Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(3-6)-283/2026 05.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlundan (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə və müvafiq vəsiqənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 15948/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin və icazə vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Xidmətin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci ildə Azərbaycan Respublikası, Lənkəran rayonu, Zövlə kəndində doğulmuşdur. 1984-cü ildə hazırda Azərbaycan Respublikasının vətəndaşı olan X2 ilə rəsmi nikaha daxil olmuşdur və həmin rəsmi nikah qüvvədədir. 1990-cı ildə işləmək üçün Rusiya Federasiyasına getmiş və uzun müddət işi ilə əlaqədar orada qaldığına görə Rusiya Federasiyasının vətəndaşlığını almışdır. Buna baxmayaraq o, ailəsini görmək üçün Azərbaycana gəlib-getmişdir. Hazırda o, Azərbaycana qayıdıb öz ailəsinin yanında yaşamaq istəyir. Bunun üçün isə DMX tərəfindən əvvəlcə onun Azərbaycan Respublikasında 2 il müvəqqəti yaşamasına icazə və icazə sənədi, 2 ildən sonra isə daimi yaşamasına icazə verilməlidir. Arvadının bu barədə müraciətinə DMX-nin xx-xx-2025-ci il tarixli, 3-37/2-S-5549-26-1-08-6170/2025 nömrəli cavab məktubunda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanununun 14cü maddəsinin birinci hissəsinə istinad edilməklə imtina edilmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçının arvadı X3 xx.xx.2025-ci il tarixdə DMX-yə müraciət edərək iddiaçıya Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Həmin müraciət DMX tərəfindən araşdırılmış və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələri izah edilməklə şəxsə DMX-nin xx.xx.2025-ci il tarixli, 3-37/2-S-5549-26-1-08-6170/2025 nömrəli məktubu ünvanlanmışdır. Bildirilir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 46-cı maddəsində qeyd edilən sənədlərlə “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən DMX üçün ayrılmış işçi yerlərinə müraciət etməlidirlər. Həmçinin araşdırma zamanı iddiaçının Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin alınması üçün müraciət etmədiyi məlum olmuşdur. Əlavə olaraq qeyd olunur ki, inzibati icraatın başlanılması üçün əsas olmadığından (iddiaçının müvəqqəti yaşamaq üçün icazəsinin alınması ilə bağlı müraciəti) iddiaçıya müvəqqəti yaşamaq üçün icazənin verilməsi mümkünsüzdür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15948/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilərərək işə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, hazırkı iddia tələbində göstərilən məsələ ilə bağlı cavabdeh Dövlət Miqrasiya Xidmətinə müraciət olunmuş və onun tərəfindən həmin müraciətə rəsmi qaydada məktubla imtina verilmişdir. Belə olan halda yenidən iddiaçıya həmin məsələ ilə bağlı müraciət etməyə lüzum qalmır. Çünki, cavabdeh öz mövqeyini artıq bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddia tələbinə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsininn iştrakını təmin etməmişdir, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddia mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən inzibati məhkəmə icraatına aid iddia növündə və iddia müddətləri çərçivəsində, qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Konkret halda isə iddianın mümkünlük şərti yerinə yetirilmir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin və icazə vəsiqəsinin verilməsindən ibarətdir. Lakin iddiaçı hazırki iddiaya inzibati məhkəmə icraatı çərçivəsində baxılmalı olmadığını nəzərə almamış və mümkünlük şərtlərinə cavab verməyən iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı qeyd olunan tələblə bağlı cavabdehə yəni müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə hər hansı yazılı (o cümlədən elektron) ərizə göndərməmiş (təqdim etməmiş və ya şifahi formada müraciət etməmişdir. Göstərilən halların araşdırılması məqsədilə məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərini Tənzimləmə Baş İdarəsinə müvafiq sorğu verilmişdir. xx.xx.2026-cı il tarixdə məhkəməyə daxil olmuş sorğuya cavab məktubundan görünür ki, Rusiya Federasiyası vətəndaşı, 05 yanvar 1961-ci il təvəllüdlü Gadım Sadykhovun Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması (uzadılması) ilə bağlı Dövlət Miqrasiya Xidmətinə hər hansı müraciəti qeydə alınmamışdır. İş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2025ci ildə müraciəti Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı olmuşdur. Göründüyü kimi həmin müraciət mahiyyət etibarı ilə hazırki, müraciətdən fərqlidir. Kollegiya qeyd edir ki, hazırki inzibati iş mübahisələndirmə haqqında iddia növünə aiddir. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 9-cu hissəsinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, məcburetmə haqqında iddialarda tələb olunan mümkünlük şərti kimi inzibati orqana əvvəlcədən müraciət edilməsi zəruridir. Göründüyü kimi inzibati məhkəmə icraatının aparılmasından əvvəl hazırkı növ iddialar üzrə inzibati icraatın aparılmasının zəruriliyi qanunvericiliyin konkret tələbidir ki, inzibati orqana müraciətin ünvanlanmaması inzibati icraatın cavabdeh tərəfindən aparılmasını mümkün etməmişdir. Beləliklə də, İPM-in 32.1-ci maddəsinin tələbi qaydasında, iddiaçının cavabdehə qarşı qaldırdığı hazırkı mübahisələndirmə haqqında iddiasının həmin Məcəllənin 35.1-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış iddia kimi qiymətləndirilməsi və məhkəmə icraatının mümkün sayıla bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsi isə nəzərədə tutur ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası yekunda belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15948/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15948/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-6)-283/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-283/2026
05.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver