Məhkəmə qərarları › İş №2-1(3-6)-281/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-281/2026

12.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(3-6)-281/2026 12.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12208/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Türkiyə Respublikası X8 Universiteti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 52.xx.xx.00098 nömrəli diploma əsasən İddiaçı X5, Beynəlxalq Ticarət və Maliyyə Bölməsinin “Beynəlxalq ticarət və maliyyə” ixtisası üzrə magistr təhsil proqramını distant təhsilalma istiqaməti üzrə bitirmişdir. Təhsilalma forması – distant təhsil müddəti 1 il.

2. İddiaçı həmin diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsi üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edib və cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “...ərizəçinin xarici dövlətin ali təhsil müəssiəsində magistratura səviyyəsi üzrə distant (məsafədən) təhsilalma formasında təhsil aldığı və kvalifikasiya əldə etdiyi müəyyən olunmuşdur. Qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 1.4-cü bəndinə əsasən Tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, bu Qaydalar, Azərbaycan Respublikası Prezidentinin digər fərmanları, həmçinin sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Bununla bağlı qeyd edirik ki, Azərbaycan Respublikasında formal tədrisin təşkili qaydaları “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin 2010-cu il 6 avqust tarixli 147 nömrəli qərarı ilə təsdiq edilmişdir. “Formal təhsilin təşkili Qaydaları”nın 5.4-cü bəndinə əsasən magistratura səviyyəsi üzrə yalnız əyani və ya qiyabi təhsilalma formasında tədrisin təşkili nəzərdə tutulmuşdur. Qeyd olunanlara əlavə olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli, 88 nömrəli qərarı ilə “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.5-ci bəndi magistratura səviyyəsində əyani və qiyabi təhsilalma formalarını müəyyən edir. Nəticə etibarilə, Azərbaycan Respublikası təhsil sistemində magistratura səviyyəsində formal tədrisin təşkilinin əyani və qiyabi formadan başqa formalarda həyata keçirilməsi yolverilən deyil. Tanınma Qaydalarının 4.1.5-ci yarımbəndinə əsasən Milli Kvalifikasiyalar Çərçivəsi üzrə magistratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair ümumi tələblərə aiddir. Hazırkı icraatın nəticələri və qanunvericiliyə əsasən magistratura səviyyəsində formal təhsilin distant(məsafədən) təhsilalma formasında təşkilinin mümkün olmadığı müəyyən olunur. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.5-ci bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır”.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Təhsildə X1rşı iddia tələbi ilə məhkəməyə müraciət edərək X8 Universiteti tərəfindən verilmiş 52.xx.xx.00098 nömrəli magistr diplomuna aid kvalifikasiyanın tanınması və müvafiq ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsinə əsasən, Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Eyni zamanda, TKTAnın özünə sərf etdiyi zaman istinad etdiyi həm Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 147 nömrəli qərarı ilə təsdiq edilmiş “Formal təhsilin təşkili Qaydaları”nda, həm də NK-nin xx.xx.2010-cu il tarixli, 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda təhsilalmanın əyani ilə yanaşı, qiyabi forması da öz əksini tapmışdır. Lakin 2014/2015ci tədris ilindən başlayaraq, magistratura pilləsinə qiyabi formada qəbul aparılmır. Beləlikə də, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinin tələbi kobud şəkildə pozularaq, vətəndaşlar təhsilin qiyabi formasından məhrum edilir. Bundan əlavə, qiyabi, həmçinin distant təhsil forması işləyən, ailə öhdəliyi olan, aztəminatlı şəxslər üçün təhsil hüququnun icrasını asanlaşdırdığına görə bu təhsil formalarının tətbiq olunması çox vacibdir. Belə ki, o, 40 yaşında təhsilin magistratura pilləsi üzrə ali məktəbə qəbul olunmuş və bu zaman özünü və himayəsində olan ailəsini dolandırmaq üçün rəsmi şəkildə üç yerdə işləyirdim İş saatı üç iş yerinə görə təxminən səhər saat 9-dan axşam 20:00-a kimi davam edir ki, bu halda da əyani təhsil almaq mümkün deyildir. Belə olan halda təhsil məzuniyyətinə çıxmaqla yalnız qiyabi formada təhsil almaq mümkündür ki, bu da “Təhsil haqqında” Azərbaycan Respublikasının qanununda, həmçinin “Formal təhsilin təşkili Qaydaları”nda, eləcə də “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda öz əksini tapsa da, reallıqda 10 ildən artıqdır ki, heç bir səbəb göstərmədən, qanunun tələbləri kobud şəkildə pozulmaqla tətbiq olunmadığından o və onun kimi çoxsaylı vətəndaşlar ya təhsildən ümumiyyətlə kənarda qalır, ya da distant təhsilə üz tuturlar ki, sonradan bu problemlə qarşılaşırlar.

5. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli, 88 nömrəli Qərarı ilə təsdiq edilmiş "Magistratura təhsilinin məzmunu, təşkili və magistr dərəcələrinin verilməsi qaydalarının 1.1-ci maddəsinə əsasən bu qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır və dövlət təhsil standartları əsasında ali təhsilin magistratura səviyyəsində təhsilin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi qaydalarını tənzimləyir. Həmin qaydaların 1.5-ci maddəsinə əsasən, magistratura səviyyəsində əyani (tədrisə tam cəlb olunma fulltime və tədrisə qismən cəlb olunma - parttime) və qiyabi təhsilalma formaları müəyyən edilir. Belə olan halda, İddiaçı Türkiyə Respublikasının X8 Universiteti “Beynəlxalq ticarət və maliyyə” ixtisası üzrə magistr təhsil proqramını distant təhsilalma istiqaməti üzrə bitirməsi, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən magistr pilləsi üzrə təhsilinin məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər baxımından əhəmiyyətli fərq yaradır və tanınması mümkün hesab edilmir. Tanınma Qaydalarının 1.5.3-cü yarımbəndində xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və (və ya) yekun attestasiyanın nəticəsi, kvalifıkasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə Azərbaycan Respublikasındakı uyğun kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin Azərbaycan Respublikasında təhsilini növbəti səviyyədə davam etdirməsi və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq əhəmiyyətli fərq kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 avqust tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş "Formal təhsilin təşkili Qaydaları"nda distant təhsilma forması formal təhsilin tədris edilməsi vasitələri arasında qeyd olunur. Bununla bərabər, həmin Qaydaların 5.4-cü bəndində bakalvriat səviyyəsi üzrə tədrisin təşkilində distant təhsilalma formasının tətbiqi nəzərdə tutulsa da, magistratura səviyyəsi üzrə təhsilalma formalarını tənzimləyən 5.5-ci bənddə distant təhsilalma formasının tətbiqinə icazə verən yaxud onun əks olunduğu normaya rast gəlinmir. Qanunvericinin mülahizə sərbəstliyi çərçivəsində etdiyi bu seçim Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartı kimi qəbul edilməlidir. Müvafiq olaraq xaricdə distant formada magistratura səviyyəsində alınmış təhsil, təhsilalma forması ilə bağlı dövlət standartına uyğunsuzluq halı yaratdığı üçün ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtinaya əsas təşkil edir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1 -ci və 4.1.5-ci bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12208/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

7. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanununda, həm “Formal təhsilin təşkili Qaydaları”nda, həm də “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda magistratura pilləsi üçün qiyabi təhsil formasının tətbiq olunması qeyd edildiyi halda, bunun qanunsuz və əsassız olaraq tətbiq olunmaması və bununla bağlı heç bir elmi və hüquqi izahın verilməməsi hazırki iş üzrə distant təhsillə bağlı kvalifikasiyanın tanınması üçün istisna hal hesab oluna bilər.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

10. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin təmin edilərək, iddianın təmin edilməsini, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

12. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8.bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi; 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; 3.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyınin müəyyən edilməsi (noslrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

13. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının: 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

14.Qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”: 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; - təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; - Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Qaydaların 3.7-ci bəndinə əsasən Qaydaların 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2010-cu il tarixli, 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və magistr dərəcələrinin verilməsi Qaydaları”na əsasən: 1.5. Magistratura səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) və qiyabi təhsilalma formaları müəyyən edilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2010-cu il tarixli, 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Formal təhsilin təşkili Qaydaları”na görə: Formal təhsil qanunvericiliklə müəyyən edilmiş əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları vasitəsilə həyata keçirilir. 5.4. ali təhsil pilləsi üzrə: bakalavriat səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, distant (məsafədən), əsas (baza ali) tibb təhsili səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime); magistratura səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, rezidentura səviyyəsində - əyani; doktorantura səviyyəsində - əyani;

17.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2-ci maddələrinə əsasən)

21. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 11-17-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

22. Belə ki, iddiaçı X8 Universiteti tərəfindən verilmiş 52.xx.xx.00098 nömrəli magistr diplomuna aid kvalifikasiyanın tanınması və müvafiq ekvivalentlik haqqında şəhadətnamənin verilməsini tələb edir.

23. Cavabdeh orqan isə Azərbaycan Respublikası təhsil sistemində magistratura səviyyəsində formal tədrisin təşkilinin əyani və qiyabi formadan başqa formalarda həyata keçirilməməsini əsas gətirərək imtina cavabı vermişdir.

24. Məhkəmə kollegiyası iş materialları üzrə müəyyən olunan aşağıdakı hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla cavabdehin qeyd olunan dəliləri ilə razılaşır.

25. İşin faktiki hallarından görünür ki, İddiaçı Türkiyə Respublikası X8 Universiteti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 52.xx.xx.00098 nömrəli diploma əsasən X5, Beynəlxalq Ticarət və Maliyyə Bölməsinin “Beynəlxalq ticarət və maliyyə” ixtisası üzrə magistr təhsil proqramını distant təhsilalma istiqaməti üzrə bitirmişdir. Təhsilalma forması – distant təhsil müddəti 1 il.

26. Məhkəmə Kollegiyası qeyd edir ki, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. Göründüyü kimi iddiaçı magistr təhsil proqramını distant təhsilalma istiqaməti üzrə bitirmişdir.

27. Lakin, qanunvericilik normalarının təhlilindən görünür ki, Azərbaycan Respublikasında distant (məsafadən) təhsil, təhsilalma formalarından biri kimi ümumən, tanınmışdır. Lakin Azərbaycan Respublikasının qanunvericiliyi bu təhsil formasının bakalavriat səviyyəsi üzrə tədrisin təşkilində tətbiqini nəzərdə tutsa da, magistratura səviyyəsi üzrə distant (məsafadən) təhsilalma formasını yol verilən hesab etməmişdir.

28. İddiaçının halında isə sözügedən tələbə riayət olunmamışdır.

29. Beləliklə, məhkəmə kollegiyası müəyyən edilmiş halları ixtisasın tanınması üçün təhsilin keyfiyyət göstəriciləri ilə bağlı tələblər baxımından dəyərləndirərək hesab edir ki, cavabdeh tərəfindən diplomun tanınmasından imtina edilməsi mübahisəyə dair işin hallarına, milli və beynəlxalq qanunvericiliyə uyğundur.

30. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsaslı hesab olunmur. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

31. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

33. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12208/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12208/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar