Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-357/2026 09.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Rəhimov Sahib Mehdi oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və Həmid Azər oğlu Ağalarovdan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı Rəhimov Sahib Mehdi oğlunun, cavabdehin nümayəndəsi Məmmədova Günay Mustafa qızının iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11278/2025 saylı, 16.12.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. İddiaçının şəxsiyyət vəsiqəsindən görünür ki, o, 29.06.1966-cı il təvəllüdlüdür. Azərbaycan Respublikası vətəndaşıdır.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinin 25.05.2009-cu il tarixli, 09/1241 №-li qərarının təsdiq edilmiş surətindən görünür ki, iddiaçıya 07.04.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Rəhimov Sahib Mehdi oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Rəhimov Sahib Mehdi oğluna 07.04.2009-cu il tarixdən pensiya təyin edildikdən sonra 09.06.2009-09.06.2021-ci il dövr üzrə qeydə alınmış sığorta kapitalı əsasında pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayının güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hərbi qulluqçu kimi pensiyaya çıxdıqdan sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində hərbi xidmətə davam edən pensiyaçıdır. Cavabdeh orqana müraciət edərək əmək pensiyasına çıxdıqdan sonra işləyib topladığı sosial sığorta kapitalını nəzərə alaraq, aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını xahiş etmişdir. Müraciətinə baxılmış, yenidən hesablanma aparılmamışdır, müraciəti təmin edilməmiş, səbəb kimi pensiyaya çıxdıqdan sonra hərbi xidmətə davam etdiyi göstərilmişdir. Halbuki, “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə əsasən, hərbi xidmətə davam edən pensiyaçı sığorta kapitalı əsasında pensiyasının yenidən hesablanmasını tələb edə bilər. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə əsasən, hərbi xidmətə davam edən pensiyaçıya sığorta kapitalı əsasında pensiyasının yenidən hesablanması qadağan edilmir, hər hansı məhdudiyyət müəyyən edilmir, barəsində 37.3.1-ci maddənin tətbiqi qadağan edilmir.
5. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçıya 07 aprel 2009-cu il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 09 iyun 2009-cu il tarixindən etibarən isə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi xidmətini davam etdirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.6-cı maddəsinin qüvvədə olan redaksiyasına əsasən Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; 9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; 9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; 9.6.4. ali zabit heyətinə aid şəxslər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü hissəsinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada müvafiq elektron informasiya sisteminə daxil edilməklə Dövlət Sosial Müdafiə Fonduna ötürülür. Sözügedən Qaydaların 4-cü hissəsinə görə şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fonda ötürülür. Qeyd olunanlara əsasən, əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyini orqan tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edildikdən sonra baxılacaqdır. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qanunun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 25- ci maddəsinə, 29-cu maddəsinin I və IV hissələrinə, 38-ci maddəsinin I və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarının nəticə hissəsində də təsbit edilmişdir ki, hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən Qanunun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. Məlum olduğu kimi, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi Plenumunun qərarı giriş, təsviri-əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. Sözügedən Qanunun 65.3.3-cü və 65.3.4-cü maddələrinə əsasən təsviriəsaslandırıcı hissədə konstitusiya işinə baxılması zamanı müəyyən edilmiş hallar və qərarın çıxarılması üçün rəhbər tutulmuş Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının başqa qanunlarının maddələri göstərilir. Sözügedən Qərarın təsviri-əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, Qanunun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Qeyd edilənləri nəzərə alaraq, iddiaçı əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətini 9 iyun 2009-cu il tarixindən etibarən digər sahələrdə deyil, hərbi xidmət sahəsində davam etdirdiyindən pensiyasının Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması qanunverciliyin tələbləri baxımından mümkün hesab olunmur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi hərbi xidmətə qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslərin əmək pensiyası təminat xərcliyinə əsasən hesablanır. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq ədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd edilənləri nəzərə alaraq, iddiaçı Rəhimov Sahib Mehdi oğluna sığorta kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması mümkün olmamışdır.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11278/2025 saylı, 16.12.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, iddiaçı Rəhimov Sahib Mehdi oğluna 07.04.2009-cu il tarixdən pensiya təyin edildikdən sonra 09.06.2009-09.06.2021-ci il dövr üzrə qeydə alınmış sığorta kapitalı əsasında “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayının güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
7. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
10. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını, cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
12. “Əmək pensiyaları haqqında” Qanundan: 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.3-cü maddəsinə əsasən, hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4-cü maddəsinə əsasən, xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş və buraxılmış əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; 9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; 9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; 9.6.4. ali zabit heyətinə aid şəxslər. 13.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
14.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 15.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2-ci maddələrinə əsasən)
17. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 11-13-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.
18. Belə ki, iddiaçı hazırda ona əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə 6 ildən çox işləməklə pensiya kapitalının toplanmasına istinad edərək pensiyasının yenidən hesablanmasını tələb edir.
19. Cavabdeh orqan isə iddiaçının əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətini digər sahələrdə deyil, hərbi xidmət sahəsində davam etdirdiyindən pensiyasının Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmasını qanunverciliyin tələbləri baxımından mümkün olmadığını bildirərək, imtina cavabı vermişdir.
20. İş materiallarından göründüyü kimi iddiaçıya iş yeri üzrə təqdim edilmiş məlumat vərəqi əsasında 07.04.2009-cu ildən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra S.Rəhimov 09.06.2009-09.06.2021-ci illərdə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi əmək fəaliyyətini davam etdirmiş və nəticədə fərdi şəxsi hesabında pensiya sığorta kapitalı formalaşmışdır.
21. Eyni zamanada işin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 13.02.2026-cı il tarixli sorğuya cavab məktubuna əsasən bildirilir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş Sahib Mehdi oğlu Rəhimova dair məlumat vərəqinə əsasən ona 7 aprel 2009-cu il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, 32 il 5 gün xidmət müddətinə uyğun olaraq təminat xərcliyinin (1045,10 manat) 86 faizi (20 ilə görə 50 faiz, 12 ilə görə 36 (12x3) faiz)-898,79 manat məbləğində sabiq hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Sonrakı artımlar nəzərə alınmaqla 1 mart 2018-ci il tarixindən Sahib Rəhimovun sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası müvafiq təminat xərcliyinin (1989,10 manat) 86 faizi-1710,63 manat məbləğində müəyyən edilib. 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən Sahib Rəhimovun əmək pensiyası müvafiq təminat xərcliyinin (vəzifə maaşı 1350,00 manat, rütbə maaşı 146,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavəsi 448,80 manat, xüsusi qulluq şəraitinə görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 405,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 2413,80 manat) 86 faizi-2075,87 manat məbləğində müəyyən edilib. Qanunun 26.4-cü maddəsinə əsasən, maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən adıçəkilən şəxsin pensiyası 2283,46 manat, həmçinin Qanunun 29.1-ci maddəsinə əsasən ümumi pensiya məbləğinin indeksləşdirilməsinə görə həmin tarixdən 2619,13 manat məbləğində müəyyən olunub. Eyni zamanda bildiririk ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda ödənilir. Aparılmış araşdırma zamanı Sahib Rəhimova Mərkəzi Filial tərəfindən əmək pensiyası ödənildiyi dövrdə, eyni zamanda qanunvericiliyə zidd olaraq kommunal, nəqliyyat və digər xidmətlərə görə ümumilikdə 404,78 manat məbləğində sosial müavinətin ödənildiyi müəyyən edilib. Həmin 404,78 manat artıq ödənilmiş pul vəsaiti 2023-cü ilin mart və aprel aylarında hissəhissə adıçəkilən şəxsin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilib. Məlumat üçün bildiririk ki, əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar Sahib Rəhimovun əmək pensiyası 1 yanvar 2024-cü il tarixindən 2912,47 manat, 1 yanvar 2025-ci il tarixindən 3148,38 manat, 1 yanvar 2026-cı il tarixindən isə 3441,20 manat təşkil edir.
22. Belə ki, "Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş hərbi qulluqçular istisna olmaqla yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş və buraxılmış əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir.
23. Göründüyü kimi hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sona hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən Qanunun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapiitalına görə həyata keçirilir. Hərbi qulluqçularının əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən edilir.
24. Hesab olunur ki, Qanunun 37.3.1-ci maddəsinin müddəalarını iddiaçıya o halda tətbiq edilməsi mümkün olardı ki, ona əmək pensiyası təyin edildikdən sonra, əmək fəaliyyətini hərbi qulluqçu kimi deyil, məhz digər sahədə davam etdirmiş olsun. İddiaçının 09.06.2009-09.06.2021-ci illər aralığında FHN-də hərbi qulluqçu statusu ilə xidmətinin davam etdirməsi onun pensiyasının Qanunun 9.6-cı maddəsi əsasında hesablanmasını əsaslı edir.
25. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18.02.2026-cı il tarixli 2-1(102)-3576/2025 saylı qərarında öz əksini tapmışdır.
26. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
27. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11278/2025 saylı, 16.12.2025-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11278/2025 saylı, 16.12.2025-ci il tarixli qərarı ləğv edilsin. Rəhimov Sahib Mehdi oğluna 07.04.2009-cu il tarixdən pensiya təyin edildikdən sonra 09.06.2009-09.06.2021-ci il dövr üzrə qeydə alınmış sığorta kapitalı əsasında “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayının güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.