Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(3-6)-336/2026 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı, X7 və X5 üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası X9 Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, üçüncü şəxs X1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı, X7 və X5 üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-8591/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə xx.xx.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı ünvan 1 ünvanına dair çıxarışın ləğv edilməsi ilə bağlı ilə xx.xx.2025-ci il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə etdiyi müraciət, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edilməli olduğu əsası ilə cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla təmin edilməmişdir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, bacısı və qardaşının razılığı olmadan X2 M.Rüstəmov küçəsi ev 24, mənzil 12 ünvanında yerləşən paylı mülkiyyətə qeyri-qanuni aldığı çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə, hazırkı iş üzrə X7 və X1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. Daha sonra, iddiaçı tərəf iddianın dəyişdirilməsi barədə ərizə verərək, ünvan 1 ünvana dair mənzil üzərində X3 adına aparılmış mülkiyyət hüququna dair qeydin ləğv edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı doğulandan sonra atası Ehtibar Baxışov işlədiyi müəssisədə ev növbəsinə götürülərək, ünvan 2 ünvanda yerləşən 3 otaqlı mənzil ailəsinə verilmişdir. İlk dəfə 16 yaşında o ünvan üzrə qeydiyyata alınmış, orada böyümüş, ordu sıralarına getmiş, qayıdıb həmin ünvanda yaşamışdır. Həmin ünvanda qeydiyyatdadır. Bakı İnzibati Məhkəməsindən bildiriş göndərilərək məhkəmə iclasında iştirak etməsi bildirilmiş, bu ona gözlənilməz olmuş, maraqlanmış və ona məlum olmuşdur ki, atası, onun, bacısının, qardaşının razılıq ərizələri olmadan ailəyə verilən mənzili özəlləşdirmiş və digər qardaşı Zülfüqar Baxışova bağışlamışdır. Həmin şəxs mənzilin mülkiyyətçisi özünü hesab etmiş və iddiaçının qeydiyatdan çıxarılmasını məhkəmədən tələb etmişdir. Onun xəbəri və razılığı olmadan pay keçmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Bakı ş., M.Rüstəmov küç., ev 24, 12 nömrəli mənzillə bağlı Baxışov Ehtibar və Baxışov Zülfüqar arasında bağlanılmış 29 iyun 2006-cı il tarixli müqavilə əsasında sonuncuya bağışlanılmış, hal-hazırda onun mülkiyyətindədir. Qanunvericiliyin tələbinə əsasən hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Üçüncü şəxsin etirazları: Üçüncü şəxs X5 iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı mənzilin özəlləşdirilməsində iştirak etmək hüququ olmayan şəxs olduğundan hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyil. Mənzilin özəlləşdirilməsindən 27 il ötür. Bu illər ərzində mənzilin özəlləşdirilməsindən iddiaçının məlumatının olmaması mümkün deyil. İddiaçı xx.xx.2006-cı il tarixdə mənzilə, mənzilin 2005-ci ildən mülkiyyətçisi olan qardaşı X1 razılığı olmadan, qanunsuz olaraq qeydiyyata düşmüşdür. İddiaçıya məlum olmuşdur ki, mənzil qardaşı X1 mülkiyyətindədir və onun mənzilə qeydiyyata düşməsi üçün mülkiyyətçi X1 razılığı (razılıq ərizəsi) olmalıdır. İddiaçı bu səbəbdən xx.xx.2006-cı il tarixdə həmin razılıq ərizəsi olmadan mənzilə qanunsuz olaraq qeydiyyata düşmüş və bu zaman təbii olaraq bilmişdir ki, mənzil əvvəlcə özəlləşdirilmişdir ki, sonradan X1 mülkiyyətinə keçmişdir. Mənzilin 1998-ci ildə özəlləşdirilməsindən, əlbəttə ki, hamının, o cümlədən iddiaçının da məlumatı olmuşdur, mənzilin ona bağışlanmasından və hətta buna qədər, mənzilin ona bağışlanacağından da, hələ mənzil özəlləşdirilməmişdən əvvəl, hamının məlumatı olmuşdur. İddiaçının mülkiyyətçi X1 razılığı, məlumatı olmadan mənzilə qeydiyyata düşməsindən isə 19 il keçmişdir. Azərbaycan Respublikası İPM-nin 38-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi iddiaçı qaldırdığı mübahisə ilə bağlı hər hansı tələblə inzibati qaydada məhkəməyə müraciət etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti də ötürmüşdür. Digər üçüncü şəxs iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-8591/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin həmin qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və sözügədən mənzilin çıxarışının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı atası Baxışov Ehtibarın ailəyə Sovet Höküməti tərəfindən verilən paylı mülkiyyəti orderdə adı olan iddiaçının, bacısının, qardaşının razılıq ərizələri olmadan qeyri-qanuni yolla özəlləşdirib digər qardaşı Baxışov Zülfüqara bağışlamasını, arvadı və övladların da qeydiyyatda olduğu ata evinin satılmasından sonra bilmişdir. O ailə üzvləri ilə birlikdə qeydiyyatda olduğu M.Rüstəmov küçəsi ev 24 mənzil 12-də ailəsinə məxsus olan paylı mülkiyyətə qeydiyyata salmaq istəyən zaman məlum oldu ki, atası onun, bacısının, qardaşının razılıq ərizələri olmadan mənzili qeyri-qanuni yolla özəlləşdirib, digər qardaşı B.Zülfüqara bağışlayıb. Səbəb kimi göstərdilər ki, iddiaçı həmin vaxt qeydiyyatda olmamışdır. Ancaq o heç vaxt sözügedən mənzildən qeydiyyatdan çıxmamışdır. Apellyasiya icraatı zamanı xx.xx.2026-cı il tarixli məhkəmə iclasında məhkəmə kollegiyasının protokol qaydasında qəbul etdiyi qərardadla, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi hüquq varisi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi və digər üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsi və digər üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı 04368728 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1966-cı il tarixdə Kəlbəcər şəhərində doğulmuş və ünvan 4 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır; xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, ünvan 2 X6 tərəfindən X4 bağışlanmışdır; Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 90 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.1973-cü il tarixdə qeydiyyata düşmüş, xx.xx.1985-ci il tarixdə qeydiyyatdan çıxmış, xx.xx.1987-ci il tarixdə qeydiyyata düşüb, xx.xx.1989-cu il tarixdə qeydiyyatdan çıxıb, xx.xx.1990-cı il tarixdə qeydiyyata düşüb, xx.xx.1993-cü il tarixdə qeydiyyatdan çıxıb və xx.xx.2006-cı il tarixdən göstərilən ünvanda qeydiyyatdadır; 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilir ki, ünvan 6 ünvanda yerləşən 18 otaqlı mənzilin 4 otağı xx.xx.1993-cü il tarixdə iddiaçının adına qeydiyyatdan keçmiş, sonradan özgəninkiləşdirilmişdir. ünvan 7 ünvanda yerləşən mənzil iddiaçı tərəfindən xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmış, sonradan xx.xx.2016-cı il tarixdə özgəninkiləşdirilmişdir; Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, xx.xx.1973cü il tarixli orderdə iddiaçının da adı olmuş, Texniki İnventarladırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən həmin mənzilə üçüncü şəxsin hüququ xx.xx.1998-ci il tarixdə qeydə alınmış, xx.xx.2005-ci il tarixdə bağışlanılmışdır. Həmin mənzildən iddiaçının qeydiyyatdan çıxarılması barədə iddia rədd edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın mübahisələndirilməsi ilə əlaqədardır. Doğrudur ki, hazırda qüvvədə olan prosessual qanunvericilikdə göstərilən tələblərə öhdəliyin icrası haqqında iddia növündə baxılır və həmin növ iddialar üzrə iddia müddəti tətbiq edilməsə belə, mübahisələndirilən qeyd 1998-ci il tarixlidir və məhkəmə hesab edir ki, qeydiyyat vəsiqəsinin verildiyi həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları Azərbaycan SSR 11 sentyabr 1964-cü il tarixli Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli Qanunu ilə qüvvədən düşmüşdür) müddəaları, daha sonra isə Azərbaycan Respublikasının 1999-cu il 28 dekabr tarixli 780-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş MPM-nin müddəaları əsasında həll olunurdu. Azərbaycan SSR 11 sentyabr 1964-cü il tarixli Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli Qanunu ilə qüvvədən düşmüşdür) 243-5-ci maddəsinə görə vətəndaş, hərbi qulluqçu, kollektiv yuxarı orqandan və ya vəzifəli şəxsdən şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət verildikdən sonra, ərizəçi 1 ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən hesablanan bir ay ərzində məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə görə dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296-cı maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Yuxarı orqanlara və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim edilməsi, onun məhkəmə tərəfindən qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün məcburi şərt deyildir. Ərizə bu Məcəllənin 4cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 298-ci maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Göründüyü kimi inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddəti mövcud olmuşdur ki, hazırkı iş üzrə həmin müddətə riayət edilmədiyi aşkardır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, yeni qanuna istinadla həmin inzibati aktlar mübahisələndirilə bilməz. Məhkəməyə müraciət edən şəxs qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddia qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İşin faktiki hallarından görünür ki, iddiaçı İnzibati Prosessual Məcəllə qəbul edilənədək mülkiyyət hüququna dair üçüncü şəxsin adına qeydin aparılmasından məlumatlı olmuşdur və ya ən azı məlumatlı olmalı olmuşdur ki, 1998-ci il tarixdə aparılmış qeyd üzrə 14 mart 2025-ci il tarixdə məhkəməyə daxil olmuş iddia ilə müraciət edilməsi, iddia müddətinin hazırkı mübahisə üzrə tətbiqini zəruri edir. Belə ki, əmlak daşınmaz əmlakla bağlı olsa belə, mülkiyyət hüququna dair qeyd ilə iddianın verilməsi arasında 20 ildən artıq müddət keçməsi mövcuddur. Nəzərə alınmalıdır ki, bu zaman inzibati orqanın istinad edilən qərar və ya hərəkətinin mülkiyyət hüququ və daşınmaz əmlakla bağlı olması da iddia müddətinin tətbiqini istisna etməməkdədir. İnzibati prosessual qanunvericiliyin hazırda və əvvəllər qüvvədə olmuş qanunvericiliyi istər daşınar, istərsə də daşınmaz əmlaka mülkiyyət və digər əmlak hüquqlarının mübahisələndirilməsi ilə əlaqədar müddət baxımından hər hansı fərqləndirmə aparmamışdır. Məhkəmədə kollegiyası bu baxımdan hesab edir ki, iddiaçı həmin qeyd barədə 1 yanvar 2011-ci il tarixədək məlumatlı idi, ən azından məlumatlı olmalı idi ki, bu baxımdan iddia müddətinin tətbiqi zəruridir. Məhkəmə kollegiyası qeyd edir ki, xeyrinə ilkin qeyd aparılan şəxsin iddiaçının atası – yaxın qohumu olması baxımından ağlabatan mühakimə əsasında mübahisə predmeti mənzilin özəlləşdirilməsindən 2011-ci ilədək məlumatlı olması və ya ən azından məlumatlı olmalı olması qənaətinə gəlmək mümkündür. Digər tərəfdən, məhkəmə kollegiyası 1 ildən çox müddətin keçməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpasının istisna edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə də razılaşır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-8591/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-8591/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(3-6)-336/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-336/2026
25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver