Məhkəmə qərarları › İş №2-1(3-6)-364/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-364/2026

14.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-364/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyətinə qarşı iş üzrə (Açar sözlər: “torpaq sahəsinə dair cizginin verilməsi”) QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və X5 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. -Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin ##.##.2025-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının hazırkı tələbi üzrə müraciətinə imtina cavabı verilmişdir.

2. -Abşeron rayon Dövlət Arxivi tərəfindən iddiaçıya verilmiş ##.##.2025-ci il tarixli məktubda bildirilmişdir ki, Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun ## #### 1990-cı il tarixli *** saylı əmri Abşeron rayon Dövlət arxivində saxlanılır.

3. ##.##.1990-cı il tarixli, *** nömrəli əmrdə göstərilir ki, Azərbaycan SSR Nazirlər Sovetinin ##.##.1989-cu il tarixli, *** nömrəli qərarına və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X3 birgə ümumi iclasında qəbul edilmiş ##.##.1990-cı il tarixli ** nömrəli qərarına əsasən sovxoz fəhlə və qulluqçularına 0,07 ha həyətyanı torpaq sahəsi ayrılır və adlı siyahı əlavə olunur. 461. İddiaçı... fəhlə. Əsas: F.101, s1a, s.v.69, b.8.

4. Qeyd: Əmrə sxem, ayrıc aktı, təhkim aktı və ilkin baş plan daxil edilməmişdir.

5. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli sorğuya cavab məktublardan görünür ki, İdarənin mütəxəssisi tərəfindən sözügedən ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, faktiki torpaq sahəsi 0.1094 ha təşkil edir. Sahə üzərində yaşayış evləri və digər tikililər mövcuddur. Faktiki sahənin koordinatları təqdim olunur. X Y

1. 421736.545 4479591.563

2. 421710.087 4479577.434

3. 421689.502 4479566.110

4. 421679.289 4479584.419

5. 421727.602 4479609.237

6. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır (hər hansı bir dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur). X1 Sovxozunun Azərbaycan Respublikası Prezidentinin ## #### 2008-ci il tarixli **** nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Torpaq sahəsi Xəzər rayonu, Binə qəsəbəsinin inzibati ərazisi hüdudları daxilindədir. Tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı barəsində məlumat aşkar edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ## #### 1990-cı il tarixli Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun əmrinə əsasən ona ayrılmış 0,07 ha torpaq sahəsinin yerinin müəyyənləşdirilməsinə dair inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azərdamazlıq birliyi” Abşeron donuz kökəltmə sovxozunun ## #### 1990-cı il tarixli, ** saylı qərarına əsasən, sovxozun üzvü kimi İddiaçı fərdi tikinti işləri aparması üçün torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin ##.##.2025-ci il tarixli arayışına əsasən, Abşeron rayon Donuzkökəltmə sovxozuzu direktorunun ## #### 1990-cı il tarixli əmrinə əsasən, sovxozun fəhlə və qulluqçularına 0.07 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Qeyd etmək edilir ki, bununla bağlı iddiaçı tərəfindən Azərbaycan Respublikası Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edilərək donuzkökəltmə sovxozu ərazisində ona ayrılmış 0.07 ha torpaq sahəsinin yerləşmə sxeminin hazırlanması xahiş edilmişdir. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin ##.##.2025-co il tarixli məktubuna əsasən qeyd olunan ərazidə isitfadəsində olan torpaq sahəsinin yerinin müəyyənləşdirməyə imkan verən sənədlər torpaq ayrılması haqqında qərarın tərkib hissəsi olduğundan həmin sənədlərin torpaqayıran qurum tərəfindən tərtib edilməli olduğu bildirilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

9. Cavabdeh Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddiaçıya torpaq sahəsi Abşeron Rayon Donuzkökəltmə sovxozunun ## #### 1990-cı il tarixli ** nömrəli əmri ilə 0,07 ha ayrılmışdır. Bundan başqa məhkəmənin nəzərinə çatdırılır ki, Azərbaycan Respublikasının ərazisində torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Xəzər Rayon İcra Hakimiyyətinə ünvanlanmış ##.##.2021-ci il tarixli, ************ nömrəli məktubda qeyd olunmuşdur ki, torpaq sahəsinin yerinin müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın ayrılmaz hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir. Göründüyü kimi, iddiaçıya torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyətinin qərarına əsasən ayrılmışdır. Donuzkökəltmə sovxozundan ayrılan torpaq sahələrinə dair sənədlər (qərarlar, sərəncamlar və ona aid digər sənədlər) Milli Arxiv İdarəsinin Bakı filialında deyil, Abşeron rayon Dövlət Arxivində saxlanılır. Torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən ayrıldığından və torpaq sahəsinin ayrılması barədə Xəzər Rayon İcra Hakimiyyətində hər hansı məlumatlar (sənədlər) mövcud olmadığından Xəzər Rayon İcra Hakimiyyəti hazırki iş üzrə cavabdeh qismində cəlb edilə bilməz. Məlum olduğu kimi, sovxoz ərazilərindən torpaq sahələri sovxoz rəhbərliyinin müvafiq əmrlərinə əsasən yalnız sovxoz işçilərinə ayrılmışdır. İddiaçının həqiqətən də sovxoz işçisi olması və ona torpaq sahəsinin hansı əsaslarla ayrılması məhkəmə tərəfindən araşdırılmalıdır. Eyni zamanda, iddiaçıya ayrılmış Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində olan Donuzkökəltmə sovxozu ərazisində yerləşən torpaq sahəsinin Xəzər Rayon İcra Hakimiyyətinə təhvil verilməsi barədə rəsmi (təhvil-təslim aktları, təhkim aktları və s.) sənədlər mövcud deyildir və torpaq sahəsi rəsmi qaydada Xəzər Rayon İcra Hakimiyyətinə təhvil verilməmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65.6-cı maddəsinə əsasən, torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin tərkib hissəsidir. Hesab edilir ki, Bakı İnzibati Məhkəməsi tərəfindən hazırkı iş üzrə cavadehin əsl cavabdehlə əvəz olunması barədə qərardad qəbul edilməlidir. Bundan əlavə, ayrılmış torpaq sahəsinin koordinatlarının (sahə sərhədlərinin), faktiki ölçüləri ilə naturada yerləşdiyi sahənin müəyyən edilməsi, həmin torpaq sahəsinin Donuzkökəltmə sovxozu ərazisi hüdudlarında yerləşib-yerləşməməsini, həmin torpaq sahəsinin başqa şəxslərə (fiziki və ya hüquqi şəxslərə) məxsus torpaq sahələri ilə üst-üstə düşməsini və yaxud başqa şəxslərin adına dövlət qeydiyyatına alınmasını, eləcə də, torpaq sahəsinin kateqoriyasını, həmçinin dövlət mülkiyyətində olub-olmamasını (torpaq sahəsinin digər şəxslərin istifadəsində və hər hansı inzibati orqanın idarəçiliyində olmasını) aydınlaşdırmaq məqsədilə ekspert və yaxud mütəxəssis rəyi alınmalıdır. Qeyd olunanları nəzərə alaraq, olan iddiaçı İddiaçı cavabdeh Xəzər Rayon İcra Hakimiyyətinə qarşı ‘’yerləşmə sxeminin verilməsi’’ tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, nə qədər ki iddiaçıya torpaq sahəsi ayrılması barədə Azərbaycan SSR Nazirlər Sovetinin ##.##.1989-cu il tarixli, *** nömrəli qərarı və Sovxoz həmkarlar Komitəsi ilə X3 birgə ümumi iclasında qəbul edilmiş ##.##.1990-cı il tarixli ** nömrəli qərarı əsasında verilmiş Abşeron rayon Donuzkökəltmə sovxozunun ##.##.1990-cı il tarixli *** nömrəli əmri qüvvədədir, iddiaçının naturada faktiki istifadəsində olan torpaq sahəsi var və işin mübahisəsiz hallarına görə, bu torpaq sahəsi Binə qəsəbəsində dövlət mülkiyyəti torpaqlarında yerləşməklə, keçmiş Abşeron rayon Donuzkökəltmə sovxozunun ərazisinə uyğun gəlir, o cümlədən sözügedən torpaq sahəsi Bakı şəhəri, Xəzər rayonunun ərazi hüdudları daxilindədir, həmin, yəni 700 kv.m torpaq sahəsinin yerləşmə cizgisi inzibati ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən verilməlidir.

12. Cavabdeh tərəfindən iddiaçının dəlillərini təkzib və ya iddiaya etirazının əsasını təsdiq edən hər hansı rəsmi sənəd təqdim edilmədiyindən torpaq sahəsinə dair cizginin verilməsindən imtina əsaslı sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

13. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)- *****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya torpaq sahəsi Abşeron rayon Donuzkökəltmə sovxozunun əmrinə əsasən 1990-cı ildə ayrılmışdır. Abşeron rayon Donuzkökəltmə sovxozu tərəfindən ayrılan torpaq sahələrinə dair sənədlər (qərarlar və ona aid digər sənədlər) Milli Arxiv İdarəsinin Bakı filialında deyil, Abşeron rayon Dövlət Arxivində saxlanılır. Məhkəmənin nəzərinə çatdırılır ki, torpaq sahəsi Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən ayrılımadığından və torpaq sahəsi hazırda Xəzər Rayon İcra Hakimiyyətinin idarəçiliyində olmadığından iş üzrə cavabdeh kimi cəlb oluna bilməz və cavabdeh əsl cavabdehlə əvəz olunmalıdır. Məlum olduğu kimi, sovxoz ərazilərindən torpaq sahələri sovxoz rəhbərliyinin müvafiq əmrlərinə əsasən yalnız sovxoz işçilərinə ayrılmışdır. İddiaçının həqiqətən də sovxoz işçisi olması məhkəmə tərəfindən araşdırılmamışdır. Bundan əlavə, hər hansı formatda xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti rayon icra Hakimiyyətlərinin səlahiyyətində deyil. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plansxem, cizgi-plan, cizgi-sxem və sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi "Torpaq sahəsinin yerquruluşu planı” adlanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. "Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə"nin 2-ci bəndinin tələbinə uyğun olaraq yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

16. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar olunmuş tərəflər (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Kollegiyası İPM-in 62.3cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (## ###### 2001-ci il tarixli **-IIQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür): 14-cü maddəsinə əsasən, müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 4) onların ərazisində və istifadəsində olan torpaqlarda əsas məhsul istehsalını nizama salmaq; 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yertəsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək; 6) torpağa görə haqq (vergi) almaq güzəştlər müəyyən etmək və rayon, şəhər üzrə torpaq vergisinin ümumi məbləğini dəyişdirmədən eyni keyfiyyət dərəcəli torpaqların yerləşməsindən asılı olaraq verginin məbləğini artırmaq və ya azaltmaq; 7) dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün torpaq sahəsini bu Məcəllənin 27-ci maddəsinə uyğun olaraq geri almaq, o cümlədən torpağı mülkiyyətçidən satın və ya məcburi satın almaq; 8) torpaqların mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq və təsdiq etmək; 9) torpaqdan istifadə edən müəssisələrin və təsərrüfatların işinin ekoloji ekspertizasının keçirilməsini təşkil etmək və ekoloji ekspertizanın müsbət rəy vermədiyi obyektlərin tikintisini dayandırmaq və ya onların rekonstruksiyası haqqında qərar qəbul etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 11) torpağın mühafizəsi haqqında qanunvericiliyin pozulduğu halda təqsiri olan hüquqi və fiziki şəxsləri inzibati məsuliyyətə cəlb etmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; 13) torpaq mübahisələrini həll etmək. 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. 29-cu maddəsinə əsasən, torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. 57-ci maddəsinə əsasən, yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir

18. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin: -1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir; -3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur; -4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Həmin Məcəllənin 56-cı maddəsinin 5-ci hissəsinə əsasən, ...dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyətinin və bələdiyyənin qərarı ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir ("Azərbaycan Respublikasının 1999-cu il ## #### tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin # ###### 1999-cu il tarixli, *** №-li Fərmanın (#.#.2000-ci il tarixdə qüvvədə olan redaksiyada) 2-ci bəndinin 5-ci abzasına əsasən, Torpaq Məcəlləsinin 56-cı maddənin 5-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər). Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur.

19. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin ## ####### 1991-ci il № *** fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (## #### 1999-cu il tarixli, *** nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 1.2-ci maddəsinə əsasən, Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 369.3-cü maddəsinə əsasən, Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.

25. Cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyəti apellyasiya şikayətini geri götürsə də, hazırkı halda Məhkəmə Kollegiyası yuxarıda istinad olunan maddələri əsas götürərək, işə baxılmasını məqsədəmüvafiq hesab etmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

27. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, işin hallarından müəyyən olunur ki, Azərbaycan SSR Nazirlər Sovetinin ##.##.1989-cu il tarixli, *** nömrəli qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə X3 birgə ümumi iclasında qəbul edilmiş ##.##.1990-cı il tarixli ** nömrəli qərarının tələbinə uyğun olaraq Abşeron rayon Donuzkökəltmə sovxozunun ##.##.1990-cı il tarixli *** nömrəli əmrinə əsasən İddiaçı fərdi ev tikdirmək üçün 0,07 ha torpaq sahəsi ayrılmışdır. Lakin iddiaçı faktiki olaraq torpaqayırma barədə hüquqmüəyyənedici sənədə malik olsa da, torpaq sahəsinin yerində yerləşməsini təsdiq edən sənədi mövcud deyildir. İddiaçı həmin sənədin tərtib edilərək təqdim edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırkı tələbi ilə cavabdehin imtinasını mübahisələndirir.

28. Beləliklə, hazırda iddiaçının hüquqi marağı məhz həmin sənədin tərtib edilərək verilməsinə yönəlmişdir. Odur ki, məhkəmə iddia tələbinin “torpaq sahəsinin yerinin müəyyənləşdirilməsinə dair inzibati aktın qəbul edilməsi” hissəsini mahiyyətə təsir etməyən texniki səhv kimi qəbul edir, həmçinin iddia tələbi üzrə iddiaçının hüquqi marağının aydın olduğunu nəzərə alaraq tələbin dəqiqləşdirilməsinə zərurət olmadığı qənaətinə gəlmişdir.

29. Sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd edilən torpaqayrıma prosesi başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmaqla torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir.

30. Məhkəmənin qənaətinə görə, nə qədər ki iddiaçıya torpaq sahəsi ayrılması barədə Azərbaycan SSR Nazirlər Sovetinin ##.##.1989-cu il tarixli, *** nömrəli qərarı və Sovxoz həmkarlar Komitəsi ilə X3 birgə ümumi iclasında qəbul edilmiş ##.##.1990-cı il tarixli ** nömrəli qərarı əsasında verilmiş Abşeron rayon Donuzkökəltmə sovxozunun ##.##.1990cı il tarixli *** nömrəli əmri qüvvədədir, iddiaçının naturada faktiki istifadəsində olan torpaq sahəsi var və işin mübahisəsiz hallarına görə, bu torpaq sahəsi Binə qəsəbəsində dövlət mülkiyyəti torpaqlarında yerləşməklə, keçmiş Abşeron rayon Donuzkökəltmə sovxozunun ərazisinə uyğun gəlir, o cümlədən sözügedən torpaq sahəsi Bakı şəhəri, Xəzər rayonunun ərazi hüdudları daxilindədir, həmin, yəni 700 kv.m torpaq sahəsinin yerləşmə cizgisi inzibati ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən verilməlidir.

31. Cavabdeh tərəfindən iddiaçının dəlillərini təkzib və ya iddiaya etirazının əsasını təsdiq edən hər hansı rəsmi sənəd təqdim edilmədiyindən torpaq sahəsinə dair cizginin verilməsindən imtina əsaslı sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

32. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər. ( Avropa İnsan Hüquqları üzrə Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı)

34. Məhkəmə Kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir.

35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

36. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar