Məhkəmə qərarları › İş №2-1(3-6)-347/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-347/2026

11.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(3-6)-347/2026 11.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, X5 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı mənzil ilə təmin olunma tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5058/2023 nömrəli, 15 dekabr 2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən verilmiş 12 dekabr 2022-ci il tarixli **********9 saylı imtina məktubunun qeyri-qanuni hesab edilərək, İddiaçı güzəştli şərtlərlə mənzillə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5058/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “güzəştli şərtlərlə mənzillə təmin edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1251/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5058/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı 26.76 kv.m. güzəştli şərtlərlə mənzillə təmin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1251/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2332/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərarı ilə, cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1251/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubu ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1251/2024 saylı qərarı icra edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə göndərilmiş, cavabdehə məcburi icra haqqında xəbərdarlıq edilmiş və icranın həyata keçirilməsi üçün müddət təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı 17 yanvar 2025-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)-1251/2024 nömrəli qərarının icrası çərçivəsində İddiaçı mənzil verilməsi nəzərdə tutulmuşdur. Əlavə olaraq qeyd edilir ki, Nazirliyin balansına mənzillər veriləcəyi təqdirdə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarına əsasən İddiaçı mənzil təminatı həyata keçiriləcəkdir. Bakı İnzibati Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə cavabdehə xəbərdarlıq məktubu ünvanlanaraq, təyin edilmiş müddətdə (15 gün) cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)- 1251/2024 saylı qərarı icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsində nəzərdə tutulmuş müvafiq tədbirlərin tətbiq olunacağına dair bir daha xəbərdar olunmuşdur. Bakı İnzibati Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə Sosial Xidmətlər Agentliyinə məktubla yenidən müraciət edilərək, qeyd olunan qərarın icra edilməsi ilə bağlı görülmüş tədbirlər (müvafiq təsdiqedici sənədlər təqdim edilməklə) barədə məlumatların, həmçinin xx.xx.2024-cü il tarixdən sonra iddiaçının mənzil növbəsinə götürüldüyü müvafiq siyahı üzrə yaşayış sahəsi ilə təmin edilmiş şəxslər barədə məlumatların (iddiaçının və mənzillə təmin edilmiş şəxslərin sıra nömrəsi göstərilməklə) və müvafiq sənədlərin təsdiq edilmiş surətlərinin qısa müddət ərzində məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanan 26 sentyabr 2025ci il tarixli cavab məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2025-ci il tarixində Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Agentliyə təqdim edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin növbəlilik siyahısında 145-ci sıradadır. Həmçinin qeyd edilir ki, xx.xx.2024-cü il tarixindən sonra sözügedən siyahı üzrə 176-cı sırada olan Vətən müharibəsi əlili X3 3 otaqlı mənzillə təmin edilmişdir. Bildirilir ki, hazırda Nazirliyin balansında ümumi sahəsi 26.76 kv olan mənzil olmadığından İddiaçı mənzil təminatı həyata keçirilməmişdir. Göründüyü kimi müvafiq qərarın icra edilməsi ilə bağlı müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5058/2023 nömrəli, 15 dekabr 2025-ci il tarixli qərardadı ilə (hakim T.Məlikov) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentli 200 (iki yüz) manat miqdarında cərimə edilmişdir. Həmin qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı bir dəfə dövlət tərəfindən mənzillə təmin edilmişdir. Yekun məhkəmə qərarı əsasında iddiaçının 26.76 kv.m. güzəştli şərtlərlə mənzillə təmin olunması müəyyən edilsə də, hazırda Nazirliyin balansında birotaqlı mənzil olmaması səbəbindən mənzil təminatının həyata keçirilməsi mümkün olmamışdır. Nazirliyin balansına birotaqlı mənzillər veriləcəyi təqdirdə İddiaçı növbəlilik qaydasında mənzillə təmin ediləcəkdir. Belə ki ki, Agentlik tərəfindən mütəmadi olaraq “Əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Bakı şəhərində birotaqlı mənzillərin satınalınması” ilə bağlı tenderlər elan edilir. Ən son 23 may 2025-ci il tarixində həmin əsasdan tender elan edilsə də, Azərbaycan Respublikasının Dövlət Satınalmaları haqqında Qanununun 36.1.1-ci maddəsinə əsasən proses baş tutmamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5058/2023 nömrəli, 15 dekabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı və şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır, onların icrası məcburidir və məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu baxımdan Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı). Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra – qərarlar) çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli Qərarının: - 25-ci bəndinə əsasən inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir. - 26-cı bəndinə əsasən İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. - 27-ci bəndinə əsasən İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır. - 28-ci bəndinə əsasən cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər. MPM-in 15-ci maddəsinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir (maddə 15.1). Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır (maddə 15.2). Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir (maddə 15.3). İş materiallarından görünür ki, hazırkı məsələ Bakı Apellyasiya Məhkəməsinin iddiaçıya 26.76 kv.m. sahəsi olan mənzil verilməsi ilə əlaqədar təmin edilmiş iddiası üzrə qəbul edilmiş qərarın icrasının cavabdeh tərəfindən həyata keçirilməməsi ilə əlaqədardır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubu ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1251/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının icra edilməsi üçün cavabdehə müddət təyin edilməsinə və cərimə olunacağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh qeyd edilən qərarın icrasını halhazıradək təmin etməmişdir. Cavabdehin dəlili ondan ibarətdir ki, Nazirliyin balansında birotaqlı mənzilin (ümumi sahəsi 26,76 kv.m olan mənzil) olmaması səbəbindən mənzil təminatının həyata keçirilməsi mümkün deyil. Məhkəmə kollegiyası cavabdehin qeyd etdiyi apellyasiya şikayətinin dəlilinə münasibətdə diqqətə çatdırır ki, iş materiallarından da göründüyü kimi üzərinə müvafiq öhdəlik qoyulmuş cavabdeh inzibati orqan məhkəmə qərarının icrasının təmin edilməsi məqsədilə zəruri tədbirlərin görüldüyünə dair heç bir sübut təqdim etməmişdir. Belə ki, cavabdeh qərarın icrasına yönəlmiş lazımi təşəbbüskarlıq göstərməmiş, ən azı bu istiqamətdə üzərinə düşən öhdəliyin yerinə yetirilməsi üçün mümkün olan bütün vasitələrdən və resurslardan (məsələn, yuxarı inzibati orqanlara müraciət edilməsi, iddiaçının dəvət olunaraq izahedici və profilaktik söhbətlərin aparılması və s.) istifadə etməmişdir. Cavabdeh yalnız icra hərəkətlərinin texniki baxımdan mümkün olmamasını əsas gətirməklə kifayətlənmişdir. Məhkəmə kollegiyası bununla bağlı da cavabdeh inzibati orqanın diqqətinə çatdırır ki, göstərilən səbəblərin mövcudluğu hazırkı mərhələdə məhkəmə qərarının icra edilməməsini üzrlü hesab etməyə əsas vermir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh analoji mənzillərin uzun illərdir balansında olmadığını iddia etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, analoji xarakterli iş üzrə (iddiaçının sahəsi 34,8 kv.m-dən az olmayan yaşayış sahəsi ilə təmin edilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1310/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının icrası təmin edilmiş və həmin iş üzrə iddiaçı xx.xx.2023-cü il tarixdə yaşayış sahəsi ilə təmin olunmuşdur. Göründüyü kimi, məhkəmə hazırkı qərarın icra edilməməsi obyektiv səbəblərdən irəli gəlmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdeh inzibati orqanın qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı qeyd olunan davranışını hərəkətsizlik kimi qiymətləndirməklə düzgün qənaətə gəlmiş və haqlı olaraq cavabdeh inzibati orqan cərimə edilmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq diqqətə çatdırır ki, cavabdeh inzibati orqanın bu hərəkətsizliyi uzun müddətdir ki, davam edir. Hazırkı halda isə cavabdeh inzibati orqanın gətirdiyi arqument qanuni qüvvədə olan məhkəmə qərarının icra edilməməsinə əsas ola bilməz. AR İnzibati Prosessual Məcəlləsinin 120.1-ci maddəsinə əsasən bu Məcəllənin 33.4cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Həmin Məcəllənin 120.2-ci maddəsinə əsasən bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Həmin Məcəllənin 120.3-cü maddəsinə əsasən cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Həmin Məcəllənin 120.4-cü maddəsinə əsasən cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmələr vasitəsilə hüquqların real təmin edilməsinə nail ola bilmək üçün məhkəmələr tərəfindən çıxarılmış qərarların icrasının təmin olunması həlledici əhəmiyyət daşıyır. Mövcud qanunvericilik normaları isə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını məcburi sayır və inzibati mübahisələrlə bağlı belə qərarlarının icra olunmamasını 50000 manatadək cərimə ilə sanksiyalaşdırır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra olunmamasına əsas vermir. Odur ki, birinci instansiya məhkəməsinin cavabdehə 200 manat məbləğində cərimənin tətbiq edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür. Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdeh inzibati orqanın cərimə olunması ilə bağlı qərardadı dəyişdirilmədən saxlanılmalı, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 80, 85 və 120-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5058/2023 nömrəli, 15 dekabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar