Məhkəmə qərarları › İş №2-1(3-6)-265/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-265/2026

19.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-265/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və X2 ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə iddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı MMC ##.##.2008-ci ildə ********** VÖEN-lə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş Idarəsinin "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" ##.##.2024-cü il tarixli **************** nömrəli qərarına əsasən, İddiaçı MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Iddiaçı tərəfindən təqdim edilən 2023-cü il üzrə mənfəət vergisinin bəyannaməsində malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 120689,05 manat, malların təqdim edilməsi, iş görülməsi və xidmət göstərilməsi üzrə xərclər 100574,21 manat, ödənilməli mənfəət vergisinin məbləği 4022,97 manat göstərilmişdir. Cavabdehin ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ilə iddiaçıya 2023-cü il üzrə 12024,95 manat əlavə mənfəət vergisi hesablanmışdır. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-yə "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" cavabdehin ##.##.2024-cü il tarixli *-**-*-*/*- ******/**** nömrəli qərarına əsasən, 2023-cü ilin mənfəət vergisi üzrə 12024,95 manat əlavə vergi məbləği hesablanmışdır. Iddiaçı xərclərə dair təsdiqedici sənədi olmadığından 2023-cü il üzrə mənfəət vergisini məcbur qalaraq Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş şərti rentabellik normasına əsasən hesablamışdır. Lakin vergi orqanı həmin dövr üzrə kameral vergi yoxlaması həyata keçirmiş və iddiaçının 2023-cü il üzrə gəlirlərini 120689,05 manat, xərclərini nəzərə almamış, vergiyə cəlb olunan gəliri 80239,59 manat, mənfəət vergisini isə 16047,92 manat müəyyən etmişdir. Başqa sözlə, vergi orqanı iddiaçının xidmətlərin göstərilməsinə dair xərci olduğunu nəzərə almadan, ümumi gəlirinə birbaşa 20 faiz dərəcə ilə mənfəət vergisi hesablamışdır. Halbuki iddiaçının xərclərə dair sənədi olmadığından 2023-cü il üzrə mənfəət vergisi Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması" Qaydalarına əsasən hesablanmalı idi. Belə ki, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları"nın 1-ci bəndinə əsasən, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1 = G1 : ( 100 + R) x R burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır. Qaydaların 6.1.3-cü maddəsinə əsasən, vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Sadalanan normalardan aydın olur ki, vergi ödəyicisinin gəlir və ya xərclərindən hər hansı birini müəyyən etmək mümkün olmadıqda, vergi orqanı ödənilməli olan gəlir vergisini Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları"nın 6.1-ci bəndində müəyyən edilmiş düstur əsasında hesablayır. Həmçinin, "Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 16.2ci maddəsinə əsasən, hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Göründüyü kimi, "Inzibati icraat haqqında" Qanunun məqsədləri baxımından hüququn tətbiqindən imtina qadağandır və vergi ödəyicisinin mənafeyini təmin edən normanın tətbiqindən imtina oluna bilməz. Odur ki, vergi orqanı vergi ödəyicisinin xərclərini müəyyən etmək üçün mümkün vergi nəzarəti vasitəsindən istifadə etmirsə, iddiaçının xərclərini müəyyən etmək mümkün olmadığı üçün vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəlirin (ƏDV nəzərə alınmadan) müəyyən olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarxili ** nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinin əldə ediyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları"na istinad etmək hüququndan imtina oluna bilməz. Həmin Qaydaların 6.1.1-ci bəndinə əsasən, aşağıdakı qaydada hesablanmalıdır: M1 = G1 : ( 100 + R) x R burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir R — şərti rentabellik norması (20 faiz) 2023-cü il: Vergiyə cəlb edilən gəlir = 120689,05:(100 + 20) x 20 = 20.114,84 manat mənfəət vergisi: 20.114,84 * 20% = 4.022,97. Göründüyü kimi, vergi ödəyicisinin xərclərə dair təsdiqedici sənədi olmadığına görə, onun ödəməli olduğu mənfəət vergisi AR Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş şərti rentabellik normasını tətbiq edərək hesablanmalı idi. Belə ki, iddiaçının xərclərə dair təsdiqedici sənədinin olmaması onun göstərdiyi xidmətlərə hər hansı xərc çəkmədiyini göstərmir. Lakin vergi orqanı iddiaçının xidmətlərin göstərilməsindən əldə edilən gəlirinin olduğunu qəbul etsə də, hər hansı əsas olmadan həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri tanımaqdan imtina edir. Beləliklə, iddiaçının ödəməli olduğu mənfəət vergisi 2023-cü il üzrə 4022,97 manat ola biləcəyi halda, vergi orqanı tərəfindən iddiaçıya əsassız olaraq ümumilikdə 12024,95 manat əlavə vergi məbləği hesablanmışdır. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdehin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarı ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən, İddiaçı MMC-nin ##.##.2008-ci ildə vergi ödəyicisi kimi uçotda olduğu, ünvan 1 ünvanında ofisanbar adlı təsərrüfat subyektinin (obyektinin) qeydiyyatda olduğu və əsas fəaliyyətinin digər avadanlıqların təmirindən ibarət olduğu müəyyən edilmişdir. Vergi orqanı tərəfindən aparılmış araşdırma nəticəsində vergi ödəyicisinin 137786,18 manat məbləğində elektron qaiməfakturalarla alış sənədi olmayan mallar təqdim etdiyi, 9830,41 manat məbləğində isə elektron qaimə-fakturalarla mallar (işlər, xidmətlər) əldə etdiyi müəyyən edilmişdir. Eyni zamanda, 2023cü il üzrə kassa metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 120689,05 manat dövriyyə göstərilmişdir. İddiaçı MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən ##.##.2024-cü il tarixli **************** nömrəli qərarla riskli vergi ödəyicisi hesab edilmişdir. Bu səbəbdən Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə uyğun olaraq, güzəşt hüququndan istifadə edilməsi kənarlaşmanın yaranmasına gətirib çıxarmışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə ##.##.2024-cü il tarixli məktubla kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi, habelə bəyannamənin dəqiqləşdirilməsi tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən nə dəqiqləşdirilmiş bəyannamə, nə də kənarlaşmanı təsdiq edən sübutlar təqdim edilmişdir. Vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısında olması nəzərə alınaraq mikro sahibkarlar üçün nəzərdə tutulmuş 75 faiz güzəşt tətbiq edilmədən hesablamalar aparılmışdır. Nəticədə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, kameral vergi yoxlaması ilə 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsi üzrə 12024,95 manat məbləğində əlavə vergi hesablanmışdır. Kameral vergi yoxlamasının nəticəsi olaraq qəbul edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. İddiaçı MMC-nin riskli vergi ödəyicisi hesab edilməsinin əsasları: Aparılmış təhlillər zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ##.##.2023–##.##.2023-cü illər ərzində ümumilikdə təxminən 120000 manat məbləğində elektron qaimə-fakturalar əsasında müxtəlif vergi ödəyicilərinə mallar və xidmətlər təqdim etmişdir. Həmin təqdimatlar, əsasən, su təmizləmə və filtrasiya sistemləri, hemodializ avadanlıqları və materialları, sənaye avadanlıqları üçün ehtiyat hissələri, kimyəvi maddələr, habelə servis və mühəndis dəstəyi xidmətləri ilə bağlı olmuşdur. Bu mallar və xidmətlər, o cümlədən "xxxx" MMC, "xxxx" MMC, "M&T" LTD, "xxxx" QSC, "xxxx" MMC və digər vergi ödəyicilərinə təqdim edilmişdir. Uçot-baza məlumatlarının və qarşılıqlı əməliyyatların araşdırılması nəticəsində təqdim edilmiş malların İddiaçı MMC-nin alışında, idxalında və ya istehsalında olmadığı müəyyən edilmişdir. Eyni zamanda, cəmiyyətin bu həcmdə və çeşiddə əməliyyatları həyata keçirməyə imkan verən mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitələri qeydə alınmamışdır. Malların daşınmasının üçüncü şəxslər vasitəsilə həyata keçirildiyini təsdiq edən subpodrat (daşıma) müqavilələri bağlanmamış, daşımaya dair yol-nəqliyyat qaimələri (yol vərəqələri) və digər nəqliyyat sənədləri təqdim edilməmişdir. Bundan əlavə, nəqliyyat xərcləri vergi bəyannaməsində əks etdirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları"na əsasən (##.##.2024-cü ilədək qüvvədə olan redaksiya), müəyyən olunmuş meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilir. Həmin meyarlara, o cümlədən əmtəəsiz və riskli əməliyyatların aparılması, alış və idxalla uyğun olmayan satışların həyata keçirilməsi, habelə faktiki təsərrüfat imkanları ilə uzlaşmayan əməliyyatlar daxildir. Qeyd olunan hallar Nazirlər Kabinetinin *** nömrəli qərarında nəzərdə tutulmuş riskli əməliyyat meyarları ilə, xüsusilə alış və idxalla uyğun olmayan satışların həyata keçirilməsi, faktiki iqtisadi məzmun daşımayan (əmtəəsiz) əməliyyatların aparılması və real təsərrüfat imkanlarının olmadığını göstərir. Bu səbəbdən əməliyyatların araşdırılması məqsədilə vergi ödəyicisinə "Riskli əməliyyatların araşdırılması barədə" bildiriş göndərilmiş, əməliyyatlara dair izahatların və təsdiqedici sənədlərin 5 iş günü müddətində təqdim edilməsi tələb olunmuşdur. Lakin müəyyən edilmiş müddət ərzində vergi orqanına hər hansı müraciət edilməmiş, tələb olunan sənədlər və məlumatlar təqdim olunmamışdır. Nəticə etibarilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli *** nömrəli qərarına uyğun olaraq İddiaçı MMC barəsində ##.##.2024-cü il tarixli **************** nömrəli "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" qərar qəbul edilmiş və cəmiyyət riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) düzgün müəyyən edilməsi üçün gəlir və xərclərin sənədləşdirilmiş məlumatlar əsasında vaxtında və dəqiq uçotunu aparmağa, habelə tətbiq etdiyi uçot metoduna uyğun olaraq gəlir və xərcləri aid olduqları hesabat dövrlərinə düzgün şəkildə aid etməyə borcludur. Bu öhdəliklər Vergi Məcəlləsinin 130.2-ci maddəsi ilə də təsbit edilmişdir və vergi ödəyicisindən bütün təsərrüfat əməliyyatlarının başlanğıcını, gedişini və tamamlanmasını müəyyən etməyə imkan verən uçotun aparılmasını tələb edir. Göründüyü kimi, gəlirdən çıxılan xərclərin qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməsi, gəlir və xərclərin, habelə vergi obyektlərinin uçotunun aparılması ilk növbədə vergi ödəyicisinin vəzifəsidir. Vergi ödəyicisinin bu vəzifələri yerinə yetirməməsi onun məsuliyyətini aradan qaldırmır. Bununla yanaşı, Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, sənədlərin təqdim edilmədiyi, mühasibat uçotunun aparılmadığı və ya vergitutma obyektinin müəyyən edilməsinin mümkün olmadığı hallarda ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vergi orqanına məxsusdur. Həmin maddədə bu məqsədlə istifadə oluna bilən məlumat mənbələrinin geniş siyahısı müəyyən edilmişdir. Qanunvericiliyin bu norması vergi orqanına müvafiq hallarda vergitutma obyektini alternativ üsullarla müəyyən etmək səlahiyyəti verir. Eyni zamanda, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən, 67.1ci maddədə nəzərdə tutulan hallarda vergi ödəyicisinin gəlirləri və ya xərcləri müəyyən edilə bildiyi halda mənfəət (gəlir) vergisi Məcəllənin 83.9-cu maddəsinə uyğun olaraq hesablanır. 83.9-cu maddəyə görə isə, vergi ödəyicisinin mənfəətini (gəlirini) birbaşa müəyyən etmək mümkün olmadıqda, həmin mənfəət müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara əsasən, o cümlədən şərti rentabellik norması tətbiq edilməklə hesablanır. Bu üsulların tətbiqi yalnız vergi orqanının səlahiyyətinə aiddir. ##.##.2021-ci il tarixli ***-VIQD nömrəli Qanunla Vergi Məcəlləsinə əlavə edilmiş 67.17-ci maddəyə əsasən, 67-ci maddədə nəzərdə tutulan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı normalar ardıcıllıq gözlənilmədən tətbiq edilə bilər. Bu dəyişikliklər ##.##.2022-ci ildən qüvvədə olduğu halda, mübahisələndirilən "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar ##.##.2024-cü ildə qəbul edilmişdir. Bu isə vergi orqanının müvafiq normaları tətbiq etmək səlahiyyətinin mövcudluğunu bir daha təsdiq edir. Bununla yanaşı, riskli vergi ödəyicisi hesab edilməsi barədə ##.##.2024-cü il tarixli qərar iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Vergi ödəyicisinin mikro sahibkarlıq subyekti kimi 75 faiz mənfəət vergisi güzəştindən məhrum edilməsi məhz onun riskli vergi ödəyicisi statusu ilə bağlıdır və bu, birbaşa qanunvericilikdən irəli gələn hüquqi nəticədir. Məhkəmə isə işi hərtərəfli və obyektiv araşdırmadan, vergi ödəyicisinin riskli statusunu və bunun hüquqi nəticələrini nəzərə almadan, mübahisəyə düzgün tətbiq edilməli olan maddi hüquq normalarını əsaslandırmamışdır. Nəticə etibarilə, vergi ödəyicisinin vergi qanunvericiliyinin tələblərini pozması, o cümlədən uçot və sənədləşmə vəzifələrini yerinə yetirməməsi faktı sübuta yetirildiyi halda, məhkəmənin gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Əlavə olaraq bildirilir ki, riskli vergi ödəyicisi hesab olunma ilə bağlı vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş ("xxxx" MMC-nin cavabdeh Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı iddiası üzrə Ali Məhkəmənin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarı) vergi orqanının xeyrinə yekunlaşmışdır. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Qanunvericiliyin qeyd olunan normasına əsasən, "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli qərar Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Beləliklə, İddiaçı MMC tərəfindən təqdim olunmuş elektron qaimə-fakturalar üzrə əmtəəsiz əməliyyatlar aparılmış, alışında, idxalında və istehsalında olmayan malları digər vergi ödəyicilərinə təqdim edilmişdir. Iddiaçı araşdırmada iştirak etməkdən və vergi orqanı tərəfindən tələb olunan sənədləri təqdim etməkdən imtina etmişdir. Iddiaçının nəqliyyat vasitələri mövcud deyildir. Daşıma üçün subpodrat müqavilələri bağlanmamış və daşımaya dair yol-nəqliyyat sənədləri təqdim edilməmiş, müvafiq dövr üzrə bəyannaməsində daşıma xərcləri bəyan etməmişdir. İddiaçı MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli *** nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmiş və bu qərarı mübahisələndirməmişdir. Riskli vergi ödəyicisi statusuna görə, Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən, mikro sahibkarlar üçün nəzərdə tutulmuş 75% güzəşt tətbiq edilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, təqdim etdiyi sübutları və işin əhəmiyyətli faktlarını düzgün araşdırmamış, iş üzrə düzgün maddi hüquq normasını tətbiq etməmiş, bununla da IPM-nin 12.1-ci maddəsinin tələbi pozulmuşdur. TƏRƏFLƏRIN IZAHATLARI: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının nümayəndəsi vəkil Vəkil məhkəməyə ərizə göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak etməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin rədd edilərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli Ali Məhkəmə qərarı (iddiaçı X3) hazırkı iş üzrə olan işin yekun mövqə bildirilməsinə təsir edən faktiki halları tamamilə fərqlidir. Bununla belə, qeyd olunan iş üzrə məhkəmə kollegiyası vergi orqanının iddiaçının birbaşa gəlirlərinə (xərclər çıxılmadan) 20 faiz dərəcəsi ilə vergi hesablanılması metodunu istisna etmişdir (həmin qərarın 35-36-37-ci bəndləri). Bundan əlavə, X4 iddiasına dair analoji xarakter daşıyan iş üzrə Ali Məhkəmənin ##.##.2026-cı il tarixli qərarına əsasən, vergi orqanının mübahisələndirilən dövr üzrə qüvvədə olan qanunvericiliyə əsasən birbaşa ümumi gəlirə 20% mənfəət vergisi dərəcəsi tətbiq etməklə vergi hesablanması kimi istifadə etdiyi metod əsassızdır (bax həmin qərarın 25-26-27-ci bəndləri). Qeyd olunan məhkəmə təcrübəsinə və işin faktiki hallarına əsasən apellyasiya şikayəti rədd olunmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul olunmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.82. Riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Maddə 16.1 və 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 67.1 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 67.2 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 67.3 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Maddə 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Maddə 67.14 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 83.9 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Maddə 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. Maddə 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.30 (##.##.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). Bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri"nin ##.##.2024-cü ilə qədər olan redaksiyası: 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; ... 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları" (##.##.2024-cü ilədək qüvvədə olan): 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən edir. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. "Inzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. Inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Işdən göründüyü kimi, iddiaçı 9830,41 manat məbləğində mallar (işlər, xidmətlər) əldə etdiyi halda, 137786,18 manat məbləğində mallar təqdim etmiş, eyni zamanda, 2023-cü il üzrə kassa metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 120689,05 manat dövriyyə göstərmiş, ona görə də ##.##.2024-cü il tarixli qərarla iddiaçı riskli vergi ödəyicisi hesab edilmişdir. Cavabdeh iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi səbəbindən mikro sahibkarlar üçün nəzərdə tutulmuş 75 faiz güzəştdən istifadə etməsini kənarlaşma kimi qiymətləndirmiş və kameral vergi yoxlaması apararaq ##.##.2024-cü il tarixli qərarla iddiaçıya 2023-cü il üzrə 12024,95 manat mənfəət vergisi hesablamışdır. Həmin məbləğ iddiaçının müəyyən edilmiş bütün gəlirinə 20 faiz tətbiq edilməklə hesablanmışdır. Iddiaçı özünün riskli vergi ödəyicisi hesab edilməsini və mikro sahibkarlar üçün nəzərdə tutulmuş 75 faiz güzəştdən məhrum edilməsini mübahisələndirmir. O, cavabdehin ##.##.2024-cü il tarixli qərarının ləğvi barədə tələbini mənfəət vergisinin səhv, o cümlədən onun xərcləri nəzərə alınmadan hesablanması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi cavabdehin qərarının ləğv edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, yalnız Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərinin və xərclərinin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Həmin normanın mahiyyətinə görə, gəlirlərinin və xərclərinin uçotunu Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada aparmadığı müəyyən edilən mikro sahibkarlıq subyektinə həmin güzəşt şamil oluna bilməz. Iddiaçı cavabdehin qərarını Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mübahisələndirmədiyini, 75 faiz güzəştlə bağlı hər hansı mübahisə olmadığını bildirsə də, iş materiallarından görünür ki, vergi ödəyicisi riskli vergi ödəyiciləri siyahısında olduğundan vergi orqanı tərəfindən mikro sahibkarlar üçün nəzərdə tutulmuş 75 faiz güzəşt tətbiq edilmədən hesablamanın aparılması təmin edilmişdir. Lakin məhkəmə hesab etmişdir ki, 75 faiz güzəşti iddiaçıya münasibətdə tətbiq etmək üçün əsaslar olmasa da, xərc sənədləri olmadığı halda, cavabdeh vergi orqanı bütün gəlirə 20 faiz tətbiq etməklə gəlir vergisi hesablamaqda haqlı olmamışdır. Bu zaman Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq vergi hesablanmalı idi. Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi və hüquqi mövqeyi ondan ibarətdir ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər tam və ya qismən mövcud olmadıqda və ya təqdim edilmədikdə, vergi orqanı vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə, bu da, mövcud olmadıqda son zərurət kimi şərti rentabellik normasını tətbiq etməklə ödənilməli vergi məbləğini hesablaya bilər. Hazırkı işdə isə cavabdeh vergi məbləğini həm də malın dəyərini, yəni gəlirin əldə edilməsi ilə bağlı xərcləri nəzərə almadan birbaşa gəlir əsasında hesablamışdır. Istinad olunan norma baxımından belə hesablama qaydasının tətbiqi yolverilməz sayılmalıdır. Nəzərə almaq lazımdır ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə və ya şərti rentabellik normasını tətbiq etməklə hesablamaq öhdəliyi Vergi Məcəlləsinin 24.1.1-ci maddəsi ilə müəyyən olunan vergilərin düzgün hesablanması vəzifəsindən irəli gəlir. Başqa sözlə, vergi ödəyicisinin gəlir və ya xərclərini təsdiq edən sənədlər mövcud olmadıqda belə, vergi orqanı qanunvericiliyin müəyyən etdiyi imkanlar əsasında rəsmiləşdirilməyən gəlir və ya xərci müəyyən etməyə borcludur. Yəni vergi ödəyicisinin uçot vəzifələrini yerinə yetirməməsi cavabdeh tərəfindən qanunvericiliyin müvafiq normalarının tətbiqindən imtina üçün əsas ola bilməz. Hazırkı iş üzrə Vergi Məcəlləsinin 67-ci maddəsini tətbiq etməli olan cavabdeh bundan imtina etmişdir. Həmin normada təsbit olunmuş əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə iddiaçının ödəməli olduğu mənfəət (gəlir) vergisinin müəyyən olunması inzibati orqanın vəzifəsidir. Vergi Məcəlləsinin 67-ci maddəsinin mahiyyətinə görə, vergi orqanı ödənilməli olan verginin məbləğini hesablayarkən hər bir halda əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməli və ya şərti rentabellik normasını tətbiq etməlidir. Cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunan imkanlardan istifadə edərək, iddiaçı üçün əlverişli halları nəzərə almamış və verginin düzgün hesablanmasını təmin etməmişdir. Odur ki, cavabdeh tərəfindən aparılmış hesablama əsassız sayılmalıdır. Cavabdeh mübahisələndirilən aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Bu səbəbdən iddia təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə və bu nəticənin əsaslandırması ilə razılaşaraq qeyd edir ki, cavabdehin mübahisələndirilən qərarı qanunsuzdur. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, sənədlərin təqdim edilmədiyi, mühasibat uçotunun aparılmadığı və ya vergitutma obyektinin müəyyən edilməsinin mümkün olmadığı hallarda ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vergi orqanına məxsusdur. Həmin maddədə bu məqsədlə istifadə oluna bilən məlumat mənbələrinin geniş siyahısı müəyyən edilmişdir. Qanunvericiliyin bu norması vergi orqanına müvafiq hallarda vergitutma obyektini alternativ üsullarla müəyyən etmək səlahiyyəti verir. Eyni zamanda, Vergi Məcəlləsinin 67.14cü maddəsinə əsasən, 67.1-ci maddədə nəzərdə tutulan hallarda vergi ödəyicisinin gəlirləri və ya xərcləri müəyyən edilə bildiyi halda mənfəət (gəlir) vergisi Məcəllənin 83.9-cu maddəsinə uyğun olaraq hesablanır. 83.9-cu maddəyə görə isə, vergi ödəyicisinin mənfəətini (gəlirini) birbaşa müəyyən etmək mümkün olmadıqda, həmin mənfəət müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara əsasən, o cümlədən şərti rentabellik norması tətbiq edilməklə hesablanır. Bu üsulların tətbiqi yalnız vergi orqanının səlahiyyətinə aiddir. ##.##.2021-ci il tarixli ***-VIQD nömrəli Qanunla Vergi Məcəlləsinə əlavə edilmiş 67.17-ci maddəyə əsasən, 67-ci maddədə nəzərdə tutulan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı normalar ardıcıllıq gözlənilmədən tətbiq edilə bilər. Bu dəyişikliklər ##.##.2022-ci ildən qüvvədə olduğu halda, mübahisələndirilən "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar ##.##.2024-cü ildə qəbul edilmişdir. Bu isə vergi orqanının müvafiq normaları tətbiq etmək səlahiyyətinin mövcudluğunu bir daha təsdiq edir. Məhkəmə kollegiyası bununla razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Vergi Məcəlləsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanının, ödənilməli verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm də bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Gəlirin (mənfəətin) əldə edilməsi ilə bağlı xərclərin sənədlərlə təsdiqini tapmadığına istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin birbaşa tətbiqi əsassız sayılmalıdır. Həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı inzibati orqan tərəfindən mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin Vergi Məcəlləsinin 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli vergi məbləğinin hesablanması qaydasının tətbiqini istisna edən və şərti rentabellik institutunun birbaşa tətbiqini zəruri edən əsaslar cavabdeh tərəfindən açıqlanmamışdır. Məhkəmə kollegiyasının bu hüquqi mövqeyi şərti rentabellik normasının tətbiqi qaydasında vergilərin hesablanmasını nəzərdə tutan Vergi Məcəlləsinin 67.14-cü maddəsinin ##.##.2024-cü ildən ləğv edilməsi ilə də təsdiq olunur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, *-*(***)-***/**** nömrəli, *-*(***)-***/**** nömrəli qərarları). Apellyasiya şikayətinin digər dəlili bundan ibarətdir ki, iddiaçı riskli vergi ödəyicisi hesab edilməsi barədə ##.##.2024-cü il tarixli qərarı mübahisələndirməmişdir. Iddiaçının mikro sahibkarlıq subyekti kimi 75 faiz mənfəət vergisi güzəştindən məhrum edilməsi məhz onun riskli vergi ödəyicisi statusu ilə bağlıdır və bu, birbaşa qanunvericilikdən irəli gələn hüquqi nəticədir. Kollegiya şikayətin bu dəlilini də əsassız hesab edir, çünki yuxarıda qeyd olunduğu kimi, iddiaçı özünün riskli vergi ödəyicisi hesab edilməsini və 75 faizlik güzəştdən məhrum edilməsini mübahisələndirmir. Iddiaçının tələbinin əsası mənfəət vergisinin onun xərcləri nəzərə alınmadan və şərti rentabellik normasının birbaşa tətbiqi yolu ilə hesablanmasından ibarətdir. Iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə cavabdehin qərarının hal-hazırda da qüvvədə olması cavabdehə vergiləri hesablayarkən Vergi Məcəlləsinin 67-ci maddəsində sadalanan üsulların tətbiqindən heç bir əsaslandırma olmadan imtina etmək və birbaşa şərti rentabellik normasını tətbiq etmək səlahiyyəti vermir. Vergi orqanı bütün hallarda Vergi Məcəlləsinin 36.2-ci maddəsində nəzərdə tutulmuş qaydada davranmalıdır. Həmin maddədə deyilir ki, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəldi ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, ona görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş Idarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar