Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-301/2026 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Açar sözlər: (müddətsiz əlillik; əlilliyin təkrar qiymətləndirilməsi; ağır dərəcəli əqli gerilik; əlverişli inzibati aktın ləğvi; etimadın qorunması; inzibati orqanın araşdırma vəzifəsi; tibbi sübutların qiymətləndirilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Pərviz Aktiv oğlu və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının qanuni nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X7 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı qərarın ləğv edilməsi və s. tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları “xxxx” publik hüquqi şəxs tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ekspert rəyindən görünür ki, yoxlanılan şəxs İddiaçı “ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə“ (F 72.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, erkən psixofıziki inkişafının həmyaşıdlarından gen qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil almaması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanasi”nda “Ağır dərəcəli əqli gerilik, ifadəli psixiopatabənzər davranış ilə. Kənar şəxsləhn qulluğuna ehtiyacı var” diaqnozu ilə həmin müəssisədə müalicədə olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualları başa düşməməsi, anlaşılmaz sözlərlə cavab verməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. Yoxlanılan şəxs İddiaçı psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasının anlamaq və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. Yoxlanılan şəxs İddiaçı psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar var. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə ##.##.1976-cı il tarixdə doğulmuş İddiaçı fəaliyyət qabliyyətli olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının ##.##.2024-cü il tarixli, *** nömrəli əmrinə əsasən X1 ##.##.1976-cı il təvəllüdlü İddiaçı üzərində qəyyum təyin edilmişdir. ##.##.2017-ci il tarixli qərarına əsasən iddiaçıya “Ağır dərəcəli əqli gerilik, ifadəli psixopatobənzər davranış ilə” birinci dərəcəli əlillik təyin edilmişdir. Tibbi Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli qərarı ilə ##.##.2023-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərar əsasında “##.##.2017-ci il tarixindən diaqnozun təsdiqini tapmaması” barədə qərar ləğv edilmiş, ##.##.2017-ci il tarixli ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyinatı barədə qərar bərpa edilmiş, ##.##.2024-cü il tarixindən “Diaqnozun öz təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən verilmiş ##.##.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tanxdə qüvvədə olan ##.##.2015ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə uyğun olaraq İddiaçı ##.##.2017-ci il tarixindən ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Araşdırma çərçivəsində şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. İddiaçı “İnzibati icraat haqqında”Qanunun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməniz üçün ##.##.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim olunan tibbi sənədlər, anamnestik məlumatlar, obyektiv müayinə əsasında barenisdə “Diaqnoz təsdiqini tapmadı qərarı qəbul edilmişdir" qərarı qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək iddia tələbinin “cavabdehin ##.##.2023-cü il tarixli qərarının və ##.##.2024-cü il tarixli qərarının iddiaçıya aid olan hissədə ləğv edilməsini, əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsini cavabdehə həvalə olunması” formasında icraata qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sağlamlıq vəziyyəti nəzərə alınmaqla əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, əlillik təyininə əsas verməmə barədə əlilliyin təyinindən imtina edilmişdir. İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassızdır, ona əlillik təyinatı üçün əsaslar mövcuddur. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli iş üzrə ##.##.2025-ci il tarixli qərarı ilə (Orxan Həsənov) iddia tələbi təmin edilərək, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2023-cü il tarixli qərarının və ##.##.2024-cü il tarixli qərarının iddiaçı İddiaçı aid olan hissədə ləğv edilməsi, iddiaçı İddiaçı əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, qanunvericilik Agentliyə öz verdiyi qərarın düzgünlüyünə şübhə yarandığı halda əsaslılığının yenidən yoxlanması üçün hüquq vermişdir. Bu hüquqdan istifadə edilməsi nəticəsində şəxsin dəyişkən sağlamlıq vəziyyəti ilə əlaqədar yeni halın aşkarlandığı halda barəsində yeni qərar qəbul etməkdə də tam haqlıdır. Həmçinin, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, müvafiq ekspert rəyinə əsaslanmışdır. Halbuki, ekspert rəyində xəstəliklərin əlillik təyinatına əsas verən səviyyədə mövcud olması ilə bağlı düzgün və ətraflı fikir öz əksini tapmamışdır. Agentliyin məhkəməyə təqdim olunan qərarından da göründüyü kimi iddiaçı özü əyani müayinədə iştirak etmiş və müayinədən keçmişdir. Məhkəmə həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və araşdırma aparmadan qərar qəbul etmişdir. Sözügedən hal, yəni xəstəliyin tam reabilitasiya olunması iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, şəxsin əyani müayinəsi zamanı instrumental müayinənin aparılması iş materialları ilə müyyən edilmir. Agentlik müayinə-müalicə müəssisəsi deyil, həmin müəssisələr tərəfindən aparılmış laborator və instrumental müayinələrin nəticələrini və müalicə müddətlərinin qiymətləndirməsini həyata keçirən orqandır. Əyani müayinə zamanı vətəndaşın xəstəlik müddətində aldığı müalicələri əks etdirən sənədlər qiymətləndirilərək barəsində yekun qərar qəbul edilir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçının qanuni nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.7. tibbi reabilitasiya - orqanizmin anadangəlmə, yaxud xəstəlik və ya zədə nəticəsində sonradan pozulmuş funksiyalarının bərpasına və kompensasiyasına yönəldilmiş tibbi tədbirlər sistemi Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 3.5.Müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1.Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3.Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4.TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.4.Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5.Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81- 100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin: Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti 7.2. Əqli gerilik – F70-F73 Qiymətləndirmə: 7.2.1 yüngül dərəcəli əqli gerilik İQ 50-69: davamlı psixopatoloji pozuntular olduqda: orta dərəcədə astenik, affektiv, psixopatik təzahürlər, nadir epileptiform paroksizmlər, somatopsixik infantilizm, əlavə somatik və nevroloji patologiyalar, şəxsiyyət dəyişiklikləri (35-60% müddətsiz); 7.2.2 orta dərəcəli əqli gerilik İQ 35-49: adi şərtlərlə təhsil ala və ya işləyə bilməməsi, ətrafdakılarla adaptasiya və qarşılıqlı əlaqə zamanı nəzərəçarpacaq çətinliklər yaşanması, əksər tələbatların ödənilməsi üçün kənar şəxslərin köməyinə ehtiyacın olması (65-80% müddətsiz); 7.2.3 ağır dərəcəli əqli gerilik İQ 20-34: özünəxidmət, verbal əlaqə, sadə gündəlik vəzifələri yerinə yetirə bilməməsi və daimi qayğıya ehtiyacın olması (85-90% müddətsiz); 7.2.4 dərin əqli gerilik İQ <20: heç bir ünsiyyət formasını, minimal şəxsi gigiyenanı yerinə yetirə bilməməsi və daimi müşahidə və digər şəxslərin qayğısı olmadan yaşamanın qeyrimümkünlüyü (95-100% müddətsiz); 7.2.5 8 yaşına qədər şəxslərdə İQ test aparılmadan: prenatal və ya postnatal dövrdə beynin zədələnmələri, fiziki və ya psixi inkişafdan geriqalma, motor ləngimə və ya motor natarazlıq (80% - 5 il) “İnzibati icraat haqqında” Qanun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3.İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4.Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1.Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 64.2.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini və tərəflərin mövqelərini qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırkı mübahisədə hüquqi qiymət verilməli olan əsas məsələ iddiaçıya ##.##.2017-ci il tarixindən müddətsiz birinci dərəcə əlillik müəyyən edilməsinə dair əlverişli inzibati aktın sonradan cavabdeh tərəfindən aradan qaldırılmasının qanuni olub-olmamasıdır. Buna görə mübahisə yalnız iddiaçının hazırkı sağlamlıq vəziyyətinin tibbi qiymətləndirilməsi ilə məhdudlaşmır. Eyni zamanda, əvvəlki əlverişli inzibati aktın ləğvi üçün maddi və prosessual şərtlərin mövcudluğu, inzibati icraatın aparılma qaydası və cavabdehin gəldiyi nəticənin işdə olan sübutlarla əsaslandırılıb-əsaslandırılmaması yoxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçıya ##.##.2017-ci il tarixində “Ağır dərəcəli əqli gerilik, ifadəli psixopatobənzər davranış ilə” diaqnozu əsasında ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik müəyyən edilmişdir. Sonradan əlillik təyinatının saxta olması barədə Agentliyə ##.##.2022-ci il tarixində daxil olmuş ərizə əsasında araşdırma başlanmış, iddiaçı ##.##.2023-cü il tarixinə əyani müayinəyə dəvət edilmiş, müayinədə iştirak etmədiyindən mövcud sənədlər əsasında ##.##.2023-cü il tarixində diaqnozun təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. İddiaçının müraciətindən sonra o, ##.##.2024-cü ildə əyani müayinə edilmiş və həmin tarixdən yenidən “diaqnozun öz təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Kollegiya cavabdehin ümumən əvvəlki əlillik qərarının düzgünlüyünü yenidən yoxlamaq səlahiyyətinin mövcudluğunu mübahisələndirmir. Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın 3.7-ci bəndi əlilliyin qiymətləndirilməsi barədə qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildikdə şəxsin əyani müayinəyə cəlb edilməsinə və müayinənin nəticəsinə əsasən əvvəlki qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edilməsinə imkan verir. Lakin belə səlahiyyətin mövcudluğu qəbul ediləcək qərarın avtomatik olaraq qanuni olması demək deyildir. İnzibati orqan həmin səlahiyyəti “İnzibati icraat haqqında” Qanunun tələblərinə, o cümlədən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması, maraqlı şəxsin icraatda iştirakı və əlverişli inzibati aktın ləğvinə dair xüsusi məhdudiyyətlərə riayət etməklə həyata keçirməlidir. Bununla yanaşı, cavabdehin əvvəlki əlillik təyinatının əsaslılığını yenidən yoxlamaq səlahiyyəti həmin yoxlamanın qeyri-məhdud müddətdə aparıla bilməsi kimi başa düşülə bilməz. İnzibati icraatın qanunla müəyyən edilmiş müddətlər daxilində başa çatdırılması hüquqi müəyyənliyin və səmərəli idarəetmənin təmin edilməsinə xidmət edən prosessual təminatlardan biridir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edilməlidir. Qanunun 52.3-cü maddəsi iş üçün əhəmiyyətli halların müəyyənləşdirilməsi daha artıq vaxt tələb etdikdə icraat müddətinin hər dəfə 30 gün olmaqla iki dəfə uzadılmasına imkan versə də, belə uzadılma barədə maraqlı şəxs məlumatlandırılmalıdır. Qanunun 52.5-ci maddəsi isə inzibati aktın qəbul edilməsi də daxil olmaqla inzibati icraatın ümumi müddətinin hər bir halda 90 gündən artıq ola bilməyəcəyini müəyyən edir. Hazırkı işdə əlillik təyinatının saxta olması barədə ərizə Agentliyə ##.##.2022-ci ildə daxil olmuş, həmin müraciət əsasında iddiaçının əlillik təyinatının əsaslılığının yoxlanılması üzrə inzibati icraat başlanmışdır. Buna baxmayaraq, əvvəlki əlillik qərarına müdaxilə edən ilk qərar yalnız ##.##.2023-cü ildə, növbəti qərar isə ##.##.2024-cü ildə qəbul edilmişdir. Beləliklə, inzibati icraatın başlanmasına səbəb olmuş müraciətin daxil olduğu tarixlə mübahisələndirilən qərarların qəbul edildiyi tarixlər arasında müvafiq olaraq təxminən 1 il 7 ay və 1 il 8 aydan artıq müddət keçmişdir. Bu müddətlər Qanunun 52-ci maddəsində müəyyən edilmiş 30 günlük əsas müddəti, habelə mümkün uzadılmalar nəzərə alınmaqla 90 günlük maksimal müddəti əhəmiyyətli dərəcədə aşır. İş materiallarından inzibati icraat müddətinin Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş qaydada uzadıldığı, bu barədə iddiaçıya və ya onun qanuni nümayəndəsinə məlumat verildiyi, yaxud icraatın bu qədər uzun müddət davam etməsini hüquqi baxımdan əsaslandıra biləcək başqa hal müəyyən olunmur. Əksinə, iddiaçının yalnız ##.##.2023-cü il tarixli bildirişlə ##.##.2023-cü il tarixinə əyani müayinəyə dəvət edilməsi göstərir ki, ##.##.2022-ci ildə başlanmış araşdırma uzun müddət yekun inzibati qərarla nəticələnməmişdir. Kollegiyanın qənaətinə görə, bu hal sadəcə formal müddət pozuntusu kimi qiymətləndirilə bilməz. Şəxsin müddətsiz əlillik statusunun və onunla bağlı sosial təminat hüquqlarının aradan qaldırılması ilə nəticələnən icraatın qanunda nəzərdə tutulmuş maksimal müddətdən dəfələrlə artıq davam etməsi hüquqi müəyyənlik prinsipinə toxunmaqla yanaşı, inzibati orqanın öz təşəbbüsü ilə apardığı araşdırmanın vaxtında, ardıcıl və səmərəli həyata keçirilməsi öhdəliyi ilə də uzlaşmır. Bu prosessual pozuntu iş üzrə digər hallar, yəni əvvəlki diaqnozun sonrakı məhkəmə-psixiatrik ekspertiza rəyi ilə yenidən təsdiqlənməsi və əlverişli inzibati aktın ləğvi üçün yetərli faktiki əsasların ortaya qoyulmaması ilə birlikdə qiymətləndirildikdə, mübahisələndirilən qərarların qanuniliyinə dair cavabdehin mövqeyini daha da zəiflədir. Bundan başqa, qeyd olunmalıdır ki, cavabdehin apellyasiya şikayətində əsaslandığı “xəstəliyin tam reabilitasiya olunması” barədə nəticə işdə olan obyektiv tibbi sübutlarla uzlaşmır. Belə ki, “xxxx” publik hüquqi şəxsin ##.##.2024-cü il tarixli ekspert rəyində (i.v.4-7) iddiaçıda “ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” (F72.1) diaqnozunun mövcud olduğu müəyyən edilmiş, onun verilən sualları başa düşmədiyi, anamnestik məlumatları açıqlaya bilmədiyi, öz vəziyyətinə tənqidi münasibətinin olmadığı, öz hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarında olmadığı göstərilmişdir. Həmin rəy əsasında Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Xüsusi əhəmiyyət daşıyan hal ondan ibarətdir ki, 2017-ci ildə əlillik təyin edilərkən əsas götürülmüş xəstəliklə ##.##.2024-cü il tarixli məhkəmə-psixiatrik ekspertiza rəyində müəyyən edilmiş xəstəlik mahiyyət etibarilə eynidir. Başqa sözlə, cavabdehin iddiaçının sağlamlıq vəziyyətinin elə dərəcədə yaxşılaşdığı və ya xəstəliyin aradan qalxdığı barədə nəticəsi müstəqil və mötəbər tibbi sübutlarla təsdiqlənmir. Əksinə, mübahisəli qərarlardan qısa müddət sonra əldə edilmiş ekspert rəyi əvvəlki diaqnozun davam etdiyini göstərir. Bu nəticə qüvvədə olan “Əlilliyin müəyyən olunması Meyarları” ilə də uzlaşır. Meyarlara Əlavənin 7.2-ci bəndi F70-F73 kodları üzrə əqli geriliyi əlilliyin qiymətləndirilməsi üçün nəzərdə tutur. 7.2.3-cü yarımbəndə görə ağır dərəcəli əqli gerilik (İQ 20-34), özünəxidmət, verbal əlaqə və sadə gündəlik vəzifələri yerinə yetirə bilməməsi, daimi qayğıya ehtiyacın olması 85-90 faiz müddətsiz funksional pozuntu kimi qiymətləndirilir. ##.##.2024-cü il tarixli ekspert rəyində müəyyən edilmiş F72.1 diaqnozu və təsvir edilmiş funksional məhdudiyyətlər bu meyarlarla mahiyyət etibarilə uyğunluq təşkil edir. Cavabdehin məhkəmə ekspertizasının əlillik faizini birbaşa müəyyən etmədiyi barədə etirazı özlüyündə əsaslı sayıla bilər. Əlilliyin faiz göstəricisinin müəyyən edilməsi qanunvericiliklə səlahiyyətli inzibati orqana həvalə edilmişdir. Lakin birinci instansiya məhkəməsi ekspert rəyini inzibati orqanın əvəzinə əlillik faizini müəyyən edən akt kimi deyil, cavabdehin “diaqnoz təsdiqini tapmadı” və xəstəliyin reabilitasiya olunması barədə faktiki qənaətinin mötəbərliyini yoxlamağa imkan verən sübut kimi qiymətləndirmişdir. Bu baxımdan, ekspert rəyinin nəzərə alınması məhkəmənin inzibati orqanın tibbi qiymətləndirmə səlahiyyətini öz üzərinə götürməsi kimi qiymətləndirilə bilməz. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunun 24.1, 24.3 və 24.4-cü maddələrinə görə inzibati orqan işin düzgün həlli üçün əhəmiyyətli bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, təqdim edilmiş sübutlar yetərli olmadıqda öz təşəbbüsü ilə əlavə sübutlar toplamalıdır. Əvvəlki müddətsiz əlillik təyinatının ləğvi kimi şəxsin sosial-hüquqi vəziyyətinə əhəmiyyətli təsir göstərən qərar qəbul edilərkən yalnız əvvəlki qərara şübhənin yaranması kifayət etmir. Həmin şübhəni təsdiqləyən, əvvəlki diaqnozun artıq mövcud olmadığını və ya əlillik meyarlarına cavab vermədiyini əsaslandıran obyektiv tibbi məlumatlar müəyyən edilməlidir. Hazırkı işdə isə belə nəticənin yetərli sübut bazasına söykəndiyi müəyyən olunmur. Mübahisənin digər mühüm aspekti ##.##.2017-ci il tarixli qərarın iddiaçı üçün müddətsiz əlillik müəyyən edən əlverişli inzibati akt olmasıdır. “İnzibati icraat haqqında” Qanunun 64.2ci maddəsinə görə inzibati akt qanunla müəyyən edilmiş qaydada geri çağırılana, ləğv edilənə və ya başqa əsasla qüvvədən düşənədək hüquqi qüvvəsini saxlayır. Qanunun 67.4-cü maddəsi isə qanunsuz əlverişli inzibati aktın yalnız həmin maddədə nəzərdə tutulan məhdudiyyətlər daxilində ləğv edilə biləcəyini müəyyən edir. Deməli, əvvəlki qərarın qanunsuz olması barədə sonrakı qənaət onun hüquqi nəticələrinin heç bir əlavə şərt nəzərə alınmadan aradan qaldırılmasına imkan vermir. Qanunun 67.5-67.8-ci maddələri bu zaman etimadın qorunması ilə aktın qanuniliyinin bərpası arasında fərqləndirilmiş hüquqi rejim müəyyən edir. Maraqlı şəxsin etimadının qorunmadığı hallar, o cümlədən aktın rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə əldə edilməsi, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlərin təqdim edilməsi, yaxud şəxsin aktın qanunsuz olduğunu bilməsi və ya kobud ehtiyatsızlıq nəticəsində bilməməsi ayrıca göstərilmişdir. İş materiallarında iddiaçının 2017-ci il tarixli əlillik qərarının qəbul edilməsinə məhz belə davranışla nail olduğunu təsdiq edən mötəbər sübut müəyyən edilmir. Agentliyə əlilliyin “saxta olması” barədə ərizənin daxil olması isə özlüyündə Qanunun 67.6-cı maddəsində nəzərdə tutulan hallardan hər hansı birinin sübut edilməsi demək deyildir. Kollegiya Qanunun 67.12-ci maddəsinin tətbiqi ilə bağlı birinci instansiya məhkəməsinin yanaşmasına da dəqiqlik gətirilməsini zəruri hesab edir. Həmin maddədə nəzərdə tutulan birillik müddət əlverişli inzibati aktın qəbul edildiyi tarixdən deyil, onun ləğvini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən hesablanır. Buna görə təkcə 2017-ci il tarixli aktla 2023- 2024-cü illərdə qəbul edilmiş qərarlar arasında bir ildən artıq müddətin keçməsi 67.12-ci maddənin pozulduğu nəticəsinə gəlmək üçün kifayət etmir. İş materiallarına görə əvvəlki əlillik təyinatının saxta olması barədə məlumat Agentliyə ##.##.2022-ci ildə daxil olmuşdur. Bu halda məhkəmə üçün müəyyən edilməli məsələ məhz həmin tarixdə və ya sonrakı araşdırmanın hansı mərhələsində aktın ləğvini şərtləndirən halların cavabdehə kifayət qədər məlum olmasıdır. Bununla belə, 67.12-ci maddənin tətbiqi ilə bağlı bu dəqiqləşdirmə mübahisənin yekun nəticəsini dəyişmir. Çünki cavabdehin qərarlarının qanuniliyi yalnız müddət məsələsindən asılı deyildir. Yuxarıda göstərildiyi kimi, cavabdeh əvvəlki müddətsiz əlillik qərarını aradan qaldırarkən iddiaçının diaqnozunun artıq mövcud olmadığını və ya onun əlillik meyarlarına cavab vermədiyini yetərli və mötəbər sübutlarla əsaslandırmamışdır. Eyni zamanda, cavabdehin apellyasiya şikayətində Agentliyin müayinə-müalicə müəssisəsi olmaması və əyani müayinə zamanı ayrıca instrumental müayinə aparmaq öhdəliyinin mövcud olmaması barədə dəlili də mübahisənin nəticəsini dəyişmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsası Agentliyin mütləq şəkildə özü instrumental müayinə aparmalı olması deyil, əlilliyin aradan qalxdığını əsaslandıran nəticənin iş üzrə mövcud tibbi məlumatların məcmusu ilə təsdiqlənməməsidir. İnzibati orqan özü instrumental müayinə aparmaya bilər, lakin qərarını əsaslandırmaq üçün zəruri və mötəbər tibbi məlumatların toplanmasını və obyektiv qiymətləndirilməsini təmin etməlidir. Beləliklə, cavabdehin əvvəlki əlillik təyinatının düzgünlüyünü yoxlamaq səlahiyyəti olsa da, həmin səlahiyyətin həyata keçirilməsi zamanı qəbul edilmiş ##.##.2023-cü il və ##.##.2024cü il tarixli qərarların faktiki əsası iş materiallarında olan tibbi sübutlarla təsdiqlənmir. Əksinə, 2017-ci ildə əlillik təyinatına əsas olmuş ağır dərəcəli əqli gerilik diaqnozunun 2024-cü ildə keçirilmiş məhkəmə-psixiatrik ekspertizası ilə yenidən müəyyən edilməsi cavabdehin diaqnozun təsdiqini tapmaması barədə qənaətini əsaslı şübhə altına alır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının hüquqlarının bərpası barədə mahiyyət etibarilə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində irəli sürülən dəlillər mübahisələndirilən qərarların qanuniliyini və əsaslılığını təsdiq etmir. Buna görə apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(3-6)-301/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-301/2026
17.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver