qaldırılması üçün real imkan yaratmaq məqsədilə məhkəmə iclasını ## ###### 2026-cı il tarixə təxirə salmışdır. Beləliklə, apellyasiya şikayətinin mümkünlüyünə mane olan formal qüsur aşkar edilən kimi şikayətin qəbulundan dərhal imtina edilməmiş, nümayəndəyə qüsurun mahiyyəti aydın şəkildə izah olunmuş və onun aradan qaldırılması üçün müddət verilmişdir. Bununla məhkəmə həm Inzibati Prosessual Məcəllənin 86.2-ci maddəsindən irəli gələn hüquqi yardım vəzifəsinə, həm də həmin Məcəllənin 87.4-cü maddəsində nəzərdə tutulmuş dinlənilmə hüququnun təmin edilməsi tələbinə əməl etmişdir. Başqa sözlə, formal tələb şəxsin məhkəməyə çıxış imkanını əsassız məhdudlaşdıran məqsəd kimi deyil, əksinə, prosessual nöqsanın aradan qaldırılmasına faktiki imkan verildikdən sonra tətbiq edilmişdir. Lakin ## ###### 2026-cı il tarixli növbəti məhkəmə iclasında da Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsinin tələblərinə cavab verən etibarnamə təqdim edilməmişdir. Nümayəndə iddiaçının Tərtər rayonunda olduğunu, xüsusi səlahiyyətləri nəzərdə tutan etibarnaməni yalnız sonradan təqdim edə biləcəyini bildirmişdir. Eyni məhkəmə iclasında iş materiallarına iddiaçının adından təqdim edilmiş və məhkəmə iclasının təxirə salınmasını nəzərdə tutan teleqramın kim tərəfindən göndərildiyi də aydınlaşdırılmış və Nümayəndə həmin teleqramı özünün göndərdiyini etiraf etmişdir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, ## #### 2026-cı il tarixli qərardadla apellyasiya şikayətinin ilkin olaraq mümkün hesab edilməsi yuxarıda müəyyən edilmiş nöqsana başqa hüquqi mahiyyət vermir. Apellyasiya şikayətinin mümkünlüyünün ilkin yoxlanılması zamanı nümayəndənin səlahiyyətinin həcmindəki qüsurun aşkar edilməməsi həmin qüsuru aradan qaldırmır, eləcə də məhkəmə qərardadı özlüyündə nümayəndəyə təmsil olunan tərəfindən verilməmiş xüsusi səlahiyyəti yarada bilməz. Məhkəmə aktından şikayət vermək səlahiyyəti yalnız təmsil olunan şəxsin iradəsindən qaynaqlana bilər və məhkəmənin ilkin prosessual qiymətləndirməsi həmin iradəni əvəz edə bilməz. Inzibati Prosessual Məcəllənin 87.2-ci maddəsi apellyasiya instansiyası məhkəməsinə apellyasiyanın mümkünlüyü əsaslarını yoxlamaq vəzifəsi verdiyindən, məhkəmə icraatının sonrakı mərhələsində mümkünlüyün məcburi şərtlərindən birinin mövcud olmadığı müəyyən edildikdə, məhkəmə bu halı nəzərə almadan işə mahiyyəti üzrə baxmağa davam edə bilməz. Nəticə etibarilə, apellyasiya şikayəti verildiyi və imzalandığı zaman Nümayəndə iddiaçı İddiaçı adından məhkəmə aktından şikayət vermək üçün qanunla tələb olunan xüsusi səlahiyyəti olmamış, həmin nöqsan məhkəmə tərəfindən aşkar edilərək ona aydın şəkildə izah edilmiş və aradan qaldırılması üçün imkan yaradılmasına baxmayaraq, ## ###### 2026-cı il tarixli məhkəmə iclasınadək aradan qaldırılmamışdır. Iddiaçının apellyasiya şikayətini şəxsən imzalaması, onu özünün məhkəməyə təqdim etməsi, yaxud nümayəndəsinə bu hərəkətin həyata keçirilməsi üçün xüsusi səlahiyyət verdiyini təsdiq edən müvafiq sənəd təqdim etməsi də müəyyən edilməmişdir. Bu səbəbdən Nümayəndə tərəfindən imzalanmış apellyasiya şikayəti iddiaçının adından səlahiyyətli şəxs tərəfindən verilmiş şikayət kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası həmçinin xüsusi olaraq vurğulamağı zəruri hesab edir ki, iş materiallarında olan iddia ərizəsi də eyni şəxs tərəfindən eyni etibarnamə əsasında imzalanmış, lakin hal-hazırda məhz apellyasiya şikayətinin mümkünlüyü araşdırma predmeti olduğundan, həmin məsələyə hər hansı münasibət bildirilməsi prosessual imkanlar çərçivəsindən kənarda qalır. Odur ki, Inzibati Prosessual Məcəllənin 1.2, 81.3, 86.1.1, 86.2, 87.2-87.4-cü maddələrinin, Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsinin və qeyd olunan normalara dair formalaşmış hüquqi mövqelərin məcmusundan çıxış etməklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması ilə bağlı mümkünlük şərti təmin edilmədiyindən və həmin nöqsan verilmiş imkana baxmayaraq aradan qaldırılmadığından, apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Qeyd olunanlara əsasən və yuxarıda sadalanan normaları rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(3-6)-2484/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-2484/2026
26.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver