Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(3-6)-344/2026 04.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı hüquq varisi X1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi və s. tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 11 dekabr 2025-ci il tarixli, e-2-1(112)- 10399/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqan tərəfindən İddiaçı barəsində çıxarılmış inzibati aktın ləğv edilməsi; cavabdeh tərəfindən inzibati aktla İddiaçı əmək pensiyasına artıq ödəmə kimi hesablanmış məbləğin tutulmağının cavabdehə qadağan edilməsi; pensiya məbləğinin ödənilməyən hissəsinin İddiaçı ödənilməsi və İddiaçı, əmək pensiyasının onun həqiqi əmək fəaliyyəti nəticəsində formalaşan əmək pensiyasına uyğunlaşdırılaraq və müvafiq dövlər üzrə indeksasiya edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, tələbin 1-ci bəndinin “cavabdeh inzibati orqan tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 3-17- 1/3-3-1581/2025 nömrəli inzibati aktın ləğv edilməsi” kimi qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən İddiaçı ünvanına “Artıq ödənilmiş pul vəsaiti haqqında” xx.xx.2025-ci il tarixli, 3-17-1/2-B-25198/2025 saylı məktub daxil olmuşdur. Məktubda vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun araşdırılması ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən, iddiaçının barəsində inzibati icraatın başlandığı, inzibati icraatın gedişində pensiya hüququna yenidən baxılması zamanı ona artıq pensiya məbləğinin ödənildiyi, vaxtilə iddiaçıya sabiq dövlət qulluqçusu kimi yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması zamanı barəsində olan "pensiyanın yenidən hesablanması” tələbinə dair məhkəmə qərarının əsasında pensiya məbləğinin düzgün hesablanmadığının aşakar olunduğu, əmək pensiyasının ödənişinin "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinə əsasən dayandırıldığı bildirilmişdir. Cavabdeh inzibati orqan tərəfindən pensiya məbləğinin düzgün hesablanmadığı əsas gətirilərək iddiaçının aylıq pensiyasından tutulmalar həyata keçirilərək dövlət büdcəsinə ödənilməsi barədə inzibati akt qəbul olunduğu qeyd edilmişdir. Lakin bu tutulmalar qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, inzibati orqanın səhv hesablama həyata keçirməsi vətəndaşın məsuliyyəti deyil, elə məhz inzibati orqanın məsuliyyətidir. İddiaçı uzun illər dövlət qulluqçusu kimi dövlətə xidmət etmiş, bunun nəticəsində isə ona hər ay 1723,51 manat məbləğində əmək pensiyası ödənilmişdir. İnzibati orqanın guya hesablamanı uzun illərdir səhv aparması əsası ilə iddiaçının əmək pensiyasına tutmalar həyata keçirməyə başlamış və əmək pensiyasının məbləği 1477,15 manata endirilmişdir 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)2907/2015 saylı müvafiq qərarına əsasən iddiaçının iddia tələbi təmin edilmiş, hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində ödənilən əlavə haqq və ildə 4 dəfə verilən mükafat nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2005-ci il tarixli, 290 saylı Fərmanı ilə təsdiq edilmiş siyahısının 1.17-ci bəndində göstərilən yerli icra hakimiyyəti başçısının müavini vəzifəsinə uyğunlaşdırılaraq dövlət qulluqçusu kimi pensiya təyin edilməsi və dövlət qulluqçusu kimi almadığı pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xətai rayon şöbəsinin üzərinə qoyulmuşdur. Göründüyü kimi cavabdeh orqan tərəfindən bu “səhv hesablama” ilk hal deyil. İddiaçı səhv, yaxud təhrif olunmuş məlumat təqdim etməmişdir, inzibati orqanı aldatmamışdır. İddiaçı, uzun illər həqiqi və faktiki əmək fəaliyyəti nəticəsində formalaşmış haqq etdiyi əmək pensiyasını almışdır. İnzibati orqanın hesablamada səhv etdiyini düşünərək bütün məsuliyyəti iddiaçının üzərinə yıxmağa çalışması qanunsuzdur və ədalətsizdir. Artıq ödənilən məbləğin Dövlət Sosial Müdafiə X4 geri tələb etmək səlahiyyəti heç bir halda doğru deyil. Əvvəla, bir dövlət qurumunun 2015-ci ildən bəri 10 il ərzində pensiyanı yanlış hesablaması gülüncdür. İkincisi, həqiqətən də belə bir hal varsa, bunun məsuliyyətini aidiyyəti dövlət qulluqçusu daşımalıdır. Cavabdeh iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının pensiya işinə aid sənədlərdə Fondun Xətai rayon şöbəsi tərəfindən 01 sentyabr 2005-ci il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 01 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də müvafiq hesablamalar aparılarkən artıqödəmə məbləği yalnız son üç il üçün müəyyən edilmişdir. Belə ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013-cü il tarixindən iddiaçının qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 750,00 manat, qulluq stajına görə əlavə 128,10 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 112,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 250,00 manat olmaqla orta aylıq əmək haqqı 1240,60 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyası Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən, 11 il 5 ay 18 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1240,60 manat) 60 faizi-744,36 manat məbləğində hesablanmışdır. Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 saylı Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 11 il 5 ay 18 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün iddiaçının vaxtiiə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 38,06 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 825,00 manat, qulluq stajına görə əlavəsi 140,91 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 123,75 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 275,00 manat olmaqla orta aylıq əmək haqqı 1364,66 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 25 iyun 2018-ci il tarixli, 142 saylı Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1240,60 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (1364,66 manat) arasındakı fərq məbləğinin (124,06 manat) 38,06 faizi - 47,22 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (744,36 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 791,58 manat məbləğində hesablanmışdır. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən vaxtilə iddiaçının qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1240,00 manat, qulluq stajına görə əlavə 211,79 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 186,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 413,33 manat olmaqla orta aylıq əmək haqqı 2051,12 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 saylı Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1364,66 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (2051,12 manat) arasındakı fərq məbləğinin (686,46 manat) 38,06 faizi- 261,27 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (791,58 manat) üzərinə əlavə olunmaqla iddiaçının pensiyası 1052,85 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1228,44 manat məbləğində köçürülmüşdür. Buna görə də həmin dövr üzrə 3994,68 manat artıq pul vəsaiti ödənilmişdir. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən əmək pensiyası 1328,38 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində iddiaçının müvafiq kart hesabına hər ay 1549,92 manat məbləğində köçürülmüşdür. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 2658,48 manat artıq pul vəsaiti ödənilmişdir. Eyni zamanda bildirilir ki, əmək pensiyalarının növbəti dəfə 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilməsi ilə əlaqədar iddiaçının pensiyası həmin tarixdən 1477,15 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində hər ay 1723,51 manat məbləğində ödənilmişdir. Bu səbəbdən də həmin dövr üzrə ona 2956,32 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı son üç il üçün ümumilikdə 9609,48 (3994,68+2658,48+2956,32) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasfnın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Əmək pensiyalarının 1 yanvar 2025-ci il tarixindən hesablanmaqla indeksləşdirilmə ilə əlaqədar iddiaçının əmək pensiyası cari ilin fevral ayında 1596,80 manata artırılmışdır. Həmçinin cari ilin yanvar ayı üzrə sizə ödənilməli olan 119,65 manat fərq məbləği hesablanmışdır. Həmin ödənilməli olan 119,65 manat pul vəsaiti iddiaçıya yalnız son üç il üzrə məhdudlaşdırılaraq artıq ödənilmiş 9609,48 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalan 9489,83 (9609,48-119,65) manat artıq pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə iddiaçının əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Bundan başqa, maddi yardım üzrə 2022-ci il üçün 210,71 manat artıq pul vəsaiti ödənilmişdir. Həmin vəsait cari ilin yanvar və fevral aylarında hissə-hissə iddiaçının əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən iddiaçıya vaxtilə təyin edilmiş sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının hesablanmasına yenidən baxılması haqqında inzibati icraata başlanılmış, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələri dinlənilərək müvafiq qərar qəbul edilməsi 15 yanvar 2025-ci il tarixdə məktub göndərilməklə 24 yanvar 2025-ci il tarixədək Mərkəzi Filiala gəlməyi xahiş edilmişdir. İddiaçı Mülahizənin dinlənilməsi üçün 27 yanvar 2025-ci il tarixində gəlmiş və ona vaxtilə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərkən əmək pensiyasının düzgün hesablanmadığı barədə ətraflı məlumat verilmiş, daha sonra yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənilmiş və bu barədə birgə akt tərtib edilərək imzalanmışdır. Sonra isə Mərkəzi Filial tərəfindən qanunvericiliyin tələblərinə uyğun qaydada əmək pensiyasının yenidən hesablanması haqqında inzibati akt qəbul edilmişdir. Əmək pensiyası hesablanarkən Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 sentyabr 2015-ci il tarixli, 2-1(82)-2907/2015 saylı qərarı nəzərə alınmışdır. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 11 dekabr 2025-ci il tarixli, e-2- 1(112)- 10399/2025 saylı qərarı ilə (hakim R.N.Quliyev) iddia qismən təmin edilərək, Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/3- 3-1581/2025 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının qismən artıq ödəmənin müəyyən edilməsi hissəsində ləğv edilməsi, tutulmaların aparılmasının cavabdehə qadağan edilməsi və həmin qərar əsasında tutulan pensiya məbləğinin hesablanaraq iddiaçıya qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və iddia ərizəsi qismən təmin edilsə də, cavabdeh inzibati orqan apellyasiya şikayətinə də etirazın tam mətnini köçürmüş, lakin qərar iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya şikayətinin yalnız aşağıda qeyd olunan hissəsini əsaslı olmasa da, hal-hazırda aktual olmasını hesab edir: “ ... İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati orqan vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu, Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. “İnzibati icraat haqqında” Azərbaycan RespublikasıQanununun 64.1-ci maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən, bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş pensiyanın dayandırılması və pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir”. Həmçinin qeyd olunmalıdır ki, iş apellyasiya instansiyası məhkəməsinin icraatında olan müddətdə İddiaçı vəfat etmiş olduğu müəyyən edilmiş, iddiaçının həyat yoldaşı ərizə ilə məhkəməyə müraciət edərək, ölüm haqqında şəhadətnaməni və nikah haqqında şəhadətnamənin surətlərini təqdim edərək, iddiaçının hüquq varisi qismində tanınmasını xahiş etmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli, 2-1(3-6)-344/2026 saylı qərardadı ilə vəsatət təmin edilmiş, mərhum İddiaçı hüquq varisi X3 ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, iddiaçıya 2005-ci ildə dövlət qulluqçusu kimi pensiya təyin edilmişdir. Pensiya təyin edilərkən orta aylıq əmək haqqının 60% məbləğində təyin edilmişir. Daha sonra aparılmış araşdırmlalar əsasında müəyyən edilmişdir ki, iddiaçıya dövlət qulluqçularının əmək haqqlarının artırılması ilə əlaqədar olaraq pensiya yenidən hesablanılarkən artım hissəsinə tətbiq olunan faiz dərəcəsi düzgün müəyyən edilməmişdir. Belə ki, tərəfə pensiya 38% ilə hesablanmalı olduğu halda, 60% ilə hesablanmışdır. Nəticədə tərəfə artıq pensiya ödənilmişdir. Cavabdehin nümayəndəsi həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, tərəfdən tutulma aparılmayıb, pensiya məbləğin indeksləşdirilməsi zamanı əvəzləşdirilmə aparılıb. ... Apellyasiya şikayətində həmin məbləğ əsasız varlanma predmeti kimi qeyd edərək, məbləğin geri alınması zəruri hesab edilib. Həmçinin qərar tam ləğv olunmayıb, tərəf onu mübahisələdirməmişdir. Bu səbəbdən artıq ödəmə hissəsində də ləğv olunması xahiş edilir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası qanunvericliyin tələblərini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, hal-hazırda mərhum İddiaçı hüquq varisi X2 iddiaçını birinci instansiyası məhkəməsində təmsil edən eyni nümayəndə və vəkil – Vəkil təmsil edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-1581/2025 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın surətindən görünür ki, inventarlaşdırma ilə əlaqədar iddiaçının pensiya məbləği 1723,51 manatdan 1477,15 manata azaldılmış və 9609,48 manat artıq ödəmə müəyyən edilmişdir. “Pensiya təyinatı” altsistemindın çıxarışlardan görünür ki, iddiaçının pensiyasından tutulmalar aparılmışdır. Bunun əksini sübut edə biləcək hər hansı sənədi cavabdeh apellyasiya şikayətinə əlavə etməmiş və hal-hazırda qərarı həmin hissədə yalnız “ ... inzibati orqan vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu, Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir” dəlilinə istinad edərək mübahisələdirir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları. Həmin Qanunun 20.11-ci maddəsinə görə, bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.11.3. dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə— dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir (xx.xx.2017-dək qüvvədə olan redaksiya). Həmin Qanunun 20.12-ci maddəsinə müvafiq olaraq, bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinə əsasən, dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Həmin Qanunun 32-1.1-ci maddəsinə görə, dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə müvafiq olaraq, bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Birinci instansiyası məhkəməsi haqlı olaraq qərarının cavabdeh tərəfindən mübahisələndirilən hissəsini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda qeyd edilən tələblərinə riayət etməmiş, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılması barədə nə iddiaçının razılığını almadan, nə də məhkəmədə müvafiq iddia qaldırmadan iddiaçının pensiyasından faktiki olaraq tutulma həyata keçirilmişdir. Belə olan halda aydın olur ki, cavabdehin qanunvericiliklə məhkəmənin səlahiyyətinə aid edilmiş məsələ ilə bağlı qəbul etdiyi qərar qanunsuz olmuşdur. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Birinci instansiyası məhkəməsi qərarında belə qənaətə gəlmişdir ki, nə qədər ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində əmək pensiyaçısının razılığı olmadıqda artıq ödənilmiş pensiya məbləğinin ona ödənilən əmək pensiyasında tutulması məhkəmənin səlahiyyətinə aid edilmiş, belə bir tutulmanın yalnız məhkəmə qərarı ilə həyata keçirilə biləcəyi müəyyən olunmuş, onda cavabdehin məhkəmənin səlahiyyətinə aid məsələ ilə bağlı qəbul etdiyi xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-1581/2025 saylı qərarı həmin hissədə qanunsuzdur və ləğv olunmalıdır. Bununla birgə cavabdehin tutulma aparılmasına dair hərəkəti qanunsuz hesab olunduğundan onun nəticələri də aradan qaldırılmalı iddiaçıya ödənilən pensiyasından tutulan məbləğ geri qaytarılmalıdır. Cavabdeh inzibati orqan birinci instansiyası məhkəməsinin qərarını həmin hissədə mübahisələndirsə də, apellyasiya şikayətini buna münasibətdə faktiki olaraq bir cümlə ilə əsaslandırmaqla kifayətlənmiş və qeyd etmişdir ki, inzibati orqan vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu, Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh artıq ödənilmiş pensiya məbləğinin qaytarılması məsələsini həm “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli idi. Qanunun qeyd olunan imperativ tələbindən göründüyü kimi, iddiaçıya əmək pensiyasını təyin edən orqan iddiaçının razılığı olduqda yalnız, onun pensiyasından artıq ödənilmiş əmək pensiya məbləğinin ondan tutulması barədə qərar qəbul edə bilərdi. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının razılığı olmadan və ya məhkəmə qərarı olmadan onun əmək pensiya məbləğindən artıq ödənilmiş məbləğin tutulması (faktiki olaraq məhz tutulma olan hərəkət başqa termin vasitəsilə adlandırılsa da) qanunvericiliyin qeyd edilən normasının dispozitiv şərtləri ilə uzlaşmamaqla, qanunvericiliyin tələbinə zidd olmuşdur. Belə ki, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Belə olan halda artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub-olmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 dekabr 2025-ci il tarixli, e-2-1(112)-10399/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(3-6)-344/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-344/2026
04.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver