Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-365/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: X2 (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı Məlikova Məlahət Əziz qızının, 3-cü şəxs Üçüncü şəxs iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı Məlikova Məlahət Əziz qızı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək yeni Mənzil Məcəlləsinin normalarını nəzərə alaraq, onun konstitusion hüquqularını pozan cavabdehin cavablarına münasibət bildirilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək onun hüquqlarının pozulmasına şərait yaradan Hacıağa Mircəfərovun əməllərinə qiymət verilməsini və Üçüncü şəxs adına verilmiş (fərdi mənzilinin zirzəmisi üçün) çıxarışın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ildən 3 övladı ilə birlikdə mübahisə predmeti olan mənzildə yaşayır və ##.##.2009-cu il tarixdən həmin ünvan 2, mənzil 14-ün mülkiyyətçisidir. ##.##.2025-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət etmiş və yaşadığı, xüsusi mülkiyyətində olan, 3 otaqlı mənzilin zirzəmisinin səlahiyyətinə verilməsini xahiş etmişdir. ##.##.2025-ci il tarixdə Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti * saylı Xüsusi Təyinatlı MənzilKommunal Təsərrüfat Birliyindən cavab məktubu almışdır. Məktub tam məlumat olmadan cavablandırılmışdır. Mülkiyyətçisi olduğu mənzilin zirzəmisi həmin binada yaşamayan Üçüncü şəxs tərəfindən özəlləşdirilmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqan onun konstitusion hüquqlarını pozaraq razılığı olmadan saxtakarlıq həyata keçirmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə Üçüncü şəxs üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ərizəsi ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır. Tərəflərin izahatları Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında 3-cü şəxs apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə icraatının digər iştirakçıları məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, habelə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçının mülkiyyətində olan mənzilin zirzəmisinin onun istifadəsinə verilməsi ilə bağlı müraciətinə baxılmış və təmin edilməsindən imtina edilmişdir. Məktubda bildirilmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilin alt hissəsində yerləşən zirzəmi bina Dövlət Neft Şirkətinin balansında olduğu vaxtdan Üçüncü şəxs tərəfindən özəlləşdirilmiş və uzun müddətdir onun istifadəsindədir. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, 1-ci Neftçilər döngəsində istifadədə olan 0.06809 ha torpaq sahəsində yerləşən * nömrəli evin ** nömrəli mənzili tam mülkiyyət hüququ üzrə Məlikova Məlahət Əziz qızının adına qeydiyyata alınmışdır. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Neftçilər döngəsi 2 ünvanında yerləşən ümumi sahəsi 41.5 kv.m olan qeyri-yaşayış sahəsi Üçüncü şəxs mülkiyyətindədir. -Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən ##.##.2018-ci il tarixdə keçirilən hərracın **/** №-li protokoluna əsasən Üçüncü şəxs ünvan 2 ünvanında yerləşən 41.5 kv.m qeyri-yaşayış sahəsini əldə etmişdir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Hazırkı iş tələb olunan mümkünlük şərtlərinə cavab vermir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Məlikova Məlahət Əziz qızı ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzilin mülkiyyətçisidir. İddiaçının hüquqi marağı həmin mənzilin alt hissəsində yerləşdiyini bildirdiyi 41,5 kv.m qeyri-yaşayış sahəsi- zirzəmi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından ibarətdir. Lakin işin faktiki hallarına əsasən, qeyd olunan zirzəmi Üçüncü şəxs adına ##.##.2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona müvafiq çıxarış verilmişdir. Hazırda mübahisənin mahiyyətini sözügedən qeyri-yaşayış sahəsinin Üçüncü şəxs adına mülkiyyət hüququ ilə qeydiyyata alınması ilə bağlı qeydiyyatın ləğvi təşkil edir. Lakin iş materiallarında iddiaçı eyni tələb bağlı ilə nə aidiyyəti səlahiyyətli inzibati orqan olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə (və ya həmin qurumun ərazi idarəsinə), nə də cavabdeh qismində göstərdiyi Bakı şəhər MənzilKommunal Təsərrüfatı Departamentinin * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə müraciət etməmişdir. Halbuki, iddia öhdəliyin icrası növünə aid olduğundan xüsusi mümkünlük şərti kimi əvvəlcə cavabdeh inzibati orqana müraciət edilməsi şərtinə tabedir. Belə ki, yuxarıda istinad olunan Plenum Qərarının 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * №-li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. İddianın mümkünlüyü ilə bağlı Ali Məhkəmənin Plenum qərarında göstərilir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3.). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər (3.4.). Bundan başqa iş materiallarında olan sənədlərdən və üçüncü şəxsin izahatından müəyyən edilmişdir ki, mübahisəli zirzəmi hərrac protokoluna əsasən Üçüncü şəxs adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin hərracı protokolu və onun nəticələri üzrə qəbul edilmiş sənədlər mübahisələndirilməmiş, hazırda qüvvədədir. Hazırkı vəziyyətdə isə qeydiyyatın aparıldığı sənəd qüvvədə ola-ola reyestrdəki qeydin ləğvi mümkün sayıla bilməz. Belə olan halda Plenum qərarındakı mövqeyə uyğun olaraq ilk növbədə müvafiq hüquqmüəyyənedici sənədlər əlavə edilməklə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması üçün əsas olmuş sənədlər mübahisələndirilməlidir. Həmin iddia uğurlu olacağı təqdirdə daşınmaz əmlak üzərində qeydiyyatın ləğv edilməsi ilə bağlı aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-yə müraciət edilə bilər. Belə ki, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## ####### 2021-ci il tarixli, F*** nömrəli əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 2.0.1-ci bəndinə əsasən, dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək DƏDKR-in fəaliyyət istiqamətlərinə aid edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı hazırkı tələbi irəli sürmək üçün subyektiv hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədləri, həmçinin tələbi ilə bağlı cavabdeh inzibati orqana, eləcə də aidiyyəti inzibati orqana ilkin müraciətini təqdim edə bilmədiyindən, həmçinin hüquqi marağına uyğun olaraq əlverişli iddia növündən istifadə etmədiyindən iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, hazırkı iddia mümkün sayılmamalıdır. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əsaslandırıldığını və həmin dəlillərə yuxarıda hüquqi qiymət verildiyini nəzərə alan məhkəmə Kollegiyası prosessual qənaət prinsipindən çıxış edərək şikayətin dəlilləri üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa lüzum görmür. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-6)-365/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-365/2026
14.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver