Məhkəmə qərarları › İş №2-1(3-6)-311/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-311/2026

12.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-311/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə (əvvəlki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1in * saylı Bakı Ərazi İdarəsi) qarşı iş üzrə (Açar sözlər: “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınaraq çıxarışın verilməsi”) QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdehin iddiaçıya ünvanlandığı imtina məktubunda qeyd edilmişdir ki, “təqdim edilmiş Səbail Rayon İcra Hakimiyyəti başçısının *** saylı, ##.##.1999-cu il tarixli sərəncamında torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Həmçinin, həmin sərəncamla sənədlər toplusuna əlavə edilmiş yerləşmə cizgiləri arasında sahənin yerləşmə ünvanı ilə bağlı uyğunsuzluq mövcuddur. Belə ki, sərəncamda ünvan “xxxx” kimi, cizgilərdə isə “2-ci yaşayış massivi” kimi qeyd olunmuşdur. Bu səbəblərdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır.”

2. Məhkəmə sorğusu əsasında Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçının ##.##.1999-cu il tarixli *** nömrəli “Badamdar qəsəbəsində “köhnə bağ” sahəsinin sənədləşdirilməsi barədə” sərəncamında qeyd edilmişdir ki, Badamdar qəsəbəsində mövcud olan “köhnə bağ” sahəsinin İddiaçı adına sənədləşdirilməsi və orada fərdi evin tikilməsinə icazənin verilməsinə dair sərəncam verilmişdir.

3. Məhkəmə sorğusu əsasında əldə edilmiş cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Səbail rayonu Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinin faktiki ölçüsü 1700 kv.m təşkil edir. Torpaq sahəsi hər tərəfdən daş hasara sərhədlənmişdir. Torpaq sahəsi üzərində iki mərtəbəli yaşayış evi vardır.

4. İddiaçı tərəfindən təqdim edilmiş cizgidən qeyd edilmişdir ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçının ##.##.1999-cı il tarixli *** nömrəli sərəncamı ilə İddiaçı ayrılmış, Badamdar qəsəbəsi 1-ci yaşayış massivi ** saylı evin torpaq sahəsinin yerləşmə gizgiləri müəyyən edilmişdir.

5. Məhkəmə sorğusu əsasında əldə edilmiş Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin ##.##.2025-ci il *-**/*-***/**** nömrəli cavab məktubunda qeyd edilmişdir ki, sorğunuza əlavə edilmiş Sərəncam və onun tərkib hissələri olan digər sənədlər (sxem və s.) Səbail Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Əlavə olaraq bildiririk ki, müraciətinizə əlavə edilmiş sxemdə qeyd olunan torpaq sahəsinin faktiki yerini təyin etmək mümkün olmamışdır. Bundan başqa qeyd etmək istərdik ki, iddiaçı İddiaçı Səbail Rayon İcra Hakimiyyətinə hər hansı müraciəti daxil olmamışdır.

6. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş Səbail rayon İcra Hakimiyyəti Başçısının ##.##.1997-ci il tarixli ** saylı fərdi yaşayış evinin tikintisinə dair **** saylı və ##.##.1994-cü il tarixli **** nömrəli, ##.##.1995-ci il tarixli *** nömrəli sərəncamlarına aid olan sənədlər daxilində Badamdar qəsəbəsi * saylı yaşayış massivində yerləşən 55, 64 və ** nömrəli torpaq sahələrinə dair cizgilərdən ** saylı torpaq sahəsinin yerləşdiyi yer müəyyən edilmişdir

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1in * saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının *** saylı ##.##.1999-cu il tarixli sərəncamı əsasında iddiaçı İddiaçı ayrılmış 17 ar “xxxx” torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edilmişdir.

8. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının ##.##.1999-cu il tarixli *** saylı sərəncamına və Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib edilmiş yerləşmə cizgisinə istinad edərək, Badamdar qəsəbəsində 1-ci yaşayış massivində (17.68 ar) mövcud olan bağ sahəsində İddiaçı fərdi yaşayış evinin tikilməsinə və digər məsələlər barədə sərəncam verilmişdir. Bağ sahəsi həmin tarixdən istifadəsindədir. Bağ sahəsi ilə bağlı hər hansı bir iddia qaldırılmamışdır. Müvafiq sənədləri toplayaraq “xxxx" torpaq sahəsinə çıxarış alınması üçün X1 * saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Lakin cavabdeh İdarə tərəfindən çıxarış verilməsindən imtina edilərək əsas gətirmişlər ki, müraciətinizlə əlaqədar olaraq bildirik ki, təqdim edilmiş Səbail rayon icra hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli, *** saylı sərəncamına “xxxx" torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Həmçinin, həmin sərancamla sənədlər toplusuna əlavə edilmiş yerləşmə cizgiləri arasında sahənin yerləşmə ünvanı ilə bağlı sahəsi”' kimi, cizgilərdə isə “2-ci yaşayış massivi” kimi qeyd olunmuşdur. Təqdim olunmuş yerləşmə cizgisində dəqiq istinadlar, istinad məsafələri qeyd edilməmiş, cizgidəki sahə ilə faktiki göstərilən sahə arasında ciddi perimetrik ölçü və konfiqurasiya fərqləri olduğundan sənədin həmin sahəyə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. İddia olunan torpağın sahəsi elektron kadastr məlumat bazasına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidə yerləşir. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısının ##.##.1999-cu il tarixli, *** saylı sərəncamı ilə iddiaçının istafədəsinə ayrılmış “xxxx” torpaq sahəsinin coğrafi yerləşmə mövqeyini müəyyənləşdirməyə imkan verən dəqiq istinad və məsafələr qeyd olunan cizgidə əks olunmuş, bununla da torpaq sahəsinin hüquqi statusu (təyinatı), konfiqurasiyası, koordinatlarının sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyəti müəyyən edilmişdir. İddia olunan torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasının mülkiyyətinə aid ərazidə yerləşir. Göstərilən sənədlər cavabdeh inzibati orqana təqdim edilməsinə baxmayaraq, cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır. Daha sonra Səbail Rayon İcra hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli, *** saylı sərəncamına aid olan Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşmə 17,68 ar “xxxx” torpaq sahəsi ərazidə yerləşdiyi qeyd olunur. Ona görə də qeyd edir ki, 17,68 ar “xxxx” torpaq sahəsi icra hakimiyyəti tərəfində Dövlət torpaqlarının hüdüdlarında qanununa uyğun ayrılmışdır. Hesab edir ki, imtina tamamilə əsassızdır.

9. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, təqdim edilmiş Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçının *** nömrəli ##.##.1999-cı il tarixli torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Həmçinin həmin sərəncamla sənədlər toplusuna əlavə edilmiş yerləşmə cizgiləri arasında sahəsinin yerləşmə ünvanı ilə bağlı uyğunsuzluq mövcuddur. Belə ki, sərəncamda ünvan “xxxx” kimi, cizgilərdə isə ”2-ci yaşayış massivi” kimi qeyd edilmişdir. Bundan başqa torpaq sahəsinə dair təqdim olunmuş yerləşmə cizgisində istinad məsafələr, peremetrik ölçülər və konfiqurasiyasında ciddi uyğunsuzluq olduğundan sənədlərin göstərilən torpaq sahəsinə aid olub-olunmaması müəyyən etmək mümkün olmamışdır. İdarənin mütəxəssisləri tərəfindən baxış keçirilən zaman şərti göstərilən torpaq sahəsinin faktiki ölçüsünün 1700 kv.m olduğu müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1- ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilir.

10. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin imtina məktubunda və iddiaya dair etirazında göstərilən – imtina üçün əsas olmuş dəlilləri məhkəmə əsassız hesab edir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil, torpaq ayırma sənədi ilə (Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli *** nömrəli sərəncamı) İddiaçı Badamdar qəsəbəsində mövcud olan “köhnə bağ” sahəsində fərdi evin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Əlavə edilmiş sxematik planın cizgiləri ilə iddia olunan torpaq sahəsinin konfiqurasiyasının üst-üstə düşdüyü müəyyən edilmişdir. Torpaq sahəsinin faktiki ölçüsü ilə hüquqi sənəd əsasında müəyyən edilmiş ölçüləri eynilik təşkil edir, torpaq sahəsi iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil. İddiaçı isə məhz qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatını tələb edir. Cavabdeh tərəfindən həmin hüquqmüəyyənedici sədədlərin qanunvericiliklə tələb olunan müvafiq sənədlərə uyğunluğu yoxlanılmadan, qanuni əsaslarla torpaq sahəsindən istifadə olmasına baxmayaraq, əsassız olaraq torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Eyni zamanda, sözügedən hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş sənədlərin mötəbərsizliyinə dair cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

12. Cavabdehin imtina məktubunda və iddiaya dair etirazında göstərilən – imtina üçün əsas olmuş dəlilləri, yəni təqdim edilmiş Səbail Rayon İcra Hakimiyyəti başçısının *** saylı, ##.##.1999-cu il tarixli sərəncamında torpaq sahəsinin ölçüsü qeyd olunmaması, həmin sərəncamda ünvan “xxxx” kimi, cizgilərdə isə “2-ci yaşayış massivi” kimi qeyd olunması halını məhkəmə əsassız hesab edir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

13. Qərardan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin *-*(***)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə iddia ərizəsi ilə oxşar məzmunda yazılı etiraz daxil olmuşdur. d) Prosses iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

18. Eyni zamanda məhkəmə Kollegiyası cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1in * saylı Bakı Ərazi İdarəsini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs ilə əvəz etmişdir.

19. Belə ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

20. Mülki Prosessual Məcəllənin 58.1.-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 135.4-cü maddəsinə əsasən, əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

22. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

23. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

28. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının *** saylı ##.##.1999-cu il tarixli sərəncamı əsasında iddiaçı İddiaçı ayrılmış 17 ar (1700 kv.m) “xxxx” torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1in * saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir.

29. Belə ki, məhkəmə tərəfindən müəyyən edillmişdir ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçının ##.##.1999-cu il tarixli *** nömrəli “Badamdar qəsəbəsində “köhnə bağ” sahəsinin sənədləşdirilməsi barədə” sərəncamına əsasən Badamdar qəsəbəsində mövcud olan “köhnə bağ” sahəsinin İddiaçı adına sənədləşdirilməsi və orada fərdi evin tikilməsinə icazənin verilməsinə dair sərəncam verilmişdir. İddiaçı cavabdehə həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir.

30. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli, *** nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

31. 1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar və 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

33. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

35. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir.

36. Cavabdehin imtina məktubunda və iddiaya dair etirazında göstərilən – imtina üçün əsas olmuş dəlilləri məhkəmə əsassız hesab edir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil, torpaq ayırma sənədi ilə (Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli *** nömrəli sərəncamı) İddiaçı Badamdar qəsəbəsində mövcud olan “köhnə bağ” sahəsində fərdi evin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Əlavə edilmiş sxematik planın cizgiləri ilə iddia olunan torpaq sahəsinin konfiqurasiyasının üst-üstə düşdüyü müəyyən edilmişdir. Torpaq sahəsinin faktiki ölçüsü ilə hüquqi sənəd əsasında müəyyən edilmiş ölçüləri eynilik təşkil edir, torpaq sahəsi iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil. İddiaçı isə məhz qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatını tələb edir. Cavabdeh tərəfindən həmin hüquqmüəyyənedici sədədlərin qanunvericiliklə tələb olunan müvafiq sənədlərə uyğunluğu yoxlanılmadan, qanuni əsaslarla torpaq sahəsindən istifadə olmasına baxmayaraq, əsassız olaraq torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Eyni zamanda, sözügedən hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş sənədlərin mötəbərsizliyinə dair cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

37. Cavabdehin imtina məktubunda və iddiaya dair etirazında göstərilən – imtina üçün əsas olmuş dəlilləri, yəni təqdim edilmiş Səbail Rayon İcra Hakimiyyəti başçısının *** saylı, ##.##.1999-cu il tarixli sərəncamında torpaq sahəsinin ölçüsü qeyd olunmaması, həmin sərəncamda ünvan “xxxx” kimi, cizgilərdə isə “2-ci yaşayış massivi” kimi qeyd olunması halını məhkəmə əsassız hesab edir.

38. Belə ki, məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının torpaq sahəsinin qonşuluqda yerləşən Səbail rayon İcra Hakimiyyəti Başçısının ##.##.1995-ci il tarixli *** nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsi “köhnə bağ” sahəsi qeyd edilsə belə, cizgidə “2-ci yaşayış massivi” kimi göstərilmişdir.

39. Göründüyü kimi torpaq sahəsinin ünvanın adında dəyişiklik olub. Bununla yanaşı məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş məktubdan bəlli olur ki, iddiaçının torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş sahə Səbail rayonu, Badamdar qəsəbəsi hüdudları daxilində yerləşir.

40. Cavabdehin digər dəlili - Səbail Rayon İcra Hakimiyyəti başçısının *** saylı, ##.##.1999cu il tarixli sərəncamında torpaq sahəsinin ölçüsünün qeyd olunmamasıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, sərəncamda torpaq sahəsinin ölçüsü qeyd edilməsə də, yerləşmə cizgisində torpaq sahəsinin ölçüsü göstərilməklə icra hakimiyyətinin sərəncamına istinad edilmişdir.

41. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

42. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## ### tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

43. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin ## ####### 2021-ci il tarixli F-*** nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin ## #### 2021-ci il tarixli **** nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.

44. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır və həmin dəlillərə yuxarıda hüquqi qiymət verilmişdir.

45. Əlavə olaraq məhkəmə Kollegiyası onu da qeyd edir ki, apellyasiya baxışı zamanı iş materiallarındakı məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının torpaq sahəsinin qonşuluqda yerləşən 64 və ** saylı torpaq sahəsinin yerləşmə cizgisində (İ/v-67) iddiaçının iddia etdiyi torpaq sahəsinin də cizgisi əks olunduğu, həmin cizginin iddiaçının təqdim etdiyi cizgi ilə (İ/v-8) eyni konturlara malik olduğu müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi həmin cizgidə isə torpaq sahəsinin ölçüləri göstərilmişdir.

46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

47. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar