Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(3-6)-330/2026 05.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı X2 cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasından tutulmaların qanunsuz hesab edilməsi və s” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddiaçı tərəfindən verilmiş məhkəmə qərarına izah verilməsi haqqında Bakı İnzibati Məhkəməsinin 04 dekabr 2025-ci il tarixli, 2-1(112)-1938/2024 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının tam bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən “cavabdehin 12 may 2023-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və əmək pensiyasının əvvəlki məbləğinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 2-1(112)-1938/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qərar ilə iddianın təmin edilmiş, cavabdehin 12 may 2023-cü il tarixli, 3-17-1/3-3-10321/2023 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının qanunsuz hesab edilərək ləğv edilmiş, iddiaçıya təyin olunmuş əmək pensiyasının əvvəlki məbləğinin bərpa edilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2-1(103)-760/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, qərar qüvvədə saxlanılmışdır. Həmin qərardan verilmiş kassasiya şikayəti isə Ali Məhkəmənin 07 may 2025-ci il tarixli qərardadı ilə mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmişdir. Qərar qanuni qüvvəsini aldığından icra edilməsi üçün cavabdehə göndərilmişdir. Sonradan iddiaçı ərizə ilə müraciət edərək məhkəmə qərarı əsasında ödənilməli olan 64828,92 manat fərq məbləğinin 01 iyul 2025-ci il tarixdən 31 avqust 2027-ci il tarixədək dövr üzrə hər ay 2493,42 manat olmaqla əmək pensiyasının üzərinə əlavə edilərək köçürülməsinin cavabdeh tərəfindən nəzərdə tutulduğunu bildirmişdir. İddiaçı qeyd edir ki, Qanunun 32.1-1-ci maddəsi hazırkı məhkəmə qərarının icrası ilə bağlı tətbiq edilə bilməz. Hazırkı inzibati mübahisə inzibati orqanın səhvi nəticəsində yaranmışdır. Ona görə də ödəniş birdəfəlik ödənilməlidir. Cavabdehin 15 iyul 2025-ci il tarixli məktubunda qeyd edilir ki, iddiaçının pensiyası məhkəmə qərarının icrası çərçivəsində 3320,10 manat məbləğində müəyyən edilmiş, ödənilməli olan 64828,92 manat fərq məbləği müəyyən edilmişdir ki, Qanunun 32.1-1-ci maddəsinə əsasən həmin məbləğ 01 iyul 2025-ci il tarixdən 31 avqust 2027-ci il tarixədək dövr üzrə hər ay 2493,42 manat olmaqla əmək pensiyasının üzərinə əlavə edilərək kart hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəmə qərarına izah verilməsi barədə ərizə təqdim edərək hazırkı iş üzrə qəbul edilmiş yekun məhkəmə qərarının ödənilməli olan məbləğin birdəfəlik ödənilməsi formasında icra edilməsi kimi izah verilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 2-1(112)-1938/2024 nömrəli, 04 dekabr 2024-cü il tarixli qərardadı ilə məhkəmə qərarına izah verilməsi barədə ərizə təmin edilərək Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi yekun qərarında ödənilməli olan pensiya fərq məbləğinin birdəfəlik formada iddiaçıya cavabdeh tərəfindən ödənilməsinin ehtiva edildiyi izah edilmişdir. Həmin qərardaddan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin qərara izah verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli 2-1(112)- 1938/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 27 avqust 2024-cü il tarixli 2-1(112)-1938/2024 nömrəli qərarının icrası məqsədilə tərəfimizdən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanmaqla 3320,10 manat məbləğində müəyyən edilərək məhkəmə qərarının icrası başa çatdırılıb. Həmçinin ona ötən dövr üzrə ödənilməli olan 64828,92 manat fərq məbləği hesablanmışdır. Həmin məbləğin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünməklə xx.xx.2025-xx.xx.2027-ci il tarixləri arasındakı dövr ərzində hər ay 2493,42 manat olmaqla adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub. Göründüyü kimi, qanunvericilikdə ötən dövr üzrə hesablanmış pensiya məbləğinin birdəfəlik ödənilməsi nəzərdə tutulmayıb. Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadına əsasən Qanunun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğundan, İddiaçı yaranmış fərq məbləği onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ötən dövrdəki ayların sayına bölünməklə ödənilməlidir. Eyni zamanda, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Lakin Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd edilənlənləri nəzərə almadan əsassız olaraq qərara izah vermişdir. Prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini Bakı İnzibati Məhkəməsinin qərara izah verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli 2-1(112)-1938/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin qərara izah verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli 2-1(112)-1938/2025 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə: 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəlləsinin: 230.1-ci maddəsinə görə işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə borcludur. 230.3-cü maddəsinə əsasən, qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Qüvvədə olan qanunvericiliyin tələblərindən irəli çıxaraq Məhkəmə qeyd etmək istəyir ki, hazırki halda qərarın (qətnamənin) izah olunmasına yalnız o halda yol verilir ki, həmin qərar icra edilməmiş olsun. Bu onunla əlaqədardır ki, qərar məhz onun icrasını təmin etmək üçün izah olunur və qərar icra edildikdən sonra onun izah olunması qərarın icrasına qədərki və ondan sonraki vəziyyəti dəyişmir. Şərh olunan maddəni tətbiq edərkən nəzərə almaq lazımdır ki, bu maddədə qərarın icra edilməməsi dedikdə onun tam icra edilməməsi başa düşülməlidir. Odur ki, qərarın qismən icra edilməsi onun icra edilməmiş hissəsində izah olunmasını istisna etmir. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlili odur ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 27 avqust 2024-cü il tarixli 2-1(112)-1938/2024 nömrəli qərarının icrası məqsədilə tərəfimizdən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanmaqla 3320,10 manat məbləğində müəyyən edilərək məhkəmə qərarının icrası başa çatdırılıb. Həmçinin ona ötən dövr üzrə ödənilməli olan 64828,92 manat fərq məbləği hesablanmışdır. Həmin məbləğin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünməklə xx.xx.2025xx.xx.2027-ci il tarixləri arasındakı dövr ərzində hər ay 2493,42 manat olmaqla adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub. Göründüyü kimi, qanunvericilikdə ötən dövr üzrə hesablanmış pensiya məbləğinin birdəfəlik ödənilməsi nəzərdə tutulmayıb. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Bunu belə, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi məqsədəuyğun hesab edir. İşin faktiki hallarından da göründüyü kimi, pensiyanın azaldılmasında iddiaçının hər hansı bir təqsiri olmamış onun hüquqları məhkəmə qaydasında bərpa edildikdən sonra hazırkı cavabdeh tərəfindən də ona pensiya ödənişləri əvvəlki məbləğə uyğun həyata keçirilməyə başlanılmışdır. Nəzərə alınmalıdır ki, mübahisə üzrə cavabdeh tərəfindən istinad edilən norma hüquqların yaranmasını özündə ehtiva edir, hazırkı mübahisə hüquqların yaranmasından deyil, pozulmuş hüquqların bərpasından ibarətdir. Bu halda isə iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir. Qeyd olunan hüquqi mövqe Ali Məhkəmənin 2-1(102)-1237/2025 saylı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarında da ifadə edilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, mübahisələndirmə haqqında iddia İPM-in 2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən biri olmaqla, inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsini ehtiva edir. Nəzərə alınmalıdır ki, bu növ iddialarda qüvvədə olan qanunvericilik vətəndaşlara inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması barədə ərizə ilə müraciət etmək hüququ vermişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 04 dekabr 2025-ci il tarixli, 2-1(112)-1938/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və İPM-in 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 dekabr 2025-ci il tarixli, 2-1(112)-1938/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(3-6)-330/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-330/2026
05.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver