Məhkəmə qərarları › İş №2-1(3-6)-328/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-328/2026

17.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-328/2026 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair işi üzrə Açar sözlər: (mülkiyyət hüququnun qeydiyyata alınması) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Pərviz Aktiv oğlu və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs) “çıxarışın verilməsi” haqqında iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı cavabdehə müraciət edərək Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli *** saylı Qərarına əsasən Binəqədi rayonu, 7-ci mikrorayon, **** saylı məhəllədə geri almış 600 kv.m. torpaq sahəsinə əlavə 500 kv.m. qatılaraq ümumi sahəsi 1100 kv.m-dən ibarət torpaq sahəsinin mülkiyyət hüququ əsasında onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqi qeydiyyata alınmaqla müvafiq çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Cavabdeh ##.##.2025-ci il tarixli məktubla tələbin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtinasını onunla əslandırmışdır ki, torpaqların X3 İnformasiya Sistemində Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə məlumat mövcud olmadığından ərizənizin icrası tərəflərindən mümkün olmamışdır. Bundan başqa torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli *** saylı Qərarına əsasən Binəqədi rayonu, 7-ci mkr., **** saylı məhəllədə geri almış 600 kv.m. torpaq sahəsinə əlavə 500 kv.m. qatılaraq ümumi sahəsi 1100 kv.m-dən ibarət torpaq sahəsinin mülkiyyət hüququ əsasında iddiaçının adına Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqi qeydiyyata alınmaqla müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli *** saylı Qərarına əsasən Binəqədi rayonu, 7-ci mkrnu, **** saylı məhəllədə geri almış 600 kv.m. torpaq sahəsinə əlavə 500 kv.m. qatılaraq ümumi sahəsi 1100 kv.m. ibarət torpaq sahəsi alqı-satqı yolu ilə idiaçının mülkiyyətinə ayrılmış və halhazırda onun istifadəsindədir. Qeyd olunan torpaq sahəsinin situasiya planı Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən tərtib və təsdiq edilmişdir. Lazımı sənədləri toplayıb qanuni istifadəsində olan 1100 kv.m. torpaq sahəsinin hüquqi qeydiyyata alınmasına dair çıxarışın və texniki pasportun verilməsi məqsədi ilə 15.01.20025-ci il tarixdə ********** saylı ərizə ilə Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Resyestri publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh təşkilat ##.##.2025-ci il tarixli 3-21-3- 30/2-Y-0010-8/2025 ************ saylı cavab məktubunda torpaq sahəsinə dair DTXK X5 Uçotu İnformasiya Sistemində Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə məlumat mövcud olmadığından ərizənin icrası mümkün olmadığını, bundan başqa torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış səlahiyyətli şəxs tərəfindən imzalanmadığı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 15.1.2-ci maddəsinə əsasən (hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilikdə müəyyən edilmiş tələblərə uyğun olmaması) hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Hesab edir ki, Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Resyestri publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinin hərəkəti qanuna ziddir və təqdim etdiyi sənədlər qanunvericiliyə əsasən ona məxsus torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması üçün əsasdır. Belə ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli *** saylı Qərarına əsasən Binəqədi rayonu, 7-ci mkr-nu, **** saylı məhəllədə geri almış 600 kv.m. torpaq sahəsinə əlavə 500 kv.m. qatılaraq ümumi sahəsi 1100 kv.m. ibarət torpaq sahəsi alqı-satqı yolu ilə onun mülkiyyətinə ayrılmışdır. Həmin vaxtdan etibarən torpaq sahəsindən sahiblik, istifadə hüquqlarını həyata keçirir. Vaxtı-vaxtında bələdiyyə vergilərini ödəyir. Lakin mülkiyyət hüquqları qeydə alınmadığından əmlakı üzərində sərəncam vermək hüquqları məhdudlaşdırılmışdır. Onu da qeyd edir ki, torpaq sahəsinin situasiya planı Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən tərtib və təsdiq edilmişdir. Bu səbəbdən qanuni istifadəsində olan torpağın hüquqi qeydiyyata alınması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, sözügedən torpaq sahəsinə dair texniki pasportun və çıxarışın verilməsi vəzifəsi cavabdeh təşkilatın üzərinə qoyulmalıdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilmişdir. İddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatlarına əsasən sahə dövlət mülkiyyəti torpağı olmaqla sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir (uqodiyası-parklar, stadionlar). Eləcə də, sahəyə dair təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad, istinad məsafələri qeyd olunmamış, perimetrik ölçü və konfiqurasiyada fərqlər mövcuddur. Bundan əlavə göstərilən torpaq sahəsinə digər şəxsin (İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs) və Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti qeydə alınmışdır. Belə ki, hal-hazırda İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs müraciəti ilə bağlı inzibati iş 2-1(112)-2861/2025 nömrəsi ilə Bakı İnzibati Məhkəməsinin icraatındadır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ### tarixli, *** nömrəli qərarı ilə tənzimlənir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Ləman Musayeva) iddia tələbi rədd edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli *** saylı Qərarına əsasən Binəqədi rayonu, 7-ci mikrorayon, **** saylı məhəllədə geri almış 600 kv.m. torpaq sahəsinə əlavə 500 kv.m. qatılaraq ümumi sahəsi 1100 kv.m. ibarət torpaq sahəsi alqı-satqı yolu ilə onun mülkiyyətinə ayrılmışdır. Həmin vaxtdan etibarən torpaq sahəsindən sahiblik, istifadə hüquqlarını həyata keçirir. Vaxtlı-vaxtında bələdiyyə vergilərini ödəyir. Lakin mülkiyyət hüquqları qeydə alınmadığından əmlakı üzərində sərəncam vermək hüquqları məhdudlaşdırılmışdır. Torpaq sahəsinin situasiya planı Binəqədi rayonu, Binəqədi Bələdiyyəsi tərəfindən tərtib və təsdiq edilmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı iştirak etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.1-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir; 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Torpaq Məcəlləsinin: 5-ci maddəsinə əsasən: 2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin maddənin 3-cü hissəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. 3-cü hissəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 4-cü hissəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Torpaq Məcəlləsinin 47-ci maddəsinin 7-ci hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. “Torpaq islahatı haqqında” Qanunun: 6-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət mülkiyyətində saxlanılan torpaqların siyahısı müəyyən edilir. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları... ...Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada): 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyin alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il ## ###### tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ##.##.2001-ci il tarixli Fərmanı: Bənd. 2. Həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyrikənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikasının 2002-ci il ## #### tarixli, ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada):

7. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.

“Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən dövlət torpaq kadastrı — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına (Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) təqdim edilməsi məcburidir. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin Qanunun 7-ci maddəsinə görə dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır.

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il ## ### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”nın: 7-ci hissəsinə əsasən Azərbaycan Respublikasının 2009-cu il ## ###### tarixli, ***-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”nin 3.4.5-ci bəndinə əsasən bələdiyyələrin hüdudlarındakı torpaqların torpaq sahəsi kimi dövlət torpaq kadastrı məlumatlarının dürüstləşdirilməsi (dəqiqləşdirilməsi) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır (bənd 7.1). Bələdiyyələrin Dövlət reyestrinə daxil edilmiş bələdiyyələrin xəritələrində onların ərazisi (o cümlədən, sərhədləri, döngə nöqtələri və onların koordinatları) barədə məlumatlar dövlət torpaq kadastrının aparılması üçün əsas götürülür (bənd 7.2). “İnzibati icraat haqqında” Qanun: Maddə 65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt...

İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırkı mübahisənin həlli üçün ilk növbədə müəyyən edilməli məsələ iddiaçının istinad etdiyi Binəqədi Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli *** saylı qərarının mübahisəli 1100 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli hüquqi əsas yaradıb-yaratmamasıdır. Bu məsələ isə öz növbəsində, həmin torpaq sahəsinin qərarın qəbul edildiyi vaxt bələdiyyənin sərəncam vermək səlahiyyətində olan torpaqlara aid olub-olmamasının müəyyən edilməsini tələb edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi bələdiyyə orqanının aktını dövlət qeydiyyatı üçün əsas kimi tanısa da, normanın mətnindən göründüyü kimi, söhbət məhz bələdiyyəyə məxsus daşınmaz əmlak barədə bələdiyyənin qanunla müəyyən edilmiş qaydada qəbul etdiyi aktdan gedir. Buna görə də, bələdiyyə qərarının formal olaraq mövcudluğu özlüyündə qeydiyyat üçün kifayət etmir. Həmin aktın qeydiyyata əsas ola bilməsi üçün bələdiyyənin qərarın predmetini təşkil edən torpaq sahəsi üzərində sərəncam vermək səlahiyyətinə malik olması da müəyyən edilməlidir. Qanunun 10.2.1-ci maddəsində 8-ci maddədə nəzərdə tutulan əsaslardan birinin kifayət etməsinə dair qayda da yalnız həmin maddənin tələblərinə cavab verən hüquqmüəyyənedici sənədə münasibətdə tətbiq oluna bilər. İş materiallarından görünür ki, cavabdehin istifadə etdiyi elektron kadastr məlumatlarında mübahisəli sahə dövlət mülkiyyətində olan, sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq kimi göstərilmiş, torpaq uqodiyası isə “parklar, stadionlar” kimi qeyd edilmişdir. Bundan başqa, ## ### 2025-ci il tarixli müayinə aktına əsasən torpaq sahəsi Dərnəgül metrostansiyasının çıxışından 9,8 metr məsafədə, yaşıllıq ərazidə yerləşir, sahədə ağaclar mövcuddur, təqdim edilmiş yerləşmə cizgisinin konfiqurasiyası və perimetrik ölçüləri faktiki vəziyyətlə uyğun gəlmir, cizgidə dəqiq istinad nöqtələri və məsafələr göstərilməmişdir. İşdə mübahisəli sahənin bələdiyyə mülkiyyətinə verildiyini və ya onun bələdiyyə torpaqlarının tərkibinə daxil olduğunu təsdiq edən mötəbər məlumat isə müəyyən edilmir. Kollegiya bu baxımdan qeyd edir ki, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması yalnız bələdiyyənin həmin sahə barədə qərar qəbul etməsi faktından çıxarıla bilməz. Torpaq Məcəlləsinin 5-ci, 46-cı və 47-ci maddələri, eləcə də “Torpaq islahatı haqqında” Qanunun 6 və 7-ci maddələri dövlət və bələdiyyə torpaqlarının hüquqi rejimini və onların bir-birindən ayrılmasının əsaslarını müəyyən edir. Bələdiyyənin torpaq sahəsi üzərində sərəncam vermək səlahiyyəti yalnız həmin torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq bələdiyyə mülkiyyətinə aid olduğu halda yarana bilər. Eyni yanaşma mübahisəli bələdiyyə qərarının qəbul edildiyi vaxt qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0.1 və 6.5-ci maddələrindən də irəli gəlir. Həmin normalara görə bələdiyyə yalnız öz mülkiyyətində olan torpaqlara sahiblik etmək, onlardan istifadə etmək və onlar barədə sərəncam vermək səlahiyyətinə malik olmuş, torpaq sahəsinin mülkiyyətə verilməsi isə müvafiq icra hakimiyyəti orqanlarının rəyi alınmaqla torpaqayırma qaydasında həyata keçirilməli idi. Deməli, bələdiyyə qərarının hüquqi nəticə doğurması üçün təkcə qərarın qəbul edilməsi deyil, onun bələdiyyənin sərəncam səlahiyyətinə aid torpaq barədə və qanunla müəyyən edilmiş prosedura uyğun qəbul edilməsi tələb olunurdu. Bu səbəbdən iş üzrə həlledici məqam torpaq sahəsinin Dərnəgül metrostansiyasının yaxınlığında yerləşməsi və ya qonşu sahələrin dövlət qeydiyyatından keçməməsi deyil. Həmin hallar yalnız digər sübutlarla birlikdə qiymətləndirilə bilər. Həlledici hüquqi əhəmiyyət kəsb edən hal ondan ibarətdir ki, iş materiallarında mübahisəli sahənin bələdiyyə mülkiyyətinə verilməsini təsdiq edən əsas müəyyən olunmur, mövcud kadastr məlumatları isə sahəni dövlət mülkiyyətində olan torpaq kimi göstərir. İddiaçının istinad etdiyi ## ###### 2005-ci il tarixli qərarın özünün mövcudluğu bu çatışmazlığı aradan qaldırmır, çünki mübahisə məhz bələdiyyənin həmin torpaq üzərində sərəncam vermək səlahiyyətinin olub-olmaması ilə bağlıdır. İnzibati aktın səlahiyyət ünsürü baxımından da nəticə dəyişmir. İnzibati orqanın səlahiyyəti onun qanunla müəyyən edilmiş zaman, məkan, subyekt və predmet sərhədləri daxilində qərar qəbul edə bilməsini ifadə edir. Bələdiyyənin ümumən torpaq münasibətləri sahəsində müəyyən səlahiyyətlərə malik olması ona dövlət mülkiyyətində olan torpaq sahəsi barədə sərəncam vermək hüququ vermir. Buna görə də bələdiyyənin sərəncam səlahiyyətinə aid olmayan torpaq barədə qəbul edilmiş akt qeydiyyat orqanı üçün həmin torpaq üzərində xüsusi mülkiyyət hüququnun yaranmasını təsdiq edən yetərli hüquqi əsas sayıla bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsi də hüququn əldə edilməsini təsdiq edən sənədlərin qanunla müəyyən edilmiş tələblərə uyğun olmasını tələb edir. Həmin Qanunun 15.1.5-ci maddəsinə görə isə daşınmaz əmlak barədə təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda dövlət qeydiyyatından imtina edilə bilər. Hazırkı işdə müəyyən edilmiş hallar məhz bu hüquqi maneənin mövcudluğunu göstərir. Kollegiya iddiaçının apellyasiya şikayətində istinad etdiyi arqumentləri də bu baxımdan əsaslı hesab etmir. İddiaçının uzun müddət torpaq sahəsindən faktiki istifadə etməsi, bələdiyyə vergilərini ödəməsi və bələdiyyə tərəfindən situasiya planının tərtib edilməsi həmin torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün qanunda nəzərdə tutulmuş hüquqi əsası əvəz etmir. Faktiki istifadə və vergi ödənişi torpaq sahəsinin bələdiyyəyə məxsus olmasını və bələdiyyənin həmin sahəni xüsusi mülkiyyətə vermək səlahiyyətini özlüyündə təsdiq etmir. Bundan əlavə, torpaq sahəsinin yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında konfiqurasiya və perimetrik ölçülər üzrə fərqlərin olması, cizgidə dəqiq istinad və məsafələrin göstərilməməsi də qeydiyyata təqdim edilmiş sənədlərin konkret daşınmaz əmlak obyektini eyniləşdirməsi baxımından ayrıca əhəmiyyət daşıyır. Mülkiyyət hüququnun dövlət qeydiyyatı konkret sərhədləri və koordinatları müəyyən edilə bilən daşınmaz əmlaka münasibətdə aparıldığından, hüquqmüəyyənedici sənədlə faktiki sahənin eyniliyinə dair belə uyğunsuzluqlar da iddiaçının birbaşa çıxarış verilməsi tələbinin əsaslı hesab edilməsinə imkan vermir. Digər tərəfdən, hətta şərti olaraq mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğu qəbul edilsə belə, iş materiallarında onun torpaq uqodiyasının “parklar, stadionlar” kimi göstərilməsi ayrıca hüquqi maneə yaradır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinə əsasən parkların, meşə-parkların, stadionların, idman meydançalarının və digər ümumi istifadədə olan obyektlərin yerləşdiyi bələdiyyə torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Buna görə də, sahənin bələdiyyə mülkiyyətində olması barədə iddiaçının mövqeyi qəbul edilsə belə, işdəki mövcud məlumatlar həmin sahənin xüsusi mülkiyyətə verilməsinin qanunla yol verilən olub-olmadığına dair ayrıca maneənin mövcudluğunu göstərir. Beləliklə, iş üzrə sübutların və tətbiq edilməli hüquq normalarının qarşılıqlı əlaqədə qiymətləndirilməsi göstərir ki, iddiaçının istinad etdiyi ## ###### 2005-ci il tarixli *** saylı bələdiyyə qərarı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarış verilməsi üçün yetərli hüquqi əsas təşkil etmir. Buna görə cavabdehin qeydiyyatdan imtinası iddiaçının tələb etdiyi nəticə baxımından qanunsuz hesab edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində həmin nəticənin dəyişdirilməsini zəruri edən hüquqi və faktiki əsaslar göstərilmədiyindən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar