Məhkəmə qərarları › İş №2-1(3-6)-314/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-314/2026

11.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(3-6)-314/2026 11.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X2 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinə qarşı “iddiaçının oğluna şəhid statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9553/2025 nömrəli, 03 oktyabr 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu X1 şəhid statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-9553/2025 nömrəli, 03 oktyabr 2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qərardan apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, şikayət ərizəsinin gecikməsi onun xəstəxanada olması ilə bağlıdır. Üç gün xəstəxanada yatdığı üçün tarixi düzgün bildirməmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin dinlənilmə hüququnu təmin etməklə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı prosessual müddətin buraxılmasının səbəblərinin üzrlü hesab edilərək buraxılmış prosessual müddətin bərpa edilməsini və apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin mümkün sayılıb-sayılmaması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, ərizəni və apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ərizə təmin edilməməli, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9553/2025 nömrəli, 03 oktyabr 2025-ci il tarixli qərarını İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə rəsmi olaraq qəbul etmişdir, apellyasiya şikayətini isə xx.xx.2026-cı ildə məhkəmənin dəftərxanasına təqdim etmşdir. Göründüyü kimi, qanunla müəyyən edilmiş qərardan şikayət vermə müddəti (30 gün) iddiaçı tərəfindən buraxılmışdır (04 gün). Apellyasiya şikayəti məhkəməyə daxil olduqdan sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddiaçıya məktub göndərilərək qərardan apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə və sübutların məhkəməyə təqdim edilməsi bildirilmişdir. İddiaçı buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəni və Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2026-cı il tarixli arayışını məhkəmə təqdim etmişdir. Həmin arayışa əsasən iddiaçı «sağ aşıq-baldır oynağının əzilməsi» diaqnozu ilə xx.xx.2026-cı ildə Azərbaycan Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəmə qərarının surətini xx.xx.2025-ci il tarixdə rəsmi olaraq almışdır. Həmin tarixdən iddiaçının qərardan şikayət etmək hüququ vardır. İddiaçının təqdim etdiyi arayışdan isə görünür ki, o, xx.xx.2026-cı ildə Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət etmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.2025-ci ildən hesablanmaqla 30 gün ərzində apellyasiya şikayəti vermək hüququnun və imkanının olmasına baxmayaraq, bu müddət ərzində apellyasiya şikayəti verməmiş, daha sonra isə müddəti buraxmışdır. İddiaçının təqdim etdiyi arayışdan görünür ki, həm qeyd olunan İnstituta müraciət etdiyi tarix, həm də diaqnoz baxımından o, prosessual müddəti buraxmadan özü və ya nümayəndəsi vasitəsi ilə məhkəmə qərarından apellyasiya şikayəti vermək imkanına malik olmuşdur. İddiaçının ərizədə qeyd etdiyi hallar və təqdim etdiyi arayış prosessual müddətin buraxılmasının səbəblərinin üzrlü hesab edilməsi üçün əsas hesab edilmir. Hazırda iddiaçı müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı digər sübutları məhkəməyə təqdim edə bilmədi. Buna görə də buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət üzrsüz səbəbdən ötürülmüşdür və apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Buna görə də iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli, iddiaçının qərardan verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9553/2025 nömrəli, 03 oktyabr 2025-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar