Məhkəmə qərarları › İş №2-1(3-6)-3112/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-3112/2026

25.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-3112/2026 25.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdeh qarşı "yaşayış sahəsinin təyinatının dəyişdirilərək qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi" tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 71,65 kv.m olan yaşayış sahəsinin təyinatının dəyişdirilərək qeyri-yaşayış sahəsinə keçirilməsinə dair qərar qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ilə iddia rədd edilmişdir. Iddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Lakin apellyasiya şikayəti bunun üçün nəzərdə tutulmuş müddət buraxılmaqla verildiyinə və məhkəmənin təklifinə baxmayaraq, müddətin bərpası barədə ərizə verilmədiyinə görə Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının *-*(*-*)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmamış və həmin apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Bundan sonra iddiaçı Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2026cı il tarixli qərarından yenə apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair ərizə vermişdir. O, həmin ərizədə bildirmişdir ki, Bakı Inzibati Məhkəməsinin *- *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı iddiaçının elektron kabinetinə ##.##.2026cı ildə yerləşdirilmişdir. Iddiaçı tərəfindən həmin qərardan apellyasiya şikayəti ##.##.2026-cı ildə verilmişdir. Apellyasiya şikayətinin bir gün gec təqdim edilməsi iddiaçının iradəsindən və hərəkətsizliyindən irəli gəlməmişdir. Iddiaçı məhkəmə qərarından şikayət vermək niyyətində olmuş, öz hüquq və qanuni mənafelərinin müdafiəsi məqsədilə apellyasiya şikayətinin hazırlanmasını və qanunla müəyyən edilmiş müddətdə təqdim olunmasını vəkilə həvalə etmişdir. Lakin prosessual müddətin hesablanması zamanı vəkil tərəfindən yol verilmiş səhv və səhlənkarlıq nəticəsində apellyasiya şikayəti bir gün gec təqdim edilmişdir. Beləliklə, iddiaçı tərəfindən məhkəmə qərarından şikayət verilməsi ilə bağlı iradə və faktiki hərəkətlər mövcud olmuş, iddiaçı öz hüquqlarının müdafiəsi üçün vaxtında tədbirlər görmüşdür. Prosessual müddətin cüzi müddətə, cəmi bir gün ötürülməsi iddiaçının məhkəməyə müraciət etmək hüququndan bilərəkdən və ya əsassız şəkildə imtina etməsi ilə bağlı olmamışdır. Hazırkı halda prosessual müddətin buraxılması iddiaçının təqsiri və ya hərəkətsizliyi nəticəsində baş verməmiş, iddiaçı apellyasiya şikayətinin verilməsi üçün vaxtında hüquqi yardım almış və şikayətin təqdim edilməsini təmin etməyə çalışmışdır. Bundan əlavə, buraxılmış müddət cəmi bir gün təşkil etmiş, iddiaçının məhkəmə qərarından şikayət vermək iradəsi isə açıq şəkildə apellyasiya şikayətinin təqdim edilməsi ilə ifadə olunmuşdur. Bu hallar nəzərə alınmaqla, iddiaçının məhkəməyə müraciət etmək və məhkəmə aktından şikayət vermək hüququnun təmin edilməsi, habelə iş üzrə mübahisənin mahiyyəti üzrə apellyasiya instansiyası məhkəməsində araşdırılması məqsədilə buraxılmış prosessual müddətin bərpa edilməsi ədalətli və məqsədəuyğun hesab edilməlidir. Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, müddətin bərpası barədə ərizənin təmin edilməsi və apellyasiyanın mümkün sayılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Sadalanan normalardan görünür ki, birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində verilir. Müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı halda, həmin şəxs məhkəməyə buraxılmış prosessual müddətin bərpası barədə ərizə verə bilər. Ərizəyə prosessual müddətin buraxılmasında həmin şəxsin təqsirinin olmamasını təsdiq edən sübutlar əlavə edilməlidir. Bundan başqa, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin məhkəməyə verilməsi üçün də müddət müəyyən olunmuşdur. Belə ki, ərizə prosessual müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilə bilər. Iş materiallarından görünür ki, Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı iddiaçı İddiaçı "Elektron məhkəmə" informasiya sistemində olan elektron kabinetinə ##.##.2026-cı ildə yerləşdirilmiş və həmin gün onun "elektron ünvan 1" təsdiq edilmiş elektron poçt ünvanına "*-*(***)-****/**** nömrəli iş üzrə ##.##.2026 tarixli qərar elektron kabinetdə yerləşdirildi" məzmunlu məlumat göndərilmişdir. Qərardan apellyasiya şikayəti həmin gündən başlayaraq 30 gün müddətində, yəni ##.##.2026-cı ildən gec olmayaraq verilə bildiyi halda, ##.##.2026-cı ildə verilmişdir. Belə olan təqdirdə, apellyasiya şikayəti verilməsi müddəti buraxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli məktubu ilə həmin hallar iddiaçının diqqətinə çatdırılmış və ona izah edilmişdir ki, göstərilən prosessual müddət onun təqsiri olmadan buraxılmışdırsa, o, Bakı Apellyasiya Məhkəməsinə buraxılmış prosessual müddətin bərpası barədə ərizə verə bilər və həmin ərizəyə prosessual müddətin buraxılmasında təqsirinin olmamasını təsdiq edən sübutları əlavə etməlidir. Lakin iddiaçı məhkəməyə yazdığı ##.##.2026-cı il tarixli ərizədə apellyasiya şikayəti verilməsi müddətini ötürmədiyini bildirərək apellyasiya şikayətinin mümkün hesab olunmasını xahiş etmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Göstərilən qərardad ##.##.2026-cı ildə iddiaçının elektron kabinetinə yerləşdirilmiş və həmin gün elektron poçt ünvanına bu barədə bildiriş göndərilmişdir. Iddiaçı həmin qərardaddan qanunla müəyyən olunmuş müddət ərzində kassasiya şikayəti verməmiş və qərardad qanuni qüvvəyə minmişdir. Daha sonra ##.##.2026-cı ildə iddiaçı tərəfindən Bakı Inzibati Məhkəməsinin *-*(***)- ****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından yenidən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə verilmişdir. Lakin müəyyən edilmişdir ki, müddətin bərpası barədə ərizəyə müddətin iddiaçının təqsiri olmadan buraxıldığını, eləcə də həmin ərizənin prosessual müddətə əməl olunmasına mane olan halların aradan qalxdığı gündən 15 gün ərzində verildiyini təsdiq edən hər hansı sübut əlavə olunmamışdır. Prosessual müddətin bərpası barədə ərizəyə baxılması ##.##.2026-cı il saat 10.55-ə təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli məktubu ilə qeyd olunan hallar iddiaçının diqqətinə çatdırılmış və ona təklif edilmişdir ki, yuxarıda göstərilən sübutları həmin vaxtadək Bakı Apellyasiya Məhkəməsinə təqdim etsin və məhkəmə iclasında iştirak etsin. Lakin iddiaçı İddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmiş və məhkəmə iclasına gəlməmişdir. O, məhkəməyə ünvanladığı ##.##.2026-cı il tarixli müraciətdə ##.##.2026-cı il saat 10.55-ə təyin olunmuş mümkünlük iclasının vaxtı və yeri barədə məlumatlı olduğunu, iş üzrə mövqeyinin müddətin bərpası barədə əvvəlcə təqdim etdiyi ərizədə və iş materiallarında əks olunduğunu bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Göründüyü kimi, Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı iddiaçıya ##.##.2026-cı ildə təqdim olunmuş, o, qərardan apellyasiya şikayətini həmin gündən başlayaraq 30 gün müddətində, yəni ##.##.2026-cı ildən gec olmayaraq verə biləcəyi halda, ##.##.2026-cı ildə vermiş və bununla da prosessual müddəti buraxmışdır. Məhkəmənin etdiyi yazılı yardıma baxmayaraq iddiaçı müddətin bərpası barədə ərizə verməmiş, bu səbəbdən məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verməmiş və qərardad qanuni qüvvəyə minmişdir. Iddiaçı təkrar apellyasiya şikayətini və buraxılmış prosessual müddətin bərpası barədə ərizəni ##.##.2026-cı ildə vermişdir, halbuki həmin ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilə bilər. Məhkəmə kollegiyası iddiaçıya münasibətdə hansı tarixin "müddətə əməl olunmasına mane olan halların aradan qalxdığı gün" hesab edilməsi məsələsi ilə bağlı qeyd edir ki, apellyasiyanın mümkünlüyünün müzakirəsi ilə əlaqədar iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış ərizələrin birgə təhlilindən görünür ki, əvvəlcə o, ümumiyyətlə, müddəti buraxmadığını iddia etsə də, müddətin buraxılması səbəbindən apellyasiyanın mümkün sayılmaması barədə məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadından kassasiya şikayəti verməməklə məhkəmənin qeyd olunan mövqeyi ilə razılaşdığını nümayiş etdirmiş, müddətin bərpası barədə ##.##.2026-cı il tarixli ərizədə isə müddəti buraxdığını bildirmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qərarının iddiaçıya rəsmi qaydada təqdim olunduğu vaxtdan başlayaraq iddiaçının müddətə əməl etməsinə mane olan hər hansı hal mövcud olmamış və, deməli, aradan da qalxmamışdır. Belə olan təqdirdə, iddiaçı müddətin bərpası barədə ərizəni şikayət müddətinin başa çatdığı ##.##.2026-cı ildən sonrakı 15 gün ərzində verəcəyi halda, ərizənin əsaslılığı yoxlanıla bilərdi. Beləliklə, iddiaçı həm apellyasiya şikayəti verilməsi müddətini, həm də müddətin bərpası barədə ərizənin verilməsi müddətini buraxmışdır. Məhkəmə kollegiyası prosessual müddətin bərpası barədə iddiaçının ərizəsində göstərilmiş xüsusatlarla bağlı da mövqeyini bildirməyi zəruri sayır. Iddiaçı ərizədə bildirmişdir ki, apellyasiya şikayətinin gec təqdim edilməsi iddiaçının təqsirindən, iradəsindən və hərəkətsizliyindən irəli gəlməmiş, iddiaçı məhkəmə qərarından şikayət vermək niyyətində olmuş, öz hüquq və qanuni mənafelərinin müdafiəsi məqsədilə apellyasiya şikayətinin hazırlanmasını və qanunla müəyyən edilmiş müddətdə təqdim olunmasını vəkilə həvalə etmiş, lakin vəkil tərəfindən yol verilmiş səhv və səhlənkarlıq nəticəsində apellyasiya şikayəti gec təqdim edilmişdir. Kollegiya bununla razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 31.2-ci maddəsinə görə, prosessual nümayəndə prosessual hərəkətləri öz adından deyil, təmsil etdiyi şəxsin adından həyata keçirir. Belə olan halda, nümayəndənin yol verdiyi səhvin, yaxud səhlənkarlığın hüquqi nəticələri nümayəndə üçün deyil, məhz təmsil etdiyi şəxs üçün yaranmış olur. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsində buraxılmış prosessual müddətin bərpasının şərti kimi müddətin məhz inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxılması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 27.1-ci və 27.2-ci maddələrinə görə isə, inzibati məhkəmə icraatının iştirakçıları dedikdə tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər başa düşülür. Nümayəndələr inzibati məhkəmə icraatının iştirakçıları deyil, proses iştirakçıları hesab olunurlar. Müddətin bərpası barədə ərizənin digər dəlili bundan ibarətdir ki, buraxılmış prosessual müddətin cüzi (bir gün) olması nəzərə alınaraq, həmçinin, iddiaçının məhkəməyə müraciət etmək və məhkəmə aktından şikayət vermək hüququnun təmin edilməsi məqsədilə müddətin bərpa edilməsi ədalətli və məqsədəuyğun hesab olunmalıdır. Kollegiya qeyd edir ki, sadalanan hallar qanunvericilikdə buraxılmış prosessual müddətin bərpası üçün meyar kimi nəzərdə tutulmamışdır. Yəni buraxılmış müddətin uzun, yaxud qısa olması önəmli deyil. Burada yoxlanılmalı və nəzərə alınmalı olan əsas məsələ müddətin buraxılmasında inzibati məhkəmə icraatı iştirakçısının təqsirinin olub-olmamasıdır. Nəzərə alınmalıdır ki, prosessual müddətlərin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Iddiaçının məhkəmə aktından şikayət vermək hüququnun təmin edilməsinin zəruriliyi məsələsinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunvericilikdə bu hüququn reallaşdırılmasının dəqiq qaydası, o cümlədən şikayətin və müddətin bərpası barədə ərizənin verilə biləcəyi müddət müəyyən olunmuşdur. Həm şikayətin, həm də müddətin bərpası barədə ərizənin verilməsi müddətlərinin buraxılmasında iddiaçının təqsirinin olmamasının müəyyən edilmədiyi halda, iddiaçının göstərilən hüququnun təmin edilməsi məqsədilə şikayət müddətinin bərpa edilməsi həm hüquqi müəyyənlik prinsipinə, həm də Inzibati Prosessual Məcəllənin 24.2-ci maddəsinə zidd olar. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı müddətin bərpası barədə ərizəni Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 24.2-ci maddəsində nəzərdə tutulmuş 15 gün ərzində vermədiyinə və iddiaçının ərizədə göstərdiyi səbəblər üzrlü olmadığına görə həmin ərizə təmin edilməməli, iddiaçının apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi haqqında iddiaçı İddiaçı ##.##.2026cı il tarixli ərizəsi təmin edilməsin. Həmin qərardan iddiaçı İddiaçı tərəfindən ##.##.2026-cı ildə verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar