Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(3-6)-370/2026 11.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qərarların ləğv edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2025-ci il tarixli, e-2-1(112)-6937/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərək, cavabdehin 3-17-1/3-3-23022/2024 saylı, xx.xx.2024-cü il tarixli və 3- 17-1/3-3-23024/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmiş, dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1964-cü il tarixində Bakı şəhərində anadan olmuşdur. 1986-1992-ci illər ərzində Azərbaycan Dövlət Neft Akademiyasında ali təhsil almışdır. xx.xx.1981-xx.xx.1982-ci il tarixləri arasında Leytenant Şmidt adına Zavodda tornaçı şagird, xx.xx.1982-xx.xx.1982-ci il və xx.xx.1985-xx.xx.1986cı il tarixləri arasında həmin zavodda tornaçı vəzifələrində çalışmışdır. xx.xx.1986xx.xx.1986-cı il tarixləri arasında Bəzək yaradıcılıq fabrikində anbardar, xx.xx.1986xx.xx.1987-ci il tarixləri arasında həmin fabrikdə elektrik montyoru vəzifələrində işləmişdir. xx.xx.1987-xx.xx.1987-ci il tarixləri arasında Bakı Elektron Hesablayıcı Maşınlar Zavodunda texniki nəzarət şöbəsində dəzgah işlərində nəzarətçi – çilingər şagirdi, xx.xx.1987-xx.xx.1988-ci il tarixləri arasında həmin şöbədə dəzgah işlərində nəzarətçi çilingər vəzifələrində çalışmışdır. xx.xx.1988 – xx.xx.1989-cu il tarixləri arasında “Neftqazelmitədiqqatlayihə” İnstitutunun Mexaniki quraşdırma şöbəsində layihə çəkən, xx.xx.1989 – xx.xx.1992-ci il tarixləri arasında həmin şöbədə texnik, xx.xx.1992 – xx.xx.1993-cü il tarixləri arasında həmin şöbədə mühəndis vəzifələrində işləmişdir. xx.xx.1993 – xx.xx.1995-ci il tarixləri arasında “Xəzərqazmaneftqazsənaye” İB-nin “Xüsusiləşdirilmiş Texniki vasitələrlə” DKQ İdarəsində NÖC və avtomatika üzrə çilingər vəzifəsində çalılşmışdır. xx.xx.1995-xx.xx.1997-ci il tarixləri arasında “X9 Corporation” şirkətində roustabout vəzifəsində işləmişdir. xx.xx.1997-ci il tarixli işə qəbul olunmaq haqqında 7 nömrəli əmrə əsasən “X5” LTD şirkətində takelajçı vəzifəsinə qəbul olunmuş, xx.xx.1999-cu il tarixinə qədər həmin vəzifədə çalışmışdır. xx.xx.1999-cu il tarixli vəzifə dəyişdirilməsi haqqında 58 nömrəli əmrə əsasən, xx.xx.1999-cu il tarixindən həmin müəssisədə kran üzrə operatorun köməkçisi vəzifəsinə keçirilmiş, xx.xx.2000-ci il tarixinə qədər həmin vəzifədə işləmişdir. xx.xx.2000-ci il tarixli vəzifə dəyişdirilməsi haqqında 86 nömrəli əmrə əsasən xx.xx.2000-ci il tarixindən həmin müəssisədə ballast üzrə operatorun köməkçisi vəzifəsinə keçirilmiş, xx.xx.2000-ci il tarixinə qədər həmin vəzifədə çalışmışdır. xx.xx.2000-ci il tarixli 136 nömrəli əmrə əsasən xx.xx.2000-ci il tarixindən həmin müəssisədə ballast üzrə operator vəzifəsinə keçirilmiş, xx.xx.2004-cü il tarixinə qədər həmin vəzifədə işləmişdir. xx.xx.2024-cü il tarixli 317 nömrəli əmrə əsasən xx.xx.2024-cü il tarixindən həmin müəssisədə barja mühəndisinin köməkçisi vəzifəsinə keçirilmiş, xx.xx.2006-cı il tarixinə qədər həmin vəzifədə çalışmışdır. xx.xx.2006-cı il tarixli 484 nömrəli əmrə əsasən xx.xx.2006-cı il tarixindən həmin müəssisədə barja mühəndisinin böyük köməkçisi vəzifəsinə keçirilmiş, xx.xx.2012-ci il tarixinə qədər həmin vəzifədə işləmişdir. xx.xx.2012-ci il tarixli 868 nömrəli nömrə əsasən xx.xx.2012-ci il tarixindən həmin müəssisədə barja mühəndisinin böyük köməkçisi – 1 vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixinə qədər həmin vəzifədə çalışmışdır. xx.xx.2024-cü il tarixli, 0042/03 nömrəli əmək müqaviləsində dəyişikliyə əsasən, xx.xx.2024-cü il tarixindən həmin müəssisədə dəniz icraçı meneceri vəzifəsinə keçirilmişdir. Cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixində vətəndaşa “Əmək pensiyası hüququna baxılmasında mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala dəvət haqqında” məktub ünvanlayaraq qeyd etmişdir ki, vasitəsilə ona pensiya təyin edilərkən təqdim etdiyi “X5 LTD”-nin xx.xx.2016-cı il tarixli arayışında xx.xx.1995-ci il tarixindən takelajçı, kran operatorun köməkçisi, balast üzrə operatorun köməkçisi, batas üzrə operator, barja, mühəndisinin köməkçisi və barja mühəndisinin böyük köməkçisi vəzifələrində işlədiyi qeyd olunub. İşlədiyi raoustabout və takelajçı vəzifələri sözügedən arayışda istinad edilən 1 №-li Siyahının neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin fəhlələr yarımbəndində nəzərdə tutulmayıb. Eyni zamanda həmin arayışda uyğunlaşdırılan işlədiyi kran operatorunun köməkçisi vəzifəsi qaldırıcıların maşinstləri vəzifəsinə, ballast üzrə operatorun köməkçisi və ballast üzrə operat vəzifələri qazma qurğularının maşinstləri vəzifəsinə, barja mühəndisinin köməkçisi və böyük köməkçisi vəzifələri isə buruq qurğularının rəisləri və onların müavinləri vəzifəsinə aid deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq ona xx.xx.20216-cı il tarixindən Fondun Nərimanov rayon Şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Eyni zamanda bildirilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanını təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, ona vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqəsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də, “İnzibati icraat haqqında” Qanun 21.2-ci maddəsinə əsasən pensiya hüququnun yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün 16 dekabr 2024-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən qəbul mərkəzinə gəlməsi xahiş olunmuşdur. Beləliklə cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş “Əmək pensiyası hüququna baxılmasında mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala dəvət haqqında” məktub onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etmədən inzibati icraatı lazımi qaydada aparmamış, araşdırmanı onun iştirakı lamdan aparmış, onun dinlənilmə hüququnu təmin etməmiş, bununla da, iddiaçının qanunla qorunan pensiya əminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) Qazma bəndinin (1) fəhlələr yarımbəndində (a) qazma qurğularının maşinistləri (1100000a—13590), rəhbərlər və mütəxəssislər yarımbəndində (b) buruq qurğularının rəisləri və onların müavinləri (1100000b— 24094) və Neft-qaz və qaz kondensatının hasilatı bəndinin (2) fəhlələr yarımbəndində (a) qaldırıcıların maşinistləri (1100000a—14012) vəzifələri nəzərdə tutulmuşdur. Ərizəçinin pensiya işinə dair sənədlərin araşdırılması zamanı, təqdim etdiyi 21 oktyabr 1981-ci il tarixli ИТ-İ ******* №-li əmək kitabçasının surətində qeyd olunanlara əsasən əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: - xx.xx.1981-xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində Leytenant Şmidt adına zavodda tornaçı şagirdi; - xx.xx.1982xx.xx.1982-ci il və xx.xx.1985-xx.xx.1986-cı il tarixləri arasındakı dövrlər həmin zavodda tornaçı; - xx.xx.1986- xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində Bəzək yaradıcılıq fabrikində anbardar; - xx.xx.1986-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində həmin fabrikdə elektrik montyoru; - xx.xx.1987-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində Bakı Elektron hesablayıcı maşınlar zavodunda texniki nəzarət şöbəsində dəzgah işlərində nəzarətçi çilingər şagirdi; - xx.xx.1987- xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində həmin şöbədə dəzgah işlərində nəzarətçi çilingər; - xx.xx.1988-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində “Neftqazelmitədqiqatlayihə” İnstitutunun Mexaniki quraşdırma şöbəsində layihə çəkən; - xx.xx.1989-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində həmin şöbədə texnik; - xx.xx.1992-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində həmin şöbədə mühəndis; - xx.xx.1993-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində “Xəzərqazmaneftqazsənaye” İBnin “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə” DKQ İdarəsində NÖC və avtomatika üzrə çilingər; - xx.xx.1995-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “X9 Corporation” şirkətində roustabout (“X6 LTD”nin xx.xx.2016-cı il tarixli arayışında takelajçı peşəsinə uyğunlaşdırılıb); - xx.xx.1997-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində “X5 LTD” şirkətində takelajçı; - xx.xx.1999- xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə kran üzrə operatorun köməkçisi; - xx.xx.2000xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində ballast üzrə operatorun köməkçisi; xx.xx.2000-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində ballast üzrə operator; xx.xx.2004-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində barja mühəndisinin köməkçisi; - xx.xx.2006-cı il tarixindən pensiya təyin olunan tarixədək barja mühəndisinin böyük köməkçisi vəzifəsində çalışması qeyd edilib. Vaxtilə ərizəçiyə pensiya təyin edilərkən təqdim etdiyi “X7 LTD”nin xx.xx.2016-cı il tarixli arayışında xx.xx.1995-ci il tarixindən takelajçı, kran operatorun köməkçisi, balast üzrə operatorun köməkçisi, balast üzrə operator, barja mühəndisinin köməkçisi və barja mühəndisinin böyük köməkçisi vəzifələrində işlədiyi qeyd olunub. Ərizəçinin işlədiyi roustabout və takelajçı vəzifələri sözügedən arayışda istinad edilən 1 №-li Siyahının neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin fəhlələr yarımbəndinə nəzərdə tutulmayıb. Eyni zamanda, həmin arayışda uyğunlaşdırılan işlədiyi kran operatorunun köməkçisi vəzifəsi qaldırıcıların maşinistləri vəzifəsinə, ballast üzrə operatorun köməkçisi və ballast üzrə operator vəzifələri qazma qurğularının maşinistləri vəzifəsinə, barja mühəndisinin köməkçisi və böyük köməkçisi vəzifələri isə buruq qurğularının rəisləri və onların müavinləri vəzifəsinə aid deyil. Bu səbəbdən də, ərizəçinin güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, ərizəçiyə xx.xx.2016-cı il tarixindən Fondun Nərimanov rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Bununla əlaqədar, ərizəçinin pensiya hüququna yenidən baxılması ilə əlaqədar aparılmış inzibati icraatın gedişində ona vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar tərəfimizdən ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin 2024-cü ilin dekabr ayından dayandırılması haqqında inzibati akt qəbul edilib. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-6937/2025 saylı qərarı ilə (hakim A.A.Abdullayeva) iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/3-3- 23022/2024 saylı, xx.xx.2024cü il tarixli və 3-17-1/3-3-23024/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarları ləğv edilmişdir. Cavabdeh tərəfindən birinci instansiyası məhkəməsinin qərarı mübahisələndirilmiş, apellyasiya şikayəti etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq şikayətdə göstərilmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən analoji işlər üzrə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini əks etdirən üç ulduz nişanı ilə indeksləşdirilmiş xx.xx.2024-cü il tarixli 2-1(102)-3135/2024 nömrəli qərarına istinad etmişdir. Həmin qərarın 39-cu bəndində qeyd edilir ki, əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən qanunsuz inzibati akt həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. İddiaçının əmək pensiyasının dayandırılmasına (azaldılmasına) əsas olan hallar xx.xx.2024-cü il tarixində aşkarlanmış və həmin tarixdə də inzibati icraat başladılaraq iddiaçıya dəvət məktubu göndərilmiş, daha sonra xx.xx.2024-cü il tarixində iddiaçının pensiyasının dayandırılması barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, iddiaçıya pensiya təyin edilməsi haqqında qərar “İnzibati icraat haqqında” Qanunun 67.12ci maddəsində təsbit olunan qanunsuz inzibati aktın ləğv edilməsi üçün həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən (xx.xx.2024-cü il) 1 il ərzində ləğv edilmişdir. Göründüyü kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə tam əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Lakin Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd edilənlənləri nəzərə almadan əsassız olaraq iddianı təmin etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, iddia ərizəsinin isə rədd edilməsinin məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2016-cı il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuş və sonuncu dəfə ona yenidən hesablama nəticəsində 6219.20 manat məbləğində müəyyən edilmişdir. Sonradan cavabdeh tərəfindən xidməti araşdırma əsas gətirilərək iddiaçıya əmək pensiyasının təyin olunmasında yol verilmiş, qanunauyğun olmayan hallarla bağlı inzibati icraata başlanılmış və sözügedən inzibat çərçivəsində xx.xx.2024-cü il tarixli qərarlarla iddiaçının əmək pensiyası dayandırılmış, ona əmək pensiyası təyin edilməsi barədə qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci, 67.1-ci və 67.8-ci maddələri rəhbər tutulmaqla ləğv edilmiş və artıq ödənilmiş pensiya məbləğinin müəyyən edilməsi qərara alınmışdır. Birinci instansiyası məhkəməsi qərarında haqlı olaraq göstərmişdir ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). Birinci instansiyası məhkəməsi qərarında həmçinin qeyd etmişdir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi qərarını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. İddiaçının pensiya işindən görünən odur ki, inzibati orqan ilk dəfə iddiaçıya xx.xx.2016-ci ildə yaşa görə əmək pensiyası təyin etmiş, sonrakı dövrdə ayrı-ayrı qərarları ilə pensiyanı yenidən hesablamış, bununla bağlı sonuncu qərar 2023-cü ilin avqust ayında qəbul edilmişdir. Bundan sonra inzibati orqan inzibati icraat aparmaqla iddiaçını icraata cəlb etməyərək onun iştirakı olmadan xx.xx.2024-cü il tarixində ona təyin edilmiş əmək pensiyasının ləğv edilməsi, pensiya ödənişinin dayandırılması və artıqvermənin müəyyən edilməsi barədə qərarlar qəbul etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli qərarları qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 21, 35 və 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, apellyasiya şikayətində hansı hallara görə əvvəlki qəbul etdiyi qərarların qanunsuz olmasını və həmin halların məhz xx.xx.2024-cü il tarixli qərarları qəbul edərkən 1 il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamış, ümumiyyətlə pensiyanın ləğv edilməsinin səbəblərini qərarda bildirməmiş və həmin qərarın qəbul edilməsi zamanı iddiaçının iştirakını inzibati icraatda təmin etməmiş, ona mülahizə və dəlillərinin təqdim edilməsi üçün lazımi şərait yaradılmamışdır. Bunununla da, həmçinin inzibati icraatda maraqlı şəxsin iştirakı ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyi vəzifələr 1 №-li Siyahıda nəzərdə tutulan vəzifələrlə üst-üstə düşmədiyindən ona vaxtilə güzəştli şərtlərlə əmək pensiyası qanunsuz təyin edilmiş, buna görə də pensiyanın dayandırılması və əvvəlki qərarın ləğvi zərurəti yaranmışdır. Lakin hazırkı vəziyyətdə ilkin araşdırılmalı olan məsələ iddiaçının pensiya hüququnun vaxtilə maddi hüquq baxımından düzgün müəyyən edilib-edilməməsi deyil, illərlə qüvvədə olmuş əlverişli inzibati aktın sonradan hansı qaydada, hansı müddətdə və hansı əsaslarla ləğv edilməsidir. İş materiallarında olan sənədlərdən görünür ki cavabdeh inzibati orqan iddiaçıya pensiyanın təyin edilməsi üçün əsas olmuş sənədləri yeni əldə etməmiş, əksinə, hələ pensiya təyin edilən vaxt mövcud olan eyni əmək kitabçasına və eyni məzmunlu arayışa sonradan başqa hüquqi qiymət vermişdir. İddiaçının əmək fəaliyyəti, vəzifələri, həmin vəzifələrin adları və onların hansı peşələrə “uyğunlaşdırılması” barədə məlumatlar pensiya işi materiallarında əvvəldən mövcud olmuş, cavabdeh orqan da 2024-cü ildə başladığı inzibati icraat zamanı məhz bu sənədlərə istinad etmişdir. Deməli, söhbət əvvəllər məlum olmayan yeni faktın aşkar edilməsindən deyil, əvvəlcədən mövcud və inzibati orqanın sərəncamında olan məlumatların illər sonra fərqli şərh edilməsindən gedir. Bu isə “İnzibati icraat haqqında” Qanunun qanunsuz əlverişli inzibati aktın ləğvinə dair mexanizminin tətbiqi üçün kifayət etmir. Birinci instansiyası məhkəməsi haqlı olarq belə qənaətə gəlmişdir ki, səhv hesablama və ya hüquqi qiymətləndirmə həqiqətən olmuşdursa belə, bu hal elə pensiya təyin edilən zaman inzibati orqana məlum idi və ya ən azı məlum olmalı idi, cavabdeh isə həmin halın sonradan, konkret olaraq xx.xx.2024-cü ildə məlum olmasını sübut edən mötəbər dəlil təqdim etməmişdir. Apellyasiya şikayətində də birinci instansiyası məhkəməsinin bu arqumenti cavablandırılmır, cavabdeh şikayətdə sadəcə olaraq “hal xx.xx.2024-cü ildə aşkarlanmışdır” bəyanatı ilə kifayətlənmiş, halın məhz həmin tarixdə aşkarlanmasının səbəbi və sübutu şikayətdə açıqlanmamışdır. Halbuki inzibati aktın ləğvini şərtləndirən halın hansı tarixdə məlum olduğu bu işdə həlledici məsələdir. Birinci instansiyası məhkəməsi mübahisəni yalnız formal prosedur pozuntusu kimi deyil, hüquqi müəyyənlik və legitim etimad prizmasından həll etmişdir. Qərarda qarşılıqlı etimad anlayışına, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit olunmuş etimad hüququnun qorunması prinsipinə, habelə qanunsuz əlverişli inzibati aktın ləğvində inzibati orqanın səlahiyyətini məhdudlaşdıran müddət qaydalarına istinad edilərək göstərilmişdir ki, dövlət orqanı uzun müddət hərəkətsiz qalaraq şəxsdə pensiya təminatının davamlı olacağına dair inam yaratdıqdan sonra həmin şəxsin sosial vəziyyətinə ağır təsir edən qərarı sərbəst şəkildə qəbul edə bilməz. Xüsusən də söhbət sosial təminat kimi həssas hüquq sahəsindən gedirsə, inzibati orqanın üzərinə daha yüksək diqqət, ardıcıllıq və proqnozlaşdırıla bilən davranış öhdəliyi düşür. Qərarda ifadə olunmuşdur ki, əmək pensiyasının (guya) düzgün hesablanmaması pensiya təyin edildiyi andan bəlli olan sənədlərlə bağlıdır, həmin vaxtdan bir ildən artıq müddət keçmiş və cavabdeh orqan bu halların daha gec məlum olmasını təsdiqləmir, buna görə də əvvəllər qəbul edilmiş əlverişli inzibati aktın dəyişdirilməsi qanuni sayıla bilməz. Birinci instansiyası məhkəməsi bu yanaşmasını Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-3135/2024 saylı qərarında sərgilənmiş oxşar hüquqi mövqe ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin digər ciddi qüsuru onun məhz birinci instansiya məhkəməsinin arqumentlərinə cavab verməməsidir. Şikayət əsasən yenə də iddiaçının hansı vəzifələrdə işləməsi, həmin vəzifələrin 1 №-li Siyahıya düşməməsi, pensiyanın vaxtilə qanunvericiliyə zidd təyin edilməsi, artıq ödənilmiş məbləğin mövcudluğu və pensiya sisteminin maliyyə dayanıqlılığı kimi ümumi tezislər üzərində qurulmuşdur. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının işlədiyi roustabout və takelajçı vəzifələri sözügedən arayışda istinad edilən 1 №-li Siyahının neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin fəhlələr yarımbəndinə nəzərdə tutulmayıb. Eyni zamanda, həmin arayışda uyğunlaşdırılan işlədiyi kran operatorunun köməkçisi vəzifəsi qaldırıcıların maşinistləri vəzifəsinə, ballast üzrə operatorun köməkçisi və ballast üzrə operator vəzifələri qazma qurğularının maşinistləri vəzifəsinə, barja mühəndisinin köməkçisi və böyük köməkçisi vəzifələri isə buruq qurğularının rəisləri və onların müavinləri vəzifəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, əvvəla, güzəştli pensiya hüququnun müəyyən edilməsində həlledici meyar yalnız vəzifə adının siyahıda sözbəsöz göstərilməsi deyil. Hüquqi praktikada, xüsusilə ağır və zərərli əmək şəraitində işləyən şəxslərin pensiya hüququ ilə bağlı mübahisələrdə qəbul edilmiş ümumi yanaşma ondan ibarətdir ki, işçinin faktiki əmək funksiyası, işlədiyi istehsalat sahəsi və texnoloji prosesdə tutduğu mövqe araşdırılmalıdır. Beynəlxalq terminologiyanın tətbiq olunduğu neft-qaz sənayesində vəzifə adlarının postsovet istehsalat təsnifatları ilə tam üst-üstə düşməməsi təbii haldır. Buna görə də məhkəmə təcrübəsində vəzifənin adı ilə yanaşı onun məzmunu və istehsalat prosesindəki rolu da qiymətləndirilir. Bu baxımdan “roustabout” vəzifəsinə münasibətdə apellyasiya şikayətində göstərilən yanaşma formal xarakter daşıyır. Neft-qaz sənayesində “roustabout” termini adətən buruq və ya platforma üzrə müxtəlif texniki və fiziki işləri yerinə yetirən sahə işçisini ifadə edir. Belə işçilər boruların quraşdırılması və daşınması, avadanlığın hazırlanması, yükləməboşaltma əməliyyatları, takelaj işləri və qazma prosesinə xidmət edən digər texniki əməliyyatlarda iştirak edirlər. Bu baxımdan roustabout vəzifəsinin mahiyyəti qazma və hasilat prosesində çalışan köməkçi fəhlənin funksiyalarına yaxındır. Deməli, bu vəzifənin sırf siyahıda ayrıca adla göstərilməməsi onun həmin istehsalat sahəsinə aid olmadığını avtomatik şəkildə göstərmir. Eyni yanaşma takelajçı vəzifəsinə də aiddir. Takelaj işləri sənaye obyektlərində, xüsusilə qazma və hasilat qurğularında ağır avadanlığın qaldırılması, daşınması və quraşdırılması ilə bağlı texniki əməliyyatları əhatə edir. Bu işlər bir qayda olaraq məhz qazma və hasilat prosesinə xidmət edən əməliyyatların tərkib hissəsi hesab olunur. Buna görə də takelajçı vəzifəsinin sırf formal olaraq siyahıda ayrıca qeyd olunmaması onun həmin istehsalat sahəsi ilə əlaqəsinin olmadığını göstərmir. Həmçinin məhkəmə kollegiyası mübahisəli vəzifələrlə bağlı mövcud olan və vətəndaşların xeyrinə həll edilmiş işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarına istinad edilməsini də zəruri hesab edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-794/2025 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... 2. Cavabdeh iddiaçıya əmək pensiyası təyin etməkdən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, iddiaçının xx.xx.1985-xx.xx.2004-cü illərdə "X14 X10 Birliyi"nin İstehsalata Xidmət Mərkəzi bazasında işlədiyi elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri, yardımçı fəhlə, elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru və xx.xx.2003-cü il tarixindən "Xəzər Qazma Şirkəti" İstiqlal Qurğusunda işlədiyi takelajçı vəzifələrinin Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş 1 No-li Siyahının X-11000000 - "Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsi"ndə nəzərdə tutulmamışdır. ... Bakı İnzibati Məhkəməsinin 2021-ci il 28 dekabr tarixli, 2-1(112)-2135/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 52 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. ... 22. Eyni məzmunlu sorğuya “X5 Ltd” tərəfindən verilən xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, “X3 xx.xx.2003-cü il tarixdən hal-hazıradək “X8 Ltd” şirkətində işləyir. O, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək takelajçı, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Portalda Fəhlə və xx.xx.2003-cü il tarixdən indiyədək Xəzər dənizində yerləşən “Dədə Qorqud” və “İstiqlal” qazma qurğularında işləmişdir (Bölmə X, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı. KOD — 1100000a, fəhlələr). ... 27. Yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərinə əsasən müvafiq sorğular verilmiş və iddiaçının çalışdığı takelajçı və elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru peşələrinin də güzəştli pensiya hüququ verən göstəriciyə uyğun peşələr olduğu müəyyən edilmişdir. ... 39. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, “X5 LTD”-yə ünvanlanmış sorğuya əsasən müəyyən edilmişdir ki, iddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 saylı siyahıya uyğundur. Qeyd olunan dövr güzəştli şərtlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır”. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-883/2023 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... 3. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı 1993-cü il tarixli əmək kitabçasından görünür ki, X4 xx.xx.1993-cü il tarixədək Azərbaycan Neft Akademiyasında təhsil almış, xx.xx.1993-cü ildə Neft və qaz quyularının istismar və kəşfiyyat qazması üzrə 4-cü dərəcəli qazmaçı köməkçisi qismində “Şelf-5” yarımdalma üzən qazma qurğusuna qəbul edilmiş, xx.xx.1995-ci ildə həmin qurğuda neft və qaz quyularının istismar və kəşfiyyat qazması üzrə 5-ci dərəcəli qazmaçı köməkçisi keçirilmiş, xx.xx.1998-ci ildə işdən azad edilmiş, xx.xx.1998-ci il tarixdə Xəzər Qazma Şirkətinə portalda fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.2003-cü il tarixdə balast üzrə operator köməkçisi vəzifəsinə keçirilmiş, xx.xx.2006-cı il tarixdə balast üzrə operator vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci il tarixdə barja mühəndisinin köməkçisi keçirilmiş, xx.xx.2011-ci il tarixdən hal- hazıradək balast üzrə operator vəzifəsində işləyir. ... İddiaçının X8 Ltd MMC-də işlədiyi portalda fəhlə və ballast üzrə operatorun köməkçisi peşəsi – Siyahıda 1100000a—11297 şifrəsi altında nəzərdə tutulmuş neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları peşəsinə, ballast üzrə operatorun köməkçisi peşəsi isə həmin bölmədə 1100000a—13590 şifrəsi ilə qeyd edilmiş qazma qurğularının maşinistləri peşəsi ilə eyni funksional xarakter daşıyır ki, bu da məhkəmə sorğusuna cavab məktubunda əks olunmuşdur. Müvafiq dövr üzrə iş stajı iddiaçıya məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. İnzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz”. Həmçinin iş materiallarında olan iddiaçı ilə eyni vəzifədə və eyni müəssisədə işləyən X1 münasibədə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-1423/2022 saylı qərarında göstərilmişdir ki, “ ... iddiaçı ... xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixinədək “Xəzərdənizneftqaz” İB-nin X13 İdarəsində takelajçı vəzifəsində, xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixinədək həmin İB-nin üzən qazma qurğusunda qazma qurğularının təmiri üzrə çilingər vəzifəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixinədək “Santa Fe” Beynəlxalq Korporasiyasında “Roustabout” vəzifəsində ... işləmiş ... 52 yaşı tamam olduğu xx.xx.2012-ci il tarixinə ümumi iş stajı, həqiqi hərbi xidmət illəri də daxil olmaqla 33 il 3 ay 8 gün təşkil etmiş və xx.xx.2006-cı il tarixinə kimi 26 il 11 ay 2 gün ümumi iş stajı toplamış, həmin staj illərinin 24 il 3 ay 19 gün müddətini güzəştli əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş (320 saylı Qərar) 1 nömrəli siyahıya daxil olan işlərdə çalışmışdır. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2012-ci il tarixindən təyin olunmuşdur. Lakin bu zaman aylıq pensiya məbləği müəyyənləşdirilərkən qeyd olunan Qanunun müddəalarına deyil, xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına istinad edilmiş, bununla da hüquqları kobud şəkildə pozulmaqla, pensiyanın məbləği süni şəkildə, kəskin azaldılmışdır”. Göründüyü kimi, X1 münasibətdə roustabout vəzifəsi inzibati orqanın özü tərəfindən güzəştli əmək pensiyası təyin olunması üçün əsas olaraq qəbul edilmiş və sonradan həmin şəxsə münasibətdə inzibati orqan tərəfindən hər hansı xüsusat mübahisələndirilməmişdir. İddiaçıya münasibətdə isə cavabdeh inzibati orqan “roustabout” anlayışını (mübahisələndirdiyi digər vəzifələr kimi) sırf formal ad səviyyəsində qiymətləndirir və onun faktiki məzmununu açmır. Halbuki güzəştli pensiya hüququ ilə bağlı işlərdə uzun illər formalaşmış hüquqi yanaşma bundan ibarətdir ki, xüsusilə xarici şirkətlərdə və ya beynəlxalq terminologiya tətbiq olunan müəssisələrdə vəzifə adının özü deyil, işçinin real əmək funksiyası, işlədiyi istehsalat sahəsi, texnoloji prosesdə tutduğu yer və əmək şəraitinin xarakteri həlledici olmalıdır. Bu işdə də cavabdeh “roustabout” sözünün Azərbaycan və ya sovet istehsalat nomenklaturasındakı ən yaxın ekvivalentini texniki, peşə-ixtisas və funksional meyarlarla əsaslandırmır, sadəcə 2016-cı ildə verilmiş uyğunlaşdırmanı illər sonra etibarsız sayır. Bu isə tam və obyektiv araşdırma tələbinə cavab vermir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə görə inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur və maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-6937/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-6937/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(3-6)-370/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-370/2026
11.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver