Məhkəmə qərarları › İş №2-1(3-6)-2952/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-2952/2026

15.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-2952/2026 15.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının qanuni təmsilçisi nümayəndə2, İddiaçının nümayəndəsi nümayəndə3, Cavabdehin nümayəndəsi İbrahimov Xəyal İlqar oğlunun iştirakları ilə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən cavabdehə dəyəri ödənilməklə alınmış 938,1 kv.m qeyri-yaşayış sahəsinin 1(bir) kv.m bazar dəyəri 2750 manatdan hesablamaqla 2.579.775 manat və daimi istifadəyə verilmiş 2.45 hektar torpaq sahənin 1 sotun bazar dəyəri 135.000 manat olmaqla istifadə hüququn əvəzi olaraq cəmi 4.000.000 manat, ümumilikdə 6.579.775 manat vəsaitin iddiaçı İddiaçı MMC-yə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı ilə (hakim S.Qənbərova) iddianın qismən təmin olunaraq, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə 43.559 manat vəsaitin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın iddianın təmin edilməyən hissədə ləğv edilməsi, həmin hissədə də iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə apellyasiya şikayəti vermə müddəti ötürüldüyündən iddiaçıya hüquqi yardım göstərilərək, bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ##.##.2026cı il tarixli qərardadı ##.##.2026-cı il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə yerləşdirilmişdir. Lakin iddiaçının apellyasiya şikayəti məhkəməyə ##.##.2026-cı il tarixdə daxil olmuşdur. Bununla bağlı, məhkəmə kollegiyası iddiaçıya Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından verilmiş apellyasiya şikayətinin baxılması üçün icraata qəbul edilməsi ilə bağlı yuxarıda qeyd olunan halların araşdırılması və nöqsanların aradan qaldırılmasını təklif edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi nümayəndə2 bildirmişdir ki, məhkəmə qərarı qəbz əsasında ##.##.2026-cı il tarixdə tərəflərindən əlbəəl qaydada əldə olunmuşdur. Müddətin axımının həmin tarixdən etibarən başlanıldığı nəzərdə tutulduqda, apellyasiya şikayətinin verilməsi müddəti ötürülməmişdir. Həmçinin, vəkillə münasibətlərini artıq davam etdirmədiyindən, qərarın onun elektron kabinetinə yerləşdirildiyi tarix əsas götürülməməlidir. Odur ki, məhkəmədən apellyasiya şikayətinin mümkün hesab edilməklə, icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə3 bildirmişdir ki, ##.##.2026-cı il tarixdə məhkəmə qərarı qəbz əsasında əlbəəl formada əldə olunmasına baxmayaraq, həmin qəbz səhvən iş materiallarına əlavə edilməmişdir. Bu səbəbdən, həmin qəbz tərəflərindən məhkəmədən götürülmüş və məhkəmə kollegiyasına təqdim edilmişdir. Odur ki, məhkəmədən apellyasiya şikayətinin mümkün hesab edilməklə, icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi İbrahimov Xəyal İlqar oğlu bildirmişdir ki, iddiaçı tərəfin apellyasiya şikayətinin mümkün hesab edilməsi üçün hər hansı əsas yoxdur. Məhkəmənin qərarı iddiaçının vəkilinin elektron kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirilmişdir və müddətin axımının başlanğıcı həmin tarixdən hesablanmalıdır. Odur ki, məhkəmədən apellyasiya şikayətinin mümkün hesab edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ##.##.2026-cı il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə yerləşdirilmiş və həmin tarixdə də qərarın elektron kabinetə yerləşdirilməsi barədə bildiriş sonuncuya göndərilmişdir. Lakin iddiaçının apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti iddiaçıya münasibətdə ona təqdim edildiyi tarixdən, yəni ##.##.2026-cı il tarixdən hesablanmaqla, ##.##.2026-cı il tarixdə başa çatmışdır. Lakin işdən görünür ki, iddiaçı tərəfin apellyasiya şikayəti müddət ötürülməklə ##.##.2026-cı il tarixdə verilmişdir. Hazırda işin hallarına görə Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)- *****/**** saylı qərarından iddiaçı tərəfindən apellyasiya şikayəti ##.##.2026-cı il tarixində verilmiş, qanunvericiliklə nəzərdə tutulmuş şikayət vermə müddəti ötürülmüş və ötürülmüş müddətin bərpasına dair vəsatət verilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ilə hüquqi xidmət münasibətlərinin davam etdirilməməsi ilə bağlı iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələrinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndəsi və vəkili Vəkil ilə təmsil edildiyi üçün birinci instansiya məhkəməsinin qərarı onun elektron kabinetinə yerləşdirilmişdir. Daha sonra vəkil Vəkil ilə hüquqi xidmət münasibətlərinin davam etdirilməməsi barədə iddiaçı tərəfindən məhkəməyə məlumat verilməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)- *****/**** saylı qərarından iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və geri qaytarılmalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı İnzibati Məhkəməsinin ##.##.2026cı il tarixli, *-*(***)-*****/**** saylı qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Vidadi Qasımov Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar